Azərbaycan diasporu və dünya mediası ilə iş prinsipi Hadisə

Azərbaycan diasporu və dünya mediası ilə iş prinsipi

Azərbaycan diasporu indiyədək uzun inkişaf yolu keçib, onun fəaliyyəti nəticəsində bir sıra uğurlara da imza atılıb. Diaspor təşkilatlarının sayı da az deyil. Amma say keyfiyyət göstəricisi deyil və uğurlara rəğmən həll edilməsi zəruri olan kifayət qədər ciddi problemlər var.
Əvvəlcə qeyd edək ki, Azərbaycan kimi ərazisi işğalda olan və yerləşdiyi coğrafi məkana görə, burada marağı olan böyük dövlətlərin ciddi təzyiqlərinə məruz qalan dövlətlərin güclü diaspora ehtiyacı var. Ümumiyyətlə, güclü diaspor anlayışı nədir, diasporun güclü olması üçün nə lazımdır, əsas komponentlər nədən ibarətdir? Təbii ki, başqa ölkələrdə yaşayan azərbaycanlılar həmin cəmiyyətlərə inteqrasiya olmalı, dili mükəmməl bilməli və daha çox intellektual sahələrdə fəaliyyət göstərməlidirlər. Bizim təhlil edəcəyimiz müzakirə mövzusu isə bu deyil. Qeyd etdiyimiz məsələlər üçün uzun illər lazımdır və xaricdə yaşayan ikinci nəsil azərbaycanlıların bu mərhələyə çata biləcəyi daha çox inandırıcı görünür.
Bəs hazırda nə etməliyik? O halda indiki real sosial baza və şərtlərlə fəaliyyət göstərən diaspor təşkilatlarımız effektiv fəaliyyət göstərmək üçün ilk növbədə yaşadıqları ölkələrin mediası ilə sıx əlaqələr qurmalıdırlar. Bunu bacarmayan, jurnalistləri keçirdikləri tədbirə gətirə bilməyən təşkilatların işini uğurlu, fəaliyyətini ciddi hesab etmək olmaz. Deməli belə təşkilatlar zəiflər kateqoriyasına aiddirlər. Təssüf ki, bunların sayı az deyil.

Uzun illər boyu formalaşan mənfi ənənə

Bir məsələni xüsusi qeyd etmək zəruridir. Eyni taktiki fəaliyyət nəticəsində illər uzunu mənfi ənənə formalaşıb. Yəni xaricdə keçirilən tədbirlərə daha çox adam toplamaq. Təbii ki, tədbirləimizə daha çox insanın qatılması çox yaxşıdır. Amma bir şərtlə ki, bu insanlar həmin ölkənin vətəndaşlarlı və ya ümumilikdə digər millətlərin nümayəndələri olsun. Amma bizdə uzun illərdir davam edən ənənə necədir? Tutaq ki, Qarabağ, Xocalı soyqırımı və ya Azərbaycanla bağlı hər hansı bir mövzuda keçirilən tədbirə yalnız azərbaycanlılar, ən yaxşı halda isə Türkiyə türkləri qatılırlar. Yəni bir sıra hallarda Azərbaycanın problemlərini bilən soydaşlarımızdan savayı tədbirə heç kim gəlmir. Təbii ki, belə tədbirlər heç kimə lazım deyil. Bu kimi addımlar boş yerə xərclənən maliyə deməkdir. "Zal dolu olsun" prinsipini reallaşdırmaq üçün kifayət qədər ciddi işlərin görülməsinə yetən maliyyə vəsaiti xərclənir. Həmin tədbirə Azərbaycandan çoxsaylı insanlar gedir ki, bu qədər insana maliyyə xərcləmək turist səfərindən başqa bir şey deyil. Bu tədbirlərə Azərbaycandan azsaylı insanların qatılması laızmdır ki, maliyyə xərci cüzi olsun. Bura Diasporla İş üzr Dövlə Komitəsinin əlaqədar əməkdaşı, çıxışçılar və media nümayəndələrindən savayı heç kim daxil edilməməlidir. Qısa bir test edək. Tutaq ki, bir tədbirə Azərbaycandan Almaniyaya 20 nəfər aparılır. Bu 20 nəfərin təyyarə biletləri, otel və qida xərcləri təqribən 25 min manata qədər vəsait deməkdir. 25 min manat xərcləyirik və 20 nəfər Avropaya turist səfəri edir, nəticədə biz heç nə qazanmırıq. Amma bunun əvəzində hər hansı bir Avropa ölkəsinin hər hansı bir mətu otrqanında, əyalət nəşrlərində belə kiçik həcmli bir yazı dərc etdirsək müsbət nəticə baxmından nə qədər böyük bir fərqin şahidi olarıq. Onu da nəzərinizə çadıraq ki, Avropa ölkələrində 150 min tirajla nəşr olunan əyalət qəzetləri fəaliyyət göstərir və bunun da böyük əksəriyyəti abunə yolu ilə yayılır. 150 min tirajlıq mətbu orqanda nəşr olunan Azərbaycanla bağlı yazını 5 min nəfər oxuyursa deməli bu, "zal dolu olsun" prinsipi ilə keçirilən tədbirlərdən 5 min dəfə əhəmiyyətli sayılır.

İşi bilən jurnalistlərlə daha sıx əməkdaşlıq vacibdir

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət komitəsi Azərbaycanda diaspor üzrə yazan jurnalistlərlə daha sıx əməkdaşlıq etməldir. Azərbaycanda barmaqla sayılacaq qədər diaspor işini bilən, Avropada, Amerikada və digər yerlərdə fəaliyyət göstərən azərbaycanlılarla şəxsi əlaqələri olan və onların əksəriyyətini şəxsən tanıyan jurnalistlər var. Məsələn, Komitənin xaricdə yaşayan hr hansı bir diapsor təşkilatının rəhbəri və ya diaspor fəalı ilə rəsmi əməkdaşlıq münasibəti varsa, jurnalsitlərin onlarla formalaşmış şəxsi münasibətləri var. Deməli həm də jurnalistlər kimin nəyə qadir olduğunu daha yaxşı bilirlər. Və ya elə diaspor təşkilatı və ya onun rəhbər ola bilər ki, Azərbaycanda özünü tanıtmaq istəyir, amma ortada ciddi fəaliyyəti yoxdur. Belə məsələlərdə də Komitə jurnalistlərə tövsiyyə verə bilər. Bu üzdən daha sıx qarşılıqlı əməkdaşlıq uğurlu kadrların seçilməsinə şərait yaradar ki, bunun nəticəsində həyata keçirilən layihələrə daha düzgün formada maliyyə yardımı edilə bilər. Belə olduqda isə həmin maliyyənin daha ciddi effektiv nəticələrə sərf olunduğunu müşahidə edə bilərik. Xarici media ilə iş prinsipində Diaspor Jurnalistləri Birliyinin (DJB) müsbət fəaliyyəti var. Bu təşkilatın "0" büdcə ilə həyata keçirdiyi layihələr nəticəsində bir sıra ölkə mediasında Azərbaycanla bağlı yazıların nəşr edilməsinə nail olunub.
DJB bu ötən il ərzində 6 ölkənin 8 mediasında Azərbaycan, eləcə də Qarabağ həqiqətləri ilə bağlı məqalələr dərc etdirib.
Pakistanın "DNA" informasiya agentliyində və "Centreline" jurnalında Xocalı faciəsi ilə bağlı məqalə, Litva Respublikasının məşhur "slaptai.lt" internet portalında ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi 31 Mart soyqırımdan bəhs edən məqalə, Pakistanın dövlət qəzeti "Daily Parliament Times"da da "Erməni vandalizminə qarşı Azərbaycan tolerantlığı" adlı məqalə, Gürcüstanın "İberiana2" elmi saytında "Ermənilər qondarma erməni soyqırımının yalan olduğunu etiraf edirlər" adlı yazı dərc olunub. Bundan başqa Almaniyada nəşr olunan "Bakış" jurnalında, Türkiyənin "sporajans.com.tr" saytında, İtaliyanın məşhur "Capitolino Flaş" (Paytaxt İşığı) qəzetində yazılar dərc olunub.
Bu il yanvarın 22-də isə Avstraliyanın beynəlxalq "Ancient-origins.net" (Qədim mənşələr) saytında Azərbaycan ərazisindəki Alban məbədləri haqqında məqalə dərc edilib. Bu ənənə davam etdirilir.

Kadrların seçimi böyük önəm daşıyır

Ümumiyyətlə, gəlin görək xarici media ilə əlaqələri olan nə qədər təşkilatımız var? Belə təşkilatlar və ya diaspor fəallarının sayı çox azdır. Çox təəssüf ki, xarici media ilə iş zəifdir. Diasporla İş üzrə Dövlət Komitəsi əlaqələri geniş, mediaya, dövlət qurumlarına, parlamentə çıxış imkanı olan soydaşlarımızla işləməyə üstünlük verməlidir. Onu da nəzərinizə çatdıraq ki, son zamanlar az da olsa belə tədbirlərin şahidi oluruq. Məsələn, 2015-ci il yanvarın 28-də Macarıstanın paytaxtı Budapeştdə Soyqırım Həqiqtələrinin Tanıdılması İctimai Birliyinin "Qardaşlıq" Macar – Azəri Birgə Cəmiyyəti ilə birgə təşkil etdiyi, bizim də qatıldığımız "Xocalı soyqırımına beynəlxalq hüquqi baxış və əsassız erməni iddiaları" adlı konfrans keçirildi. Tədbirə 3 Macarıstan televiziyası, 7 qəzet və İnformasiya agentliklərinin əməkdaşları qatılmışdılar. Tədbir həmin KİV-lərdə geniş şəkildə yayıldı. Konfrans iştirakçılarının 90 faizi isə macarlar idi. Macarları tədbirə dəvət edən, orada geniş əlaqələrə malik olan Macar – Azəri Birgə Cəmiyyətinin sədri
Ramiz Əmirli idi. Ramiz Əmirli "hələlik mənim rəhbərlik etdiyim "Qardaşlıq" cəmiyyəti Komitə ilə birgə tədbir keçirməyib. Biz, nəinki, Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycanı sevən hər bir şəxslə işbirliyi qurmağa hazırıq",-deyə bildirdi: "Nəzərinizə çatdırım ki, biz, cəmiyyət olaraq həmişə xarici mətbuatı izləyirik. Buna məcburuq. Macarısatanla bərabər Avropanın digər ölkələrində ölkəmiz haqda yazilar da çap etdiririk. Buna çox ehtiyac var. Əlbəəttə ki, biz, daha da güclənməliyik. Bunun ücün dövlətimizin, Diasporla İş üzrə Dövlət Komitəsinin kölgəsini həmişə üzərimizdə hiss etməliyik. Dövlətimizi layiqincə təmsil edən hər bir cəmiyyətə, vətəndaşa dəstək vermək lazimdir. Diaspor işi o zaman daha effektli ola bilər ki, bu iş həmin ölkələrdə uzun müddət yaşayan, həmin millətin dilini- sirrini bilən, orada müxtəlif təbəqələrdə, eyni zamanda, mediada dostluq əlaqələri qurmağı bacaran insanlarla aparılsın".
Digər geniş əlaqələri olan soydaşlarımızdan biri Hollandiyada yaşayan Vüqar Abbasovdur. Vuqar Abbasov Azərbaycan, Hollandiya və Beynəlxalq Jurnalistlər Birliyinin üzvüdür, holland dilini bilir, holland mediasında dəfələrlə yazıları dərc olunub, holland millət vəkilləri, bələdiyyə sədrləri və digər təşkilatlarla əlaqələri var. Amma təəssüf ki, Diaporla İş üzrə Dövlət Komitəsi bu şəxslə də əməkdaşlıq etmir. Vuqar Abbasov bildirdi ki, Diasporla İş Üzrə Dövlət Komitəsində şəxsən tanıdığı və hörmət etdiyi insanlar da çalışır: "İşgüzar baxımdan isə komitə ilə heç bir bağlılığımız yoxdur. Öncələr də mətbuatda bizim olmayan əlaqələrimiz barədə dəfələrlə yazmışam və dəyişən heç bir şey yoxdur. Ancaq buna görə kimisə, konkret komitəni itiham etmək fikrindən çox-çox uzağam". Onun sözlərinə görə, Niderlandda və eləcə də digər ölkələrdə mətbuatla işin nə dərəcədə əhəmiyyətli olduğunu təsəvvür etmək o qədər də çətin deyil: "Burda insanlar mətbuatı gündəlik izləyirlər və bir çox halda bir qəzeti bir neçə adam oxuyur. Sadə niderlandlıların bir çoxunun belə bir adətləri var ki, özləri qəzetləri oxuduqdan sonra qonşularına, yaxud digər tanıdıqlarına verirlər və bu da o deməkdir ki, qəzet əslində öz tirajından daha artıq insana çatmış olur. Müasir dövrümüzdə mediyanın insanlara rolu danılmazdır. Niderlandda hətta mediyanın vasitəsi ilə siyasətçilərə yaxşı mənada təsir belə etmək mümkündür. Mətbuatın qaldırdığı hər hansı bir məsələyə, siyasətçilərə ünvanladığı suallara yerli siyasət adamları çox nadir halda biganə qalarlar və hətta deyərdim ki, qalmırlar. Mən bunu şəxsi təcürübəmdən deyirəm. Niderlandın ən böyük partiyası olan PvdA – nın sədrindən tutmuş hər hansı bir bələdiyyənin üzvünə qədər suallar göndərdiyim vaxtlar olub və demək olar ki, heç bir vaxt suallarım cavabsız qalmayıb. Zaman-zaman bir çox oxucularımız mənim Niderland siyasətçiləri ilə hazırladığım müsahibələri Azərbaycan mətbuatından oxumaq imkanı qazanıblar (yeri gəlimişkən qeyd edim ki, həmən yazılar həm də yerli Niderland mətbuatında gedib). Düşünürəm ki, çalışıb jurnalist dostlarımızın sayını çoxaltmalıyıq. Əgər jurnalistlərə həqiqətlərimizi sübut edə bilsək, onlar bu həqiqətləri siyasətçilərə təqdim və sübut edə biləcəklər".

Əli Zülfüqaroğlu

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.