Bakının işğaldan azad olunmasından 97 il ötür Hadisə

Bakının işğaldan azad olunmasından 97 il ötür

Musa Qasımlı: "Bakının işğaldan azad olunması Azərbaycan istiqlalının elan edilməsi qədər əhəmiyyətlidir"

Nəsiman Yaqublu: "Burada azərbaycanlıların rolu, vətənpərvərliyi məhz mühüm rol oynayıb"

Sentyabrın 15-i Bakının işğaldan azad olunduğu gündür. 97 il bundan əvvəl, 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad edib. Beləliklə, həm Azərbaycanın müstəqilliyi təmin olunmuş, həm də ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub. Bakının erməni-bolşevik işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir.
1918-ci ilin mayında Azərbaycanın müstəqilliyinin elan olunmasına baxmayaraq, ölkə ərazisinin bir hissəsi, Bakı və ətraf rayonlar erməni-bolşevik işğalı altında idi. Bunsuz isə Azərbaycanın dövlət müstəqilliyini təsəvvür etmək çətin idi. Müstəqilliyə təzə qovuşmuş, beynəlxalq aləmdə hələ tanınmayan gənc dövlətimizin isə ərazi bütövlüyünü təmin etmək imkanları hələ yetərincə deyildi. Belə bir şəraitdə özünün çox ağır durumuna rəğmən Osmanlı Türkiyəsi qardaş Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə Nuru paşanın komandanlığı ilə hərbi qüvvələrini Azərbaycana göndərdi. Avropa dövlətlərinin türk qoşunlarının Azərbaycana gəlməsinə etiraz etməsinə baxmayaraq qardaş köməyini əsirgəməyən, ölkəmizi tək qoymayan Osmanlı Türkiyəsi 1918-ci ilin avqust-sentyabr aylarında öz tarixi vəzifəsini şərəflə yerinə yetirdi. Sentyabrın 15-də türklər qarşısına qoyduğu missiyanı uğurla başa çatdırmaqla, Bakını işğalçılardan təmizləməklə Azərbaycan dövlətçiliyinə qardaş töhfələrini verdi, Azərbaycan xalqını darda qoymadı.
Qəhrəman türk əsgərlərinin şücaəti və qanı bahasına Bakı və digər rayonların azad olunması ilə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti öz hakimiyyətini ölkənin bütün hüdudlarında təmin etdi. Bununla da 1918-ci ilin martından başlayaraq erməni daşnaklarının və bolşeviklərin Bakıda və Azərbaycanın digər bölgələrində birgə həyata keçirdikləri qanlı qırğınlara və özbaşınalığa son qoyuldu. Məlum olduğu kimi, ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı siyasətinin əsas məğzi xalqımızı cismən məhv etmək və "Böyük Ermənistan" xülyasını gerçəkləşdirmək idi. Amma türk qardaşlığı bu mənfur planın reallaşmasına imkan vermədi.
Möhtəşəm və tarixi qələbədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncə şəhərindən Bakıya köçürüldü. Beləliklə, Azərbaycanda dövlət quruculuğunun əsas mərhələsinə start verildi, bir neçə ay sonra isə parlamentə demokratik qaydalar əsasında seçkilər keçirildi.
Bakının azad olunması həm də türklərin humanistliyini bir daha sübut etdi. Sentyabrın 16-da parad qəbul edərək təntənəli şəkildə şəhərə daxi olan Nuru paşa Bakıda qalmış rus zabitləri ilə hörmətlə davrandı. O, nəinki Nargində türk hərbi əsirlərinə göstərilən amansızlığa görə onlardan intiqam almağa çalışdı, hətta belə bir mürəkkəb vəziyyətdə onların ailəsinə maddi yardım göstərilməsini təmin etdi.
Türk ordusunun Bakını bolşevik-daşnak işğalından azad etməsi şəhərdə əsl bayrama səbəb oldu. Məşhur milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev türk ordusunun şərəfinə təntənəli ziyafət təşkil etdi. Ziyafət indiki Dövlət Filarmoniyasının binasında keçirildi. H. Z. Tağıyev türk ordusunun komandanı Nuru paşaya və onun qəhrəman sərkərdələrinə hədiyyələr təqdim etdi. Amma Antanta dövlətlərinin Osmanlı Türkiyəsinə təzyiqi getdikcə daha da artırdı. Ona görə də qısa müddətdən sonra türk qoşunları Bakını tərk etməli oldular.
1918-ci il sentyabrın 15-də Bakının azad olunması Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəminində müstəsna əhəmiyyət daşıyan böyük hadisədir. 70 illik sovet hakimiyyəti illərində bu hadisənin məqsədyönlü olaraq yanlış kontekstdə izah olunmasına baxmayaraq Azərbaycan xalqı türk əsgərinin qəhrəmanlığını heç vaxt unutmadı, onu qəlbində yaşatdı.
Osmanlı qoşunları Bakının azad olunması üçün həyata keçirdikləri hərbi əməliyyatlarda 1130 şəhid verdilər. Azərbaycan növbəti dəfə müstəqillik qazandıqdan sonra hər il sentyabrın 15-də təkcə Bakıda deyil, Şamaxıda, Göyçayda və digər rayonlarda ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan türk əsgərlərinin məzarları dövlət səviyyəsində ziyarət olunur. Hər il Şəhidlər xiyabanında türk əsgərlərinin xatirəsinə ucaldılmış abidənin önündə anma mərasimi keçirlir. Aradan uzun illər keçməsinə baxmayaraq Türkiyə Ordusu tərəfindən göstərilən qardaşlıq köməyi heç vaxt unudulmayacaq, Azərbaycan xalqı tərəfindən daim minnətdarlıq hissi ilə xatırlanacaq.
Tarixçi alim, professor, millət vəkili Musa Qasımlı bildirib ki, Bakının işğaldan azad olunması Azərbaycan istiqlalının elan edilməsi qədər əhəmiyyətlidir: Noyabrın əvvəllərində Bakıda Şaumyan başda olmaqla bolşeviklər hakimiyyət qursalar da, bu, real gücə malik deyildi. Bolşeviklər antiazərbaycan siyasəti yeridirdi. Hakimiyyətlərini möhkəmləndirməkdən ötrü türk-müsəlman əhalisinə qarşı soyqırımlara başlamışdı. Bakı Sovetinin əsas məqsədlərindən biri Bakı neftini əldə saxlamaq idi. Ona görə də Azərbaycan ərazilərində kütləvi qırğınlar törətdilər. 1918-ci ilin martında bu qırğınların pik nöqtəsi başlamışdı.
Bolşeviklərin silahlı dəstələri Azərbaycanın qərb rayonlarını öz təsirləri altına almaq üçün genişmiqyaslı əməliyyatlar aparır. Şamaxı istiqamətində irəliləyən bolşevik-daşnaklar yollarına çıxan bütün Azərbaycan kəndlərini çapıb-talayır, dinc əhaliyə zülm edirdilər. Belə bur vəziyyətdə Nuru Paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusu Azərbaycan Xalq Cümhuriyyətinin köməyinə gəlir".
"1918-ci ilin avqustunda Denstervilin komandanlıq etdiyi ingilis qoşunları Bakını zəbt etdi və şəhərdə Sentrokaspi adlı hökumət quruldu. Sentrokaspinin həyata keçirdiyi siyasət mahiyyət etibarilə Bakı Xalq Komissarları Soveti kimi antiazərbaycan xarakteri daşıyırdı. Çünki Bakı neftinə sahib çıxmaq, Xəzər dənizini ələ keçirmək, Mərkəzi Asiyaya gedən yola nəzarət etmək niyyəti güdən bu hökumət ermənilərə və digər yad qüvvələrə arxalanırdı"-deyən M.Qasımlının sözlərinə görə, Bakı uğrunda mübarizə aparan yalnız Sentrokaspi deyildi, Rusiyadakı bolşevik hökuməti də türklərin Azərbaycan paytaxtına daxil olmasını istəmirdi: "1918-ci ilin iyulundan Qafqaz islam Ordusu artıq Bakının azad edilməsi istiqamətində hərəkətə keçmişdi. 1918-ci il sentyabrın 15-də-Qurban bayramı günündə Bakı işğalçılardan azad edildi. Şəhər uğrunda döyüşlər heç də asan getmədi. Bəzi məlumatlara görə, bu döyüşlərdə mindən artıq türk əsgəri və zabiti həlak oldu. Yerli əhalidən isə şəhidlərin sayı 5 mindən artıq idi". M.Qasımlının sözlərinə görə, Qafqaz islam Ordusu Bakının mühasirəsini çox dəqiqliklə həyata keçirmişdi: "Hətta ingilis qoşunlarının komandanı Denstervil xatirələrində etiraf edirdi ki, türk topçuları çox dəqiqliklə atəş açırdılar. Onların atəşi Bakıdakı memarlıq abidələrinin heç birinə ziyan vurmadı".
Araşdırmaçı, "Bakının qurtuluşu" kitabının müəllifi Nəsiman Yaqublu isə deyib ki, Nuru Paşanın Bakını azad etməsi ilə yanaşı, bir faktı da önə çəkmək vacib məsələlərdəndir ki, burada azərbaycanlıların rolu, vətənpərvərliyi məhz mühüm rol oynayıb: "Bu faktor olmasaydı, təbii ki, Nuru Paşa qalib gələ bilməzdi. O illər Şəkidə yeni bir kitab çap olundu. "Ya ölüm, ya Türkiyə". Bu o deməkdir ki, xalq Azərbaycanın, Bakının azadlığı uğrunda vuruşmağa hazır idi. Bu, kitab Əbdül Əfəndizadəyə məxsusdur. Bir məqamı da diqqətə çatdıraq ki, Bakının qurtuluşunu yaşadan sonrakı illərdə böyük şəxsiyyətlərimiz, eləcə də mətbuatımız oldu. Mühacir dövrünü yaşayan ziyalılarımız da bununla bağlı məqalələrlə çıxış edirdi. "Yeni Qafqaz" jurnalı İstanbulda çap olunurdu. 1928-ci ildə nəşr olunan jurnaldakı fotolar maraq doğurur. Bakının azad olunması ilə bağlı jurnalda maraqlı bir türbə öz əksini tapır. "Odlu yurd" jurnalı da Azərbaycanın qurtuluşunu yaşadan nümunələrdir. Jurnalda Azərbaycanın xəritələri öz əksini tapmışdır. 1918-ci il Azərbaycan xəritəsi çap olunub. Digər jurnal isə "Azərbaycan yurd bilgisi" və Almaniyada çap olunan "Qurtuluş" jurnalıdır. "Qurtuluş"da maraq doğuran "Bir zəfərin ildönümü" məqaləsidir. O dövrün mətbuatına diqqət yetirsək, görərik ki, yalnız zəfər, qalibiyyət, qurtuluş ifadələri işlədilir. Hər bir problemin, məsələnin açılışında məqaləyə qoyulan adlar da maraq yaradır. "Bakı məsələsi", "İstiqlal zəfərinin dastanı" və s. məqalələrdə baş verən hadisələr çox əhəmiyyətli bir şəkildə öz həllini tapıp. Məsələnin məqalədə qoyulması əhəmiyyət kəsb edir. Bakının işğal edilməsi ilə bağlı çox şeirlər, məqalələr yazılıb. Amma deyərdim ki, o illərdə mətbuatda çap olunan Əhməd Cavadın "Qalx" əsəri qədər daha təsirli, nəzmə çəkən olmayıb. Bakının qurtuluşu böyük bir hadisədir. Bu tarix bizim XX əsr Azərbaycanın istiqlal mübarizəsi tarixinin ən yüksək zirvəsində duran hadisədir. Məmmədəmin Rəsulzadə yazırdı ki, 1918-ci il mayın 28-də Azərbaycan istiqlalını sülh ilə elan etmişdiksə, 1918-ci il sentyabrın 15-də əməl ilə həyata keçirdik. Yeri gəlmişkən, bir məqama da toxunmaq istəyirəm ki, Azərbaycan Xalq Cümhuriyyətinin diplomatik bacarığını qətiyyən inkar edə bilmərik. Birinci xətt ondan ibarət oldu ki, 1918-ci ilin iyun ayının 4-də Batumda sülh müqaviləsi imzalandı. Kitabda müqavilənin bütün şərtləri də özünü göstərir. Müqavilənin 4-cü maddəsində göstərilir ki, Azərbaycan dövləti Türkiyədən hərbi qüvvə istəmək haqqına malikdir. Bu maddə bizə imkan verirdi ki, Nuru Paşa və Qafqaz İslam Ordusunu Bakıya dəvət edək".

Əli