“Qızları təhsildən yayındırıb, zorla ərə verirlər” Hadisə

“Qızları təhsildən yayındırıb, zorla ərə verirlər”

Hüquqi və Demokratik İslahatlar Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Ailə dəyərlərinin və sağlam ailə modelinin təbliğində maarifləndirmə" layihəsi çərçivəsində növbəti tədbirini iyulun -9 da Yevlax şəhərində keçirib. "Erkən nikaha "yox" deyək" mövzusunda keçirilən dəyirmi masada çıxış edən HDİM sədri, layihənin rəhbəri İ. Əliyev problemin aktuallığından danışıb və boşanmaların xeyli artdığını, ailə institutunun təhlükədə olduğunu bildirib: "Dünyada hər gün 25 min, 1 ildə isə 10 milyondan çox erkən nikah faktı qeydə alınır. Hazırda erkən nikah faktları Asiya və Afrika ölkələrində baş versə də, bir sıra Avropa ölkələrində də erkən yaşda nikahlara rast gəlinir. Azərbaycanda da qızların təhsildən yayınması, erkən yaşda ailə qurmağa məcbur edilməsi halları var".
Layihə rəhbəri deyib ki, bəzən ailəyə müasir və ənənəvi yanaşmalar ziddiyyət təşkil edir: "Dövlətn bu məsələyə münasibəti birmənalıdır. Dövlət qadınlar və uşaqların hüquqlarına prioritet məsələ kimi baxır və üzərinə düşən vəzifəni yerinə yetirir. Azərbaycan parlamenti də nikah və ailə qanunvericiliyi sahəsində ciddi uğurlar əldə edib. Bu məsələyə cəmiyyətin münasibəti də aparıcı rol oynayır. Qanunların qəbulu, məzmunu ideal ola bilər, lakin qanunun aliliyi ənənələrdən aşağı tutulacaqsa, deməli, biz çətinliklərlə üzləşəcəyik. Biz ailədaxili tərbiyəyə diqqət ayırmalıyıq. Qızlarımızı başqalarının iradəsindən asılı, oğlanları isə başqasının üzərində hökmran kimi tərbiyə etməməliyik".
"Erkən nikahı bəzən islam dini ilə bağlamağa çalışırlar. Lakin bütün dinlərdə, bütün müqəddəs kitablarda ailə müqəddəs elan edilib və erkən nikahlara çağırış yoxdur" deyən layihə rəhbəri hesab edir ki, bu gün Latın Amerikası və Afrikada erkən nikahlar qeydə alınır: "Bu, qlobal problemdir. Buna görə də biz ailə tərbiyəsinə xüsusi diqqət ayırmalıyıq".
Rayon ziyalısı Əli Quliyev deyib ki, ailə qurmaq asandır, amma onu layiqli bir şəkildə davam etdirmək, nümunə ola biləcək bir cütlük olmaq çətindir: "Gənclərimizə bu çətin və məsuliyyətli işin önəmini anlatmaq lazımdır, onlara bu işdə mənəvi-psixoloji dəstək olmalıyıq". Onun sözlərinə görə, bu işdə valideynlərin üzərinə böyük məsulliyyət düşür.
"Kür" qəzetinin əməkdaşı Natiq Quliyev təəssüflə vurğulayıb ki, erkən nikahlar hələ də gündəmdədir: "Bu cür addım atan ailələr çoxdur, övladlarının istəyi olmadan onları buna məcbur edirlər. Hətta gənclər ailə qurmağa psixoloji olaraq qəti surətdə hazır olmurlar. Uşaqlıq sevgiləri bitməmiş ailə məsuliyyətinə sövq olunurlar, bu da daha sonra həm ailədə soyuqluğa və hətta xanımlarda bir çox xəstəliklərin yaranmasına gətirib çıxarır. Çünki onlar fizioloji cəhətdən buna hazır olmurlar. Valideynlər məsələyə "təki övladımın xeyir işini görüm" prinsipi ilə yanaşırlar və gənc ailənin gələcəkdə yaranacaq daxili problemləri nəzərə almırlar".
Rejissor Türkan Əliyeva deyib ki, bu məsələdə KİV-in üzərində də məsuliyyət var. KİV maarifləndirici missiyasını yerinə yetirməli, valideynləri erkən nikahdan çəkindirməlidir. O, QHT-lərin də bu istiqamətdə maarifləndirici tədbirlər keçirməsini vacib sayıb: "Valideynlərlə mütəmadi seminarlar və görüşlər keçirmək zənnimcə məsləhətli olardı. Təbii ki, özləri bunu istəməlidirlər. Onlar öz şəxsi mənafelərini güdməsinlər, övladlarının şəxsi istəklərinə hörmətlə yanaşsınlar".
Şəhər bələdiyyəsinin üzvü Rafiq Əliyevin sözlərinə görə, erkən nikahların yayılmasına təkan verən amillər müxtəlif və fəqrli əhəmiyyətə malikdir. Onlar bir-biri ilə sıx bağlı olub, biri digərindən fərqlənir. Diqqətə çatdırılıb ki, 18 yaşa qədər erkən nikaha daxil olan qızların 38,9 faizi şəhər, 61, 1 faizi kənd yerlərində qeydə alınıb. Azərbaycanın ayrı-ayrı bölgələrində erkən nikahlarla bağlı vəziyyət barədə məlumat verilib, qeyd olunub ki, bu sahədə ən yüksək rəqəm Aran (62) və Lənkəran (33) iqtisadi rayonunun payına düşüb.