
Prezident İlham Əliyev Azərbaycan üzərindən keçən nəqliyyat dəhlizlərinin əhəmiyyətindən danışıb.
Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən “Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi” mövzusunda panel müzakirələrdə bildirib ki, TRIPP-in Prezident Trampın adını daşıması bu dəhlizin ABŞ Administrasiya və gələcəkdəki ABŞ Administrasiyaları üçün vacib olacağı deməkdir.
“Layihəyə onun adının verilməsi o deməkdir ki, bu, icra olunacaq. Əldə etdiyimiz məlumata görə, ABŞ və Ermənistan fiziki tikinti və investisiyalara hüquqlu olacaq şirkətin fəaliyyət parametrlərini müzakirə edirlər. Bu, artıq açıq mənbələrdəndir. Bilirik ki, şirkətin 76 faizi ABŞ-a, 24 faizi isə ilk 49 il ərzində Ermənistana məxsus olacaq. Daha sonra da 49 il və başqa sözlə, bu format bir əsr ərzində işlək olacaq. Düzgün qeyd etdiyiniz kimi, Amerika administrasiyalarının müxtəlif yanaşmalar olub. Yalnız Prezident Tramp hakimiyyətə gələndə böyük bir maraq görməyə başladıq”, - deyə dövlət başçısı qeyd edib.
Regionda bir sıra layihələrin həyata keçirilməsində Azərbaycan, Türkiyə və Gürcüstanın birgə fəaliyyətini xatırladan Prezident İlham Əliyev bu gün ABŞ Prezidenti Donald Trampın dəstəyinin önəminə toxunub: “Əlbəttə, genişmiqyaslı layihələrin həyata keçirilməsi potensialı daha böyükdür. Həmçinin vurğulamaq istədiyim bir şey var ki, biz region ölkələri haqqında danışdıq. Xəzər dənizinin o tayındakı Mərkəzi Asiyadakı qonşularımızı unutmamalıyıq, çünki onlar olmadan Çindən Avropaya heç bir yük daşımaq mümkün olmayacaq. Beləliklə, bu, Çin, Mərkəzi Asiya, Xəzər, Azərbaycan, Gürcüstan, Ermənistan, Türkiyə, Avropadır. Bu coğrafiyadır. Azərbaycan artıq Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı əlaqədə çox fəaldır. Keçən ilin noyabr ayında Azərbaycan rəsmi olaraq C5-ə daxil edildi, bu, C6 oldu. Bu, görünməmiş bir inkişafdır, çünki biz Cənubi Qafqaz ölkəsiyik, amma bu qurumun üzvüyük. Bağlantı sahəsində çox iş görürük. Mərkəzi Asiya ölkələri ilə Çin arasında bağlantı sahəsində çox iş görülür. Çin tərəfindən tikilən və maliyyələşdirilən yol da var, bu yol Xəzərə gedən başqa bir yoldur.
Çin hazırda Çin, Qırğızıstan, Özbəkistan və Türkmənistan nəqliyyat layihələrini maliyyələşdirir. Yenə də Xəzər dənizinə gəlir, yəni o, Azərbaycana və Cənubi Qafqaz vasitəsilə Avropaya gələcək. Beləliklə, çoxlu geosiyasət, çoxlu beynəlxalq münasibət, çoxlu diplomatiya. Azərbaycan bir çox ölkənin marşrutu boyunca uzanan və hamısının yaxşı münasibətləri olan bu transmilli layihələri başlatmağı və idarə etməyi bacaran bir ölkədir. Beləliklə, bu, Avrasiyanın çox geniş coğrafiyasında əməkdaşlıq üçün daha bir çox güclü siyasi zəmanət olacaq”.