Baş tutmayan görüş, yaxud elegiya əvəzi Hadisə

Baş tutmayan görüş, yaxud elegiya əvəzi

Nə isə yazmaq istədikdə heç bu qədər çətinlik çəkməmişdim. Hardan başlayacağımı, nə yazacağımı bilmirəm. Ariflə bağlı o qədər xatirələrim var ki.... Arif müəllim 1939-cu ildə Cəbrayıl rayonu Qovşudlu kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Gəncə DPU-nin fizika-riyaziyyat fakültəsinə daxil olub. İnsititutu bitirdikdən sonra Qovşudlu kəndində ilk ali təhsil diplomu alan şəxs ilk müəllim olmuşdu. Onun ömrünün 20 ili qonşu Şahvəlli kənd orta məktəbi ilə bağlı idi. Sıravi müəllimlikdən başlamış, məktəb rəhbərliyinə qədər. ..
Sonralar mən həmin məktəbdə müəllim işləyərkən, məktəb direktorundan tutmuş bütün müəllimlər hamısı, Arifin yetirmələri olduğunu gördüm. Mən bu mənzərədən qibtə qarışıq qürur hissi keçirirdim. Şahvəllilər mənə bir müəllim kimi, Arifin davamçısı qismində baxırdılar.
İnsan o vaxt xoşbəxt olur ki, eli-obası, camaatı üçün bir xeyirli iş görmüş olsun. Bu mənada Arif Qovşudlu camaatı üçün nümunə olmuşdu. O Qovşudluda ilk ali təhsil alan şəxs, ilk müəllim olmaqla yanaşı, min bir zəhmətlə kənddə ilk dəfə məktəb təşkil edən şəxs olmuşdu. Bununla da kənd uşaqlarının uzaq yolla qonşu kənd məktəbinə getmək əzabından azad etmişdi. Odur ki, kənddə hər kəs Qovşudlu məktəbinə sözün yaxşı mənasında "Arifin məktəbi" deyirdilər...
Ürək ağrısı ilə onu da qeyd edim ki, məcburi köçkünlük dönəminin son 20 ilini Qovşudlu məktəbi Arifin rəhbərliyi ilə öz varlığını Bakı şəhərində davam etdirib. Arif müəllim öz ənənəsinə sadiq qalaraq burada da ətrafına bacarıqlı, savadlı müəllimlər toplayaraq nümunəvi məktəb təşkil edib.
Yaşayış yerimlə əlaqədar Arif müəllimlə xeyirdə-şərdə görüşərdik. Hər görüşərkən bir kənara çəkilb ürəyimizi boşaldar, dərd-sərimizi bölüşərdik. Arif dostlarına, qohum-əqrəbasına qarşı səmimi, çox diqqətcil idi. Kənddə başı ağrayanın belə görüşünə dəfələrlə gedərdi. Heç yadımdan çıxmaz, atam ağır xəstə idi. Bakı xəstəxanalarından birində müalicə olunurdu. Arif hər gün işini-gücünü atıb onun yanına gələrdi. Hər dəfə mənim narahat olduğumu gördükdə, zarafatla deyərdi ki, "kənddə xalaoğlumla dərdləşməyə fürsətim olmayıb, qoymazsan burda ürəyimizi boşaldaq". Ürək boşaltmaq yaxşı əlamətdir. Amma...
Son vaxtlar Arifin xəstə olduğunu eşitdim. Telefonuna da zəng çatmırdı. Görüşünə getməyə can atırdım, dedilər Türkiyədə müalicə olunur... Qayıdandan sonra da görüşmək qismət olmadı. Ancaq mən bilirdim, Arifin mənə deməyə sözləri çox idi, elə mənim də ona. Bilmirəm bunun səbəbini harda axtarım. Bəlkə də gərdişi-dövranın bizimlə oynadığı bu acı zarafatdır günahkar?! Bəlkə də...
Bax beləcə, obamızın bir azman kişisi, yurd, vətən, Cəbrayıl, Qovşudlu nisgilli bir insan da beləcə səssiz- səmirsiz köçdü bu dünyadan... Arif 54-cü Gəyən Qovşudlusu idi ki, narahat ruhu indi doğma Gəyən düzündə, canımızdan, qanımızdan əziz olan o viranə yurd yerlərində dolaşır:

Qismətim at təpiyində,
Ömrüm bəxtin tətiyində,
Əlim namərd ətəyində,
Yüz ildi əlim tökülür!
Dünya, məni silkələmə,
Dəymişim, kalım tökülür!!

Əlvida, əziz Arif müəllim!
Mirzə Mirimli