
Qüdrət Həsənquliyev: “Bakının təzyiqi olmasa, onlar könüllü şəkildə o işləri görməyəcək”
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev “Yeni Müsavat”a aktual məsələlərlə bağlı müsahibə verib. Millət vəkili hərbi parad, peşəkar orduya keçid, Ermənistanın öz öhdəliklərinə əməl etməməsi, Zəngəzur dəhlizi və digər vacib mövzularda maraqlı və sensasion fkirlər səsləndirib.
- Qüdrət bəy, Ermənistanda hərbi xidmət müddəti azaldıldı. Azərbaycanda da çağırışçıların xidmət müddəti azaldıla bilərmi? Alternativ hərbi xidmətin tətbiqi, peşəkar orduya keçilməsi barədə vaxtilə təklifləriniz olub. Artıq sülh müqaviləsinin imzalanması ərəfəsində bu istiqamətdə addımlar atılması mümkünmü, yoxsa hələ tezdir, tam arxayınlaşmaq olmaz?
- Həmişə o fikirdə olmuşam ki, ən dinc dövrdə belə, ölkənin güclü ordusu olmalıdır. Baxın, görün indi Avropa hansı gündədir. Arxayın idilər ki, Amerika Birləşmiş Ştatları, NATO var. İndi Ukraynada müharibə gedir, başa düşüblər ki, ölkənin müdafiə qüvvələrini yüksək döyüş hazırlığı vəziyyətində saxlamamaqla, hərbi sənaye kompleksini inkişaf etdirməməklə böyük səhvə yol veriblər. Biz çox çətin bir coğrafiyada yerləşirik, çalışmalıyıq ki, qonşularımızla sülh və əminamanlıq şəraitində yaşayaq, yaxşı münasibətlər quraq. Birinci növbədə təhlükəsizliyimizi qonşularla yaxın qonşuluq və dostluq siyasəti təmin etməlidir. Amma bu yalnız bizdən asılı deyil. Ona görə ölkəmizə qarşı hər hansı formada təxribatlar, təcavüzlər ola bilərsə, ən azından müttəfiqlərimizin köməyi gəlib çatana qədər özümüz ilkin müdafiəmizi təmin etməliyik. Buna görə bizim partiyanın seçki platformasında qeyd olunub ki, Azərbaycan peşəkar orduya keçməlidir. Bizim Yaşma xüsusi təyinatlıları var, bir peşəkar əsgər 10 nəfər orduya müddətli həqiqi hərbi xidmətə çağırılmış 18 yaşlı əsgərdən döyüş meydanında daha güclüdür. Azərbaycana 60 000 nəfərlik peşəkar ordu tam yetərlidir. Biz onun tərəfdarı olmuşuq ki, 18 yaşına çatmış oğlanlar yüngül silahlardan istifadə etməyi və müəyyən döyüş vərdişlərini öyrənmək üçün 6 ay hərbi xidmət keçsinlər. İstedadlı və yüksək ixtisaslı işlə təmin olunmuş gənclərə imkan yaradılmalıdır ki, pul qarşılığında hərbi xidmətdən azad olunsun. Bu, Silahlı Qüvvələrin maliyyələşdirilməsinə kömək etmiş olar. Ölkənin müdafiəsini peşəkar hərbçilərə tapşırmaq lazımdı. Zabitlərin maddi təminatını o həddə qədər yüksəltmək lazımdı ki, istedadlı gənclər ali hərbi məktəblərə getsin. Müasir hərb sənəti riyazi və fundamental elmlər sahəsində ciddi biliklər tələb edir. Peşəkar ordu üçün ciddi islahatlara başlamaq lazımdır. Hazırda bilirsiniz ki, orduya çoxlu yeni, yüksək döyüş qabiliyyətli təyyarələr alırıq, ordunu müasir silahlarla təchiz edirik. Özümüz artıq müasir dronlar, mərmilər istehsal etməyə başlamışıq. Türkiyə ilə birgə hərbi sənaye kompleksimizi inkişaf etdiririk. Əlbəttə, bu işləri görməyə də vəsait lazımdır. Biz yeni silahların alışını başa çatdırandan,peşəkar orduya keçəndən sonra müdafiə xərcləri azalacaq.O mənda azalacaq ki,iqtisadi islahatlar nəticəsində büdcənin gəlirləri artacaq və müdafiə xərclərinin azalması faiz hesabı ilə baş verəcək.
- Zəfərimizin 5-ci ildönümü münasibətilə keçirilən hərbi paraddan da böyük gözləntilər var. Hətta Türkiyə və Pakistan prezidentlərinin iştirakı da gözlənilir. Artıq bununla bağlı rəsmi açıqlamalar da var.
- Xalqımız çox məmnun olardı ki, onlar paradda iştirak eləsinlər. Qələbəmizdən sonrakı ilk paradda bilirsiniz ki, Rəcəb Tayyib Ərdoğan da iştirak və çıxış eləmişdi.
- Bu həm də dost-düşmənə çox ciddi mesaj olar, elə deyilmi?
- Sözsüz, həm də böyük bir mesaj olardı. Biz Türkiyə ilə təbii müttəfiqik. Türkiyə və Azərbaycan daha sıx inteqrasiya olunmalıdır. Mən çox təəssüf edirəm ki, Türkiyə 86 milyonluq və daha güclü iqtisadiyyata sahib ölkə olsa da, bizim iqtisadiyyata bizim Türkiyə iqtisadiyyatına yatırdığımızdan daha az investisiya yatırıb. Həm də bu fərq milyardlarla dollarla ölçülür. Nazirlər Kabineti bunun səbəblərini araşdırmalı, biznes mühitinin daha əlverişli olması üçün tədbirlər görməli, iqtisadi azadlıqlar genişləndirilməlidir.
- Prezidentin Qazaxıstanda səsləndirdiyi bəyanatdan sonra artıq Azərbaycan öz ərazisindən Ermənistana yüklərin daşınmasına izin verib və yüklər daşınır. Rəsmi İrəvan dəfələrlə buna görə Azərbaycana, dövlət başçımıza təşəkkür edib. Prezidentin köməkçisi Hikmət Hacıyevin müşayiəti, Administrasiyanın təşkilatçılığı ilə diplomatların Zəngəzur dəhlizinin Azərbaycan hissəsinə səfəri də təşkil olundu. Yəni proseslər ürəkaçan səviyyədə inkişaf edir. Zəngəzur dəhlizinin Ermənistan hissəsində də artıq işlərə başlanması ilə bağlı təşəbbüslərin göstərildiyi barədə məlumatlar var. Sizin gözləntiləriniz necədir? Doğrudanmı plana uyğun şəkildə dəhlizin açılması və yaxın dönəmdə elə Sizin də Naxçıvandakı ata yurdunuza dəhlizdən keçməklə getməyiniz mümkün olacaq?
- Bu, hər birimizin, hər bir azərbaycanlının arzusudur ki, yol açılsın, onlar Azərbaycanın əsas hissəsindən öz avtomobilləri ilə birbaşa Naxçıvana, oradan da Türkiyəyə getsinlər. Xüsusilə də naxçıvanlılar bunu çox arzulayır, ona görə ki, evlərinə getməkdə çox əziyyət çəkirlər. Yalnız təyyarə ilə əlaqə saxlamaq mümkündür. 2026-cı ilin dövlət büdcəsinin müzakirəsi artıq Ermənistan parlamentində başlayıb. Onlar büdcədə bu məqsədlə vəsait nəzərdə tutmayıb. Görünür, ya fikirləşirlər ki, ABŞ vəsait ayıracaq? Ya da yolu açmağı düşünmürlər.
- 145 milyon manat tranşın ayrıldığı xəbəri var...
- Yox, o da hələlik rəsmi məlumat deyil. Cənab Prezident bölgəyə sonuncu səfərində dedi ki, 2028-ci ilin sonuna qədər yol açılacaq. Söhbət üç illik zamandan gedir. Üç il ərzində o yol çəkiləcəkmi? Hesab edirəm ki, əvvəla, 3 il çox böyük müddətdir. Yəni söhbət 41 km-lik yoldan gedir. Ermənistan dəhlizin açılmasında çox da maraqlı görsənmir. Vaşinqton Bəyannaməsindən sonra çox arxayınlaşıblar.Qonşu ölkələrlə kommunikasiya xətlərinin öz arzuladıqları formada açılmasına nail olduqlarını düşünürlər. Görürsünüz, bizə başqa alternativlər təklif edirlər, “gəlin, bu yollardan istifadə edin” və s.
Hesab edirəm ki, Azərbaycan ABŞ, Rusiya və Türkiyə ilə, həm də Ermənistanla ciddi şəkildə danışmalıdır. Biz dəhlizin açılmasını Ermənistanın daxili siyasətinə bağlamamlıyıq.Azərbaycan əmin olsa ki, Ermənistan yolu açmaq fikrindən uzaqdır, sadəcə bizimlə oyun oynayır, vaxt udmağa çalışır, güc tətbiq etməklə həmin yolu açmalıdır. Əvvəl 10 noyabr 2020-ci il Bəyannaməsinə görə Zəngəzur dəhlizinə Rusiya nəzarət etməli idi. 2025-ci ilin 8 avqust tarixli Vaşinqton Bəyannaməsinə görə də dəhlizə nəzarəti ABŞ həyata keçirməlidir. Fərq etməz, Rusiya, ya Amerika. Amma Ermənistan öhdəliyinə əməl etmirsə, Azərbaycan bu yolu özü açmalıdır və sonra da o dövlətlərə deməlidir ki, indi gəlin, yolun təhlükəsizliyini təmin edin. Bu işğal deyil , sadəcə 5 il ərzində Ermənistan öz öhdəliklərini yerinə yetirmədiyindən biz yolu açdıq. Zəngəzur bizim qədim dədə - baba torpağımızdır, İrəvan da həmçinin. O torpaqları bizdən alıb, Azərbaycanın bir hissəsini digərindən ayırıblarsa, ən azından indi bizə öz torpaqlarımıza getməyimizə dəhliz verilməlidi! Tarixən də yol olub, Ermənistan o yolu bağlaya bilməzsən, o yolu açmalısan! Arzu edək ki, məsələlər güc tətbiqinə qədər gedib çıxmasın və Ermənistan Zəngəzur dəhlizinin tikintisinə tezliklə başlasın. ABŞ dəhlizin açılması üçün Rusiyadan fərqli olaraq ciddi iradə ortaya qoymalıdır. Mən baxıram ki, artıq 8 avqustdan üç ay vaxt keçir, amma dəhlizin açılması ilə əlaqədar nəticəsiz söz-söhbətdən başqa ortada heç nə yoxdur.
- Ermənistan öz konstitusiyasını da dəyişmək istəmir. Bu məsələ ilə bağlı mövqeyimiz necə olmalıdır?
- Mən belə başa düşürəm ki, bunlar hər şeyi daxili siyasətə bağlayırlar. Yəni mən bunu eləsəm, bu olar. Bu addım atsam, o olar. Bizim üçün nə əhəmiyyəti var? Dövlətsən, Konstitusiyan təcavüzkar bir konstitusiyadır, başqa dövlətə açıqdan-açığa ərazi iddiaları orada öz əksini tapır. Erməni rəsmilərindən birinin açıqlaması mediada qarşıma çıxdı. Deyir, mən Ermənistanın müstəqillik bəyannaməsi oxudum, dəhşətə gəldim. Sən dəhşətə gəlirsənsə, gör biz onu necə qarşılayırıq. Ona görə də yolun tezliklə açılmasını istəyiriksə, Ermənistana təzyiqi artırmalıyıq.
- Prezident də xəbərdarlıq etmişdi... Konstitusiya düzəlişləri olmasa, sülh müqaviləsinin əhəmiyyəti olmayacaq demişdi...
- Bəli, Azərbaycanın təzyiqi olmasa, sizi əmin edirəm ki, onlar könüllü şəkildə o işləri görməyəcəklər. Paşinyan da real addımlardan qaçır, ancaq yaxşı danışsın, vəssalam. Öz xalqını aldadır ki, sülh gətirmişəm. Qorxusundan yolu açmırsa, ona göstərməliyik ki, biz onu daha ciddi cəzalandıra bilərik. Yəni tərəzinin bir gözünə onun başına dəyəcək bizim Dəmir Yumruğu qoymalıdır, digər tərəfinə isə öz iradəsi ilə yolu açmaqdan yayınmırsa, tutaq ki, erməni diasporasının, erməni kilsəsinin, xarici güclərin təzyiqlərini...