Avtodayanacaqlarda qiymətlərin bahalığı problem yaradır Hadisə

Avtodayanacaqlarda qiymətlərin bahalığı problem yaradır

Ərşad Hüseynov: "Dayanacaqlara simvolik qiymət qoyulmalıdır ki, hər kəs bundan faydalana bilsin"

Natiq Ələkbərov: "Dayanacaqların istifadəsiz qalmasının səbəbi həm də qiymətlərin baha olmasıdır"

Vüqar Tofiqli: "Dövlət vəsaiti ilə inşa edilən dayanacaqların bələdiyyələrin idarəçiliyinə verilməsi daha məqəsəduyğundur"

Paytaxt Bakıda artıq xeyli sayda avtomobil dayanacağı inşa edilsə də aparılan son müşahidələr yenə də burada hələ xeyli sayda boş yerlərin qaldığıın göstərir. Buna səbəb isə təkcə qiymətlər deyil. Bəzi sürücülər iddia edir ki, dayanacaqlar onların iş, yaşayış yerlərinə uzaq olduğundan ondan istifadə etmirlər.
Bakıda ən böyük problemlərdən biri də nəqliyyatın sıxlığının yaratdığı tıxaclar və sürücülərin avtomobillərini saxlamağa yer tapa bilməməsidir. Demək olar ki, insanlar hər gün bu cür hallarla qarşılaşırlar. Dövlət bu problemin qarşısını almaq üçün avtodayanacaqların tikintisinə icazə versə də, hələ ki bu, problemin həllinə kömək etmir.
Əksər sürücülər pullu avtodayanacaqlarda maşın saxlamaq istəmirlər. Bakının "5 mərtəbə" adlı məkanında tikilən avtodayanacaqdakı qiymətlərlə bağlı danışan Hüseyn adlı sürücü bildirib ki, bu dayanacaq 1 il bundan əvvəl tikilib: "Şəhərin mərkəzində olduğuna görə bu dayanacağa yüksək investisiya qoyulub. Sahibkarlar xərclədikləri pulun əvəzini sürücülərdən çıxırlar. Əvvəllər qiymətlər daha yüksək idi. Hətta 5-10 dəqiqə maşın saxlamaq üçün 3-4 manat alırdılar. Son zamanlarda bu hal aradan qalxıb. Dayanacaqda maşın saxlamaq üçün 1 saatın qiyməti - 1 AZN , 1-3 saat - 2 AZN , 3-6 saat - 3 AZN, 6 - 12 saat - 4 AZN və 12-24 saat - 6 AZN-dir. Qiymətlərin bahalığına görə sürücülər bu dayanacaqdan bir o qədər istifadə etmirlər".
Bu istiqamətdə aparılan araşdırmalardan bəlli olub ki, Bakıda avtodayanacaqlarda qiymətlər yerləşmə yerinə görədir. Belə ki, mərkəzi yerlərdə qiymətlər yüksək, bir qədər kənarlarda isə nisbətən ucuzdur.
"28 May" stansiyası yaxınlığında taksi sürücülüyü ilə məşğul olan Kənan Qasımov "mən yeraltı dayanacaqlarda maşın saxlamıram. Çünki əsas yerim buradır. Yaxın insanlardan avtodayanacaqlarda maşın saxlayanlar var. Qiymətlər saatlara görədir",- deyə bildirib.
Füzuli küçəsi ilə Mirzəağa Əliyev küçələri arasındakı üç mərtəbədən ibarət parkinqdə 4700 maşının park edilməsi mümkündür. Amma buranin elə yerləri var ki, heç indiyə qədər təkər dəyməyib. Dayanacaqda gün ərzində cəmi 400-500 maşın saxlanılır. Heydər Əliyev Sarayında tədbir olanda maşınların sayı maksimum həddə - 600-ə çatır. Oranın birinci mərtəbəsinə ümumiyyətlə maşın girmir deyə işıqları da söndürüblər.
Pakinqin qiymətləri isə belədir: 1 saat - 50 qəpik, 1-2 saat - 1 manat, 2-4 saat - 2 manat, 4-10 saat - 3 manat, 10-16 saat - 5 manat, 16-24 saat - 6 manat
Aylıq abonent haqqı 60 manatdır. Axşam parkinqi üçün qiymət isə 30 manatdır ki, burada sürücülər axşam saat 8-dən səhər saat 10-a qədər maşınlarını saxlaya bilərlər.
Hökumət evinin qarşısındakı parkinqdə də analoji situasiya hökm sürür. Dayanacağın 2500 maşın üçün nəzərdə tutulmasına baxmayaraq, gün ərzində buraya 400-500 maşın daxil olur. Buradakı qiymətlər Füzuli küçəsindəki qiymətlərdən bahadır.
Məlum olur ki, sürücülər öz maşınlarını küçələrdə saxlamağa üstünlük verirlər. Bunun səbəbi sadədir. Birincisi, küçədə maşını saxlamaq ucuz başa gəlir. Bundan əlavə, parkinqlər iş yerlərindən çox uzaqdır.
Müstəqil Nəqliyyatçılar İctimai Birliyinin sədri Natiq Ələkbərovun sözlərinə görə, dayanacaqların istifadəsiz qalmasının səbəbi həm qiymətlərin baha olması, həm də insanların dayanacaqlardan istifadəyə vərdiş etməməsidir: "Həm qiymətlər bahadır, həm də insanlar avtomobili istədikləri yerdə saxlayıb işlərini görməyə gedirlər. Bizim insanlar küçələrdən dayanacaq kimi istifadə etməyə vərdişlidir. Həm qiymətlərə yenidən baxılmalıdır ki, insanlar sırf qiymətlərin baha olmasına görə dayanacaqara uzaq durmasınlar, həm də ki, eyni zamanda küçələrdə hərəkətə mane olan yerlərdə maşınlarının saxlanmasının qarşısını alınmalıdır. Nəqliyyatın saxlanması, dayanma, durma qaydalarının pozulmasına qarşı görülən tədbirlər sərtləşdirilməlidir. Dayanacaq tikiləndə kiminsə evinə, iş yerinə yaxın olub-olmaması yox, hansısa ərazidə nəqliyyat vasitələrinin saxlanması nəzərə alınır. Belə qayda yoxdur ki, dayanacaq ofislərin, evlərin düz qabağında olmalıdır. Xidmət obyektlərinin qarşısında dayanan avtomobillərin əksəriyyəti Bakı şəhərində yaranan tıxacın böyük səbəblərindəndir. O dayanacaqların salınmasında məqsəd tıxacların, maneələrin aradan qaldırılmasıdır. Vətəndaşlar sadəcə olaraq dayanacaqlardan istifadəyə adət etməlidirlər".
Ekspert Ərşad Hüseynova görə, dayanacaqlara simvolik qiymət qoyulmalıdır ki, hər kəs bundan faydalana bilsin: "Əvvəllər Bakının mərkəzi küçələrində dayanacaq demək olar ki, yox səviyyəsində idi. Yol boyu yığılan avtomobillər sıxlıq yaradırdı. Bu sıxlığı aradan qaldırmaq üçün dayanacaq yerləri düzəltdilər ki, iş yerlərinin, müəyyən xidmət obyektlərinin, dövlət təşkilatlarının və s. işçiləri avtomobillərini o yerlərdə saxlasınlar. Və bu dayanacaqlar dövlət büdcəsindən ayrılan vəsait hesabına tikildi. Amma gərək bu dayanacaqlara elə bir simvolik qiymət qoyaydılar ki, sürücülər həmin qiymətdən çəkinib dayanacaqlardan uzaqlaşmayaydılar. Dünyanın bəzi yerlərində bu həyata keçirilir. Simvolik qiymətlər qoyurlar ki, sadəcə olaraq, orda xidmət edənlərin əmək haqqını, sərf olunan elektrik enerjisinin və s. pulunu ödəməyə kifayət etsin. Bu gəlir gətirmək üçün nzərdə tutulmamalı idi. Birinci səbəb budur. İkincisi isə, burda psixoloji məqam var. Avtomobili uzun müddət, 3-4 saatlıq hardasa saxlayan insan bilir ki, avtomobili bu vaxt ərzində lazım olmayacaq, ona görə də aparıb qoyur dayanacağa. Amma şəhərdə çoxlu ticarət, müxtəlif xidmət obyektləri var. Bura gələn insanlar 15 dəqiqə maşını saxlamaqdan ötrü aparıb onu duracağa qoya bilmir. Çünki sürücü 15 dəqiqədən ötrü ora getsə, təkcə maşını saxladığı yerdən geri dönmək üçün yarım saat əlavə vaxt itirmiş olacaq. Bu səbəblərdən insanlar küçələrdə də avtomobillərini saxlayırlar. Nəticədə dayanacaqlar da boş qalır. Dünyanın bir sıra qədim şəhərlərinin mərkəzi küçələrində də belə problemlər yaşanır. Məsələn, Londonda, Tokioda, Parisdə və s. Burda küçədə də maşınların saxlanmasına icazə verilir. Məsələn kiminsə 15 dəqiqəlik işi varsa, maşınını küçədə saxlaya bilir. Amma orda saxlanma qiymətini çox yüksək qoyurlar. Məsələn, Londonda elə yer var ki, orda maşını yarım saat saxlamağın qiyməti Londonun ən ucqar yerinə gedib gəlmək üçün sərf olunan pula bərabər olur. Əvvəldən elə şərait yaradırlar ki, öz avtomobili ilə ora gəlmək istəyən insan düşünür ki, yarım saat avtomobilini burda saxlayıb o qədər pul ödəməkdənsə, taksidən və ya başqa ictimai nəqliyyatdan istifadə etsin. Bizdə də bu kimi mexanizmlər tətbiq oluna bilər. Həqiqətən də mövcud problemlər həllini tapmasa, bizdə tıxac problemi də davam edəcək, dayanacaqlar da boş qalacaq".
Ekspert Vüqar Tofiqli isə bildirdi ki, dövlət vəsaiti ilə inşa edilən dayanacaqlarda qiymətlər həddindən artiq bahadır, saatı 1 manat: "Hətta elə yerlər var ki 2 manata bəzən isə, 5 manatadadır. Maraqlıdır ki, bu dayanacaqlarda müəyyən şərait olsa da, hətta xitmət səviyyəsi müasir standarta cavab versə də qiymətlərin yüksək olması təəsüf doğurur. Bu qiymətlərin aşağı salənması üçün mühüm alternativ dayanacaqların özəl strukturlar tərəfindən tikintisiniə icazə verilməlidir. Rəqabət olduğu halda qiymətlər aşağı düşəcək. Bir də ki, dövlət vəsaitiilə inşa edilən dayanacaqların bələdiyyələrin idarəçiliyinə verilməsi daha məqəsəduyğundur. Həm də dayanacaqlarla bağlı aylıq kart siteminin təbiqi də qiymətlərin aşağı düşməsinə səbəb ola bilər".

Əli