Gəncədə “Zəfər övladlarının mədəniyyətdə bir günü” adlı tədbir keçirilib Hadisə

Gəncədə “Zəfər övladlarının mədəniyyətdə bir günü” adlı tədbir keçirilib

8 Noyabr – Zəfər Gününün 5 illiyi münasibətilə Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi və Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Zəfər övladlarının mədəniyyətdə bir günü” adlı genişmiqyaslı tədbir keçirilib.
Tədbirdə 100-dən çox şəhid ailəsi və şəhid övladları iştirak ediblər.
Günün ilk mərhələsində iştirakçılar Gəncə Memorial Kompleksini ziyarət ediblər. Daha sonra şəhid övladları Uşaq Kitabxanasının ilk qonaqları olublar. Günün davamında isə Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında uşaqlar üçün bədii kompozisiya nümayiş etdirilib.
Tədbir zamanı uşaqlar üçün xüsusi olaraq sağlam və gigiyenik qidalar təqdim edilib.
Tədbirdə Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi Nail Məmmədov, Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyinin Gəncə rayon filialının sədri Nemət Abdullayev, Vətən müharibəsi qəhrəmanı Anar Qasımov, eləcə də Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Mahir Hüseynov iştirak ediblər.
Çıxış edənlər Zəfər Gününün əhəmiyyətindən, dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışıblar.
Bu cür tədbirlər şəhid övladlarının mənəvi inkişafına, mədəni həyata inteqrasiyasına və onların cəmiyyət tərəfindən daim diqqətdə saxlanılmasına xidmət edir.
Sonda qeyd edək ki, şəhid övladlarının tədbir məkanlarına təhlükəsiz və rahat şəkildə daşınması AYNA-nın dəstəyi ilə yüksək səviyyədə təşkil olunub.
Bu dəyərli təşəbbüsün həyata keçirilməsində əməyi olan bütün təşkilatçılara və dəstək göstərən şəxslərə şəhid ailələri adından dərin təşəkkürlər bildirilib.
Şəhid ailələri bu kimi tədbirlərin keçirilməsini yüksək qiymətləndirir, onların həm mənəvi dəstək, həm də ictimai həmrəyliyin təzahürü olduğunu qeyd ediblər. Onlar bu cür təşəbbüslərin gələcəkdə də davam etdirilməsini arzuladıqlarını və vacib hesab etdiklərini bildiriblər.