Prezidentin aqrar sahə ilə bağlı fərmanı təqdir edilir Hadisə

Prezidentin aqrar sahə ilə bağlı fərmanı təqdir edilir

Eldar İbrahimov: "Bu fərman Kənd Təsərrüfatı Nazirliyini kəndə yaxınlaşdırdı"
Vüqar Bayramov: "Burada məqsəd nazirliyinin yerlərdə aqrar məsələlərə müdaxilə və nəzarət imkanlarını artırmaqdır"
Eldar Quliyev: "Bu addım kənd təsərrüfatının inkişafına təkan olacaq"
Rövşən Ağayev: "Fərmanda iki məqamın olması vacib idi"

Cavid

Ötən gün Prezident İlham Əliyevin aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında fərmanı ictimaiyyət arasında geniş müzakirəyə səbəb olub. Xatırladaq ki, fərman kənd təsərrüfatının institusional inkişafını təmin etmək, aqrar sahədə idarəetməni müasir dövrün tələblərinə uyğunlaşdırmaq, o cümlədən Kənd Təsərrüfatı Nazirliyinin strukturunu və fəaliyyətini təkmilləşdirmək məqsədi daşıyır.
Bu fərmanla Kənd Təsərrüfatı Nazirliyinin rayon idarələri yaradılacaq. Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, deputat Eldar İbrahimov deyib ki, bu fərman Kənd Təsərrüfatı Nazirliyini kəndə yaxınlaşdırdı, kənd təsərrüfatı məhsullarının istehsalının artmasına təkan verəcək. Onun sözlərinə görə, fərmanda söhbət kənd təsərrüfatının strukturundan gedir: "Bütün rayonlarda nazirliyin idarələri, "Aqrolizinq"in bazası olacaq. Kənd təsərrüfatı məhsullarının istehsalı üçün lazımi texnika və mütəxəssis ehtiyacı təmin olunacaq. Bundan başqa, iri təsərrüfatların yaradılması nəzərdə tutulub".
E.İbrahimov qeyd edib ki, artıq uzun müddətdir ki, hazırlanmış "Kooperasiya haqqında" qanunun qəbulu sürətlənəcək: "Bir sözlə, kənd təsərrüfatı sahəsində rəhbər orqanların səlahiyyətlərinin daha da artırılması nəzərdə tutulur. Əsas məsələ məhsul istehsalının artması və ərzaq təhlükəsizliyini təmin edilməsidir".
Eldar İbrahimov onu da qeyd edib ki, 1996-cı ildə torpaq islahatı haqqında qanun qəbul edilərkən kənd təsərrüfatı təyinatlı torpaqların zəbt olunmasına və ya onlardan qanunsuz istifadə edilməsinə dair qadağalara baxmayaraq, bu qanunun müəyyən maddələri işləmir: ""Torpaq islahatı" haqqında qanununda əlavə və dəyişikliklərin edilə, hətta yeri gələrsə, qanun yenidən işlənib hazırlana bilər. Həqiqətən kənd təsərrüfatı üçün yararlı torpaqların azalması, ondan qeyri-məqsədlər üçün istifadə edilməsi halları mövcuddur. Əsasən də xüsusi mülkiyyətə verilən torpaq sahələrində. Buna görə də qanundakı bəzi qadağanedici maddələri gücləndirmək lazımdır".
Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev də prezidentin fərmanını yüksək qiymətləndirərək onun kənd təsərrüfatına böyük töhfə verəcəyini bildirib: "Bu fərman kənd təsərrüfatının inkişafı üçün təkan olacaq. Yəni rayonlarda yerli strukturların açılması ilə əlaqədar olaraq artıq sahibkarlar kənd təsərrüfatı ilə məşğul olan, amma Bakı şəhərində yerləşən nazirliyə deyil, rayonların özündə əlaqə saxlaya biləcəklər".
"Kooperasiya haqqında" qanunun qəbul olunması ilə bağlı fərmanda yer alan bəndə xüsusi diqqət çəkən E.Quliyevin sözlərinə görə, qanun layihəsi Milli Məclisdə birinci oxunuşdan keçib: "Layihə artıq yaz sessiyasında qəbul edilə bilər. Bu da gələcəkdə iri təsərrüfatların yaradılmasına təkan vermiş olacaq".
E.Quliyev qeyd edib ki, fərmanda həmçinin aqrar məhsulların qiymətlərinə də dövlət nəzarəti qeyd olunub: "Bu da mühüm məsələdir".
İqtisadçı ekspert Rövşən Ağayev isə fərmanın 3-cü maddəsini şərh edib. Həmin maddədə deyilir ki, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ilə birlikdə torpaqların münbitliyinin qorunması və artırılması, şoranlaşmış və şorakətləşmiş, eroziyaya uğramış torpaqların sağlamlaşdırılması tədbirlərini ölkədə aparılan iqtisadi strategiyaya uyğun olaraq müvafiq proqramlar əsasında həyata keçirməlidir.
Rövşən Ağayev bu məsələnin sərəncamda əks olunmasının vacib olduğunu bildirib: "Bu gün Azərbaycanda, hökumətin də etiraf elədiyinə görə, əkilən 1.8 milyon hektar torpağın yarısından çoxu şoranlaşıb. Torpaqları keyfiyyətli olmayan ölkədə yüksək məhsuldarlıq mümkün deyil".
Ekspert deyib ki, fərmanda iki məqamın olması vacib idi: "Birincisi idarəetmə təkmilləşməlidir. Hazırda torpaqların şoranlaşmasının qarşısının alınması ilə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti məşğul olur. Hər il dövlət büdcəsindən bu təşkilata həm investisiya, həm də kənd təsərrüfatı bölməsindən vəsait ayrılır. Ancaq bu günədək qurumun normal hesabatlılıq sistemi yoxdur və bilinmir şoranlaşma ilə mübarizə nəticəsində nə qədər torpağın keyfiyyəti bərpa olunub.
Əksər ölkələrdə torpaqların bərpa olunması ilə bağlı dövlət proqramları var. Rusiyada 10 illik federal proqram qəbul olunub. Həmin proqramda illər üzrə bərpa ediləcək torpaqlar və ayrılan pullar göstərilir. 16 aprel fərmanında hansı proqramdan söhbət getdiyi bəlli deyil. Ərzaq təhlükəsizliyi ilə bağlı proqramda şoranlaşma ilə bağlı bənd olsa da, bu məsələ ilə bağlı ayrıca proqram yoxdur.
Çox yaxşı olardı ki, fərmanla bu işin icra olunması birbaşa Kənd Təsərrüfatı Nazirliyinə verilsin. Bu sahədə vahid idarəetmə olmalıdır. Ancaq fərmanda şoranlaşma ilə mübarizə yenə müxtəlif qurumlara tapşırılıb".
İqtisadçı alim Vüqar Bayramov fərmanda nəzərdə tutulan planlardan birinə toxunaraq deyib: "Sənədə görə, Kənd Təsərrüfatı Nazirliyinin rayon və şəhər idarələrinin yaradılması nəzərdə tutulur. Burada məqsəd nazirliyinin yerlərdə aqrar məsələlərə müdaxilə və nəzarət imkanlarını artırmaqdır. Nazirliyin strukturunun genişləndirilməsi eyni zamanda fermerlərə birbaşa məsləhətlərin, o cümlədən kənd təsərrüfatı məhsullarının istehsalının öncədən planlaşdırılması üzərində qurulmalıdır. Son dövrün praktikası göstərir ki, məsələn, soğan bir il baha olur, növbəti il isə o qədər soğan əkilir ki, məhsul su qiymətinə gedir. Bu, plansızlığın nəticəsidir və aqrar sektorda planlaşdırılmanın aparılmasına ehtiyac var.
Kənd Təsərrüfatı Nazirliyi yalnız aqrar siyasət həyata keçirməməli, fermerlərə birbaşa məsləhətlər verməli və ölkənin tələbatını, ixrac potensialını nəzərə almaqla məhsul istehsalını planlaşdırmalıdır. Bu zaman dünya bazarında baş verən iqtisadi dəyişikliklər də nəzərə alınmalıdır. Çünki Azərbaycan hələ də xaricdən məhsul idxal edir və plansızlıq xaricdən ucuz məhsulların daxil olmasına, yerli məhsulların qiymətinin düşməsinə gətirib çıxarır. Bəzi strateji məhsulların qiymətini öncədən təyin etmək mümkündür. Məsələn, taxıl məhsullarının qiymətini öncədən müəyyənləşdirmək olar. Və ya pambığın alış qiymətini zavodlar müəyyənləşdirir. Amma kütləvi istehsal olunan məhsulların qiymətini öncədən müəyyənləşdirmək mümkün deyil. O baxımdan vacibdir ki, hökumət qurumları, eləcə də Kənd Təsərrüfatı Nazirliyi fermer təsərrüfatlarına strateji olmayan məhsulların istehsal həcmi ilə bağlı öncədən məlumat versin".