“Zəfər Günü – dövlətimizin qüdrətinin təzahürü!” Gündəm

“Zəfər Günü – dövlətimizin qüdrətinin təzahürü!”

"8 Noyabr – Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmış Zəfər Günü, dövlətimizin qüdrətinin, ordumuzun şücaətinin və xalqımızın birliyinin rəmzidir".

Bunu Milli Məclisin deputatı Günay Ağamalı “Xalqcebhesi.az”a açıqlamasında söyləyib.

Bu möhtəşəm Qələbə Müzəffər Ali Baş Komandan, Cənab Prezident İlham Əliyevin müdrik rəhbərliyi, dəmir iradəsi və xalqımızın mətin ruhu sayəsində qazanılıb: “Zəfər Günü xalqımızın milli qürur və iftixar mənbəyidir. Bu Qələbə ilə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, tarixi ədaləti təmin etdi və dünyaya milli gücünün, siyasi iradəsinin əzəmətini nümayiş etdirdi. 44 günlük Vətən müharibəsində canından keçən şəhidlərimizin müqəddəs xatirəsi hər bir azərbaycanlının qəlbində əbədi yaşayır. Bu gün qalib xalq olaraq azad edilmiş torpaqlarda həyatın yenidən bərpa olunması, Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq işləri Böyük Qələbənin real nəticəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağda və Şərqi Zəngəzurda bərpa olunan şəhərlər, abadlaşan kəndlər, infrastruktur layihələri Zəfərimizin möhkəm təməllər üzərində inşa olunduğunu göstərir".

Günay Ağamalı, deputat seçildiyi 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsinin vətəndaşları və öz adından Prezident İlham Əliyevə dərin minnətdarlığını ifadə edib: “Müzəffər Ali Baş Komandanımıza xalqımıza bəxş etdiyi Qələbə və Vətənə göstərdiyi misilsiz xidmətlərə görə təşəkkür edirəm. Bu möhtəşəm gün münasibətilə Xilaskar Prezidentimiz Cənab İlham Əliyevi, qəhrəman xalqımızı, şəhid ailələrimizi və qazilərimizi ürəkdən təbrik edir, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən bütün qəhrəmanlarımızın ruhu qarşısında baş əyirəm".

Günel Elxan