Rəqəmsal dövrdə medianın transformasiyası Hadisə

Rəqəmsal dövrdə medianın transformasiyası

"İnkişafın yeni meylləri" adlı dəyirmi masa keçirilir

IV Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində "Rəqəmsal dövrdə medianın transformasiyası: inkişafın yeni meylləri" adlı dəyirmi masa keçirilir.
APA-nın məlumatına görə, Azərbaycan Dövlət teleqraf Agentliyinin (AzərTAc) baş direktoru Aslan Aslanovun sədrliyi ilə keçən tədbirdə xarici və yerli mütəxəssislər, media nümayəndələri, dövlət qurumlarının mətbuat xidmətinin rəhbərləri iştirak ediblər.
Çıxış edən A.Aslanov deyib ki, Azərbaycanda mətbuat və söz azadlığı təmin olunur, ölkə hazırda həm də sosial media dövrünü yaşayır. Onun sözlərinə görə, hazırda bütün dünyada internet media artıq klassik medianı sıxışdırmağa başlayıb. Sosial media isə artıq ənənəvi media ilə yanaşı addımlayır: "Hətta bəzən ənənəvi media tərəfindən sosial mediaya qarşı qısqanc münasibət də var. Lakin ənənəvi, klassik media yeniliyə qarşı çıxmamalı, əksinə, onunla ayaqlaşmağa çalışmalıdır. Bu dəyirmi masa üç paneldən ibarətdir. Panellər "Mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun həyata keçirilməsi şəraitində XXI əsr jurnalistikasının problemləri", "Sosial media bumu: informasiya cəmiyyətlərində jurnalistikanın yeni məqsədi" və "Qloballaşma şəraitində müasir elmin humanitar problemlərinin işıqlandırılmasında medianın yeri və rolu" mövzularına həsr olunub".
Növbəti panelə Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) baş katibi, Rusiyanın "İTAR-TASS" agentliyinin baş direktorunun I müavini Mixail Qusman moderatorluq edib. Paneldə çıxış edən Avropa Xəbər Agentlikləri Alyansının (EANA) sabiq prezidenti, Avstriyanın APA agentliyinin icraçı direktoru Piter Kropş deyib ki, sosial media özünün sürətə inkişaf dövrünü yaşayır. Onun sözlərinə görə, sosial media ənənəvi medianın bəzi çatışmazlığını örtür: "Çünki məlumatları sosial mediada yerləşdirmək işini həyata keçirmək çox asandır. Lakin təbii ki, sosial medianın da öz çatışmazlıqları var". O, həmçinin qeyd edib ki, sosial media fəaliyyətində manipulyasiyaya və korrupsiyaya yol versə, bu, onun məhvinə gətirib çıxara bilər: "Lakin mən sosial medianı etibarlı xəbər mənbəyi kimi qəbul edirəm".
Malayziyanın BERNAMA agentliyinin baş direktoru Yonq So Heonq bildirib ki, XXI əsrdə ekstremizmə yol yoxdur: "Bunun qarşısını almaq üçün fəlsəfi və dini ənənələri gücləndirmək lazımdır. Bu yolla ədalət və mükəmməlliyə nail ola bilərik". Xorvatiyanın sabiq prezidenti Stepan Mesiç bildirib ki, media mənsubları ikili tələyə düşürlər: "Bir tərəfdən onları informasiya əldə etmək maraqlandırır. Digər tərəfdən, onlar nəyin obyektiv və tərəfsiz verilməli olduğunu unudurlar. İnformasiya verilir, biz onun informasiya olduğunu təsdiq etməyə bilmərik. Lakin informasiya bir tərəfdən daxil olursa, digər tərəfdən bloklanır". İtaliyanın AGİ agentliyinin baş icraçı direktoru Gianni Di Giovanninin fikrincə, xəbər agentliklərinin peşəkarlığı zəmanət verir ki, istənilən məlumat iki dəfə yoxlanılsın: "Biz böyük keçidin yalnız əvvəlindəyik. Bu dövr bizim səhvlərimiz üçün sınaq dövrüdür. Gələcək həmin gələcək özü üçün təsəvvür edənlərə məxsusdur".
Türkiyə Jurnalistlər Federasiyasının (TJF) prezidenti Atila Sertel çıxışına Azərbaycan torpaqlarının işğal olunması və Xocalı sakinlərinin soyqırıma məruz qalması faktını xatırlatmaqla başlayıb. O, xüsusilə qadın və uşaqların amansızcasına qətl edilməsinin qəbuledilməz olduğunu və ədalətin bərqərar olmasına ehtiyac duyulduğunu qeyd edib: "Azərbaycan Qarabağ və Xocalı kimi faciələrin acısını yaşayır. Xocalıda yüzlərlə ailə qətlə yetirilib. Çox uşaq atasız, anasız qalıb. İndi həmin uşaqların 23 yaşı var. Onlar anasız böyüməli deyillər. Heç bir dövlət, heç bir ürək məhəbbətsiz olmamalıdır". O qeyd edib ki, sülhə nail olmaq müharibə şəraitində yaşamaqdan daha çətindir: "Keçmişi keçmişdə saxlamaq, uşaqlara qayğı göstərmək, onların gələcəyi haqqında düşünmək lazımdır. Bu xəbər agentlikləri üçün vacibdir". A.Sertelin fikrincə, dünyanın çox yerində jurnalistikanın ən böyük problemi onun müstəqilliyidir. Dünyanın bir sıra ölkələrində jurnalistlərin fəaliyyəti zamanı öldürüldüyünü xatırladan A.Sertel xüsusən Yaxın Şərqdə jurnalistlərin öldürülməsinin qarşısının alınmasına çağırıb: "2013-cü ildə 132 jurnalist həlak olub. Jurnalistlər öldürülməməli, onların təhlükəsizliyinin təmin edilməsi üçün bütün imkanlardan istifadə edilməli, jurnalistlərin sərbəst işləməsi üçün şərait yaradılmalıdır". Millət vəkili Elmira Axundova deyib ki, son dövrlərdə cəbhə bölgəsində baş verən hadisələr mətbuatda qeyri-dəqiq informasiyaların yayılmasına gətirib çıxarıb. Onun sözlərinə görə, bununla bağlı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev tərəfindən həm media nümayəndələrinə, həm də cəbhəyanı bölgədə çalışanlara xəbərdarlıq edilib ki, işlərində daha məsuliyyətli olsunlar". Tədbir panellər üzrə davam edib.