“Xaricilər bizə vaxtı ötmüş məhsullar göndərirlər“ Hadisə

“Xaricilər bizə vaxtı ötmüş məhsullar göndərirlər“

Eyyub Hüseynov: "Satıcılar təhlükəli malı məhv etdikləri üçün həmin məhsullar vergidən azad olunmalıdır"

"Hökumət sahibkarları qoruduğu kimi, istehlakçıları da qorumalıdır"

Yaxınlarda İqtisadiyyat və Sənaye Nazirliyin Bakının Nəsimi, Səbail, Xətai, Qaradağ rayonlarında, Sumqayıt, Gəncə, Xırdalan, Şəki, Ucar, Kürdəmir, Yevlax, Xudat, İsmayıllı, Masallı, Cəlilabad, Qax şəhərlərində, Samux, İmişli, Xaçmaz, Zaqatala, Füzuli, Tərtər rayonlarında aparılan növbəti yoxlamalar zamanı ümumilikdə 780 kq-a yaxın saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar edilərək məhv etdiyini bildirdi. Azad İstehlkçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynovun bildirdiyinə görə, yararsız ərzaq məhsullarının dövriyyədən çıxarılması xəbərləri əhəmiyyətli olsa da onun sonrakı taleyi müəmmalı qalır: "AİB bu vaxta kimi həmin malların kütləvi məhvetmə mərasiminə çağırılmayıb. Biz ictimai məhvetmənin olması barədə daim təkliflər vermişik. Ora KİV nümayəndələri cəlb olunmur. Bu mənada müvafiq qurumların məşvetmə proseduru olduqca qeyri-şəffafdır. Üstəlik bu qurum yaranandan sonra dövlət istehlakçı hüquqlarının qorunmasının administrativ, inzibati yollarını daha çox gücləndirib". Eyyub Hüseynov bildirdiyinə görə, 17 may 2009-cu ildə İnzibati Xətalar Məcəlləsində dəyişikliklərə əsasən vaxtı ötmüş mal satan müəssisələr, mağazalar 1500 manatdan 2500 manatadək cərimə olunur. Qurum sədri təklif edir ki, bu cərimənin də miqdarında dəyişiklik aparmaq lazımdır, çünki xarab olan məhsulun dəyəri çox az məbləğ də ola bilər. Ona görə də diferensasiya etmək lazımdır: "Artıq bizə sahibkarlardan şikayət gəlib ki, 33 manatlıq vaxtı keçmiş mal müəyyən olunduğu üçün ona 1500 manat cərimə yazılıb. Administrativ üsullar gücləndirilsə də, burda da dəyişkənlik aparmaq lazımdır. Bazardakı təhlükəli malların çıxarılması üçün inzibati yolun səmərəli olmadığı barədə dövlət qurumlarına təkliflər vermişik. Çünki tələb varsa mütləq təklif də olacaq. Bir də ki, inzibati yolla nəyəsə nail olmaq mümkün olsaydı narkotikin də qarşısı alınardı".
Birlik sədrinin fikrincə, bu gün təhlükəli məhsulları satan satıcı onu mağazadan çıxarıb məhv etməkdə maraqlı deyil. Çünki o, məhv edilmiş mal üçün də vergi ödəyir. Bu mənada vergi qanunvericiliyində də dəyişiklik edilməlidir. Satıcılar təhlükəli malı məhv etdikləri üçün vergidən azad olunmalıdır: "Təhlükəli məhsulu məhv edən biznes sahibindən bu proses üçün pul tələb olunur. Ona görə də bu məsələlər də həll olunmalı, bazar metodları, yumşaq metodlar işləməlidir".
Problemin qarşısının alınması üçün Eyyub Hüseynov xarici təcrübədən yararlanmağı təklif edir. Belə ki, Belçikada yoxsulların pulsuz qidalana biləcəkləri xüsusi kiçik evlər var. Bunun üçün onlar rəmzi olaraq, öz xilaskarları üçün dua etməlidirlər. Avropa ölkələrində vaxtı bitməyə az qalmış ərzaq məhsullarının cəmləşdirildiyi ALBİ adlı mağazalar şəbəkəsi fəaliyyət göstərir. Bu mağazalarda məhsullar dəfələrlə ucuzdur, ona görə də, bir çox yoxsullar ərzaq mallarını məhz oradan alır. Bununla yanaşı, malların keyfiyyətinə ciddi nəzarət edirlər. Belə növ mağazaları Azərbaycanda da açmaq pis olmazdı: "Şübhəsiz, qida məhsullarının yararlılıq müddətini artırmaq olar və bunun üçün ölkəmizdə prinsip etibarilə olmayan xüsusi ekspertiza aparılır. Sovet vaxtlarında da bu var idi və biz belə təzahürlərlə mübarizə aparırdıq. Təəssüf ki, bu gün bəzi təşkilatlar malların yararlılıq müddətini süni şəkildə artırmağa çalışırlar. Ölkəmizin mağazalarında qida məhsullarının 50%-i və spirtli içkilərin 80%-dən çoxunun yararlılıq müddəti ya bitib, yaxud da süni şəkildə artırılıb. Məsələn, zeytun yağının yararlılıq müddəti 18 aydan çox olmamalıdır, lakin mağazaların piştaxtalarında müddəti guya 3 il təşkil edək yağ satılır. Bu, həmin yağın yararlılıq müddətinin çoxdan başa çatmasından xəbər verir. Ölkədə vahid nişanlama standartı yoxdur və xarici istehsalçılar bundan istifadə edərək, bizə vaxtı ötmüş və ya yararlılıq müddəti süni şəkildə artırılmış məhsullar göndərirlər. Bizim marketlərdə müddəti 3 ayadək olan fermer xaması satılır ki, bu da onun təkcə kimyəvi materiallardan ibarət olduğunu göstərir. Bir müddət əvvəl mağazada yararlılıq müddəti cəmi 4 gün olan süd aşkar etdim. Bax bu düzgündür, axı süd məhsulları çox saxlanıla bilmir" - deyə, o bildirib. Ekspert vurğulayır ki, bir çox restoranlar və şadlıq evləri bu gün hazırlanmış yeməyi sabaha saxlayırlar ki, bu da düzgün deyil. Buna görə də, alman təcrübəsini mənimsəyərək, bağlanışa yaxın hazır məhsulları bir neçə dəfə ucuz satmaq olardı. Bağlanışdan bir neçə dəqiqə əvvəl isə, nəsə satılmadıqda, onu evsizlərə paylamaq, yaxud da, həmin imkansızların götürməsi üçün hansısa qutularda yerləşdirmək olardı. Eyni şeyi mağazalar da edə bilər. Müşahidələr və monitorinqlərin nəticələri göstərir ki, son vaxtlar Azərbaycanda genetik dəyişikliklərə məruz qalmış məhsulların satışı halları artır. Heç kəsə sirr deyil ki, xaricdən gətirilən meyvə-tərəvəzin çoxu süni üsullarla, kimyəvi maddələrin köməyi ilə yetişdirilir. İş adamları isə çox vaxt bu məhsulların yerində ucuz olmasını əsas götürərək keyfiyyət amilini arxa plana keçirir.
Gündəmdə olan digər bir problem isə erkən yaşlı körpələr üçün olan qidaların saxlanma şəraiti ilə bağlıdır. Təlimata əsasən, həmin qidalar 25 dərəcədən aşağı temperaturda saxlanmalıdır. Amma Azad İstehlakçılar Birliyinin apardığı araşdırmalar nəticəsində bəlli olub ki, bəzi yerlərdə isti yay günlərində həmin qidalar 35-40 dərəcə temperaturda satılır. Bu isə o deməkdir ki, körpələr tədrici zəhərlənmənin qurbanıdırlar. O cümlədən uşaq qidalarının tərkibinə genetik modifikasiya olunmuş komponentlər də qatılır ki, bu da milli genefond üçün təhlükə yaradır. Ekspertiza sahəsi dünya ölkələrindən geri qaldığı üçün ölkəmizdə bu məhsulların tərkibi tam olaraq yoxlanılmır. AİB sədri Eyyub Hüseynovun sözlərinə görə, keyfiyyət göstəricilərinin aşağı olma halları daha çox ət və süd məhsulları, çörək və digər un məmulatları, qənnadı məhsulları, qənd, duz, içkilər, tomat pastası və müxtəlif konservlərin satışında müşahidə edilir: "Hazırda şəhərin mağazalarında, satış rəflərində gördüyümüz qatıqlar, südlər, xamalar gözəl vaakumda qablaşdırılıb. Amma onların üzərinə qoyulan qapaq dəyişdirilə bilər ki, yararlılıq müddəti həmin qapağın üzərindədir. Yəni yerli istehsalçıların özləri də bu priyomlardan istifadə edərək istehlakçını aldadır. Adətən bu əməllər iri ticarət şəbəkələri ilə brendi elə də məşhur olmayan yerli istehsalçıların sövdələşməsi nəticəsində baş verir".
E.Hüseynovun fikrincə, xaricdən Azərbaycana idxal olunan məhsulların milli dildə markalanmaması ilə də istehlakçıların hüquqları pozulur: "Məsələn, ərzaqların milli dildə markalanmaması dövlət dilinin tətbiqinə, istehlakçı hüquqlarının qorunmasına ziddir. İstehlakçı milli dildə markalanmayan məhsullar barədə məlumat əldə edə bilmir.
Çox təəssüf ki, bəzi yerli istehsalçılar özləri də mallarını xarici dildə markalayırlar. Uzun illərdir ki, alıcılar bir çox yerli məhsulu xarici məhsul kimi alırlar. Üzəri xarici dildə markalandığından, əhali elə başa düşür ki, bunlar xarici ölkələrdə istehsal olunub".
Qeyd edək ki, bu sahədə mövcud qanunvericilik istehlakçıların hüquqlarını müdafiə edir. Belə ki, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanunun 13-cü maddəsinin 1-ci bəndində qeyd olunur ki, satıcı istehlakçını maraqlandıran malın qiyməti, istehlak xassələri (tərkibi, yararlılıq müddəti, kaloriliyi, sağlamlıq üçün zərərli maddələrin miqdarı), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir. Eyyub Hüseynov hesab edir ki, bu sahədə olan problemləri aradan qaldırmaq üçün istehlakçı hüquqlarının real şəkildə qorunması mexanizmi yaradılmalıdır: "Vahid pəncərə sisteminin tətbiqində də ciddi problemlər mövcuddur. Sistemin tətbiqində belə bir bənd var ki, hansısa obyekti yoxlayan qurumun şöbəsinin, işçisinin adı və yoxlama vaxtı bilinir. Bu şəffaflıq üçün alqışlanmalı addımdır. Ancaq problem ondadır ki, bu proses istehlakçının xeyrinə işləmir. AİB fəaliyyət göstərdiyi müddət ərzində elə bir qurum tapa bilməyib ki, ekstremal vəziyyətdə hansısa bir keyfiyyətsiz malı hadisə yerindəcə aşkarlayıb məhv etsin. Elə bir dövlət qurumu yoxdur ki, keyfiyyətsiz mallar boşaldılan anda tutulub zərərsizləşdirilsin. Bu prosesdə sahibkarların müdafiəsi təşkil edilsə də, istehlakçı hüquqlarının qorunması barədə heç bir tədbir nəzərdə tutulmayıb. Bunun üçün də həmin reysterdə istehlakçı hüquqları da nəzərə alınmalı, istehlakçı maarifçiliyi önə çəkilməlidir. Hökumət sahibkarları qoruduğu kimi, istehlakçıları da qorumalıdır"- deyə ekspert məlumat verib.
Ümumiyyətlə ərzaq təhlükəsizliyi məsələsi üzrə ekspertlərin rəyinə əsasən problemin qarşısının alınması yalnız qanunvericiliyin təkmilləşməsi ilə bağlı deyil. Təklif edilir ki, neqativ hallar baş verən zaman insan sağlamlığı üçün təhlükəli mallar aşkar edildikdə yalnız cərimələr tətbiq edilməsin. Eyni zamanda mövcud qaydalara uyğun olaraq bu halların Cinayət Məcəlləsinin subyekti kimi qanunvericilikdə əks etdirilməsinə ehtiyac var. Vətəndaşların həyatı üçün təhlükə yaranırsa, mütləq cinayət işi açılmalı və nəzarət gücləndirilməlidir. Bildirək ki, bəzi hallarda sahibkarın, yaxud da satıcının diqqətsizliyi səbəbindən vaxtı keçmiş və keyfiyyətsiz malların vitrinlərdə qalmasına, bəzən isə alıcının səhlənkarlığı səbəbindən istehlakına yol açır. Bunun kütləviliyinin qarşısını almaq üçün mütləq əhali arasında geniş maarifləndirmə işi aparılmalıdır. Əlaqədar qurum, QHT və media vasitələri ilə istehlakçılar məlumatlandırılmalı, dövriyyədəki yararsız məhsullar barədə cəmiyyətə ətraflı informasiya verilməlidir.

Ülviyyə Tahirqızı