“Rusiyanın NATO ölkəsinə hücum etmə ehtimalı yoxdur” Gündəm

“Rusiyanın NATO ölkəsinə hücum etmə ehtimalı yoxdur”

“Ukrayna müharibəsində Rusiya çox ağır yaralar aldı. Milyondan artıq canlı qüvvə itirildi, iqtisadiyyat ciddi şəkildə zəiflədi. Dünyada Rusiyanın nüfuzu azaldı, bir çox bölgələrdə əvvəlki mövqelərini saxlaya bilmədi”.

Bunu xalqcebhesi.az-a açıqlamasında politoloq Abutalıb Səmədov deyib.

O hesab edir ki, bütün bunlardan sonra Rusiyanın yaxın 3 ildə hər hansı bir NATO ölkəsinə hücum etmək ehtimalı yoxdur: “Üstəlik, nəzərə almaq lazımdır ki, Rusiya nəyin bahasına olursa-olsun mümkün qədər Ukrayna müharibəsini tez bitirmək istəyir və ilk dəfə güzəştə getməyə hazır olduğunu Alyaskada Trampla görüşdə göstərdi. Adətən zaman keçdikcə Rusiya sülh şərtlərini ağırlaşdırırdı və Putin bunu açıq şəkildə bəyan etmişdi. Ancaq Alyaska görüşündə Rusiya ilk dəfə ciddi şəkildə güzəştə getməyə hazır olduğunu dedi və razılaşmaya gəldi. Bu səbəbdən mən hesab edirəm ki, 2029-cu ildə, yaxud bir az tez Rusiyanın hansısa NATO ölkəsinə hücum etmə ehtimalı yoxdur”.

A.Səmədovun fikirlərinə görə, lakin Avropa ordularını gücləndirmək üçün hərbçilər hərbi xərclərin artırılması üçün bu cür bəyanatlar verirlər, Rusiya qorxusu ilə çalışırlar ki, hərbi xərclərə ayrılan vəsaitin həcmi artırılsın. O həmçinin qeyd edib ki, Rusiyanın yaxın illərdə NATO ölkəsi ilə müharibə aparmaq gücünün olacağına inanmır.

Röya İsrafilova