"Düşmənlər üç qardaş ölkənin gücü qarşısında aciz qalacaqlar" Siyasət

"Düşmənlər üç qardaş ölkənin gücü qarşısında aciz qalacaqlar"

Türkiyə-Azərbaycan-Pakistan qardaşlığı tarixi köklərə dayanır. Bu dostluq və qardaşlıq Azərbaycan müstəqil olduqdan sonra mərhələ-mərhələ daha da möhkəmlənib. Pakistan və Türkiyə bütün beynəlxalq təşkilatların tribunalarda Azərbaycanın haqq işini müdafiə edib, Ermənistanın işğalçılıq siyasətinə qarşı birgə səsini ucaldıb.

Bunu xalqcebhesi.az-a Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz deyib.

"2020-ci ildə 44 günlük müharibədə Azərbaycana mənəvi, siyasi dəstək verən ölkələrin başında Türkiyə və Pakistan dayanıb. Savaşdan sonra əməkdaşlıq digər mərhələyə keçib, iqtisadi, siyasi, regional təhlükəsizlik məsələlərdə birgə addımlar atılıb. Türkiyə, Azərbaycan və Pakistan üçtərəfli görüşü ötən il Astanada gerçəkləşib. Bu görüşdə hərbi, iqtisadi, siyasi, müdafiə məsələləri ilə bağlı bir yol xəritəsi hazırlanıb. Bu toplantılar sırasında növbəti görüş bu il mayın 28-də Laçında gerçəkləşib. Ötən ildən bu ilə qarşıya qoyulan fəaliyyətlərin həyata keçirilməsi gözdən keçirilib" - general deyib.

O, qeyd edib ki, Pakistan mövcud müdafiə sənayesi anlamında dünyanın öndə olanlardan biri və müsəlman dünyasında tək nüvə silahına malik ölkədir. Pakistan yerləşdiyi coğrafiyada hərbi, müdafiə sahəsində böyük təcrübəyə malikdir. Azərbaycan Pakistanda müasir qırıcı təyyarələr alıb ki, dünən keçirilən paradda onlar nümayiş olunub. Bu Azərbaycan ordusunu uzun müdət hava hücumundan qoruyacaq çox əhəmiyyətli addımdır. Eyni zaman da bu, dostluq və qardaşlıq örnəyidir:

"Bu üç ölkə arasında yaxşı və pis gündə bir olmaq, bir-birinə dəstək olmaq mühüm əhəmiyyət kəsb edən amildir. Zəfərin 5-ci ilində Bakıda üç ölkə liderinin bir araya gəlməsi keçmişi dəyərləndirərək gələcəyə baxış çox önəmlidir. Çünki risklərin yarandığı, çoxaldığı bu dünyada Tütküstan coğrafiyasına yaxın Asiyanın gücü olan Pakistan ordusu, Qafqazın regional gücü və ən güclü ordusu Azərbaycan ordusu, həm Avropaya, həm Asiya, həm də Orta Doğuda NATO-nun ikinci böyük Ordusuna malik Türkiyənin əməkdaşlıq etməsi önəmli hadisədir. Bu qardaşlığın gələcəkdə müxtəlif sahələrdə daha da güclənəcəyi regional təhlükəsizliyin təminatında böyük rol oynayacaq və regionda təhlükəsizliyi pozmaq istəyən qüvvələr üç qardaş ölkənin gücü qarşısında aciz qalacaqlar".

Cavid