“Ergenekon” dastanı göytürklərin adı ilə bağlıdır Hadisə

“Ergenekon” dastanı göytürklərin adı ilə bağlıdır

Saklar miladdan öncə VII-III yüzillərdə Orta Şərqdə qüdrətli bir dövlət yaradıblar. Bu ulu türk dövlətinin baş şəhəri Balasaqun idi. Gənc hökmdar Şu Balasaqunda qərar tutub möhtəşəm sarayında dörd bucaqdan gələn elçiləri dəyərli ərmağanlarla qəbul edir, ölkəsini güclü ordu ilə qoruyur, elmli köməkçiləri ilə idarə edirdi. Sarayının önündə ordu bəylərindən gündə 360 növbətçi dururdu. Balasaqun şəhərinin yanındakı böyük Şu qalasını o tikdirmişdi.
Atası öldükdən sonra çox gənc yaşında hakimiyyətə gələn Şu tezliklə böyük nüfuz və hörmət qazanır. Dövlətin adını şöhrətləndirir. Nizami ordusunun adı, səsi-sorağı ətraf dövlətlərə yayılır. Özü də mahir bir sərkərdə kimi hər yanda xatırlanır. Şu haqqında İsgəndər Zülqərneyn də çox eşidir və sakların ölkəsinə yürüş edir. İsgəndər Səmərqəndi keçib türklərin ellərini almağa gəlirdi. Xaqan Şu Balasaqun yaxınlığındakı qalasında sakitcə əyləşib öz işləri ilə məşğul olurdu. Bu zaman Saqa bəyləri xaqanın hüzuruna gəlib soruşurlar: "İsgəndər yaxınlaşır, onunla savaşacağıqmı, buyruğun nədir?"
Bəylərin bildiyini Xaqan bilməmiş deyildi. Amma Xaqanın bildiyini bəylər bilmirdilər. O, 40 komandanını öncülü olaraq Hocənd çayı kənarlarına göndərmişdi. Bunlar gizlicə getdikləri üçün bəylərin xəbəri olmamışdı. Xaqan əsl xəbəri onlardan gözləyirdi. Onun üçün könlü rahatdı və bəylərin sorğusuna açıq cavab vermədi.
Xaqan gümüş hovuzunda üzən qazları, ördəkləri seyr edirdi. Bu səyyar gümüş hovuzu hara gedirsə, özü ilə götürür, qonaq qaldığı yerdə içərisində su doldurub qazları, ördəkləri üzdürürdü. Xaqan bəylərin üzünə baxmadan hovuzdakı qazları, ördəkləri göstərdi və dedi: "Bunlara baxınız nə gözəl üzür, nə gözəl görünürlər, deyilmi?"
Bəylər Xaqanın bu sözündən çaşıb qaldılar. Ürəklərinə od düşdü. Onun İsgəndərlə savaşmaq, yaxud geri çəkilmək üçün tədbir görmədiyinə çox üzüldülər.
O zaman İsgəndər Zülqərneyn Hocənd çayını keçmişdi. Xaqanın adamları gizli bir xəbərçi ilə hadisəni bildirdilər. İsgəndərin gəldiyini bilən Şu hərəkət etmək üçün davullar çaldırdı. Deməli, hərəkət etmək lazımdır.
Qəfil davul çalınması əhalini çaşdırdı. Tələsik hərəkət əmri verildiyi üçün hər kəs tapa bildiyi ata mindi, evdən götürə bildiklərini yığışdırıb gecə yarısı yola düşdülər.
Sakların Xaqanı sabah olunca uyğun gördüyü bir düzənlikdə "dur" əmrini verdi. Orada çadırlar quruldu və ordu düzənlikdə məskən saldı. Şu və ordusu qəfil hərəkət etdiyi zaman 22 kişi ailəsilə minik tapmadıqları üçün öz evlərindən tərpənmədilər. Bunların arasında Kınıq, Yiva, Eymur və başqaları vardı ki, oğuz boyları bunlardan törəyəcəkdi. İyirmi iki kişi "qalımmı, yaxud gedimmi?" - deyə düşünürkən yanlarına iki kişi də gəldi və bellərində yük olduğu üçün yorulmuşdular. Ona görə də yavaş-yavaş gəlirdilər. "Gedəkmi, qalaqmı?" danışıqlarını onlar da eşidib məsləhətləşdilər.
İsgəndər gələrsə, buradan keçəcək, amma özlərinin yurdlarında qalacaqları fikri əsas götürüldü. 22-lər gələnlərə "Qalas!" - dedilər. Bu "qalın, gözləyin" mənasında bir söz idi. Bundan sonra onlara "Qalas" deyildi. "Qalasçı" olaraq anılan iki qəbilə də onların soyundandır (Bu gün Azərbaycanın Şirvan-Muğan bölgəsindəki Xalaç məskəninin adı da görünür, bu türk tayfasının adı ilə bağlıdır). Makedoniyalı İsgəndər ordusu ilə gəldi. O, 22 kişini görüncə, bunların uzun saçlı, türk qiyafəli olduqlarına görə kimsədən məlumat almadan "türkməndirlər" demişdi. O zamandan sonra bunlara türkmən dedilər.
Türkmənlər əslində 24 boydurlar. İsgəndər 24-lərin düşündüyü kimi gəlib keçən idi. Türkmənlər yurdlarında qaldılar. Amma Xaqan Şu ordusunu götürüb Çinə doğru irəlilədi. İsgəndərsə onun arxasınca düşdü. Uyğur elinə yaxınlaşınca Xaqan yer və zamanın uyğun olduğuna qərar verərək ordusunun bir qismini ayırdı və bunları İsgəndərin öndəki qoşunu ilə vuruşmağa göndərdi.
İsgəndərin ordusu ilə vuruşmağa gedənlərin hamısı gənc idi. Bunu görən vəzir Xaqana dedi: "Xaqanım, İsgəndərlə vuruşmaq üçün gəncləri ayırdın. Onların yanında savaş təcrübəli yaşlılar da olsa, yaxşı olar". Xaqan vəzirin məsləhətini eşidib əsgərlərin arasına yaşlı təcrübəli döyüşçülər də saldı.
İsgəndər də bir zərbə dəstəsi göndərmişdi. Türklər bir gecə basqın edərək İsgəndərin bu dəstəsini dağıtdılar. Bu vuruşmada bir türk gənci İsgəndərin döyüşçülərindən birini ikiyə bölmüşdü. Ölən əsgərin belində qızıl dolu bir kəmər vardı. Kəmər qılınc zərbəsindən parçalanmış, içərisindəki qızıllar qana bulaşmışdı. Ertəsi gün türk əsgərləri qanlı qızılları görüb "Altun qan" dedilər. Sonralar bu söz həmin yerdə olan böyük bir dağa ad olaraq verildi. Həmin dağın adı "Altun xan"dır.
Bu savaşdan sonra İsgəndər türk hökmdarı ilə barışdı. Uyğur şəhərini qurdu və bir müddət orada qaldı. İsgəndər çəkilib getdi. Xaqan Şu öz yurduna döndü. Balasaquna gedib indi Şu deyilən şəhəri saldı.
Qədim oğuz-türk xalqlarının nizami ordusundan, bu ordunun savaşlarından, onun qüdrətli sərkərdəsindən bəhs edən bu dastan İsgəndər Zülqərneyni zamanından ta miladın XI yüzilliyinə qədər, yəni 1500 il ağızlarda yaşamış, nəhayət, dastanın müxtəsər məzmununu XI yüzilin böyük türk alimi Mahmud Qaşqarlı "Türk dilinin divanı" əsərinə köçürmüşdü. Həm Mahmud Qaşqarlının, həm də başqa müəlliflərin yazdıqlarına görə, Saklar Qafqazda və Orta Şərqdə Miladdan öncə böyük dövlət qurmuş, üç yüz ildən çox yaşamışlar. Sonralar qonşu dövlətlərlə apardığı aramsız savaşlar sakları öz yurdlarından köçməyə məcbur etmişdi.
Hindistanın ilk prezidenti Cəvahirləl Nehru həbsxanadan yazdığı "Ümumdünya tarixinə dair məktublar"ında saklar haqqında da bəhs edir. O yazırdı: "Eramızın başlanmasından əvvəl 200 il ərzində Hindistana bir neçə hərbi basqın olmuşdu. Amma sən nəzərdə tutmalısan ki, bu basqınlar ancaq istila və qənimət xatirinə deyildi. Bu xalqlara yerləşmək, məskunlaşmaq üçün torpaq lazım idi. Mərkəzi Asiyanın əksər qəbilələri köçəri olduğundan bu qəbilələr sayları artdıqca yaşadıqları torpaq sahələri onları dolandıra bilmirdi. Buna görə də başqa yerlərə köçmək və yeni-yeni torpaq sahələri axtaramaq məcburiyyətində qalırdılar". Cəvahirləl Nehru daha sonra yazır: "Sonralar sayı-hesabı olmayan saklar bütün Şimali və Qərbi Hindistana yayıldılar. Saklar iri köçəri türk tayfalarındandır. Başqa bir iri tayfa olan kuşanlar onları otlaqlardan sıxışdırıb çıxarmışdılar. Baktriyaya və Parfiyaya doluşan saklar yavaş-yavaş Şimali Hindistanda, daha dəqiq desək, Pəncabda, Racputanda və Kathiavarda məskən saldılar. Hindistan sakları mədəniləşdirdi və onlar öz köçəri vərdişlərindən əl çəkdilər.
Hindistana gələn və ölkənin şimalında yerləşən saklar, skiflər və başqa xalqlar haqqında yuxarıda demişdim. Onlar hind xalqının bir hissəsinə çevrildilər. Elə biz özümüz - Şimali Hindistanın sakinləri də onların nəslindən olduğumuz kimi, həm də arilərin nəslindənik. Gözəl rachəputlar və Kathiavarın qoçaq xalqı onlardan törəyib. Deməli, Cəvahirləl Nehrunun soykökü və Hindistanın Şimal əyalətlərinin sakinləri qədim türk soylu saklar və başqa tayfalardan ibarətdir".
Sonrakı oğuz bəyləri bu türklərdən törəmişdi. Türk adını və türk dövlətini təmsil edən və daha çox qədim əfsanələrdən qidalanaraq gələn "Ergenekon" dastanı isə göytürklərin adı ilə bağlıdır.
Bu dastanın məzmunu Fəzlullah Rəşidəddinin "Cami ət-Təvarix" ("Tarixlərin toplusu") əsərində öz əksini tapıb. Dastanın qısa məzmunu belədir:
Oğuz xan soyundan olan Elxan monqol elinə hökmdar olur. Monqolların sayı çoxalır, türk ellərində oxları ötür, qolları yetir. Başqa türk boyları bunlara düşmən olur, onlar birləşərək monqolları yox etmək istəyirlər. Onların başçısı Sevinc xandır.
Elxan (göytürklər) düşmənin hücum edəcəyini anlayır və tədbir görür. O, heyvan sürülərini bir yerə toplayır, ətrafına xəndəklər qazır. Düşmənlər gəlir, vuruşmada Elxanın ordusu qalib gəlir. Bütün türk boyları Elxana qarşı birləşirlər. O, hiylə işlədir, lakin hiylə toruna özü düşür. Türklər qalib gəlir və monqolların böyüklərini öldürüb qalanlarını əsir alırlar. Bu savaşda Elxanın Qıyan adlı övladından başqa bütün çocuqları öldürülür. Qıyan və Elxanın yaxın qohumu Nüküz o il evlənmişdilər. Onlar arvadları ilə əsir düşürlər. Bir gecə hər ikisi arvadları ilə birlikdə atlanıb qaçırlar. Döyüş olan yurda gəlib orada qalmış at, dəvə, öküz, qoyun və başqa heyvanları götürüb çox-çox uzaq dablar aşıb çox çətin keçilən və hər tərəfi dağlarla örtülən yerə gəlirlər. Bu yerin gurultu ilə axan suları, qalın meşələri, at beli hündürlükdə otları, çəmənlikləri, müxtəlif ov heyvanları vardı. Bu gözəl yerə "Ergenekon" adı verirlər. "Ergene" - "dağ kəməri", "kon" isə "dik yer" mənasındadır.
Ergenekonda Qıyan və Nüküzün çoxlu uşaqları oldu. Beləcə onlar burada 400 il yaşadılar. Artıq buraya sığmaz olmuşdular. Onlar ulularından ata yurdu haqqında eşitmişdilər. Düşmənlərinin onların atalarını qırdıqlarını da nəsilbənəsil yaddaşlarında saxlamışdılar. Yaşadıqları yerin ətrafı dəmir dağ imiş. Dağın bir yerində ocaq çatıb körük düzəldib yandırdılar və dağdan deşik açıb köhnə yurdlarına döndülər. Onlara yaxın olan qəbilələrlə birləşdilər, düşmənlərinə qələbə çalıb əski torpaqlarında dövlətlərini qurdular.
"Mulan türküsü" adı ilə Paris Milli Kitabxanasında saxlanan və XV əsrə aid edilən bu qədim dastanın da bir hissəsi qalıb. Ancaq bu bir hissə də dastan haqqında müəyyən təsəvvürlər yaradır. "Mulan türküsü"nün qısa məzmunu belədir: Mulanın babası (atası) ahıllaşmış, yaşı ötmüşdü. Qəbilənin adətinə görə vətən naminə hər ailədən biri orduda olmalıdır. Mulan atasının əvəzinə orduya getmək üçün razılıq alır. Bazardan döyüş paltarı, at və yəhər əldə edir. Döyüşçü libası geyinib orduya gedir. O, on iki il orduda nümunəvi xidmət edir, döyüşlərdə igidlik göstərir və fəxri libasda atlı əsgər kimi evlərinə dönür. Döyüşçü dostları onu yoxlamağa gələrkən Mulan qız libasında onları qarşılayır: Savaş geyimləri çıxardı,
Əski zamanlardakı geyimləri geydi.
Pəncərənin kənarında gözəl saçlarını daradı,
Aynanın qabağında başına bir gül taxdı,
Qapıdan çıxdı, arqadaşlarını qarşıladı,
Arqadaşları heyrətlə qaldılar.
12 il birlikdə keçirmişlərdi
Mulanın qadın olduğunu anlamamışlardı.
Ulu oğuz-türk tayfalarının həyatından, hərbi yürüşlərindən bəhs edən bu dastanları, şübhəsiz, dövrünün ozanları yaradıb yaymış, tarixi mənbələrdən dövrümüzə qədər gəlib çıxmışdı.
XV əsrin bu abidəsi - "Mulan türküsü" o zamanın vətənpərvərlik anlayışı və ordusu haqqında çox aydın təsəvvür yaradır. Deməli, yaşadığın torpağı, yurdu qorumaq üçün hər evdən orduda qulluq edən olmalıdır. Bu qanun o qədər müqəddəs olmuşdu ki, qardaşı olmayan Mulan atasını əvəz etməyi qərara alır.
Qədim türk dövlətlərinin bir çoxunda orduda daimi xidmət 12 il olmuşdu. Bu 12 ildə nümunəvi xidmət edən əsgər fəxri libasda, bəzədilmiş atla yurduna dönür və ona müəyyən imtiyazlar verilirdi. XV əsrin bu nadir incisi müqəddəs vətən və onu qorumaq haqqında tarixi bir vəsiqədir.

Qara Namazov
filologiya üzrə elmlər doktoru,
professor