“Ukraynanın Avropa İttifaqına üzvlüyü bu tezlikdə inandırıcı deyil” Gündəm

“Ukraynanın Avropa İttifaqına üzvlüyü bu tezlikdə inandırıcı deyil”

“Avropa İttifaqı Şurasının sədri Antonio Koştanın Ukraynanın Avropa İttifaqına üzvlüyü ilə bağlı danışıqların başladığını bəyan etməsi Kiyevin Avropa inteqrasiyası yolunda mühüm siyasi dəstək əldə etdiyini göstərir. Lakin danışıqların başlaması ilə tamhüquqlu üzvlük arasında ciddi fərq var və bu prosesin qısa müddətdə yekunlaşacağını düşünmürəm”.

Bunu xalqcebhesi.az-a açıqlamasında politoloq Turan Rzayev deyib.

T.Rzayevin sözlərinə görə, Avropa İttifaqına üzvlük uzunmüddətli və mürəkkəb prosedurdur: “Namizəd ölkələr siyasi institutların sabitliyi, hüququn aliliyi, iqtisadi dayanıqlılıq və Aİ qanunvericiliyinə uyğunlaşma kimi onlarla meyarı yerinə yetirməlidirlər. Bu baxımdan Ukraynanın qarşısında hələ böyük və çətin bir yol dayanır. Müqayisə üçün deyim ki, Türkiyə 1999-cu ildə namizəd ölkə statusu alıb, 2005-ci ildə isə üzvlük danışıqlarına başlayıb. Buna baxmayaraq aradan keçən otuz ilə yaxın müddətdə Türkiyə hələ də Avropa İttifaqına üzv ola bilməyib. Bu fakt göstərir ki, geosiyasi əhəmiyyətə malik olmaq və ya Avropa ilə sıx əməkdaşlıq etmək avtomatik şəkildə üzvlük təmin etmir”.

Politoloq diqqətə çatdırıb ki, Ukraynanın vəziyyəti isə daha mürəkkəbdir: “Ölkə artıq bir neçə ildir ki, Rusiya ilə müharibə vəziyyətindədir. Ərazilərinin bir hissəsi Rusiya işğalına məruz qalıb infrastruktur ciddi zərər görüb və iqtisadiyyat müharibənin ağır yükünü daşıyır. Hərbi xərclərin artması, investisiyaların azalması və yenidənqurma ehtiyacları Ukraynanın iqtisadi transformasiya imkanlarını məhdudlaşdırır. Digər tərəfdən, Avropa İttifaqının özü də Ukraynanın üzvlüyünün nəticələrini hesablayır. Əhalisinin sayı, kənd təsərrüfatı potensialı və yenidənqurma üçün tələb olunan böyük maliyyə vəsaiti Ukraynanı Aİ üçün həm strateji, həm də iqtisadi baxımdan mürəkkəb namizədə çevirir. Bu səbəbdən bir çox Avropa ölkələri prosesi siyasi dəstək çərçivəsində davam etdirsələr də, tamhüquqlu üzvlük məsələsində ehtiyatlı davranırlar. Bütün bunları nəzərə aldıqda, Ukraynanın Avropa İttifaqına üzvlüyü bu tezlikdə inandırıcı deyil”.

Röya İsrafilova