“Məhkəmə inqilabı“nı necə həyata keçirməli? Hadisə

“Məhkəmə inqilabı“nı necə həyata keçirməli?

Bir gerçəyi nəzərə almaq lazımdır ki, andlılar məhkəməsi olan ölkələrdə ədalət mühakiməsi daha yüksək olur

Cavanşir Həsənli

Azərbaycan qanunvericiliyi ölkədə Andlılar Məhkəməsi institutunun tətbiqini nəzərdə tutsa da, bu məsələnin reallaşması müşkülə çevrilib. Hökumət illərdən bəri bu istiqamətdə müzakirələrin davam etdirildiyi barədə ötəri açıqlamalar verməklə vaxtı uzatmağa üstünlük verib.
Ötən həftənin sonu Ali Məhkəmənin sədri Ramiz Rzayev "Elektron məhkəmə" informasiya sisteminin yaradılmasını bu sahədə inqilabi islahat mərhələsi kimi xarakterizə edib. Əlbəttə ki, dövlət başçısının bununla bağlı verdiyi sərəncam ciddi şəkildə alqışlanmalıdır və sərəncamın icrasının bu sahədə narazılıqları böyük ölçüdə aradan qaldıracağı gözlənilir.
Xüsusilə nəzərə alsaq ki, Azərbaycanda vətəndaşların ən çox narazı olduğu sistemlərdən biri məhkəmələrdir. Rüşvət, korrupsiya, sifarişli qərarların çıxarılması, ədalət hissinin itirilməsi və "kommersiya hakimləri" məhkəmə sistemimiz üçün yad faktorlar deyil. Ən azından son dövrlərdə bir neçə hakimin səlahiyyətlərinə xitam verilməsi faktı da bunu deməyə əsas verir. Avropa İnsan Haqları Məhəkəməsinə göndərilən şikayətlərin də ildən-ilə artması Azərbaycan məhkəmə sisteminin bu günki durumunu təhlil etməyə yetər. Təkcə ötən il Avropa Məhkəməsi tərəfindən Azərbaycan üzrə 1293 şikayət əsasında 43 məhkəmə qərarı ləğv olunub. Hökumət bunu Rusiya, İtaliya, Ukrayna kimi ölkələr üzrə şikayət və qərarlarla müqayisə əsasında ciddi problem kimi qəbul etmir. Amma həmin ölkələrdə əhalinin sayı və vəkillik institunun Azərbaycanla müqayisədə göstəricilərini nəzərə alsaq, o zaman məhəkəmə sistemində ciddi və davamlı islahatlara ehtiyac olduğu ortaya çıxır. Həm də nəzərə alaq ki, ötən 13 il ərzində Avropa Məhkəməsində Azərbaycan məhkəmələrinin 76 qərarı ləğv olunubsa, bunun 43-ü ötən ilə aiddir. Bunların çox isə mülkiyyət hüququ və azad seçki hüququ ilə bağlıdır. Bir sıra hallarda siyasi spekulyasiya mövzusu kimi dəyərləndirilən və mübahisəyə yol açan "azad seçki hüququ" bir yana, mülkiyyət hüquqları ilə bağlı elə yerli məhkəmələrə, hətta məhkəmələrdən yuxarı instansiya məhkəmələrinə müraciətlərin sayında ciddi artım bu sahədə problemin daha dərin olduğunu ortaya qoyur. Bir instansiya digərinin qərarını ləğv edən hökmlər çıxarır, qanun fərqli məhkəmə ünvanlarında vətəndaşa fərqli şəkildə tətbiq olunur.
Bura Azərbaycanda vəkillik institutunun zəif inkişaf etdiyini, vətəndaşların öz hüquqları ilə bağlı məsələlərə reflektiv münasibətinin aşağı səviyyədə olmasını da əlavə etsək, Avropa Məhkəməsinə müraciətlərində də real vəziyyəti tam əks etdirmədiyini söyləmək olar.
Görünür, bu göstərici Azərbaycanda məhkəmə sistemində islahat zərurətini daha ciddi tələb kimi önə çıxarıb. Məhkəmə sistemində "ASAH Xidmət"in bənzəri olan elektron sistemin yaradılması istiqamətində addımı bu baxımdan sıradan islahat prosesi kimi qiymətləndirmək ədalətsizlik olardı. Amma təkcə məhkəmə sisteminin elektronlaşması bu sahədə problemləri tam həll edə biləcəkmi?
Təbii ki, paralel addımlar da atılmalıdır. Məhkəmələrdə kənar maraqlar neytrallaşdırılmalıdır, vətəndaşın məhkəməyə inamı artmalıdır. Azərbaycan cəmiyyətinin ən ciddi problemlərindən biri kimi vəkillik institutunun inkişafı, vətəndaşların öz hüquqlarını məhkəmələr vasitəsilə müdafiə etməyə maraqlı olmaları şəraiti yaradılmalıdır. Hə yazıq ki, Azərbaycan reallığında bir çox hallarda vətəndaş hakimə ən birinci maraqlı tərəf kimi, vəkilə isə hakimlə vətəndaş arasında vasitəçi kimi yanaşır. Bu streotip kökündən dəyişilməlidir.
Amma necə? 17 ildir ki, Azərbaycanda andlılar məhkəməsinin yaradılması qanunvericilikdə əksini tapıb. Bu məhkəmə ictimaiyyətin ədalət mühakiməsinin həyata keçirilməsində iştirakı deməkdir. Bu, Azərbaycan qanunvericiliyində də nəzərdə tutulsa da hələlik məhkəmədə andlı iclasçılar yoxdur. Hecə deyərlər, qanun var, özü yoxdur!
İndiyədək belə arqumentlər gətirilirdi ki, qanunun müvafiq fəsli keçid müddəalarına əsasən proses hüquqi islahatlar başa çatana və ya digər mərhələyə kimi dayandırılıb. İndi elektron məhkəmə sisteminə keçid mərhələsində bu mövzu daha aktual əhəmiyyət daşımağa başlayıb. Bu məsələ ilə bağlı yanaşmalar müxtəlif olsa belə...
Məhkəmələrdə kənar maraqlı tərəflər hüquqşünas olmayan şəxslərə ədalət mühakiməsini onlara etibar etmək olmaz. Onlar qanunun bu müddəalarının tətbiqinə ehtiyac duymur. Təkcə hüquqi sahədə mövqelərini əldən vemək istəməyən hakimlər, prokurorplar və müstəntiqlər deyil, bəzən vəkillər də buna qarşı çıxırlar. Andlılar Məhkəməsinin spesifik xüsusiyyəti budur ki, orada şəxsin təqsirli olub-olmaması barədə verdikti (qərarı) hüquqşünas olmayan jüri üzvləri, andlılar verir. Onlar sadəcə olaraq tərəflərin çıxışları, təqdim etdiyi sübutlar əsasında qərara gəlir. Andlılar məhkəməsi ona görə tətbiq olunur ki, əgər prokuror və ya müdafiə tərəfi adi bir insanı müdafiə və ya ittiham etdiyi şəxsi təqsirkar, yaxud da təqsirsiz olmamasına inandıra bilmirsə, deməli, o, ittihamı düz qurmayıb, yetərincə sübutlar toplamayıb, ya da müdafiəni yaxşı qurmayıb, yetərincə sübutlar toplamayıb.
Bir gerçəyi nəzərə almaq lazımdır ki, andlılar məhkəməsi olan ölkələrdə ədalət mühakiməsi daha yüksək olur. Azərbaycanda isə məhkəmələr icra hakimiyyətindən asılıdır, məhkəmələrin peşəkarlığı ilə bağlı ciddi iradlar var. Andlılar Məhkəməsinin tətbiqi isə imkan verir ki, ədalət mühakiməsini həyata keçirən adamlar (müdafiə, yaxud ittiham tərəfi) öz işinə vicdanla yanaşsın.
Ənənəvi olaraq, andlılar məhkəməsinin vətəni orta əsrlərin Böyük Britaniyası sayılır. Belə məhkəmənin ilk dəfə toplaşdığı dəqiq tarix bizə gəlib çatmasa da, İngilis kralı II Henrixin 1166-ci il tarixli assizlərindən - fərmanlarından birində iri yaşayış məntəqələrinin sakinləri olan hər 100 təbəədən 12-ni və hər kənddən 4-nü andlılar kimi seçməyi tövsiyə edən bir müddəaya rast gəlinir.
Beləliklə, andlı iclasçılar institutu ilk dəfə Ingiltərədə meydana gəlib. Baxmayaraq ki, bir çoxlarında andlı iclasçılar dedikdə Amerika məhkəmələri ilə assosiasiya yaranır.
Dünya praktikasında andlı iclasçılar məhkəməsinin 2 əsas modeli tanınır: anqlo-amerikan (klassik) və kontinental. Klassik modeldə ayrıca andlılar kollegiyasının mövcudluğu nəzərdə tutulur və müxtəlif ölkələrdə müxtəlif cür adlanır: jüri, palata, andlı iclasçılar skamyası və s. Bunlar cinayət mühakimə icraatında fakt məsələsini həll edir. Kontinental model isə peşəkar hakimlərin andlı iclasçılarla birgə kollegiyasını nəzərdə tutur. Almaniyada "şeffen", Fransada - "assiz" adlanan bu heyətlər işə müştərək baxır və verdikti də müştərək çıxarırlar.
Klassik formada olan andlılar məhkəməsi Ingiltərədə yayıldıqdan sonra Avropada tətbiq edilib, sonra da Rusiyaya keçib. Rusiya imperiyasının tərkib hissəsi olan ölkəmizdə bu məhkəmə ilə tanışlıq 19-cu əsrin axırlarına təsadüf edir.
O zamanlar andlılar məhkəməsinin klassik modelinin mühakimə icraratında tətbiqi xüsusilə mütərəqqi bir addım idi. Belə ki, əhalinin məhkəmələrə çıxışı əmələ gəldi və ən başlıcası isə, formal sübutlar nəzəriyyəsinə əsaslanan inkvizisiya məhkəmə icraatı dağıdıldı.
Rusiya qanunvericiliyinə uyğun olaraq bu ölkədə andlı məhkəmələr 1991-ci ildə tətbiq edilməyə başlayıb. 2009-cu ilin əvvəllərində Rusiyanın son subyektində - Çeçenistan Respublikasında andlılar məhkəməsi institutu təsis olunub.
2013-cü ildə Rusiyada keçirilmiş bir sorğuya görə, məhkumların 71,6% onların işlərinə andlılar məhkəməsində baxılmasını istəyib. Hakimlər və prokurorlar vəzifəli şəxslər olduğu üçün təşkilati hesabatlılıqları mövcuddur. Andlıların müstəqilliyi isə hakimlərdən daha yüksəkdir.
Yəni andlı iclaslara o səlahiyyətlər verilir ki, ittiham müddəasını dəyişdirə bilmək səlahiyyəti mövcuddur.
Ötən ilin martında ədliyyə naziri Fikrət Məmmədov mətbuata bildirmişdi ki, gələcəkdə Azərbaycanda Dövlət Vahid İstintaq Komitəsi və Andlılar Məhkəməsi yaradıla bilər. Qeyd edək ki, Dövlət Vahid İstintaq Komitəsinin yaradılması təşəbbəüsü də elə həmin ərəfədə hökumətin hesabatı zamanı millət vəkili Qüdrət Həsənquliyev tərəfindən qaldırılmışdı.
Qonşu Gürcüstanda Andlılar Məhkəməsi 2010-cu ilin oktyabrından fəaliyyətdədir. Hansı ki, Gürcüstan parlamentinin ondan 1 il əvvəl müvaftq qanunu qəbul edib.
İlk mərhələdə Andlılar Məhkəməsi paytaxt Tiflisdə fəaliyyət göstərib. Sonra isə bu tədricən digər şəhərləri də əhatə edib. Gürcüstan hökuməti hesab edir ki, Andlılar Məhkəməsi məhkəmələrdə korrupsiyaya qarşı mübarizə aparmaq və məhkəmə sistemini Qərb standartlarına uyğunlaşdırmaq baxımından çox önəmlidir. Qonşu ölkənin qanunvericiliyi andlılar sırasında siyasətçilərin, hüquq-mühafizə orqanları əməkdaşlarının, hüquqşünasların, psixoloqların və din xadimlərinin təmsilçilik hüququnu tanıyır.
Hətta Orta Asiyada belə andlılar məhkəməsi sistemi tətbiq olunur. Qırğızıstanda andlı məhkəmə 2009-cu ilin ortalarında qanuniləşib. Bu ölkədə qanunvericiliyə müvafiq düzəlişin edilməsi təşəbbüsünü isə hakim "Ak jol" partiyası irəli sürüb. Bununla da bu ölkədə andlı üzvlər ağır və xüsusi ağır cinayətlərlə bağlı aparılan məhkəmə prosesində iştirak hüququ əldə ediblər. Qırğızıstan qanunvericiliyinə andlı üzvlüyə yaşı 25-65 olan, heç zaman cinayət məsuliyyətinə cəlb olunmayan Qırğızıstan vətəndaşları seçilə bilər. Andlı məhkəmə 9 əsas və üç köməkçi andlıdan ibarətdir.
Teokratik üsul-idarəçiliyin mövcud olduğu qonşu İranda da andlı məhkəmələr fəaliyyət göstərir. İran cəmiyyətində ən azından mülki işlərlə bağlı məhkəmələrə inamın mövcudluğunu inkar etmək olmaz.

(ardı var)