“Qadınlar “ərə getmək“ xatirinə ailə həyatı qurmaq fikrindən çəkinməlidirlər ” Hadisə

“Qadınlar “ərə getmək“ xatirinə ailə həyatı qurmaq fikrindən çəkinməlidirlər ”

Dövlət Komitəsinin sədr müavini: "Bu zaman ailənin davamlılığı, möhkəmliyi olmur"

"Azərbaycanda boşanmış kişilərin keçmiş həyat yoldaşları üzərində təzyiqləri, onların yenidən ailə qurmasına mane olması və zorakılıq göstərməsi ilə bağlı faktları çox görürük"
Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova boşanmış qadınların ikinci dəfə ailə qurması ilə bağlı problemlərdən danışarkən deyib.
Onun fikrincə, kişi qadından boşanıbsa, artıq onun üzərində heç bir hüququ yoxdur: "Kişinin hüququ yalnız uşaqları üzərindədir. Boşanmış qadın başqasını sevə, yenidən ailə həyatı qura bilər. Bu, onun hüququdur. Keçmiş həyat yoldaşının ixtiyarı yoxdur ki, boşanmış arvadının ailə qurmasına mane olsun, onu öldürsün. Təəssüf edirik ki, biz bu gün belə faktlarla rastlaşırıq".
S. Qəhrəmanova problemin həlli yolu kimi bu istiqamətdə maarifləndirici işlərin artırılmasını vurğulayıb: "Burada medianın da üzərinə böyük öhdəlik düşür. Bu istiqamətdə maarifləndirici işlər görülməlidir və həmin insanların düşüncələrinə təsir edilməlidir, düşüncə tərzi dəyişməlidir".

"Azərbaycanda nikah yaşının artmasına təəccüblənirik, lakin düşünləmədən qurulan ailələr sonda boşanmalara səbəb olur"-deyən Sədaqət Qəhrəmanova bildirib ki, qadınlar "ərə getmək" xatirinə ailə həyatı qurmaq fikrindən çəkinməlidirlər.
"Boşanan qadın müəyyən təzyiqlərə, zorakılıq hallarına görə kənddə qala bilmir, Bakıya gəlir. Bakıda başqası ilə rastlaşır və qeyri-rəsmi yaşayış nəticəsində dünyaya uşaq gətirir. Onunla münasibət alınmır, ayrılır. Sonra yenə başqası ilə ailə qurur, ondan da uşaq dünyaya gətirir. O xanıma sual verirəm ki, "sən qarşına ərə getmək məqsədi qoymuşam, ya o uşaqları böyütmək?" Yəni "ailə qurum, bir kişi mənə arxa dursun" düşüncəsindən uzaqlaşmalıyıq. Qadınlar qarşısına məqsəd qoyur ki, mütləq ərə gedim".
S.Qəhrəmanova qeyd edib ki, ərə getmək xatirinə ərə gedəndə ailənin davamlılığı, möhkəmliyi olmur. "Düşünərək ailə qurmaq lazımdır, həm də karyera üzərində düşünmək lazımdır. 30 yaşında və ya 35 yaşında ərə getmək problem deyil. Əsas odur ki, möhkəm ailə həyatın olsun. Mən 34 yaşında ailə həyatı qurmuşam və 4 uşağım var. Hər şey də şükür Allaha yaxşıdır".