Keçmiş Xraxoba, indiki Palıdlıdan reportaj Hadisə

Keçmiş Xraxoba, indiki Palıdlıdan reportaj

Vaxtilə rusların yaşadıqları bu kənddə indi Azərbaycanın müxtəlif bölgələrindən olan sakinlər məskunlaşıblar

Xaçmaz rayonun köhnə Xraxoba kəndinin yaxınlığında yeni kənd salınıb. APA-nın əməkdaşı Palıdlı adlandırılmış yeni kənddə olub və reportaj hazırlayıb.
Burda vaxtilə əksərən rus əsilli sakinlər yaşayıb. Lakin zaman keçdikcə onlar köçüb Rusiyaya və digər ölkələrə gediblər. İndi isə kənddə yaşayanlar arasında Azərbaycanın müxtəlif bölgələrindən olan sakinlər də var. Yeni kənd sakinlərin yaşaması üçün zəruri olan bütün infrastrukturla təmin edilib.
Burada müasir məktəb, internet mərkəzi, xəstəxana və digər iaşə obyektləri inşa edilib.
Kənd sakini Mahir Quliyev bildirib ki, Palıdlı kəndində yeni salınmış yaşayış massivində müasir standartlara cavab verən, həyətyanı sahəsi 30 sot olan 26 ev inşa olunub. Hazırda bu evlərdən 23-nə ölkənin müxtəlif bölgələrində olan ailələr köçüblər. Burada Sumqayıt şəhəri, Quba, Qusar, Naxçıvan Muxtar Respublikasının Culfa, Şərur rayonlarından, eləcə də Tovuz rayonlarından gəlmiş ailələr ev-eşik sahibi olublar: "Burda bizim üçün hər cür şərait yaradılıb. Kəndə qaz xətti çəkilib, yollar asfaltlanıb. Burda tibb məntəqəsi, poçt binası, müxtəlif iaşə obyektləri inşa olunub. Bizə bildirilib ki, gələcəkdə ərazidə uşaq bağçasının və sakinləri işlə təmin etmək üçün müəyyən obyektlərin istifadəyə verilməsi də planlaşdırılır".
Kənd sakini bəzi mətbuat orqanlarında onların kəndi barədə yazılanlardan da narazılıq edib: "Bəzi mətbuat orqanlarında yazırlar ki, guya Palıdlıya kürdləri köçürüblər. Bu, bizi narahat edir. Çünki bu kənddə bir kürd ailəsi belə yoxdur. Bura hansısa xarici ölkədən heç kim köçürülməyib".
Qusar rayonunun Həzrə kəndindən Palıdlıya köçən Yelena İbrahimova deyir ki, 5 il öncə ailə həyatı quran gənc ailə bu vaxta kimi kirayələrdə yaşayıb. Onlar Palıdlı kəndinə ötən ilin dekabr ayının 23-ü köçüblər.
Naxçıvan Muxtar Respublikasından gələn kənd sakini Zamin Həsənoğlu ailə üzvlərini sayı çox olduğunda uzun müddət kirayələrdə yaşamalı olub. İndi isə burda həm evi var, həm də orta məktəbdə işləyir: "Gözətçilik edərək ailəmi dolandırıram".
Palıdlı kənd orta məktəbinin direktoru Abdulrəhim Yaqubov isə deyir, kənddəki məktəbdə şagirdlərin təhsil alması üçün hər cür şərait yaradılıb. Orta məktəb Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində inşa edilib. 2013-cü il dekabrın 23-də məktəb istifadəyə verilib.
İkimərtəbəli təhsil ocağında kompüter otağı, fənn kabinələri, kimya, fizika və biologiya laboratoriyaları, emalatxana, tikiş və dərzi otaqları, bufet, akt zalı, idman zalı, kitabxana yaradılıb, məktəb ən müasir avadanlıqlarla təmin olunub. Binanı istilik və elektrik enerjisi ilə təmin etmək üçün qazanxana və transformator yarımstansiyası qurulub.
Bütün tədris avadanlığı məktəbə Heydər Əliyev Fondu tərəfindən hədiyyə olunub.
Yeni məktəbdə Palıdlı kəndi ilə yanaşı, ətrafda yerləşən daha 5 kəndin şagirdləri də təhsil alırlar. Həmin yaşayış məntəqələrindən şagirdlərin məktəbə rahat gəlmələrini təmin etmək məqsədi ilə Heydər Əliyev Fondunun təşəbbüsü ilə məktəbə mikroavtobus da verilib.
Hazırda orta məktəbdə 60 şagird təhsil alır. Yeni tədris ilindən məktəbdə şagirdlərin sayı 100-ə çatdırılacaq. Artıq bununla bağlı məktəbə valideynlər tərəfindən müraciətlər daxil olub.
Məktəbin informatika müəllimi Zülfiyyə Mustafayeva deyir ki, yuxarı sinif şagirdlərinə bu fənni tədris etmək çətindir. Onun bildirdiyinə görə, əvvəl müxtəlif kənd yerlərində təhsil alan bu uşaqlara nəzəri biliklər öyrədilsə də, praktik məşğələlərin keçirilməsi üçün şərait olmayıb. Palıdlı kəndində isə bunun üçün hər cür şərait var.
Kəndin ağsaqqalı M. Quliyev deyir ki, gələcəkdə Palıdlı kəndinin ərazisinin genişlənməsi, yeni yaşayış massivinin salınması da mümkündür.
M. Quliyev bildirib ki, əvvəllər bu kənddə yaşayan rusların çoxu övladları Rusiyada yaşadığı üçün qonşu ölkəyə köçüblər. Onlar da həmin ərazinin yaxınlığındakı sahədə yeni kənd salıb, məskunlaşıblar: "Kənddən köçüb gedən ruslara yüksək məbləğdə kompensasiya verilib. Onlar da pullarını alıb, burdan köçdülər. Amma indi də burda qalanlar var. Onların çoxu Azərbaycan vətəndaşlığı almaq üçün müraciət də ediblər. Bir neçəsi də indi kənddən köçüb Xaçmaz rayonunda yaşayırlar".
Qeyd edək ki, Palıdlı kəndinin adı əvvəllər Xraxoba adlanıb. Bu ərazidə Rusiya vətəndaşları yaşayıb. 2013-cü ildə kəndindin adı dəyişdirilərək Palıdlı olub.
1954-cü ildə Azərbaycan bu ərazilər otlaq üçün Dağıstana icarəyə verilib. 1984-cü ildə isə Azərbaycan SSR Nazirlər Kabineti icarə müddətini 2004-cü ilə qədər uzadıb. 2010-cu ilədək həllini tapmayan məsələ həmin ilin sentyabrında Azərbaycan prezidenti İlham Əliyevlə Rusiya prezidenti Dmitri Medvedyev arasında keçirilən görüşdə çözülüb. Müzakirələr zamanı Azərbaycan və Rusiya tərəfinin razılaşdırılmış mövqeyinə əsasən, yaranmış problemin Azərbaycan qanunvericiliyi, beynəlxalq hüquq əsasında, tərəflərin bir-birinin ərazi bütövlüyünə hörmət bəsləməsi, Rusiya-Azərbaycan münasibətlərinin dostluq xarakterinə uyğun və Xraxobada Rusiya vətəndaşlarının düşdüyü humanitar vəziyyətin nəzərə alınmaqla həll edilməsi qərara alınıb. Nəticə olaraq problemin mümkün həll yolları kimi sakinlərin Azərbaycan vətəndaşlığını qəbul edərək, yaşayış hüquqlarını qanuniləşdirməsi və ya Rusiya vətəndaşlığında qalaraq qanunun imkan verdiyi statusu müəyyən etməli olduqları və alternativ olaraq əhalinin istəyinə uyğun olaraq öz yaşadıqları evləri sataraq ölkəni tərk edib Rusiya ərazisinə köçmələri razılaşdırılıb. Hətta Azərbaycan tərəfindən alternativ variant kimi sakinlərin fərdi qaydada və yaxud Soydaşların könüllü köçürülməsinə dəstək Dövlət Proqramı əsasında köçürülməsi də təklif olunub.