Ehtiyatlı olmalıyıq Hadisə

Ehtiyatlı olmalıyıq

İlham İsmayıl: "Hadisələrin eyni gündə baş verməsi müəyyən şübhələr yaratsa da hesab edirəm ki, bu terror aktı deyil"
Azər Həsrət: "Baş verənlərdə terror və siyasət axtarmağın tərəfdarı deyiləm"

Fevralın 13-də Azərbaycanda dörd partlayış baş verdi. Bunlardan ikisi paytaxtda, daha ikisi isə bölgələrdə qeydə alındı. Partlayışlardan ikisi ölümlə nəticələndi.
İlk partlayış səhər saatlarında paytaxtda metronun "Azadlıq prospekti" stansiyasının yaxınlığındakı parkda oldu. Daha sonra partlayış xəbərləri Xətai rayonunda yerləşən "LUKoil" yanacaqdoldurma məntəqəsindən, Biləsuvar rayonundan və Şəki şəhərindən gəldi.
Baş verən hər bir hadisənin terror aktı və ya təsadüfi bir şey olması faktiki olaraq müzakirə mövzularındandır. Bəs, reallıq nədən ibarətdir?
Qeyd edək ki, Bakıda yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış hadisəsi ilə bağlı cinayət işi açılıb.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, Bakının Xətai rayonunda yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış hadisəsi ilə bağlı Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma - ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Daxili İşlər Nazirliyi fevralın 13-də Bakıda baş verən partlayışlarla bağlı dünən rəsmi məlumat yayıb.
Daxili İşlər Nazirliyinin rəsmi saytının yaydığı məlumata görə, Binəqədi rayonu Süleyman Sani Axundov küçəsində istifadə olunmayan yarımçıq tikilidə təbii qazın sızmasından partlayış baş verib. Nəticədə tikili dağıldığından yaxınlıqdakı ticarət obyektlərinin və yaşayış evlərinin şüşələri sınıb, Azad Möhbalıyevə məxsus "Mersedes" markalı avtomobilə qismən ziyan dəyib, xəsarət almış Bakı şəhər sakinləri Fillurə Budaqovaya, Afiyyət İbadovaya, Tamella Səfərovaya, Şücayət Qədimovaya və Tərlan Kazımova xəstəxanada ilkin tibbi yardım göstərilib.
Məlumatda həmçinin qeyd olunur ki, fevralın 13-də saat 16 radələrində Xətai rayonu R.Quliyev küçəsində yerləşən "LUKOİL" yanacaqdoldurma məntəqəsinə məxsus çəndə qaynaq işləri aparılarkən partlayış baş verib. Nəticədə qaynaqçı Şamxal Orucov və fəhlələrdən Həsrət İmamverdiyev ölüb, digər fəhlə Həşim Turabova xəstəxanada ilkin tibbi yardım göstərilib.
Təhlükəsizlik məsələləri üzrə ekpert İlham İsmayıl bildirli ki, hadisələrin eyni gündə baş verməsi müəyyən şübhələr yaratsa da hesab edirəm ki, bu terror aktı deyil: "Bu tipli hadisələr ehtiyatsızlıq, səhlənkarlıq kimi dəyərləndirilməlidir".
Siyasi şərhçi Azər Rəşidoğlu "hesab etmirəm ki, bu partlayışlar terror aktıdır",- deyə vurğuladı: "Lakin bütün hallarda təhlükəsizlik tədbirləri görülməlidir. Terror ehtimalını isə şişirtməyə ehtiyac yoxdur".
Elmi-Praktik Hüquq Mərkəzinin eksperti, sabiq polis rəisi Mahmud Hacıyev baş verən hadisələrlə bağlı açıqlama verərkən qeyd edib ki, ilk öncə baş verən partlayışlarla bağlı hüquq mühafizə orqanları tərəfindən ciddi şəkildə araşdırma aparılmalıdır. Onun sözlərinə görə, mövcud vəziyyətdə hüquq mühafizə orqanları həddən artıq diqqətli olmalıdırlar.
Siyasi şərhçi Azər Həsrət isə dedi ki, bu partlayışların eyni günə təsadüf etməsi təsadüfdən başqa bir şey deyil: "Düzdür, eyni gündə bu qədər hadisənin olması əlavə suallar doğura bilər. Ancaq şəxsən yanından hər gün keçdiyim "LukOil"dakı partlayışa əsaslanıb deyə bilərəm ki, bunlar həqiqətən də səhlənkarlıq, ehtiyatsızlıq üzündən baş verib. Əslində, biz sevinməliyik ki, bu qədər partlayışlar hər gün baş vermir. Çünki adi təmir-tikinti işlərində müşahidə edirik ki, insanlar həqiqətən öz canlarıyla zarafat edirlər. Baş verənlərdə terror və siyasət axtarmağın tərəfdarı deyiləm".

Əli