Torpaq nisgili... Hadisə

Torpaq nisgili...

Arzu Şirinova

Payızı sevmirəm. Neçə illərdir yayı payız əvəzləyəndə elə bilirəm ki, yenə nəsə bəd xəbər eşidəcəm, əzizlərimdən birini itirəcəm. Çünki bu qorxunu iki dəfə yaşamışam. Oktyabrın 20-də atamı, noyabrın 7-də anamı itirmişəm...
...Hər bir övlada valideynləri əzizdir və onların yoxluğunu bu dünyadan köçəndən sonra daha artıq hiss etməyə başlayır. 2006-cı ildən bu yoxluğu yaşayıram-için-işin, kimsəyə bildirmədən, hətda övladlarıma da. Ancaq atamın ildönümündən bir gün əvvəl bi yoxluğu balaca qızımla birgə yaşadıq. Onun bir hərəkətini qızım təsadüfən təkrarladı və hər ikimiz qeyri-ixtiyari "gözəl insan" idi, dedik. Və onunla keçirdiyimiz günlərdən danışdıq...
...Yenə də təkrarlayıram ki, hər bir övlada valideyni əzizdir və o, valideyni haqqında kifayət qədər gözəl fikirlər ortaya qoya bilər. Mənim valideynlərim torpaq həsrətini çəkə-çəkə, bu həsrəti qəbir evinə apardılar. Mən isə bu həsrəti görsəm də çarəsizcəsinə onların həsrətinə seyrçi qaldım. Əlimdən yalan deməkdən başqa nəsə gəlmədi. Bu da məcburu yalan idi...
...Bir həftə olardı ki, atam iflic keçirmişdi. Səbəbi də avtobusda bir nəfərin " Bu qaçqınlardır, məcburu köçkünlərdir bizi lap təngə gətirdilər. Elə yer üstündə dava edənsinizsə, torpağınızı qoruyardınız" deməsi atama yamanca təsir eləmişdi. Düzdür ordaca həmin adamın cavabını vermişdi və bildirmişdi ki, "Qubadlının mərd oğulları ov tüfəngi ilə torpaqlarını qoruyurdular, dəfələrlə olub ki, Ermənistanla sərhəddə yerləşən kəndlərimizə hücüm olub və yandırılıb, ancaq buna baxmayaraq, insanlar öz torpaqlarından vaz keçməyiblər. Bu gün biz şəhərdə sizin tənəli sözlərinizi götürmək zorundayıqsa bu, bizim günahımız deyil. Silah versinlər hər birimiz vuruşub torpaqlarımızı işğaldan azad etməyə hazırıq. Təki bu istək olsun. Siz də, biz də rahat yaşayışımızı təmin edək". Ancaq bu sözü uda bilmədi və iflic oldu. Həkimlər bir həftə vaxt verdilər, yaşaması üçün. Özü də həkim idi və bilirdi ki, həyatının son günlərini yaşayır. Həkimlər hər ehtimala qarşı dava-dərman yazmışdılar. İynə vurmaq istəyəndə əlinin işarəsiylə qoymadı ki, ehtiyac yoxdu.
Fikirləşdim ki, atam üçün hansı yaxşılığı edə bilərəm. Tapdım, yalan danışmalıyam. Səhər işə getməzdən öncə atamgilə döndüm. Hal-əhval tutdum. Anam atamın başının üstündə çarəsiz-çarəsiz onun üzünə baxırdı. Hərdən mətbəxtə keçib ağlayır sonra geri dönürdü. Özümü toparlayıb yalanımı atamın gözlərinə baxa-baxa dedim:"Qubadlını işğaldan azad ediblər. Hazırlaşın evimizə gedirik". Bu gözləri görmək lazım idi. Ölməyə saatlar qalmış bu gözlər canlandı, az qala sevincindən hədəqəsindən çıxacaqdı. Bu gözlərə həyat eşqi gəldi və bir-birinin ardınca muncuq kimi yaşlar süzülərək yanağını islatdı. Bu, sevinc göz yaşlarıydı. Əliylə işarə elədi ki, nəsə yazmaq istəyir. Qələm, kağız gətirdim. Güclə bu sözləri yazdı-"məni oğlumun yanında dəfn edərsiniz". Söz verdim. Və özümü mətbəxtə güclə çatdırdım ki, atam hıçqırıqlarımı eşitməsin. Ürəyim boşalınca ağladım. Hər şeydən xəbərsiz anam da bu yalanıma inanmışdı:"Ay bala doğrudan Qubadlını azad eləyiblər? Nə yaxşı oldu, Allah eləməmiş birdən kişi ölər aparıb o uşağın yanında torpağa tapşırarıq". Anama həqiqəti deyəndə gözlərimin içinə baxdı-baxdı və "mən öləndə yalan demərsən, yoxsa ruhum səni bağışlamaz", dedi.
O gündən atamın ruhunun məni bağışlayacağını arzulayıram. Və bu ruhun , eləcə də minlərcə atam kimilərin ruhlarının rahatlıq tapması üçün torpaqlarımızın işğaldan azad olduğu günü gözləyirəm. Ümüd edirəm ki, mənim ruhum ruhlara qarışıb torpaq nisgilini çəkməyəcəklər. O nisgil ki, məni yandırıb yaxır və övladlarımın yanmasını istəmirəm.