Virtuallaşan dünya Hadisə

Virtuallaşan dünya

İradə Ələkbərova: "İnformasiya müharibəsində psixoloji deyil, əsasən iqtisadi və hərbi aspektlərə üstünlük verilir"

Kiber müharibələrə ənənəvi hərbi əməliyyatların effektivliyini artıran faktor kimi baxmaq daha düzgün sayılır

Çağımızda informasiya üstünlüyünə yiyələnən ölkələrin başqalarından öndə olması göz qabağındadır. Bu, o deməkdir ki, inkişafın həddi-səddi yoxdur. Dayanmaq - tükənmək deməkdir. İnformasiya texnologiyaları üzrə mütəxəssis İradə Ələkbərova bu yöndəki faktlara diqqət çəkir, dünyanın bu yöndəki gedişlərini çatdırır: "1995-ci ildə ABŞ-ın Milli Müdafiə Universiteti tərəfindən nəşr edilmiş "İnformasiya müharibəsi nədir?" məqaləsində ilk dəfə informasiya müharibəsi texnologiyalarının təsnifatını verib. Bu konsepsiyada ilk dəfə olaraq göstərilmişdi ki, son dövrlərdə İKT-nin inkişafı nəticəsində artıq informasiya müharibəsində psixoloji deyil, əsasən iqtisadi və hərbi aspektlərə üstünlük verilir. Libiki bildirirdi ki, izləyici kosmik peyk şəbəkəsindən, yerüstü, dəniz və havada baş verən dəyişiklikləri qeyd edən sistemlərdən ibarət əlaqəli informasiya sistemləri dünyada baş verən istənilən hərbi aktivliyi nəzarətdə saxlamaq imkanına malik olacaq. Bu isə sistemə həmin aktivliyi iflic etmək və onun iqtisadi və informasiya sistemlərini dünyadakı digər sistemlərdən ayırmaq imkanı verəcək. Bu konsepsiya informasiya silahından aktiv istifadənin kosmik vasitələrdən istifadə ilə sıx əlaqəli olduğunu bir daha sübut etmiş oldu".
Martin Libiki "İnformasiya müharibəsi nədir?" məqaləsində informasiya müharibəsinin 7 formasını verib, "Informasion Warfare" adlanan sistemdə texnologoyalar arasında əlaqələri göstərib. Aydın olur ki, texnologiyalara əsasən komanda-nəzarət, kəşfiyyat, elektron, psixoloji, haker, iqtisadi, kibermüharibə aiddir. Komanda nəzarət müharibəsi - komandanlıq və icraçılar arasındakı əlaqə kanallarına istiqamətlənmiş informasiya müharibəsidir. Bu əlaqə kanallarının funksiyası pozulursa, informasiya müharibəsində qələbənin təmin olunması reallaşır. Komanda nəzarət müharibəsində "anti-neek" əməliyyatlarına daha çox önəm verilir ki, bunun da mənası gərəksiz müdaxilələrə qarşı tədbirlər deməkdir; kəşfiyyat müharibəsi (İnformation Based Warfare) - mühüm informasiyanın toplanması və bu zaman hücum edən tərəfin öz informasiyası ilə resurslarının mühafizəsi prosesidir. Elektron müharibə (Elestronic Warfare) - elektron kommunikasiya vasitələrinə qarşı yönəlmiş müharibədir. Elektron kommunikasiya vasitələri dedikdə - radioəlaqə, radarlar, kompyuter şəbəkəsi nəzərdə tutulur. Onun əsas bölməsi kriptoqrafiyadır (elektron informasiyanın şifrələnməsi və ya şifrədən çıxarılması). Psixoloji müharibə (Psychological Warfare) - təbliğat, beyinlərin yuyulması, əhalinin davranışlarına nəzarət və vətəndaşlar üçün nəzərdə tutulmuş informasiyanın emalıdır.
Libiki psixoloji müharibəni 4 hissəyə ayırır: vətəndaş ruhunun sındırılması; hərbi qüvvələrdə mənəvi duruma və əhval-ruhiyyəyə nəzarət; komandanlığa dezinformasiyanın ötürülməsi; mədəniyyətlər müharibəsi (War of Culture): "Haker müharibəsi (Hacker Warfare) - qarşı tərəfin vətəndaş obyektlərinə yönəlmiş diversiya əməliyyatlarıdır. Libiki haker fəaliyyətlərindən danışarkən onların törətdiyi fəsadları belə sadalayır: şəbəkənin total iflici, informasiya əlaqələrində fasilələr, verilənlərin ötürülməsi zamanı təsadüfi səhvlərin çoxalması, informasiyanın oğurlanması, informasiya xidmətlərinin ələ keçirilməsi (şəbəkəyə icazəsiz müdaxilə), şəbəkənin gizli monitorinqinin aparılması, şantaj məqsədi ilə gizli verilənlərin aşkar edilməsi. Libikiyə görə, hakerlərin silahı viruslardır
- "troya atları", məntiqi bombalar, sniferlər (izləyicilər), şəbəkə soxulcanları və s. Libiki hakerləri ABŞ üçün ciddi təhlükə hesab edir və bu fikrini onunla əsaslandırır ki, digər ölkələrlə müqayisədə Amerikada müxtəlif lokal və qlobal şəbəkələrdən istifadə daha genişdir".
İqtisadi informasiya müharibəsi (Economic İnfo-Warfare). Libiki bu müharibəni iki formada təsvir edir: informasiya blokadası (ABŞ-a qarşı yönəlmiş) və informasiya imperializmi və ya texnoimperializm (ABŞ tərəfindən): "İnformasiya blokadası dedikdə ilk növbədə informasiya və ticarət əlaqələrinin kəsilməsi (fiziki ticarətə qadağanın qoyulması) nəzərdə tutulur. Bank şəbəkələrinin sındırılması bu kateqoriyaya daxil deyil və haker fəaliyyəti hesab olunur. İnformasiya imperializmi - ümumi iqtisadi imperializm siyasətinin bir hissəsidir. Libiki bildirir ki, "ticarət özü də müharibədir". Kibermüharibə fəaliyyətini analiz edərkən Libiki onu adi haker müharibəsindən fərqləndirir. Onun fikrincə, əgər nəzərə alınsa ki, terrorizm ayrı-ayrı insanlara və ya təşkilatlara qarşı müharibədir, deməli, informasiya terrorizmi hədəfi təyin etmək və ya şantaj üçün bir vasitədir. İnformasiya terrorozminin əsasını semantik hücumlar təşkil edir. Libiki semantik hücumları təhlil edərkən onları haker müharibələrindən tam fərqləndirir və bildirir ki, əgər haker müharibəsində hakerin məqsədi sistemin normal fəliyyətini pozmaqdan ibarətdirsə, semantik hücumlar sistemin fiziki göstəricilərinə və kompyuterin normal işini təmin edən obyektlərə yönəlmiş olur. Sistemin fiziki göstəricilərini və ya digər giriş vasitələrini "aldatmaq" sistemə texniki zərər vurmadan bu sistemi sıradan çıxarmaq deməkdir. Kibermüharibənin bir növü də simulyasiya müharibəsidir. Simulyasiya müharibəsi (Simulation Warfare) - real döyüş meydanındakı hərbi əməliyyatların kompyuter modeli ilə əvəz olunmasıdır. Məsələn, təyyarəçilər səmaya qalxmadan döyüş təcrübəsi əldə etmək üçün fayl-simulyatorlarda işləyirlər ("vuruşurlar"). Simulyasiya müharibəsi əsasən nümayiş effekti yaradır və dünyanın virtuallaşmasının əyani nümunəsidir. Dünyanın virtuallaşması, daha doğrusu, dünyanın kompyuter versiyasının yaradılması ona gətirib çıxaracaq ki, gələcəkdə simulyasiya müharibəsi real müharibə ilə eyni məna kəsb edəcək və bir statusda olacaq".
İlk dəfə 1993-cü ildə Con Arkuilla və Devid Ronfeldt tərəfindən "Kibermüharibə gəlir!" (Syber War İs Soming!) məqaləsində "Şəbəkə müharibəsi" (Network War) termini istifadə edilib. Məqalədə müəlliflər kibernetik və şəbəkə müharibəsi konsepsiyalarını (Network Centric Warfare - NCW) irəli sürməklə müasir dövrdə informasiya müharibəsinin təsəvvür ediləndən daha ciddi problemlər yaratmaq imkanına malik olduğunu göstərdilər: "Konsepsiyada informasiya müharibəsinin əsas məqsədi kimi aşağıdakılar göstərilirdi: öz informasiyasını və informasiya sistemlərini qorumaqla qarşı tərəfin informasiya məkanına nəzarət; qarşı tərəfin informasiyasını nəzarətdə saxlamaqla informasiya hücumuna başlamaq (informasiya müharibəsi texnologiyalarından istifadə etməklə qarşı tərəfin iqtisadiyyatını ələ keçirmək və ya məhv etmək); informasiyadan istifadə etməklə özünün ümumi güc potensialını yüksəltmək; informasiya-psixoloji təsir vasitələrindən istifadə etməklə qarşı tərəfə psixoloji təsir".
Mütəxəssis bildirir ki, İnformasiya müharibəsi zamanı maraq obyektləri informasiya sistemləri və informasiya mübadiləsi şəbəkələri olur. Bu şəbəkələrə informasiya sistemi mərkəzi, xüsusi informasiya emal edən ötürülmə xətləri, informasiya müharibəsində iştirak edən informasiya-kommunikasiya texnologiyaları (İKT) vasitələri aid edilir. İnformasiya müharibəsi mərhələlərlə aparılmalı və bu zaman məqsəd və hədəflər dəqiq müəyyən edilməlidir: "İnformasiya müharibəsinin mərhələləri: məqsədin təyin edilməsi. İnformasiya müharibəsi nə üçün lazımdır və nəticədə nə əldə ediləcəyi gözlənilir. Strategiyanın təyin edilməsi. Burada İKT-nin dörd baza komponenti nəzərə alınmalıdır: informasiyanın hazırlanması; informasiyanın yönələcəyi kommunikasiya kanalının təyin edilməsi; informasiyanın təsiri altına düşəcək auditoriyanın müəyyənləşdirilməsi; informasiya müharibəsi texnologiyasının seçilməsi".
Hərbçilərin fikrincə, informasiya müharibəsində ilkin hədəf kimi silahlı qüvvələr, müdafiə kompleksi müəssisələri, ölkənin daxili və xarici təhlükəsizliyinə cavabdeh olan strukturlar nəzərdə tutulur: "Ümumiyyətlə isə informasiya müharibəsinin əsas hədəfi cəmiyyətin informasiya infrastrukturudur. Hərbi analitiklərin və İKT mütəxəssislərinin gəldiyi qənaətə görə, hazırkı dövrdə informasiya müharibəsi zamanı bütün informasiya vasitələrindən və texnologiyalarından istifadə edərək dövlətin siyasətinə qarşı narazılıq, şübhə, inamsızlıq yaradılması, ordu və əhali arasında narazılıqların artması həyata keçirilir. Məqsədyönlü informasiya təsirinə məruz qalan obyektlərə uyğun olaraq informasiya hədəflərini 4 qrupa bölmək olar: qərarların qəbulu və idarəetmə sistemləri (idarə strukturları, kommunikasiya vasitələri); vətəndaş informasiya infrastrukturu (telekommunikasiya sistemləri, nəqliyyatın, energetikanın, maliyyənin, sənayenin informasiya sistemləri); hərbi informasiya infrastrukturu (nəzarət, idarə və əlaqə sistemləri, kəşfiyyat); sosial sahələr (insanların psixologiyası, davranışları və əxlaqi stereotiplər; ayrı-ayrı şəxslər və ya sosial qruplar).
İnformasiya əməliyyatları zamanı göstərilən hədəflər müxtəlif təsirlərə məruz qala bilər".
Bu yanaşma keçən əsrin 90-cı illərində daha populyar idi. Mütəxəssis hesab edir ki, bu gün baş verən informasiya prosesləri və qarşıdurmaları sübut edir ki, informasiya sistemlərinə uzaqdan təsir müəyyən maliyyə itkilərinə və cəmiyyətdə psixoloji ab-havanın dəyişməsinə səbəb olsa da, onlar mühüm sistemlərin məhvini və insan itkilərinə səbəb olmur: "Məsələn, haker fəaliyyəti özü-özlüyündə təhlükəli olsa da, informasiya müharibəsində heç də həlledici rol oynamır. Odur ki, kiber müharibələrə ənənəvi hərbi əməliyyatların effektivliyini artıran faktor kimi baxmaq daha düzgündür".

Uğur