Türkiyə-Rusiya yaxınlaşması Hadisə

Türkiyə-Rusiya yaxınlaşması

Teyyub Qənioğlu
BAXCP Ali Məclisinin sədri

Rusiya prezidenti Vladimir Putinin Türkiyə səfəri dünyada, o cümlədən Azərbaycanda, geniş şərh edilir və bu mövzu ətrafında bir-birinə zidd fikirlər səsləndirilir. Təbiidir ki, bizi Türkiyə-Rusiya yaxınlaşmasının ölkəmizin maraqlarına cavab verib-vermədiyi daha çox maraqlandırır. Söylənilən fikirlər müxtəlif olsa da, əsas diqqətin aşağıdakı suallara cavab tapılmasna yönəldiyi sezilməkdədir: bu yaxınlaşma Azərbaycanın enerji layihələri üçün təhlükə törədə bilərmi, Dağlıq Qarabağ münaqişəsinin həllinə necə təsir edə bilər, Türkiyə-Ermənistan sərhəddinin açılmasına qətirib çıxarmaz ki? Qəti əminliklə söyləmək olar ki, Rusiyanın məcburən "Cənub Axını" layihəsindən imtina edib Türkiyə ilə onun ərazisindən keçəcək və ildə 63 milyard kub metr qaz nəql edilməsini nəzərdə tutan qaz kəmərinin çəkilməsini nəzrdə tutan layihəni imzalaması TANAP və TAP layihələri üçün heç bir təhlükə törətmir. Tükiyə həm TANAP, həm də TAP layihələrində kifayət qədər yüksək paya malikdir və bu layihələrin reallaşmasında Azərbaycan qədər marqlıdır. Bundan başqa, Rusiya ilə imzalanan yeni layihəyə görə nəqli nəzərdə tutulan 63 milyard kub metr qazın cəmi 14 milyard kub metrini Ankara alacaq, yerdə qalan həcm isə Türkiyə və Yunanıstan sərhədinə çatdırılacaq. Bu miqdarda qazın Türkiyənin artan tələbatının ödənilməsinə cavab vermədiyi isə göz qabağındadır. Həm də nəzərə almaq lazımdır ki, TANAP və TAP layihələrinin daha tez reallaşacağı gözlənilir... Türkiyə-Rusiya yaxınlaşmasının Dağlıq Qarabağ münaqişəsinin həllinə necə təsir edə biləcəyinə gəldikdə isə bunları söyləmək olar: Rusiya gözəl başa düşür ki, Dağlıq Qarabağ münaqişəsinin istənilən variantda həlli onun nəinki Cənubi Qafqazdan, perspektivdə həm də Şimali Qafqazdan çıxmasına gətirib çıxara bilər. Ona görə də, Rusiya bu münaqişənin həll edilməsində maraqlı deyil və onun dondurulmuş vəziyyətdə saxlanılmasına çalışır. Azərbaycanda da bunu yaxşı başa düşürlər və ona görə də, münaqişənin hərb yolu ilə həll edilməsini istisna etmirlər. Dağlıq Qarabağ münaqişəsinin hərb yolu ilə həll edilməsinə cəhd göstərildiyi halda Türkiyə-Rusiya yaxınlaşması Rusiyanın Azərbaycana açıq hərbi müdaxiləsinin qarşısını ala bilər. Türkiyə-Rusiya yaxınlaşmasının Türkiyə-Ermənistan sərhəddinin açılmasına qətirib çıxaracağından da narahat olmağa dəyməz. Əvvəla Türkiyə açıq şəkildə bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsi həll edilməyincə sərhədlərin açılması mümkün deyil. Türkiyə iqtidarı müxtəlif istiqamətlərdən təzyiqlər nəticəsində sərhədləri açmaq istəsə də, Türkiyə ictimaiyyətinin buna imkan verməyəcəyini əminliklə söyləmək olar. Bundan başqa, qeyd edilən sərhədlərin açılması Ermənistanın Rusiyadan asılılığının azalmasına səbəb ola bilər ki, Rusiya da bunda maraqlı ola bilməz. Qeyd edilənlərdən göründüyü kimi, Türkiyə-Rusiya yaxınlaşması ümumilikdə Azərbaycanın maraqlarına cavab verir.