“Tam əminliklə demək mümkündür ki...” Hadisə

“Tam əminliklə demək mümkündür ki...”

Ramiz Alıyev: "Azərbaycan dostlarımızın gözlədiyi, düşmənlərimizin arzulamadığı böyük bir uğura imza atıb yarışları yüksək səviyyədə təşkil edəcək"

Çingiz Qənizdə: "Onlar qarayaxmaya ciddi cavab alacaqlar"

Sayılı günlərdən sonra Azərbaycan qitə miqyaslı "Bakı-Avropa Oyunları - 2015" yarışmasına ev sahibliyi edəcək. Bu möhtəşəm tədbirdə 20 idman növü üzrə yarışlar keçiriləcək ki, onların da 16-sı Olimpiya proqramına daxildir. Paytaxtımız 6 mindən artıq idmançını qəbul edəcək. Yarışda 239 komplekt medal uğrunda mübarizə aparılacaq. Tədbirdə 18 min yerli və xarici könüllülər fəaliyyət göstərəcək. Oyunları işıqlandırmaq üçün 700-ə yaxın beynəlxalq, 600-dən artıq yerli media nümayəndəsi akkreditasiya üçün Təşkilat Komitəsinə müraciət edib. Artıq ölkəmizdə birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi üçün müvafiq hazırlıq işləri demək olar ki, başa çatmaq üzrədir. Hər gün gözümüz qarşısında baş verən yeniliklər deməyə əsas verir ki, Azərbaycan birinci Avropa Oyunlarına tam hazırdır. Sözsüz ki, bu cür mötəbər tədbirin odlar yurdunun paytaxtı olan Bakıda keçirilməsi Avropa ailəsinin Azərbaycana böyük etimadının bariz nümunəsidir. Xatırladaq ki, 2012-ci il dekabrin 8-də İtaliyanın paytaxtı Romada keçirilən Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında ilk dəfə Avropa Oyunlarının keçirilməsi və bu oyunların Bakıda təşkil olunması barədə qərar qəbul edilib. Bu tarixi qərar özlüyündə ölkəmiz üçün xüsusi əhəmiyyət daşıyır. Ona görə ki, ən azı iyunun 12-dən 28-nə kimi davam edəcək bu idman bayramı Azərbaycanı Avropa tarixinə yazacaq. İllər dolanıb əsrlər keçdikdən sonra da Azərbaycanın adı
Avropanın idman tarixində qızıl hərflərlə həkk olunacaq.
Birinci Avropa Oyunlarının vaxtını Azərbaycanı sevən qüvvələr nə qədər səbirsizliklə gözləyirlərsə, ölkəmizə qarşı düşmən mövqedə dayanan dairələr də bir o qədər həyəcan və narahatçılıqla qarşılayırlar. Hər vasitə ilə ölkəmizin imicinə zərbə vurmağa, bu oyunların statusu və ona olan marağı azaltmağa çalışsalar da, onların bu istəyi baş tutmur. Əksinə, hər ötən gün Birinci Avropa Oyunlarına olan maraq bir qədər də artır. Bu tendensiya isə Azərbaycanı istəməyən qüvvələrin istək və arzularının reallaşmayacağını söyləməyə əsas verir. Elə politoloq Ramiz Alıyev də bu qənaətdədir. Onun sözlərinə görə, tam əminliklə demək mümkündür ki, Azərbaycan dostlarımızın gözlədiyi, düşmənlərimizin arzulamadığı böyük bir uğura imza atıb yarışları yüksək səviyyədə təşkil edəcək: "Çünki bu istiqamətdə cənab prezidentin verdiyi tapşırıq və tövsiyyələr yüksək səviyyədə icra olunur. Aparılan işlər birbaşa cənab prezidentin öz nəzarətindədir. I Avropa Oyunlarının təşkil olunması üçün yaradılmış Əməliyyat Komitəsinin sədri postuna Azərbaycanın birinci xanımı, millət vəkili, YUNESKO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təyin olunması isə cənab prezidentin tapşırıqlarının və yarışla bağlı istəklərinin yüksək səviyyədə təmin olunmasına gətirib çıxaracaq. Mehriban xanım Əliyevanın böyük təcrübəyə malik olması və bir neçə il öncə Bakıda keçirilən "Avrovision-2012" musiqi yarışmasının ölkəmizdə yüksək səviyyədə təşkil olunması, onun bütün dünyanı heyran etməsinin səbəbi də məhz cənab prezidentin diqqət və qayğısının nəticəsi, eyni zamanda həmin yarışın təşkil olması üçün yaradılmış olan Təşkilat Komitəsinə Mehriban xanım Əliyevanın rəhbərlik etməsi idi. Həmin ərəfədə də cənab prezidentin tapşırıq və tövsiyyələri vaxtında və düzgün formada, yüksək peşəkarlıqla həyata keçilmişdi". Ramiz Alıyev hesab edir ki, I Avropa Oyunları ərəfəsində bəzi xarici qüvvələr və onların daxildəki əlaltılarının ölkəmizə qarşı qarayaxma kampaniyası həyata keçirməsi təbiidir. Onun sözlərinə görə, Azərbaycanda hər dəfə beynəlxalq əhəmiyyətli bir tədbir keçiriləndə həmin qüvvələr ölkəmizə qarşı hərəkətə keçir: "Anti-Azərbaycan qüvvələrinin bu oyunlara qarşı apardığı kampaniyanın məqsədi birdir, Azərbaycanın belə bir böyük uğur qazanmasına qısqanclıq və bacardıqları qədər bu uğura ləkə yaxmaq. Daxildə olan anti-Azərbacan qüvvələr özləri bəlkə də dərk edə bilmir ki, bu cür riyakarcasına və xəcalət verici xidmətlə erməni lobbisinin dəyirmanına su tökmüş olurlar. Axı özünü bir ölkənin vətəndaşı hesab edən və həmin ölkəyə xidmət etməyə borclu olan bir vətandaş necə şərəfsiz ola bilər ki, ölkəsinin, dövlətinin uğuruna bilərəkdən ləkə gətirmək üçün canfəşanlıq etsin. Hakimiyyətə müxalif olmaq olar, hakimiyyətdə olan siyasi partiya ilə barışmayan məqamlar ola bilər, ancaq dünyanın dəstəklədiyi və hər bir ölkənin qəbul etdiyi bu uğurumuza müxalifət olmaq, düşmənlərimizlə eyni siyasi cəbhədə olmaq özündə onu ehtiva edir ki, sabah cənab Ali Baş Komandan əmr versə ki, torpaqlarımızı müharibə yolu ilə azad edək onda həmin bu şəxslər və siyasi partiya nümayəndələri Ermənistan ordusu ilə birgə Milli Ordumuza qarşı vuruşacaqlar. Xaricdəki anti-Azərbaycan qüvvələr isə heç cür həzm edə bilmirlər ki, Ermənistan səfalət içində batdığı bir dövrdə Azərbaycan belə bir qüdrətə malikdir".
Politoloq bildirib ki, bu ərəfədə Avropa Olimpiya Komitəsinin Avropa Oyunlarına hazırlığı yüksək qiymətləndirməsi anti-Azərbaycan qüvvələri məyus edib: "Yalnız Avropa Olimpiya Komitəsi deyil, bütün beynəlxalq idman təşkilatları və Beynəlxalq Olimpiya Komitəsi də Azərbaycanın idman yarışlarına necə səylə və ciddi şəkildə yanaşdığının dəfələrlə şahidi olub. Belə bir dönəmdə istər Avropa Olimpiya Komitəsinin, istərsə də xarici ölkə təmsilçilərinin ölkəmizin bu yarışlara hazırlıqlarının yüksək formada olmasını bildirməsi həm daxili, həm də xarici düşmənlərimiz üçün bir ölüm hökmünün verilməsinə bənzəyir. Əlbəttə bütün planlarının alt-üst olacağını və Azərbaycanın yenə də böyük bir uğura imza ataraq dünyanın diqqətini ölkəmizə cəlb edəcəyini bizim düşmənlərimiz açıq şəkildə bilir. Ancaq onlara verilən görəv "milçək" rolunda olsa da oynamaq və artan nüfuzumuza ləkə yaxmağa cəhddir. Bu da təbii ki, alınan bir məsələ deyil. Çünki nə Azərbaycan dövləti zəif dövlətlərdən deyil, nə də onlar Azərbaycanla rəqabətə tab gətirə bilməz. Azərbaycan dövlətində təmsil olunanlar komanda şəklində cənab prezidentin ətrafında əsgər olaraq birləşiblər. Ona görə də hansı yeni planlar üzərində işləsələr də özlərindən və bir də pulla aldıqları adamlardan başqa kimsə onlara nə inmamayacaq, nə də onları dəstəkləməyəcək. Eyni zamanda biz də Azərbaycan vətəndaşı olaraq siyasi mənsubiyyətindən və cəmiyyətdə tutduğu mövqeyimizdən asılı olmayaraq azərbaycanlı olmağını sübut etməli, vətəndaşlıq borcunu yerinə yetirərək düşmənlərimizə imkan verməməliyik ki, dövlətimiz üçün çirkin siyasi oyunlar aparsınlar. Hər bir azərbaycanlı fərqində olmalıdır ki, belə bir beynəlxalq əhəmiyyətli və Avropada ilk dəfə keçirilməsi nəzərdə tutulan Avropa Oyunlarının məhz ölkəmizdə keçirilməsi hər bir vətəndaşımızın uğurudur. Bu uğuru isə bizə prezident cənab İlham Əliyev qazandırıb. Cənab İlham Əliyev tarixi öz imzası ilə yazan bir liderdi. Bunu yalnız biz azərbaycanılılar deyil, bütün dünya siyasi liderləri və tanınmış şəxsləri bəyan edir".
Sonda politoloq I Avropa Oyunlarının ölkəmizə gətirəcəyi dividentlərdən də danışıb: "Əvvəla, belə bir mötəbər idman yarışının ölkəmizdə keçirilməsi dövlətimizə olan etibarı, Azərbaycanın hazırki gücünü və təhlükəsiz bir ölkə olmasını göstərir. Bu cür beynəlxalq əhəmiyyətə malik olan idman yarışlarının keçirilməsi o ölkələrə həvalə olunur ki, həmin ölkədə təhlükəsizlik yüksək səviyyədə, iqtisadiyyatı güclü olsun, idman ölkəsi kimi tanınsın və ən əsas da ölkəyə rəhbərlik edən şəxs beynəlxalq nüfuza malik olsun. Bütün bu sadaladıqlarım və digər müsbət keyfiyyətlərə gцrə təbii ki, bu cür yarışların Azərbaycana həvalə olunması normal haldır. Ümumlikdə bu cür beynəlxalq yarışların və beynəlxalq əhəmiyyətli tədbirlərin hər hansı bir ölkədə keçirilməsi həmin ölkəyə bir inamın göstəricisidir ki, bu inamı da Azərbaycan Respublikası və şəxsən prezident cənab İlham Əliyev qazanıb. Əlbətdə bu hal hər bir azərbaycanlı üçün qürurvericidir. Təsəvvür edin bütün dünyanın diqqəti sənin yaşadığın ölkədə olacaq hər kəs sənin ölkənin gözəlliyindən, inkişafından, qüdrətindən danışacaq. Bütün bunlarla yanaşı Azərbaycanın beynəlxalq arenada olan nüfuzu, ölkəmizə olan inam daha da artacaq və bu da gələcəkdə Azərbaycanın haqq səsinin eşidilməsinə beynəlxalq təşkilatlarda söz sahibi olmasına gətirib çıxaracaq ki, dövlətimiz də bu vəziyyətdən istifadə edib Ermənistan –Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərзivəsində həll olmasına çalışacaq. Həmçinin beynəlxalq əhəmiyyətli şirkətlərin ölkəmizə böyük iqtisadi yatırımları da olacağı gözlənilir. Ölkəmizə turistlərin gəlməsində artım müşahidə ediləcək. Ümumilikdə I Avropa Oyunlarının ölkəmizdə keçirilməsi dövlətimizin, xalqımızın və cənab prezidentimizin qüdrətinin əyani sübutu oldu. Həm xarici ölkələr və bədxah qonşumuz, həm də xarici xidmət orqanlarına və erməni lobbisinə "xidmət" göstərən sapı özümüzdən olan baltalar üçün.
Millət vəkili Çingiz Qənizadə deyib ki, birinci Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı sərgilənən qarayaxma kampaniyası ilə bağlı dəfələrlə mətbuatda, televiziyada çıxışlar etmişik: "Bu kimi kampaniyaların arxasında dayanan heç şübhəsiz ki, Azərbaycanı gözü götürməyən, ölkəmizin uğurlarına sevinməyən və onun dünyada artan nüfuzunu qəbul etməyən insanlar, lobbiçilər və ermənipərəst qüvvələrdir".
Millət vəkilinin sözlərinə görə, onlar müxtəlif vasitələrlə I Avropa Oyunlarının baş tutmamasına cəhdlər edirlər: "...Ölkə rəhbəri cənab İlham Əliyevin də söylədiyi kimi bizlər tənqidə hər an hazırıq. Amma qarayaxma kampaniyası, əsassız iddialar, böhtanlar qanunvericiliklə qadağandır. Bizi sevməyən qüvvələr həddindən artıq çoxdur. Biz bunları görür və iç üzlərini açırıq. Qoy onlar gəlsinlər və görək nə yazacaqlar. Əgər onlar gördüklərinin əksinə yazacaqlarsa, təbii ki, Azərbaycan cəmiyyətindən, qeyri-hökumət təşkilatlarından, mətbuatından bu qarayaxmaya ciddi cavab alacaqlar".

Əli