“Girovların azad edilməsinə nail olacağıq” Hadisə

“Girovların azad edilməsinə nail olacağıq”

Dövlət Komissiyası İşçi Qrupunun sədri: "Dilqəm Əsgərov və Şahbaz Quliyevin əməllərində diversiya əlamətləri yoxdur"

"Dilqəm Əsgərov və Şahbaz Quliyevin əməllərində diversiya əlamətləri yoxdur və onlar heç bir dövlətin sərhədini pozmayıblar".
Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupunun rəhbəri Firudin Sadıqov "AzərTAc"a müsahibəsində bildirib. F. Sadıqov qeyd edib ki, onların əməllərində diversiya əlamətləri yoxdur və onlar heç bir yeri partlatmayıblar: "Onların əməllərində casusluq da yoxdur. Casus öz ölkəsini satana deyilir. Onlar heç bir ölkəni satmayıblar. Yazırlar ki, onlar məxfi məlumat toplayırmışlar. Hansı məlumat, hardadı həmin məlumatlar, kimdən toplayıblar? Ortada heç bir konkret fakt yoxdur. Hətta az-çox savadı olan, mətbuatı izləyən və adi detektiv əsərləri oxuyanların, eləcə də Ermənistan mütəxəssislərinin yekdil rəyi ondan ibarətdir ki, bu cür kəşfiyyat-təxribat qrupu ola bilməz. Onların nə yaşı, nə sayı, nə də məqsədləri bu növ fəaliyyətə uyğun gəlmir. Girovların özləri sübuta yetiriblər ki, uzun illərdir doğma kəndlərinə - Kəlbəcərin Şaplar kəndinə gedir, ata-analarının, doğmalarının qəbirlərini ziyarət edirlər. İndi məlum olur ki, Ermənistanda və bu ölkə tərəfindən işğal olunmuş Azərbaycan ərazilərindəki ata-baba ocaqlarını və doğmalarının məzarını ziyarət etməyə Dilqəm Əsgərov və Şahbaz Quliyevdən başqa digər azərbaycanlılar da gedib-gəlir. Bu, insanların təbii istəyidir. Əgər Ermənistan özünün etnik təmizləmə və soyqırımına əsaslanan militarist siyasəti ilə insanların bu təbii hüququnu əlindən almaqda davam edəcəksə, belə halların təkrarlanması istisna deyil. Misal üçün, bir neçə gün əvvəl internetdə Ermənistanın Sisiyan rayonundakı ata-baba torpaqlarına gedib-gəlmiş azərbaycanlılar bunu sübut edən videomaterial yayıblar. Onların "diversant" olduğunu iddia edən ermənilər göstərsinlər görək, bu insanlar hansı diversiya aktını törədiblər. Əgər doğrudan da diversant olsaydılar, təmas xəttindən Şaplar kəndinə qədər olan ərazidə yolları da partlada, su hövzələrini də zəhərliyə, hərbi hissələrdə təxribat törədə, epidemiya, epizootiya yaya bilərdilər. Əgər diversant olsaydılar, onların qarşısında hansısa bir məqsəd olardı: məsələn, hər hansı hərbi, strateji obyekti məhv etmək və sair. Bunların heç biri baş verməyib. Onların buna bənzər heç bir niyyətləri və əməlləri olmayıb. Klassik mənada diversant qrupun tərkibi 12-14 nəfərdən az olmur. Üstəlik onları müşayiət edən dəstək qrupu da olmalıdır. Kəlbəcərə gedən azərbaycanlılar isə cəmi 3 nəfər olub. Hansı diversant özü ilə diversiya həyata keçirəcəyi yerə ölkəsinin bayrağı ilə gedər? Ermənistanın Müdafiə Nazirliyi də, xüsusi xidmət orqanları da yaxşı bilirlər ki, belə diversiya qrupu olmur".
F. Sadıqov deyib ki, Komissiya onların sonrakı taleyi ilə bağlı məsələləri diqqət mərkəzində saxlayır və bütün zəruri prosedurları həyata keçirir: "Hələlik görünən odur ki, Ermənistan həmişə olduğu kimi, yenə də humanitar normalara hörmətsizliyini davam etdirir. Buna baxmayaraq, inanıram ki, biz həm ermənilər tərəfindən qətlə yetirilən Həsən Həsənovun cəsədinin geri alınmasına, həm də girovların azad edilməsinə nail olacağıq".