Sosial media önə çıxır Hadisə

Sosial media önə çıxır

İnternet-medianın informasiya məkanındakı yeri və cəmiyyətin informasiya təminatındakı rolu ilə bağlı sorğu keçirib

"Yeni Media Jurnalistləri" İctimai Birliyi internet-medianın informasiya məkanındakı yeri və cəmiyyətin informasiya təminatındakı rolu ilə bağlı məsələlərlə bağlı 100 nəfər respondent arasında sorğu keçirib.
Birlikdən verilən məlumata görə, sorğu-anket elektron poçt vasitəsilə əvvəlcədən seçilmiş respondentlərə göndərilib.
Bildirək ki, bu ilin may-iyul aylarını əhatə edən sorğu daxili imkanlar hesabına keçirilib və resursların məhdudluğu respondentlərin dairəsini genişləndirməyə imkan verməyib.
Anketlər toplandıqdan sonra nəticələr təhlil edilib.
Rəyi soruşulanların 40%-i üçün internet əsas informasiya mənbəyidir. Sosial şəbəkələri informasiya mənbəyi kimi qeyd edənlər respondentlərin 29, qəzet, televiziya və radionu əsas informasiya mənbəyi kimi göstərənlər respondentlərin 12, dövlət informasiya agentlikləri və qəzetləri əsas informasiya mənbəyi kimi qeyd edənlər isə respondentlərin 7%-ni təşkil edir.
Rəyi soruşulanların 44%-i hesab edir ki, internet saytlarında məlumat azadlılığına riayət olunur, 42% insanın fikrincə, burada xəbərləri dolğun, ətraflı və davamlı izləmək imkanı var. 14%-in fikrincə, burada faktlar təhrif edilmir.
Respondentlərin 52%-i internet-mediada oxuduğu, 19%-i televiziya və radioada dinlədiyi, 14%-i qəzetlərdə oxuduğu xəbərlərə etibar etdiyini bildirib. 15% isə heç bir informasiya mənbəyindən əldə etdiyi məlumata etibar etmədiyini söyləyib.
Sorğuda iştirak edənlərin 70%-i mütəmadi olaraq oxuduğu saytların olduğunu söyləyib. 21% insan xəbərləri sosial şəbəkələr, 5% axtarış sistemləri, 4% dostlar vasitəsilə öyrəndiyini deyib. İştirakçıların 36%-i işi ilə əlaqədar olaraq, bütün gününü, 26%-i günün 6-7 saatını, 38%-i isə gününün 2 saatını internetdə keçirdiyini bildirib.
Respondentlərin 56%-nin fikrincə, ən populyar informasiya vasitəsi internet saytlarıdır. İkinci yeri 18% səslə sosial şəbəkələr tutur. Sorğu iştirakçılarının 16%-i televiziyaları, 7%-i internet-qəzetləri, 3%-i isə qəzetləri ən populyar informasiya vasitəsi hesab edir.
Sorğu iştirakçılarının 54%-i internetdə daha çox ictimai-siyasi xəbərləri, 18%-i şou-biznes, sosial və kriminal xəbərləri, 10%-i təhlil və müsahibələri daha çox oxuyur.
İnsanların 90%-i hesab edir ki, internet-media informasiya təminatında əsas rol oynayır. 3%-in fikrincə, qəzetlər, 1%-in fikrincə, televiziya daha etibarlıdır. 16% isə məlumat mənbələri arasında ciddi fərq görmür.
İctimai Birliyin sədri Xaqani Səfəroğlu, keçirilən onlayn sorğunun pilot layihə kimi reallaşdırıldığını bildirib: "Müasir dövrdə informasiya təminatı mənbələri, informasiya kanallarının təsiri məlumatlandırma sahəsində mühüm rol oynayır. Azərbaycanda əhalinin informasiya mənbələrinə münasibəti, çıxışı və tədqiq olunması məlumatlandırma sahəsində real vəziyyətin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır".
Onun sözlərinə görə, sorğu internet medianın informasiya məkanındakı yerinə və cəmiyyətin informasiya təminatında roluna aydınlıq gətirmək məqsədi ilə keçirilib: "Sorğunun nəticələrə görə, sosial şəbəkə və internet saytlardan gündəlik xəbər alanların ümumi sayı, digər informasiya kanallarına nisbətən üstünlük təşkil edir. Məlum olub ki, son illər hər gün xəbərləri izləyən fəal auditoriyanın xəbər mənbəyi, informasiya qaynaqlarında ciddi diverifikasiya baş verib, qəzet, TV və radio ikinci plana keçib".
X.Səfəroğlu qeyd edib ki, əsas informasiya mənbəyi kimi internet KİV və sosial şəbəkələri seçənlər, bunların verdiyi üstünlüklərin fərqindədirlər: "Onlar üçün məlumat azadlığına riayət olunması, xəbərlərin ətraflı izlənilməsi imkanı olduqca əhəmiyyətlidir. Yəni, seçim sadəcə texnikin üstünlüklərə əsaslanmır, eyni zamanda düşünülmüş seçimdir. Nəticələr göstərir ki, internet saytlar artıq sabit auditoriya toplaya biliblər".