Televiziya məkanında informasiya təhlükəsizliyi Hadisə

Televiziya məkanında informasiya təhlükəsizliyi

Cavid

Azərbaycan təkcə Ermənistan və onun havadarı olan Rusiyanın işğalına məruz qalmayıb. Rəsmi Bakı eyni zamanda Rusiyanın iperialist informasiya siyasəti ilə də üz-üzədir. Dünyaya hegemonluq etmək niyyətində olan Rusiya çoxsaylı TV, internet və media layihələri ilə öz imperiya siyasətinin təbliğatını aparır və KİV-dən ideoloji mübarizə vasitəsi kimi istifadə edir. Təbii ki, bunun nə məqsəd daşıdığı aydındır. Amma Azərbaycan ictimaiyyətində Rusiyanın elektron və yazılı mətbuatına, tv-lərinə daha çox üstünlük verildiyi də danılmazdır. Söz yox ki, Rusiya imperialist məqsəd və layihələrini həyata keçirməkdən ötrü xarici auditoriyaya özünə sərf edən məlumatlar ötürür.
Bu daha çox Rusiyanın yerli kanallarında özünü biruzə verir. Bəs biz bundan necə qurtula bilərik?
Heç kimə sirr deyil ki, yerli telekanalların aşağı səviyyəli proqramlarından bezən əhali televiziyaya olan ehtiyacını əsasən peyk antenaları və kabel televiziyası vasitəsilə ilə xarici telekanları izləməklə təmin edir.
Hesablamalara görə, son illərdə peyk antenalarının satışı xeyli artıb. Bir sıra ölkələrdə rəqəmsal sistemlə yüzlərlə tele və radio kanal yayımlanır. Müxtəlif paketlər var, xüsusi sifarişlər də mümkündür, qiymətlər də çox ucuz olur. Bəzi ölkələrdə xarici kanalların yerüstü yayımı qadağan olunsa da peyk anteni ilə yayıma qadağa yoxdur.
Azərbaycanda rəqəmsal yayımı dəstəkləyən televizorların qiyməti 400-500 manatdan başlayır. Analoq televizorlara quraşdırılacaq dekoderlərin qiyməti isə 30-40 manat arasındadır. Araşdırmalara görə, ölkədə peyk antenalarından əhalinin 70%-i istifadə edir və əsasən xarici telekanalları izləyir. Xarici kanallara baxmaq üçün bir neçə variantdan yararlanmaq mümkündür.
Bunlardan biri şəxsi peyk antenləri quraşdırmaq, digəri isə kabel televiziyalarına abunə olmaqdır. Kabel televiziyalardan fərqli olaraq peyk antenlərində seçim imkanı genişdir. Məsələn, tamaşaçılar bu antenlər vasitəsilə yüzlərlə xarici telekanalı izləyir, istədikləri informasiya, film və s proqramlara baxa bilirlər.
Hazırda orta səviyyəli peyk antenlərinin qiyməti 50-100 manatdır. Çanaq üzərində 2 qəbuledici başlıq qoyulduqda yüzlərlə Rusiya, Türkiyə, Avropa və s ölkələrin kanallarını izləmək olur. Burada aylıq xərc yoxdur.
Kabel televiziyasında ən ucuz paketin aylıq abunə haqqı 9 manatdır. Bu məbləğə şirkətin müxtəlif ölkələrdən seçdiyi 60-dan yuxarı telekanala baxmaq mümkündür. Lakin, kabel televiziyaları da hərdən kanaları pozub yenisini əlavə edir ki, bu da narazılığa səbəb olur.
Təbii ki, ölkəmizdə bu sistemlərdən yararlana bilməyənlər də var. Onlar da adi anten ilə əsasən ölkə və regional kanallara, sərhəd bölgələrdə yaşayanlar isə həm də qonşu ölkələrin kanallarına baxırlar.
Yerli tamaşaçılarımız əsasən, Rusiya və Türkiyə telekanallarını izləməyə üstünlük verirlər. Vətəndaşlarımız Rusiya televiziyalarında əsasən informasiya, siyasi analizlər, elmi proqramlar, bədii və sənədli filmləri izləyirlər.
Media Hüquqları İnstitutunun rəhbəri Rəşid Hacılı hesab edir ki, kabel televiziyalarının fəaliyyətini tənzimləyən ayrıca qanun yoxdur. Halbuki "Teleradio yayımı haqqında" qanunda bu barədə tələb qoyulur ki, ayrıca qanun qəbul olunsun.
Rəşid Hacılı deyib ki, kabel televiziyasının inkişafı ölkədə media azadlığını təmin etmək üçün əlverişli vasitədir, amma bu sahə hələ çox zəifdir: "Kabel televiziyasının inkişafı çoxlu sayda televiziyaların, radioların ortaya çıxmasına, nəticədə daha çox plüralizmin yaranmasına, media azadlığının genişlənməsinə səbəb olar. Bu, medianın imkanlarını qat-qat artırır".
Bu da onu deməyə əsas verir ki, yerli əhalinin əksər hissəsi kabel televiziyaları vasitəsilə Rusiya və Türkiyə kanllarından informasiya alırlar.
Bəs kabel telekanalı nə deməkdir?
İKT İnformasiya Mərkəzinin direktoru Fərid Kazımov hesab edir ki, kabel televiziyası adi televiziyalardan fərqli olaraq daha effektli, daha maraqlı, daha rəngarəng, müəyyən auditoriyaya bölünmüş proqramları efirə çıxarır: "Amerikada yüzlərlə telekanal var ki, hazırladıqları verilişləri tamaşaçıya pulla satır. Onların gəlirləri daha çox olduğuna görə hazırladıqları verilişlər daha effektli, yüksək səviyyəli olur. Pullu kanallarda tok-şoular var ki, açıq efirdə olan verilişlərdən daha maraqlı keçirilir. Kabel televiziya sahibkarları daha çox maraqlı olurlar ki, onun yaydığı kanallar baxımlı olsun. Belə olduqda daha çox və daha keyfiyyətli verilişlərin meydana çıxmasına şərait yaranır".
Kazımov onu da bildirir ki, kabel vasitəsilə yayımlanan pullu kanalların verilişlərinə tamaşaçılar ona görə daha maraqla baxır ki, proqramlararası reklamlar olmur. Mərkəz direktoru hesab edir ki, Azərbaycanda televiziyanın böyük problemləri var: "Proqramlara, verilişlərə investisiya qoyulmur. İnanmıram ki, bu qədər tezliklə Azərbaycanda pullu, yaxud əsl kabel televiziyası yaransın. Bunun üçün təkmil biznes layihə işlənməlidir ki, həmin veriliş yüksək keyfiyyətlə hazırlansın. Yüksək səviyyəli verilişlərin yayımlanması kabel televiziyasının reytinq göstəricisidir".
Fərid Kazımov digər televiziya mütəxəssislərindən fərqli olaraq hazırda yalnız retranslasiya ilə məşğul olan kabel televiziyaları ilə bağlı qanunvericiliyin olmasını vacib hesab edir: "Bu sahəyə aid qanun olarsa, kabel televiziyası ilə bağlı prosesləri stimullaşdıra bilər.
Onu da bildirək ki, bizim kabel televiziyalarının maddi texniki bazası çox aşağı səviyyədədir. Ona görə də onlar verilişlər, proqramlar hazırlamaq imkanına malik deyillər. Onlar fəaliyyətlərini yalnız retranslasiya etməklə bitmiş hesab edirlər. Özü veriliş hazırlayıb yaymaq istəyən kabel teleşirkəti bu istiqamətdə lisenziya almaq üçün şuraya müraciət eləməlidir. Şura artıq qeydiyyatdan keçən qurumlardan bəzilərinə xarici və yerli kanalların retranslasiyası üçün lisenziya verib. Bəziləri həm də öz proqramlarını yaymaq üçün efir-kabel yayımı hüququ alıb. Ölkədə telekanalların reytinqini ölçməklə məşğul olan əsas şirkət sayılan SİAR şirkətinin Media Tədqiqatlar Departamentinin direktoru Selbin Ələkbərova bildirib ki, sözügedən qurum telekanallarla bərabər, radio və yazılı medianın da reytinq göstəricilərini müəyyən edir. SİAR yerli televiziyalara nisbətdə kabel televiziyaları tamaşaçılarının nə qədər artması tendensiyasını da araşdırıb. Şirkətin ötənilki hesablamalarına görə, evlərində kabel televiziyası olan əhalinin yalnız 34 faizi yerli kanallara baxır. Qalan 66 faiz əhali isə xarici kanalları seyr edir. SİAR müəyyən edib ki, kabel televiziya izləyiciləri hətta yerli kanallara da məhz kabel vasitəsilə baxmağa üstünlük verirlər.
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi Zeynal Məmmədli hesab edir ki, son bir neçə ildə Azərbaycanın televiziya auditoriyası daralıb: "Siz istənilən reytinq ölçən təşkilatı yoxlasanız və onlar vicdanlı olsa, açıq deyəcəklər ki, artıq yerli televiziyaları izləyənlərin sayının azalması tendensiyası sürətlənib, xarici televiziyaları izləyənlərin sayı isə artıb. İxtisasımla bağlı yerli kanalları da izləməyə məcburam. Mən də xarici kanallara çox baxıram".
Araşdırma göstərir ki, bütün dünyada ən reytinqli proqramlar məhz informasiya kanallarıdır.
Milli İnternet Forumunun prezidenti Osman Gündüz isə bildirib ki, Azərbaycan kanallarında əyləndirmənin xüsusi çəkisi 99 faizdir. Qalan iki xətt isə yoxdur: "Bunun da nəticəsidir ki, hazırda telekanallarda daha çox səviyyəsiz şou və əyləndirmə var. İnformasiya və maarifləndirici xətt isə arxa plandadır. Bunun nəticəsidir ki, insanların böyük əksəriyyəti bizim kanallara baxmaq istəmir, çanaq antena alıb xarici verilişlərə baxır. Mən özüm də xarici kanalları daha çox izləyirəm".
Osman Gündüzün fikrincə, telekanalların reytinqi obyektiv nəticəni əks etdirə bilməz: "Hazırda rus və türk dilli verilişlərə baxan tamaşaçılar xeyli çoxdur. Yerli kanalların da öz auditoriyası var, bunu istisna eləmək olmaz". O. Gündüz deyir ki, indi fəsadları görünməsə də, gələcəkdə bunun çox ciddi fəsadları ola bilər: "Vətəndaş birinci öz informasiya resurslarından informasiya almalıdır. Vətəndaş öz hökumətinin fəaliyyəti ilə bağlı məlumatı birinci özününkündən eşitməlidir. Bizim vətəndaş isə daha çox xarici informasiya subyektlərinə qulaq asır. Bu zaman böyüməkdə olan nəsil, gənclərlə bağlı problem ortaya çıxır. Başqa informasiya subyektlərinin basqısı altında olan vətəndaşın gələcəyi necə olacaq? Bunlar artıq milli təhlükəsizlik məsələləridir, hökumət bu barədə ciddi düşünməlidir. Balans gözlənilməlidir. Cəmiyyətin marağı və tələbatı düzgün informasiya, maarifçi yönümlü informasiya, hökumətin fəaliyyəti ilə bağlı informasiyalaradır".