Nə vaxta qədər... Hadisə

Nə vaxta qədər...

Arzu Şirinova

Hər il iyulun 1-dən etibarən həqiqi hərbi xidmətə çağırışla bağlı prezidentin sərancamı olur. Bu il də belə olacağı şəksizdir. Artıq altıncı ildir ki, orduda hərbi qulluq keçəcək gənclərin hansı hərbi hissədə öz borclarını yerinə yetirəcəkləri də əvvəlcədən bilinir. Qonşum demişkən, uşağını "yaxşı yerə" saldırmaq istəyən valideyn gərək işini vaxtında həll edə. Yoxsa...
...Ötən bazar günü yaşlı qohumlardan birinə baş çəkməyə getmişdik. Hal-xoşdan sonra dedi ki, nəvəsi iyulun birində əsgər gedəcək:"Gedib danışıblar ki, fərli yerə saldırsınlar, ancaq baha qiymət dediklərinə görə razılaşmayıblar. İndi ümid qalır bir Allaha. Təki salamatçılıq olsun, ölüm-itim olmasın".
85 yaşlı dünyagörmüş bu qadının söylədikləri yadıma ötən il bir telefon zəngini xatırlatdı. 2010-cu ilin iyun ayında Ermənistan silahlı qüvvələri Azərbaycan torpaqlarını işğal altında saxladığı təmas xətlərində atəşkəsi demək olar ki, hər gün pozurdu. Həticədə də hər iki tərəfdən ölən və yaralananlar olurdu. Elə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov da iyun ayında şəhid olmuşdu. Bu hadisənin baş verdiyi gün axşam evə dönəndə yaxın qohumlardan biri zəng vurub vəziyyəti təfsilatıyla öyrənməyə çalışdı. Onun övladı cəbhə bölgəsində yerləşən "H" saylı hərbi hissələrdən birində qulluq keçdiyi üçün yamanca narahat olmuşdu. Elə zənn edirdi ki, mətbuat işçisi olduğuma görə hər şeydən məlumatlıyam. Onu sakitləşdirməyə çalışsam da, buna nail ola bilmədim. Elə hey deyirdi: "Oğlumun evə dönməsinə cəmi 3 həftə vaxt qalıb. Ona bir şey olsa ürəyim partlayar. Allah eləsin o dönənə kimi bir şey olmasın". Bunu bilirsiniz kim söyləyirdi? Elindən-obasından didərgin düşən, evi viranə qalan, malı-mülkü yerlə-yeksan olan və 20 ildən artıqdır məcburi köçkün həyatı yaşayıb ondan-bundan sədəqə kimi yardım alan birisinin düşüncəsi idi. Eyni olmasa da, buna bənzərini də yaşlı qadından eşitdim. Bir ananın və yaxud bir nənənin narahatlığını, çəkdiyi əzab-əziyyəti çox yaxşı başa düşürəm. Çünki mən də anayam və mənim də yeganə oğul övladım hərbi qulluqda vətənə borcunu ləyaqətlə yerinə yetirdi və şərəflə geri döndü. Ancaq bu o demək deyil ki, biz analar təkcə öz övladlarımızı fikirləşib, onlar üçün əndişələnməliyik. Çox səmimi olaraq deyirəm ki, sabah Ali Baş Komandan erməni işğalı altında olan torpaqlarımızın hərb yoluyla azad edilməsilə bağlı sərəncam versə, sevinənlərdən biri də mən olaram. Çünki biz itirdiklərimizi yalnız qanımız və canımız bahasına geri qaytara bilərik. Bunu bacarmayan millət məhvə məhkumdur.
Hə vaxta qədər biz bir millət olarq erməninin hansısa yalanlar uydurmasını gözləyib, buna cavab vermək üçün vaxt itirməliyik və yaxud təkziblə məşğul olmalıyıq? Hə vaxta qədər biz bir millət olaraq işğal altında olan rayonlarımızın işğal tarixini qeyd edib "o gün olsun gələn il bu vaxtı həmin yerlərə qayıdaq", təskinliyi ilə yaşamalıyıq? Hə vaxta qədər biz bir millət olaraq ildə bir dəfə Xocalı soyqırımının ildönümünü anmaqla vəzifəmizi bitmiş hesab edəcəyik? Hə vaxta qədər biz bir millət olaraq ATƏT-in Minsk qrupu həmsədrlərinin ermənipərəst mövqelərini dinləyib, onların ikiüzlü siyasətlərini görüb bundan nəticə çıxarıb, uğursuz vasitəçilikdən imtina etməyəcəyik? Hə vaxta qədər biz növbəti danışıqların baş tutuacağı günü səbirsizliklə gözləyib, ümid bəsləyəcəyik və danışıqlar nəticəsiz alınanda isə mənasız açıqlamalar verib, özümüz-özümüzü aldadacağıq? Və ən nəhayət, nə vaxta qədər biz bir millət olaraq "torpaqları işğal altında olan xalq" deyimini qəbul edib, bundan qurtulmaq üçün şərəfli və millətin kimliyini özünə qaytaran bir yolu seçməyəcəyik? Bu suallar hər birimizə, eyni zamanda bu gün oğlu hərbi qulluqda olan və sabah oğlunu hərbi qulluğa yola salan bütün analara, nənələrə ünvanlanıb. Sadaladığım sualların cavabını isə hər birimiz öz əməlimizlə verməyə borcluyuq. Yoxsa əllərimizin hərarətinə tamarzı torpaqlarımız və o torpaqlarda uyuyan ulu əcdadlarımızın ruhları bizləri bağışlamayacaq.