Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
“Molla Nəsrəddin”in ictimai fikrə böyük təsiri olub

“Molla Nəsrəddin”in ictimai fikrə böyük təsiri olub Mədəniyyət

“Molla Nəsrəddin”in ictimai fikrə böyük təsiri olub

Jurnalın Təbrizdə 8 nömrəsi çıxıb

108 il öncə əsası qoyulan məşhur "Molla Nəsrəddin" jurnalının ictimai düşüncənin formalaşmasında oynadığı rol danılmazdır. "Molla Nəsrəddin"in qurucusu və ideyavericisi olan böyük yazıçı Cəlil Məmmədquluzadə jurnalın cəlbedici, özünəməxsus çıxması üçün çox axtarışlar aparırdı. Onun felyetonlarının mövzusuna, ümumən jurnalın qayəsinə uyğun karikaturaçı-rəssamlar axtarıb tapması bu baxımdan çox uğurlu alınmışdı. "Molla Nəsrəddin" jurnalının az vaxt ərzində məşhurlaşmasında "Mollanəsrəddinçi" rəssamların xüsusi rolu olmuşdu. Azərbaycanda karikatura sənətinin tarixi XX yüzilin əvvəllərinə təsadüf edir. Jurnal 1906-cı ildə nəşrə başlayandan sonra Azərbaycanda karikatura sənəti yaranmağa və inkişaf etməyə başladı. "Molla Həsrəddin" jurnalı məhz Təbrizdə çıxan dövrdə karikatura sənəti İranda intişar tapmağa başladı. Həyatın eybəcərliklərinin komik şəkildə təsviri, insanın daxili eybəcərliklərdən islah edilməsi istəyi karikatura sənətinin başlıca tələblərindəndir. Əzim Əzimzadədən başlanan bu məktəb sonrakı dövrdə özünün xeyli istedadlı ardıcılını yetirib. Azərbaycanda Əzim Əzimzadədən üzü bəri karikatura sənəti tarixində bu vaxta kimi imzası tanınmış onlarla karikaturaçı rəssam var. İlk "Molla Nəsrəddin"çi rəssamlardan biri olan alman rəssamı Oskar Şmerlinqin jurnalın populyarlaşmasında mühüm xidmətləri var.
Karikaturaçı-rəssam Bayram Hacızadənin fikrincə, görkəmli yazıçı Cəlil Məmmədquluzadənin "Molla Nəsrəddin" jurnalı istedadlı şair və yazıçılarla yanaşı karikaturaçı rəssamlara da öz sözlərini demək üçün geniş imkanlar açdı: "1906-1917-ci illərdə jurnalın ilk baş rəssamı olmuş O.Şmerlinq Mirzə Cəlillə dost və həmfikir idi. Bu istedadlı insanlar ölkədə baş verən ictimai-siyasi hadisələrə öz tənqidi münasibətləri ilə seçilən digər rəssam-ştrix şəklin ustası kimi tanınan İ.Rotteri də əməkdaşlığa cəlb etdilər. O zamanlar çap olunan "Kəlniyyat", "Məzəli", "Zənbur", "Baraban" və başqa satirik jurnallarda karikaturaçı-rəssam kimi fəaliyyət göstərən gənc rəssam Əzim Əzimzadə jurnalın ilk nömrəsindən "Molla Nəsrəddin"lə əməkdaşlıq etməyə başlayır. Bununla da Azərbaycanda karikatura məktəbinin təməl daşı qoyulur.
Cəlil Məmmədquluzadənin 1906-cı ildə böyük zəhmətlə başa gətirdiyi "Molla Nəsrəddin" jurnalının ilk nömrəsini uğrunda çalışdığı, əyintiləri ilə barışmadığı, canından çox sevdiyi yurddaşlarına təqdim etdi. Molla Nəsrəddin" böyük bir mədəni abidədir. O, həm ədəbi, həm də təsviri sənət hadisəsidir. Ədəbi yöndən geniş araşdırmaya cəlb edilən jurnalın təsviri sənətdəki əhəmiyyəti təəssüf ki, sənətşünaslar tərəfindən ciddi tədqiq edilməyib. Təqdim olunan bu kitabda 100 illik Azərbaycan karikaturasında "Molla Nəsrəddin" jurnalının rolu və təsviri sənətimizdəki əhəmiyyəti ilə tanış olmaq mümkündür".
"Molla Nəsrəddin" fəaliyyət göstərdiyi hər üç məkanda iz qoya bilib. 1921-ci ildə jurnalın 8 nömrəsi Təbrizdə nəşr olundu. Orada çıxan həmin sayların karikaturalarını rəssam Seyid Əli Behzad çəkib. "Molla Nəsrəddin"in Təbrizdə nəşr olunması bütövlükdə müasir İran karikatura sənətinin əsasını qoymaqla onun inkişafına təkan verdi.
"Molla Nəsrəddin"ə məşhurluq gətirən imzalardan biri də Sabir idi. Azərbaycanda məşhur satirik şair Sabirin imzası ağlı söz kəsən hər kəsə yaxşı tanışdır. Üslub sarıdan heç kəsə bənzəməyən Sabirin şeirləri indi də çoxunun dilində əzbərdir. Hər kəs Sabirdən ən azı bir beyt əzbər deyər. Ancaq onun dərdinə gəlincə...
Əslində Sabirinki şairlik deyildi, dərdkeşlik idi. Şairlik ona fikirlərini çatdırmaqda yardımçı idi. Sabir dərd şairi idi: əsərlərini satirik üslubda yazırdı. 20-ci yüzilin əvvəllərində dünyanın halında bir oyanma vardı: inqilabların yeni, daha fəlakətli mərhələsi başlayırdı. İnqilabın milləti oyatmaq xüsusiyyəti var. Ancaq əgər bunun ardınca idraka əsaslanma gəlmirsə, bütün uğurlara baxmayaraq məğlubiyyət qaçılmazdır. Sabirlər isə milləti maariflənmə yoluyla dəyişdirməyə, yönləndirməyə çalışırdılar. Ayrıca bir konsepsiya, fəaliyyət proqramı isə yox idi.
Sabirin Sabirliyini aşkarlayan "Molla Nəsrəddin" jurnalı oldu. Sabir ədəbi cəbhədə çalışsa da, fəaliyyəti ilə ictimai-siyasi problemlərə də toxunurdu. Onun əsərlərində çağındakı Şərqin ictimai-siyasi problemlərinə də bu və ya digər şəkildə toxunulub. Sabirin satirasında sərtlik var, kəskin tənqid var, güzəştsizlik var. O, millət fədaisi idi. Milətinin dərdləriylə yaşayırdı. Onun şairliyi çağında heç kəsin şairliyinə oxşamırdı. İndi də heç kəsin şairliyinə oxşamır. Bənzərsizlik budur.
XX yüzilin əvvəllərində dərdi göstərməyin özü də (Sabir kimi, Mirzə Cəlil kimi) hünər idi. İndi çağımızın çatışmazlıqlarını Sabir kimi şeirdə göstərmək, ifadə etmək ənənəmiz niyə səngiyib görəsən? Deməli, millət daim hər sahədə irəliyə doğru getməli, inkişaf etməlidir. Sabirin dərdi millətin öz çatışmazlıqlarından qurtulması idi. O, Avropaya ümidlə baxırdı. Bu cəhət o dövrdə bir çox düşüncə adamlarında vardı.
Sabir Qərbin maddi tərəqqisini onun elmə olan həvəsində görürdü. Ancaq Şərqi məhz zamanının gerçəkliyinə bərabər saymaq o dövr düşüncə adamlarımızın yanlışı idi. Çünki Şərqin mahiyyəti təkcə despotçuluqdan ibarət deyil. Şərqin əzəli bəşəri imkanları hələ də tam aşkarlanmayıb...
Sabirin satiraları indi də dillər əzbəridir. Ancaq görəsən, onun tənqid hədəfləri niyə azalmır, əksinə, artır? Çünki ədəbiyyat dərdi göstərir, daha yaxşı ifadə edir. Dərdi aradan qaldırmaq isə insanlardan hünər istəyir. Ümumiyyətlə, bütün dövrlər üçün Sabirin şeirləri aktual olacaq. O zaman ki, Sabirin tipləri yalnız ədəbiyyatda qalacaq, həyatda olmayacaq, bax, belədə demək olar ki, artıq şairin dərdi dərmanını tapıb. Ancaq Sabirin dərdinin dərmanı asan tapılmayacaq. Zaman-zaman bu dərd Sabirlərin cismini öldürdü. Yetər artıq. İndi dərdli özündə o dərəcədə güc tapmalıdır ki, dərdi öldürsün. Bu, o deməkdir ki, insan özüylə üz-üzə qalmalı, özünü yaratmağı bacarmalıdır. O zaman dərd də yeniləcək. Fərdin içində yenilən dərd cəmiyyətdə də yoxa çıxacaq. Sabirləri yaşatmağın yolu budur. Ümumən dünyanın, çağımızın ruhsuzluğuna, ümidsizliyinə, idealsızlığına sabahlı, gələcəkli baxış gərəkdir. Nə qədər ki, cəmiyyət insanilik tələbi üstə yaşamır, heç bir şər çaları ölmür, itmir, yox olmur. Sabirin sənətkarlığının bir cəhəti də onun meyxananın imkanlarından bacarıqla yararlanması idi. O, 1906-cı ildə "Molla Nəsrəddin"in ən fəal müəlliflərindən biri olur. 1910-cu ilin əvvəllərində Bakıya işləməyə gəlir. Əvvəlcə "Zənbur" jurnalının redaksiyasında çalışır. Az sonra Balaxanı məktəbində böyük həvəslə dərs deməyə başlayır. Aylarla ehtiyac içində, işsiz, əzab-əziyyətlə dolanan böyük şair 1910-cu ilin axırlarında ciyər xəstəliyinə tutulur, Şamaxıya qayıdır. 1911-ci ilin mayında müalicə üçün Tiflisə gedir, dostu C.Məmmədquluzadənin evində yatır. Xəstəliyinin getdikcə şiddətləndiyinə baxmayaraq, Sabir yenə şeir yazmağa davam edir. İyun ayında həkimlər şairə cərrahiyə əməliyyatı aparmağı təklif edirlər. Ancaq o, buna razı olmur. O, Şamaxıya qayıdır. Xatirələrdə deyilir ki, fədakar, qayğıkeş ailə başçısı olan Sabir uşaqlarının maddi ehtiyacını deyil, tərəqqisini də təmin etməyə çalışıb. "Molla Nəsrəddin" jurnalı 1911-ci il 14-cü sayında xəstə şairə maddi yardım etməyə çağıran bir elan dərc edir. Bu elandan sonra Rusiyanın və Şərqin bir çox şəhərlərindən onlarla oxucu şairə məhəbbət və hörmət əlaməti olaraq "Molla Nəsrəddin"in ünvanına ianə göndərirlər".

Uğur