“Zəfər paradı strateji həmrəyliyin simvolu kimi idi” Gündəm

“Zəfər paradı strateji həmrəyliyin simvolu kimi idi”

“8 Noyabr "Zəfər Günü" münasibətilə Bakıda keçirilən hərbi parad təkcə Azərbaycanın tarixi qələbəsinin nümayişi deyil, həm də regiona güclü siyasi mesaj kimi qiymətləndirilir. Parad Azərbaycanın dövlət suverenliyini, milli gücünü və təhlükəsizlik siyasətindəki qətiyyətini bir daha nümayiş etdirdi. Hərbi paradın əsas mahiyyəti Azərbaycanın postmüharibə dövründə sülh və sabitlik siyasətini qorumaqla yanaşı, regionda geosiyasi balansın dəyişməsində aktiv rol oynadığını göstərmək idi. Ordunun modernləşmiş texnikasının və yüksək döyüş hazırlığının nümayişi isə Azərbaycanın öz təhlükəsizliyini təmin etmək gücündə olduğunu bütün dünyaya mesaj verdi. Türkiyə və Pakistanın iştirakı qardaşlıq və strateji həmrəyliyin göstəricisidir”.

Bu sözləri xalqcebhesi.az-a açıqlamasında politoloq Elman Telmanoğlu söyləyib.

E.Telmanoğlu bildirib ki, paradın ən diqqətçəkən məqamlarından biri Türkiyə və Pakistan hərbi kontingentlərinin iştirakı oldu: “Bu, təkcə dostluq jesti deyil, eyni zamanda, Ankara–Bakı–İslamabad üçtərəfli strateji əməkdaşlığının rəmzi idi. Türkiyənin iştirakı Azərbaycanla hərbi-siyasi müttəfiqliyin, “Bir millət, iki dövlət” prinsipinin real təzahürü kimi dəyərləndirilir. Bu, regionda Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının davamlı və dərin strateji xarakter daşıdığını bir daha nümayiş etdirdi. Pakistanın iştirakı isə müsəlman dünyasında Azərbaycanın ədalətli mövqeyinə verilən dəstəyin göstəricisidir. İslamabadın bu paradda təmsil olunması Cənubi Qafqazda yeni geosiyasi həmrəylik xəttinin formalaşdığını göstərdi”.

Politoloqun sözlərinə görə, nəticə etibarilə, Bakıda keçirilən Zəfər paradı yalnız hərbi güc nümayişi deyil, həm də regional sabitlik, müttəfiqlik və strateji həmrəyliyin simvolu kimi dəyərləndirilir: “Azərbaycan bu paradda verdiyi mesajla göstərdi ki, onun suverenliyinə və ərazi bütövlüyünə yönəlmiş hər hansı təhdidə qarşı yalnız deyil, güclü tərəfdaşlar və sarsılmaz müttəfiqlərlə birgə dayanır”.

Röya İsrafilova