“Ölkəmizdə ali təhsilli savadsızların sayı artmaqdadır” Hadisə

“Ölkəmizdə ali təhsilli savadsızların sayı artmaqdadır”

Fazil Mustafa: "Azərbaycanda təhsilin fəlsəfəsinin dəyişdirilməsinə ehtiyac var"

Bakıda III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılış mərasimindəki çıxışında prezident İlham Əliyev təhsilin əhəmiyyətinə diqqət çəkib. Ölkə başçısı bildirib ki, təhsil terror və digər neqativ tendensiyaların qarşısının alınmasında oldquca mühüm əhəmiyyətə malikdir.
İ.Əliyev bildirib ki, təhsil terrorizm, ekstremizm və fundamentalizmə qarşı ən böyük zəmanətdir.
Şübhəsiz, təhsil və maarifçiliyin terrorizm və radikalizmin önlənilməsindəki əhəmiyyəti danılmazdır. Maraqlıdır, bəs bu gün Azərbaycanda təhsilin vəziyyəti terror və radikalizmin önlənilməsi baxımından nə dərəcədə rol oynayır?
Məsələ ilə bağlı moderator.az saytına açıqlama verən millət vəkili Fazil Mustafa təhsilin vəziyyətinin terrorizm üçün geniş imkanlar açmadığını vurğulasa da, təhsil sistemində ciddi islahatlar aparmağın da zəruri olduğunu qeyd etdi: "Mən deməzdim ki, Azərbaycanda təhsilin mövcud durumu terrorizm üçün geniş imkanlar açır. Lakin mövcud reallıq təhsil sistemində fundamental islahatların aparılmasını zəruri edir. Azərbaycanda təhsil dünya standartlarına uyğun deyil. Azərbaycanda təhsilin mövcud durumunu hansısa qurumlarla əlaqələndirməyi də doğru hesab eləmirəm. Məsələ bundadır ki, Azərbaycanda təhsilin fəlsəfəsi yanlışdır. Bu gün ölkədə ali təhsil almaq mənasız yerə vaxt itirmək prosesinə çevrilib. Bunu dəyişmək lazımdır. Təhsilin məqsədi nədir? Öncə bunu müəyyənləşdirmək lazımdır. Məqsəd hamıya diplom verməkdir, yoxsa bacarıqlı, savadlı kadrlar yetişdirmək? "
F.Mustafa valideynlərin də bu məsələdə yanlış dəst-xətt götürdüyünü vurğuladı: "Əgər problemə bir qədər dərindən baxsaq görərik ki, burada günahkar yalnız təhsil sistemi deyil. Valideynlər də bu məsələdə kifayət qədər günahkardır. Sanki hər kəs qarşısına məqsəd qoyub ki, mütləq uşağım həkim olmalıdır, mütləq hüquqşünas olmalıdır və s. Hansı ki, bunların çoxu uşağın öz iradəsinə zidddir. Bu yanaşma sonrakı faciələrin başlanğıcını qoyur. Həm cəmiyyətin düşüncə tərzi dəyişilməlidir, həm də təhsilin məqsədi dəqiqləşdirilməlidir. Hansı sahələrdə nə qədər kadra ehtiyac var? Bu və bu kimi məsələlər dəqiqləşdirilməli, bu istiqamətdə kadrların yetişdirilməsinə diqqət göstərilməlidir. Əks təqdirdə proseslər bu cür davam etsə, bu, ölkəmizin gələcəyinə yaxşı heç nə bəxş etməyəcək. Formal olaraq savadlıların sayı artacaq, amma savadsızlıq kütləviləşəcək. Necə ki, bu proses hazırda getməkdədir".