Nənəş nənənin yurd həsrəti... Hadisə

Nənəş nənənin yurd həsrəti...

1828-ci ilin "Türkmənçay" müqaviləsinə əsasən Azərbaycan adlı türk məmləkətimiz yadlar arasında param-parça olunmuşdu. 1935-ci il idi. O taylı bu taylı Araz qırağı ellər növbəti faciəyə tuş gəlmişdilər. İmperya donu geymiş ağzı qanlı rus şovinizm hiddətlənmiş, gecə ikən Araz qırağı boyunca sərhəd dirəkləri basdırıb, tikanlı məftillər çəkmişdilər. Rusun bu əməliylə Vətənin başı üstünü daha bir qara pərdə örtdü. Əli silahlı rus əsgərləri keşikçi dururdular ki, indi bu sərhəddən nəinki insan, heç quş da səkə bilməzdi.
Sərhəd dirəkləri salınan günün öncəsi Nənəş o taydan bu taya gəlin köçmüşdü. Nənəş də yüzlərin, minlərin biri idi. Doğulub boya-başa çatdığı evə, elə həsrət qaldı. Elə hərdən gizli-gizli boz təpənin üstünə qalxıb, əlini qaşına qoyub o taydakı evlərinə nisgillə baxırdı. İşdi-şayət həyətlərində birisini görəndə:
- Əli, Rza mənəm eyy, Nənəş - deyən kimi yaxınlıqdakı sarı kürən rus əsgəri tez havaya xəbərdarlıq fişəngi atar, sonra da silahını ona tuşlayardı... Nənəşin də qorxudan səsi elə həmin andaca xırp kəsilərdi.
Boylu-buxunlu, qəddi-qamətli Nənəş indi qopqoca nənə olub, beli kaman kimi bükülmüş, necə deyərlər, yumağa dönmüşdü. Güclə yeriyirdi. Bir gün yenə boz təpənin üstünə getmək könlünə düşsə də gedə bilməmiş, yarı yoldan geri qayıtmışdı. Onsuz da getməyinin daha əhəmiyyəti yox idi. Gör aradan neçə onilliklər ötmüş, bəlkə də qardaşları bacı nisgiliylə dünyadan köçmüşdülər. Birdə ki, Nənəş nənənin indi gözlərinə mirvari suyu gəlmiş, on metrliyi güclə seçirdi, o ki qaldı o taydakı evlərinə baxa bilsin. Heç evlərinin qaraltısını da sezə bilməzdi.
Nəvəsi İsmayıl müəllim deyəndə ki, nənə, sabah bəlkə doğmalarından kimsəni görə bildin. Nənə sevincindən bütün gecəni yata bilmədi. İçində bir xoşbəxtlik toxumu cücərirdi. Sabahkı tədbir uğurla başa çatsa, o xoşbəxtlik toxumu cücərib yamyaşıl zəmi yaradacaq. Eh, bir də ki, yamyaşıl zəmidə bağrı qan Lalələr o qədər bitir ki...
Lap az qalırdı səhərin açılmasına. Pəncərədən gözlərini çölə zilləmişdi. Hə, deyəsən dan sökülürdü. Həyətdəki ağaclarda yatmış quşlar da oyanmışdı. Bağ-bağatdan quşların cəh-cəh səsləri gəlirdi. Demək, o müqəddəs görüşə saylı saatlar qalır...
İllərlə arzulamışdı bu günü. İllərlə o tikanlı məftillərə baxıb həsrətin, nisgilin, ayrılığın mənasını özlüyündə dərk etmiş, fəlsəfəsini kəşf etmişdi.
Arazın laylalı nəğməsi onun qanını, iliyini az qala donduracaqdı. Yüzilliklər, qərinələr vardı ki, Araz öz nəğməsini beləcə oxuyurdu. Səsi, avazı da dəyişməmişdi.
Görəsən, necə olacaq? Sərhədçilər verdikləri vədə əməl edəcəklərmi?
Tədbir plan üzrə icra olunacaqdı. Mitinqi İsmayıl özü açacaqdı. Sonrada bir neçə vətənpərvər çıxışlar edəcəkdi. Tədbirdən sonra kəlbətinlə, qayçıyla tikanlı məftillər kəsiləcəkdi. O taylı, bu taylı doğmalar bir-birinə qovuşacaq. Əsil tarixi anlar olacaq. O taydan görəsən, kimlər gələcək. Deyəcəm Nənəşin nəvəsiyəm. Nənəmin qardaşları uşaqlarından kimlər gələcək. Hə, nənəmin qardaşlarının adları necə oldu? Yadıma düşdü, Əli, Rza... Adlarını deyəcəm uşaqlarından, nəvələrindən kimsə olsa, üzə çıxacaq. Axı üstündən 56 il ötür. Yəqin nənəmin qardaşları dünyadan köçmüş olarlar.
Elə bu fikirlərlə yatağından qalxıb əl-üzünü yudu. Gözlərinə elə bil qum doldurmuşdular, yaman göynəyirdi. Yəqin yuxusuzluqdandı. Eyib etməz, belə bir gün üçün neçə gecə desən yuxusuz qalmaq olar.
Deyilən saatda kənd əhli Xırmana yığışdı. Şıxalı kişi söz verdiyi kimi qara qoçu da gətirmişdi. Boynuna da qırmızı lent bağlamışdı ki, o taylı soydaşlarımızın ayaqları altında kəsəcək. Günəş Güney Azərbaycandakı dağlar arxasından bayaqdan qalxıb, göy üzündə gur şəfəqlərini qırçın Arazın suları üzərinə salıb par-par parıldayırdı. Kütlə sərhəd dirəkləri yanında cəm olmuşdu. Ətraf kəndlərdən də gələnlər vardı. Adamlar əllərindəki gül-çiçəkləri tikanlı məftillərə bağlayırdılar. Tikanlı məftillər gül-çiçəkdən özünə bir Vətən xalısı toxumuşdu. Arazın o tayındakı soydaşlarımız yumruqlarını düyünləyib göyə qaldıraraq:
- Can, can Azərbaycan!- dedikcə bu tayda gurultulu səs axını o taydakılara qarışıb sel axını yaradırdı.
Kürən rus sərhədçiləri çiyinlərində avtomat key-key o taylı, bu taylı insan selinə heyrətlə baxırdılar. Mitinq başa çatan kimi tikanlı məftillər doğrandı. Hərə özünə tikanlı məftillərdən götürüb xatirə üçün saxlayacağını dedi.
Nənəş nənənin dualı ağzı elə hey "oxqay" deyirdi. Elə bil səpsərin su içib yanğılı ürəyinin odunu söndürürdü. İsmayıl müəllim nənəsini atın tərkində düz Araz qırağına gətirib atdan düşürdü. Nənəş nənə bir neçə addım atıb düz Arazın dibinə gəlib diz çökdü. Əllərini qoşaladı, ovcuna su alıb içdi. Bir ovuc, iki, üç, dörd... Düz on beş ovuc su içsə də doymurdu. Hamı bu səhnəyə möcüzə kimi baxırdı. Nənəsə elə su içirdi və birdən növbəti dəfə suyu ovcuna götürəndə barmaqları boşalıb aralandı və su yerə töküldü. Nənə başını qaldırıb adamlara baxdı, bir də "oxqay" dedi, Araz qırağında üzü üstə yerə yıxıldı. Başı Arazın suyunda, bədəni torpaqda idi.
- Nənə, nənə, can nənə! O taydan bir oğlan nənənin bu halını görüb cikkə çəkdi.
Nənə güclə başın qaldırıb o taya baxa bildi "qardaş balasıdı" desə də ardını davam etdirə bilmədi. Və tezcə də göz qapaqları qapandı.
Həkim, təcili yardım gəlsə də, nənə artıq canını tapşırmışdı. Nənəş nənənin cənazəsi xərəyə qoyuldu. Üstünə də üçrəngli bayrağımız sərildi. O taylı, bu taylı hamılıqla Hənəş nənəni dəfn etməyə yollandılar. Nənəş nənə elə həmin izdahamın müşayihəti ilə boz təpədə dəfn olundu. Üçrəngli bayrağımız da qəbri üstünə sancıldı.
P.S. Rayonumuz işğal olunana kimi boz təpənin üstündəki təzə qəbiristanlıqda bayrağımız dalğalanırdı. Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuşlar da burada dəfn olunurdu.
Nənəş nənə kədərli ölümüylə yurdumuzda təzə qəbiristanlıq saldırdı. Bu məzarlığa Şəhidlər Xiyabanı deyirdik...

Ayaz İmranoğlu