Toz-dumanlı Bakı... Hadisə

Toz-dumanlı Bakı...

Bu, insanlarda müxtəlif xəstəliklər yaradır, bitkilərə ölümcül təsir edir

Son günlər paytaxt və ətrafını bürümüş toz dumanı ilə bağlı Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosu məlumat verdi ki, bu Türkmənistanda baş vermiş qasırğanın nəticəsidir. Maraqlıdır ki, toz dumanı yalnız Bakı və ətrafında müşahidə olunur, Xəzərlə sərhəd digər rayonlarda kəskin tozlu hava qeydə alınmayıb. Nazirlik onu da bildirir ki, aparılan monitorinq Bakının hava atmosferində tozlanmanın normadan 1,5-2,5 dəfə çox olduğunu müəyyən edib.
Qeyd edək ki, paytaxt havası heç də toza həsrət deyildi. "Yaşıl yol" Ətraf Mühitin Monitorinqi İctimai Birliyinin hələ iki il öncə apardığı monitorinq sübut edir ki, havanın tərkibi çox çirklidir. Birliyin sədri Rövşən Abbasov deyir ki, havanın keyfiyyətini müəyyən edən toz və his, kükürd və azot oksidlərinin qədəri normadan bir neçə dəfə çoxdur.
Monitorinq nəticəsində məlum olub ki, şəhərdə tozun miqdarı normadan 5, bəzən isə 10 dəfə çox olur: "Kükürd-oksidin miqdarı həddən artıqdır. Avtomobillərin buraxdığı kükürd oksid atmosferdə müəyyən birləşmələr əmələ gətirir, sulfat turşusunun yaranmasına səbəb olur. Sulfat turşusu isə turşulu yağışlar şəklində yerə qayıdır. Bu insanlarda dəri xəstəlikləri yaradır, bitkilərə ölümcül təsir edir".
Hava nümunələri nəqliyyatın sıx yerlərindən - "20 Yanvar", "Gənclik", "Xalqlar dostluğu" metrosu ətrafından və s. götürülüb. Nəticədə, Sumqayıtın havasının Bakıdan daha təmiz olması məlum olub: "Şimal küləkləri, Xəzri əsən günlərdə hava daha təmiz olur. Gilavarda isə əksinə. Çünki gilavar çirkli havanın şəhərdən getməsini əngəlləyir. Sumqayıtda isə bu küləklərin səmti elədir ki, çirklənmiş havanı birbaşa şəhərdən qovur, dənizdən təmiz hava gətirir".
Tibb elmləri doktoru Adil Qeybulla bildirir ki, tozlu hava şəraitinin olmasıyla bağlı kütləvi informasiya vasitələrində yetərincə məlumatlar getmir: "Vətəndaşlara məlumat verilməlidir ki, bu niyə belədir, hansı siklonla, təbiət hadisəsiylə, qəzayla bağlıdır. Müəmmalı şəkildə olan bütün məsələlərdə şayiələr baş alıb gedir. Ona görə də bu cür məsələlərdə məsul olan qurumlar çıxıb xalqa izahat verməlidirlər".
Ekspertin sözlərinə görə, ölkə atmosferinə daxil olan hər bir toz, tüstü tədqiq olunmalıdır. Çünki bunun hansı mahiyyət daşıdığı ondan sonra aşkarlana bilər. A.Qeybullanın fikrincə, belə hallarda radioaktiv faktor, kosmik hadisələr, asteriod tozu da ola bilər: "Ona görə də vətəndaşların hansı ehtiyat tədbirlər görməsiylə bağlı məlumat verilməlidir. Belə hallarda müəyyən maskalardan istifadə olunmalıdır. Amma bizdə insanlar belə maskaları taxmaqda müəyən kompleks yaşayırlar, özlərinə sığışdırmırlar. Bu cür situasiyalarda qoruyucu maskalar heç olmasa, mikroskopik hissəciklərin nəfəs yollarına düşməsinin qarşısını xeyli almış olur. Maskalar taxılmadığı halda xırda hissəciklər bronxlara düşür və qıcıqlandırma yaradır. Tozların tərkibindən çox şey asılıdır".
Ekspert deyir ki, xroniki bronxiti, asmoid komponentli xroniki bronxiti, bronxial astması, ağciyərlərində pnevmatoz xəstəliyi olan şəxslər belə havadan daha çox əziyyət çəkirlər. Çünki tüstü və toz birbaşa nəfəs yollarına təsir edir. Təbii Sərvətlər Nazirliyinin ətraf mühit üzrə milli monitoprinq departamentinin direktor müavini Mətanət Avazova bildirir ki, son 20 ilin may ayında belə vəziyyət müşahidə olunmayıb: "Adətən avqust-sentyabr ayında toz və tüstü olur. Hətta bir dəfə belə hava şəraiti bir həftə davam etmişdi. Bunun sağlam adam üçün bir fəsadı yoxdur. Amma astma xəstəliyi, ürək çatışmazlığı olan insanlar narahatlıq hiss edirlər".
Psixoloq Asəf Kərimov da tozlu havanın ziyanlı olduğunu bildirir: "Bu cür toz qatı insanların ən əvvəl əsəb sisteminə təsir edir. Havada toz qatının olması psixoloji problemlər yaradır və insanların psixoloji durumu pozulur. Bu da insanların əhval-ruhiyyəsinə ciddi təsir edir. Pis hava təbii ki, hamıya, xüsusilə də meto həssas insanlara mənfi təsir edir. Xüsusən astma xəstəliyi və allergiyası olan insanlara dəyişkən hava müəyyən qədər problemlər yaradır. Gözlərlə bağlı yaz kataraktası deyilən bir xəstəlik var. Bu cür havaların belə xəstələrə də pis təsiri var. Bu adi hava şəraiti deyil. Ona görə insanlar ehtiyatlı olmalıdırlar".
Ekoloqlar son vaxtlar Bakıda havanın tərkibinin dəyişdiyi barədə tez-tez danışırlar. Söhbət şəhər havasında çirklənmənin səviyyəsinin artmasından gedir. Bir yandan istiləşmə nəticəsində havanın tərkibində zərərli qazların artması, o biri bir yandan da küləyin və tikintinin yaratdığı toz-duman, məişət tullantılarının yandırılması və avtomobillərin işləməsi nəticəsində əmələ gələn tüstü, kanalizasiya sularının axıdıldığı gölməçələrin üfunət qoxusu nəfəsalmanı çətinləşdirir. Havanın çirklənməsinə şərait yaradan faktlardan biri də yaşıllıqların kütləvi məhvidir. Bir sözlə, Bakıda atmosferin çirklənməsi artıq insanların canına hopub.
Paytaxtın ekoloji durumunu ağırlaşdıran amillərdən biri tikililərin, o cümlədən çoxmərtəbəli binaların bir-birinə yaxın inşasıdır. Bakıda binaların sökülüb-tikilməsi çox geniş miqyas alsa da, görülən işlər nəticəsində havanın çirklənməsinin qarşısını almaq bir o qədər az yada düşür. Bəzi vaxtlarda ən hündür yerdən baxsan belə şəhərin başı üzərində fırlananan toz-duman, tüstüdən çox uzağı görmək olmur. Təsadüfi deyil ki, Səhiyyə Nazirliyinin məlumatında da son illər paytaxtda xəstələnmələr sırasında birinci yerin tənəffüs yolu orqanlarının xəstəliklərinin tutduğu qeyd olunur. Bu, həm də ağciyər xərçəngi riskini artırır. Yeri gəlmişkən, ölkəmizdə xərçəng xəstələrinin sayında ağciyər xərçənginə tutulanlar böyük paya malikdir. Tozlu-küləkli günlərdən sonra Göz Xəstəlikləri İnstitutuna müraciət edənlərin də sayı çoxalır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, Bakı şəhərində atomosfer havasının çirklənmə vəziyyətində tozun yol verilən qatılıq həddi normadan xeyli yüksək olur. Normaya görə, Bakı ərazisində havanın çirklənməsində tozun qatılıq həddi 0,5 mq/kubmetr olmalıdır, amma son illər bu göstərici xeyli yüksəlib və hazırda 0,7-1,2 mq/kubmetrə çatıb. Atmosfer atomosfer havasının çirklənmə vəziyyətində tozun miqdarı o həddə çatıb ki, Bakıya tozlu-palçıqlı yağışlar yağır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktoru Məmmədhüseyn Müslümov deyir ki, bu gün paytaxtda geniş abadlaşdırma, tikinti işləri aparılır. Bakı da küləklər şəhəri olduğundan əsən külək yerdə olan tozu havaya qaldırır və yağışla səthin üzərinə yayır.
Hələ sovet dövründə yaz-yay fəsli boyunca Bakı şəhərində toz-torpağın yayılmaması üçün küçə və meydanlar, səkilər hər gün suçiləyici maşınlarla yuyulurdu. Amma indi bu işin görülməsi müşahidə olunmur. Bakı şəhər İcra Hakimiyyətinin aidiyyatı qurumları küçələrin yuyulmamasını bu iş üçün lazımi qədər maliyyə vəsatinin ayrılmamasında görürlər. Meriyanın Xüsusiləşdirilmiş Sanitar Təmizlik İdarəsindən bildirilib ki, guya şəhərin bütün küçələri gündəlik olaraq süpürülür, yuyulma prosesi isə yalnız mərkəzi küçələrdə həyata keçirilir. İdarədən deyiblər ki, səhər saat 8.00-9.00 arasında Azərbaycan, Bülbül, Neftçilər, Cavid, Bakıxanov prospektləri, Səməd Vurğun küçəsi yuyulur. Meriyadan onu da bildiriblər ki, şəhər təsərrüfatının balansandakı suçiləyici maşınlar azdır, amma onlar bəzi mərkəzi küçələrin yuyulmasında işlədilir. Müşahidələr isə göstərir ki, son illərin yay fəslində, elə indi də küçələrin yuyulması nadir hallarda həyata keçirilir. Yəni deyilənlər reallıqla üst-üstə düşmür.
Müstəqil Memarlar Assosiyasiyasının prezidenti Zemfira Budaqova bildirir ki, Bakı küləkli şəhər olduğundan burada həmişə insanlar toz-torpaqdan şikayətləniblər: "Əsas problem yarımçıq qalan tikintilərdə yaranan tozlardır. Bilirsiniz ki, hündür binalarda külək özünü daha çox büruzə verir və açıq hündür binalardakı toz-torpaq asanlıqla ətrafa yayılır. Bundan başqa zibilliklər ciddi problemdir. Məsələ ondadır ki, zibilliklər vaxtı-vaxtında yığılmadığı üçün küləyin təsirinə məruz qalır. Nəticə də göz qabağındadır: çirkli sellofanlar, plastik qablar, konfet, şokolad və s. kağızlar havada uçuşurlar. Bir məqamı da qeyd etmək lazımdır ki, plastik materiallarda çürümə prosesi getmədiyindən torpağa qatışmır. Bu da öz növbəsində ekoloji fəsadlar yaradır".
Zemfira Budaqova əlavə etdi ki, sözügedən plastik məmulatlar şəhərdə radiasiyanın dərəcəsini artırır: "Külək isə radiasiyanın ətrafa yayılmasını, canlı orqanizmlərə hopmasını sürətləndirir. Xüsusən də, yay fəslində bunun fəsadları özünü daha çox göstərir. Zibilliklər həm də malyariya və digər infeksion xəstəliklərin yayılmasına zəmin yaradır. Külək həm də zibilləri yerindən tərpətməklə pis qoxunu ətrafa yayır. Ümumilikdə götürəndə Bakı şəhərinin vaxtı-vaxtında yuyulması, zibillərin qapalı maşınlarda daşınmasına ehtiyac var".
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov hesab edir ki, havada müşahidə edilən toz-torpaq həm də Bakı şəhərində intensiv aparılan qazıntı işlərinin nəticəsidir: "Bakı şəhərində tikinti işləri pərakəndə, nizamsız halda aparılır. Yeri gəldi-gəlmədi şəhərin küçələrində qazıntı işləri gedir. Bu da Bakıda külək əsəndə tozanağın qalxmasına səbəb olur. Külək sement və müxtəlif tikinti materiallarındakı bərk kristall elementləri atmosferə atır. Bu da ekoloji sağlamlığa çox ciddi təhlükə yaradır".
Ekspert hesab edir ki, toz-torpağın qarşısını almaq üçün Bakı şəhərində kütləvi şəkildə yaşıllaşdırma işlərinə başlanılmalıdır: "Təkcə dekorativ bitkilər əkməklə şəhərin görünüşünü dəyişmək olmaz. Kompleks halda işlər aparılmalıdır. Təbii yaşıllaşdırma salınmalıdır. Qurumuş ağaclar yenilərilə əvəzlənməlidir. Çox vaxt yaşıllaşdırma işləri kampaniya xarakteri daşıyır. Ağacı əkib çıxıb gedirlər. Ona baxmaq, qulluq etmək lazımdır. Hesab edirəm ki, məhz bu kimi işlər görüləndən sonra şəhəri yumaqla onu təmizə çıxarmaq mümkündür".

Ülviyyə Tahirqızı