Tərbiyə metodu - “döyülmə” üsulu Hadisə

Tərbiyə metodu - “döyülmə” üsulu

Fiziki və ya mənəvi zorakılığa məruz qalan uşaqların xəstəliyə tutulma ehtimalı çoxdur

Dədə-babalardan qalan tərbiyə metodu zopadır. Döymək - uşaqları nəzarətdə saxlamaq üçün tez-tez istifadə edilən üsullardan biridir. Valideyn uşağı tərbiyə etməyin daha effektiv yolunu axtarmaq əvəzinə daha asan olan fiziki gücü tətbiq edir. Bir çox hallarda azərbaycanlı uşaqların fikirlərini sərbəst izah edə bilməmələri, xaricdəki yaşıdları ilə müqayisədə daha zəif olmaları iradı tutulur. Ölkədə tətbiq edilən və geniş yayılan "döyülmə" üsulunun nəticəsi təəssüf ki, bir çox hallarda belə bir effekt yaradır. Bu üsul uşaqda vicdan və əxlaqın zəif formalaşmasına gətirib çıxarır. Müasir dövrdə insan sərbəst düşünə bilməli, hər vəziyyətdən çıxış yolu tapmağı bacarmalıdır. Döyülən uşaqlarda özünəgüvən zəif olduğuna görə, alınmır. Belə uşaqlar daha kinli olurlar.
Mütəxəssislərin dediyinə görə, uşaq dəcəllik edərkən döyülərsə, etdiyinin qarşılığını artıq ödədiyini düşünür və bu zaman hərəkətlərini, davranışını düzəltmək üçün səy göstərməyi vacib saymır. Döyülmək uşaqda valideynlərinə qarşı aqressiya formalaşdırır.
Uşaq etdiyinin pis bir şey olduğunu bilib, özünü günahkar hiss etmək əvəzinə, onu döyəni günahlandırır. Uşağın valideynlərindən daha zəif, gücsüz, aciz olduğunu bu formada öyrənməsi onu utandırır və sarsıdır. O, valideynlərinə qarşı güvənini itirir. Uşaq valideynlərinin davranışlarını təqlid edərək, problemlərini təcavüzkarlıqla həll etməyə çalışır. Əsəbləşəndə döyməyə əl atır. Beləliklə, fiziki cəza uşağa vicdanlı olmamağı öyrədir!
İngiltərənin Plymouth Dövlət Universitetində aparılan araşdırmaya görə, fiziki və ya mənəvi zorakılığa məruz qalan uşaqlarda xərçəng xəstəliyinə tutulma ehtimalı 70 faiz çoxdur. Astma xəstəliyinə yoluxma riski 60, ürək xəstəliklərinə tutulma riski isə 30 faizdir. Səudiyyə Ərəbistanında xəstəliklərlə bağlı məlumatları araşdıran mütəxəssislərin fikrincə, uşaqları döymək, onlara qışqırmaq stress yaradır ki, bu da çox keçmədən uşaqların səhhətində problemlərlə müşayiət olunur. Bundan başqa, ailələrin yoxsulluğu da uşaqların xəstəliklərini artırmağa xidmət edən amillərdən biridir.
Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq Narınc Rüstəmova uşaq tərbiyəsində hər iki valideynin aktiv iştirak etməsinin vacib olduğunu bildirdi: "Tərbiyəyə vaxt ayırmaq mühümdür. Uşağın tərbiyəsinə ana və atalar laqeyd yanaşmamalıdırlar. Əksər valideynlər işlədiklərinə görə uşaqlarına vaxt ayıra bilmir, özbaşına buraxır, heç bir şeyləri ilə maraqlanmır. Uşağın tərbiyəsi valdeynlərin işlərinin arasında unudulub gedir. Tərbiyə vermək ancaq o demək deyil ki, uşağın qarnını doydurub, təmiz səliqəli geyindirəsən. Bu cür bir tərbiyə anlayışı ilə yetişən uşaqların mənəvi dünyası boş qalacaq, yaxşı və əxlaqlı böyüməyəcək, irəlidəki yaşlarında bu boşluğun fakturasını özü, cəmiyyət, ata və analar çox ağır ödəyəcək.
Uşaqları döyməklə tərbiyə etmək olmaz. Uşaqları döyülməyə öyrəşdirmək onların gələcəkdə müxtəlif cinayətlərə əl atmasına səbəb ola bilər. Uşaqların ən böyük düşməni döyülməkdir. Uşağı döyməklə tərbiyə etmək onu kor quyuya atmağa bərabər dəyərdədir. Xüsusilə atanın döyməsi və təzyiqi ilə böyüyən uşaqlarda bəzi psixoloji problemlərin yaranmasına səbəb olur. Belə bir mühitdə böyüyən uşaqlar tez-tez yalan söyləməyə də başlayır və beləliklə yalançılığa öyrəşir. Uşaqların cinayət törətməyə yönəlməsində də ən böyük günahkar valdeynlərindir. Döyülmək uşağa heç bir şey qazandırmadığı kimi şəxsiyyətindən də bir çox şey alıb aparmaqdadır. Uşaq cinayətləri ilə əlaqədar araşdırmalardan da görünür ki, bu cür uşaqlar əsasən döyülən və təhsilsiz böyüyən uşaqlardır.
Uşaqların tərbiyəsində əsas məqamlardan biri də ailə içərisində ana və ya atanın davranışlarıdır. Çünki uşaqlar daha doğulduğu gündən etibarən ətrafında olan hadisələri yaddaşlarında saxlayırlar. İrəli yaşlarda da ana və atasını özünə nümunə olaraq seçib onların elədiklərini təkrarlayır.
"Tərbiyə etmək" adı altında balacaların döyülməsi, fiziki cəzalara məruz qalması, söz demək hüquqlarının pozulması uşaqların normal inkişafını zərbə altına qoyur. Körpə ikən uşağa gülərək söyüş söyməyi öyrədən valideyn, böyüdükdə nalayiq söz işlətdiyi üçün onu döyməklə cəzalandırır".
Narınc Rüstəmova deyir ki, ən effekli üsul cəza üsuludur. Belə ki, uşağı səhvinə görüb kobud söz demək, təhqir etmək, döymək əvəzinə onu müvəqqəti olaraq sevdiyi şeydən məhrum etməklə cəzalandırmaq və səhvini izah etmək daha yaxşıdır: "Uşağı yarım gün, yaxud da bir gün televizora baxmaqdan məhrum etmək onun üçün yetərli cəzadır. Bura həyətə düşməyi, yaxud oyun oynamağı da aid etmək olar. Lakin bu cəzanın müddəti, valideynin özünün qoyduğu cəzaya qarşı tələblkar davranışı da mühümdür. Uşaq ağlayıb televizora baxmaq istəyəndə cəzanı ləğv etmək uşaqda valideynə qarşı qeyri-ciddi münasibət formalaşdırır. Yaxud da uşağın ağlamağını, dayanmadan televizora baxmağı tələb etməsini, hətta bəzi hallarda valideyni vurmağa çalışmasının qarşısını almaq üçün onu döymək düzgün çıxış yolu deyil".
Psixoloq Hüseyn Xəlilov bildirir ki, ailədə uşaqların şiddətə məruz qalması, ailədaxili zorakılıq, uşağa qarşı edilən aqressiv hərəkətlər gələcəkdə onun tərbiyəsində ciddi çatışmazlıqlar yaradır: "Valideyn övladını kəşf edib öyrənmək əvəzinə uşağın hər hansı adi hərəkətlərinə, davranışlarına dözə bilməyib onu təhqir edərək döyür, bu da nəticədə körpənin aqressiv şəkildə böyüməsinə və onda psixi xəstəliklərin yaranmasına təkan verir". Psixoloqun sözlərinə görə, valideyn tərəfindən tez-tez döyülən uşaqlar natamam böyüyür: "Şiddətə məruz qalan uşaqların cəmiyyətə inteqrasiyasında müəyyən problemlər yaranır. Yəni uşaqlar sağlam ruhda olmurlar, gələcəkdə özünü bir şəxs kimi görməkdə çətinlik çəkirlər. Nəticədə ünsiyyət qurmaqda da ciddi problemlər yaranır. Onlar cəmiyyət içində, ailədə, məktəbdə rahat ünsiyyətə girə bilmirlər. Belə uşaqlar sağlam düşünə bilmədiyi üçün həmyaşıdlarına qarşı aqressiv, kobud hərəkətlər nümayiş etdirirlər".
Psixoloqun bildirdiyinə görə, uşağın tərbiyəsi ilk olaraq ana bətnindən başlayır: "Xüsusilə hamiləliyin 5-ci ayından sonra ana öz körpəsinə xoş sözlər deməklə onu nazlamalıdır. Uşaq dünyaya gəldikdən sonra isə təməl prinsip onu sosial mühitə hazırlamaqdır. Bunun üçün də ata və ana əvvəlcə öz münasibətlərini tənzimləməli, daha sonra övladları ilə düzgün münasibət qurmağı bacarmalıdır. Obrazlı desək, uşaqlar 5 yaşına qədər ömrünün 50-60 faizə qədərini yaşamış olur. Yəni bu yaşa qədər onlar ailədə nə görürlərsə, hər şeyi götürərək şüuraltına yığırlar. Buna görə də bu yaşa qədər valideyn uşağa verdiyi tərbiyənin əhəmiyyətini bilməlidir".
Hüseyn Xəlilovun sözlərinə görə, uşağı cəzalandırmağın ən gözəl üsulu valideynin sifət mimikaları ilə fikrini ifadə edə bilməsidir. Yəni uşaq valideyninin narazı qaldığını onun mimikalarından anlamalıdır: "İkinci üsul isə uşağın valideynlərinin səs tonlarını tanımasıdır. Ona qışqırmaqla yox, səs tonunu bir az yüksəltməklə hərəkətinin səhv olduğunu bildirmək lazımdır".
Psixoloq Azad İsazadənin dediyinə görə, hər bir döyülmə halının insana istər psixoloji, istərsə də fiziki cəhətdən mənfi təsir etdiyini bildirdi: "Böyüyün psixologiyası daha güclü olduğu üçün o, stressin altından daha tez çıxa bilir, körpədə isə bu hal ciddi fəsadlar yaradır. Azərbaycanın cinayət məcəlləsində konkret olaraq döyülmə bir arqument kimi qadağandır. Buna görə də məişətdə nə ər arvadı, nə də valideyn uşağı döyərək tərbiyə edə bilməz".
Psixoloqun sözlərinə görə, psixologiyada belə bir anlayış var ki, hansısa təcavüzün qurbanı sonra həmin aqressiyanı özündən zəif insanın üzərinə tökür: "Zorakılıq qurbanı sonradan özü də zorakılıq törədən insana çevrilə bilər. Sözsüz ki, uşağın tərbiyəsində müəyyən qadağalar da olmalıdır. Fiziki təzyiqlə döyməyin arasında fərq var, bunu hər bir valideyn başa düşməlidir. Məsələn, uşaq barmağını işığa, qaza salırsa, buna əvvəlcə icazə vermək lazımdır ki, onun təhlükəli və ağrılı olduğunun özü fərqinə varsın. Uşağı döyərək tərbiyə etmək mümkün deyil. Döyülmək uşaqda ana-ataya qarşı nifrət yaradır. Yəni o, döyüldüyü üçün özünü günahkar saymır, əksinə, onu döyənə qarşı içində kin bəsləyir".
Uşaqlıq dönəmində baş verənlərin insan həyatında fundamental rol oynadığını düşünən təkcə psixoloqlar deyil. Tarixdə öz qəddarlıqları ilə iz qoymuş məşhur diktatorların travmatik uşaqlıq illəri keçirdikləri tarixçilər tərəfindən araşdırılıb. Onların sözlərinə görə, diktator Səddam Hüseyn ögey atası tərəfindən hər gün döyülüb və evdəki zülmə dözə bilməyərək 10 yaşında Bağdada qaçmağa məcbur olub. Adolf Hitler də Səddam Hüseyn kimi ailəiçi şiddətə məruz qalan uşaqlardan olub. Araşdırmalara görə, sovet diktatoru İosif Stalin də evdə tez-tez döyülərmiş. Onu isə ögey yox, doğma anası Ketevan Geladze döyərdi. Sonradan Stalin anasından soruşanda ki, "Ana, məni niyə belə sərt döyürdün?" Ananın cavabı belə olub: "Bax, ona görə də sən belə yaxşı çıxdın".
Qeyd edək ki, Kanadada 653 gəncin üzərində aparılan araşdırmaların nəticəsi göstərir ki, uşaq vaxtı şiddətə məruz qalan insanların gənc yaşlarında davranışlarında müəyyən qüsurlar, içki və narkotik aludəçisi olmaq kimi problemlərlə qarşılaşmaq faizi digərlərinə nisbətən çox yüksəkdir.

Ülviyyə Tahiqızı