Ərəb dünyası Azərbaycanı izləyəcək - BAMF prezidenti Hadisə

Ərəb dünyası Azərbaycanı izləyəcək - BAMF prezidenti

Bu gün Beynəlxalq Avrasiya Mətbuat Fondunun ofisində “Əl Cəzirə” Media Şəbəkəsinin sözügedən Fondla birlikdə hazırladığı Azərbaycana həsr edilmiş sənədli filmlərlə bağlı mətbuat konfransı keçirilib.

Tədbirdə BAMF prezidenti Umud Mirzəyev, Mədəniyyət Nazirliyi və media nümayəndələri iştirak edib.

U.Mirzəyev “Əl Cəzirə” Media Şəbəkəsinin “Müsafir” proqramında yayımlanan film haqqında ətraflı məlumat verib:

“Filmlər Azərbaycanın zəngin tarixi, mədəniyyəti, əsrarəngiz təbiəti, insanların qədim ənənələri və yaşam tərzini, turizm potensialını çoxmilyonluq ərəb dünyasına çatdırmaq məqsədi daşıyır. Hər birisi 25 dəqiqədən ibarət olan 5 film Bakı və Naxçıvan şəhərləri daxil olmaqla, Azərbaycanın əksər regionlarını əhatə edir. 20 iyun-12 iyul tarixlərində Azərbaycanda səfərdə olan “Müsafir” proqramının çəkiliş heyəti Beynəlxalq Avrasiya Mətbuat Fondunun əməkdaşlarının yardımı və texniki dəstəyi ilə ölkəmizin gəzməli, görməli yerlərini, milli mətbəxini, tarixi irsini, folklorunu, musiqisini lentə alıb. Artıq Bakı ilə bağlı ilk film ərəb dünyasına təqdim edilib. Filmlər 26 noyabr tarixindən başlayaraq, hər şənbə günündən ardıcıl olaraq “Əl Cəzirə”nin “Müsafir” proqramı vasitəsilə nümayiş etdirilir. Filmlərin 4 bölümü yayımlanıb və sosial şəbəkələrdə paylaşılaraq ciddi marağa səbəb olub. Filmin Naxçıvanla bağlı növbəti bölümü Bakı vaxtı ilə 20:30-da nümayiş etdiriləcək

U.Mirzəyev bildirib ki, “Müsafir” proqramının aparıcısı məşhur Hazim Abuvaftadır:

“Abuvaftanın filmdə Azərbaycanı təqdim edərkən “Aman Allah! Bu ölkənin gözəlliyi “Min bir gecə” nağıllarını xatırladır. Şəhrizadın da, Şəhriyarın da əslən bu yerlərdən olması məni təəccübləndirmir” sözləri ilə tamaşaçıları salamlaması bir-birindən gözəl 4 filmə daha da rəng qatır”.

U.Mirzəyev sənədli filmin bütün çəkiliş xərclərinin “Əl Cəzirə” Media Şəbəkəsi tərəfindən qarşılandığını bildirib.

Cavid Şahverdiyev