374 hoteldə monitorinq aparılıb, 213 hala görə cərimə tətbiq edilib Hadisə

374 hoteldə monitorinq aparılıb, 213 hala görə cərimə tətbiq edilib

2020-ci ilin avqustun 24-dən 2021-ci ilin fevralın 21-dək müvafiq qurumlar tərəfindən bu dövr ərzində ölkədə fəaliyyət göstərən 374 hoteldə ümumi olaraq 11244 sayda monitorinq aparılıb və 213 cərimə tətbiq edilib.

Trend-in məlumatına görə, bunu Dövlət Turizm Agentliyinin (DTA) Aparat rəhbəri Kənan Qasımov bu gün keçirdiyi brifinqdə deyib.

DTA tərəfindən hotellərə ciddi xəbərdarlıq edildiyini xatırladan K.Qasımov deyib ki, Səhiyyə Nazirliyi ilə birgə həyata keçirilən monitorinqlərdə pandemiya dövründə fəaliyyət göstərən hotellərdə işçi heyətin və qonaqların təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan gigiyena və sanitariya tədbirlərinin tətbiq edilməsi səviyyəsi yoxlanılıb.

K.Qasımov bildirib ki, Dövlət Turizm Agentliyi olaraq əsas vəzifəmiz insanların səyahətlərinin təhlükəsizliyini təmin etməkdir. O, hotellərin işçi heyətini, eləcə də qonaqları xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə sosial məsafənin gözlənilməsi, dezinfeksiyaedici məhlullar, bütün qapalı və açıq məkanlarda tibbi maskadan istifadə edilməsinin məcburi olduğu barəsində bir daha xəbərdarlıq edib və pandemiya ilə əlaqədar müəyyən edilmiş məhdudiyyət və tələblərə ciddi riayət etməyə çağırıb.

Qeyd edək ki, hotellərdə monitorinqlərin keçirilməsinin əsas məqsədi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 8 avqust 2020-ci il tarixli 287 nömrəli “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları”nın təsdiq edilməsi barədə qərarından irəli gələn tapşırıqların icrasına nəzarət edilməsidir.

Pandemiya dövründə mehmanxanalara sözügedən tələbləri əməl etməkdə dəstək göstərmək məqsədilə Dövlət Turizm Agentliyi tərəfindən fərdi qoruyucu vasitələr (maska, eynək, kombinzon və s.), dezinfeksiyaedici məhlullar paylanılıb, “SAHMAN” proqramı çərçivəsində maarifləndirmə işləri davam etdirilib.

Mehmanxana qonaqlarına sosial məsafə və fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı xatırlatmalar etmək məqsədli divar və döşəməyə vurulmaq üçün 11 müxtəlif kateqoriyanı əks etdirən 4600 ədəd nişan və lövhə çap olunaraq sənaye nümayəndələrinə paylanılıb, hotelləri təlimatlandırmaq və maarifləndirmək məqsədilə təlimlər keçirilib, hotellərə pandemiyaya qarşı karantin tədbirlərinin icrasına məsul şəxslər təyin olunub.

Tədbirlər çərçivəsində Nazirlər Kabinetinin sərtləşdirilmiş karantin rejimində tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması haqda 16 yanvar 2021-ci il tarixli qərarından sonra “Şahdağ” Turizm Mərkəzi və “Tufandağ” Qış-Yay Turizm İstirahət Komplekslərində qonaq sayının çox olması nəzərə alınaraq xüsusi məhdudlaşdırıcı tədbirlər həyata keçirilib.