O dağlarda itən izimdən... Mədəniyyət

O dağlarda itən izimdən...

Məmməd Arazın yaradıcılığı xalqın taleyi ilə qoşa addımlayır

Məmməd Araz şifahi ədəbiyyatın, klassik və müasir poeziyamızın ən mütərəqqi ənənələrinin layiqli davamçısı, parlaq istedada malik olmaqla bərabər, xalqın adət-ənənəsinə diqqətlə yanaşan, folklor nümunələrini yaradıcılığında novatorcasına işlətməyi bacaran, folklora qırılmaz tellərlə bağlı sənətkar idi. Şair mövzu axtarışında folklora daim diqqət göstərib, bu zəngin xəzinədən öz dünyagörüşünə, ruhuna uyğun gövhərləri seçib götürüb. Şair dostu Məmməd Aslana müraciətlə yazırdı:

Könül ayrılmayır haça gədikdən,
Baxışı, duruşu köhnə əlikdən.
Hərdənbir xəbər ver o köhnəlikdən,
O dağlarda itən izimdən mənim.

Şairin səmimi olaraq tərənnüm etdiyi o köhnəlik əslində həmişə təzə-tər olan xalq yaradıcılığı idi. Məmməd Araz həmişə xalqın içərisində olub, babalardan bizə əmanət qalan nağılları, dastanları, hikmətli sözləri şərəflə yaşatmağa çalışıb. Xalqın həyat, yaşayış, məişət tərzini dərindən öyrənən və təbliğ edən Məmməd Arazın yaradıcılığı xalqın taleyi ilə qoşa addımlayırdı. Şair həm şeirlərində, həm də publisist yazılarında bu ənənəyə sədaqətli qalıb, yeri gəldikcə foklor süjetlərindən istifadə edib, diqqətəlayiq mövzuları gündəmə gətirib, müasirlərinə keçmişdən "ibrət dərsi alın" deməyə çalışıb.
Məmməd Araz uşaqlıq çağlarından iliyinə işləyən xalq yaradıcılığına olan istək və marağını öz poeziyasında dəfələrlə nümayiş etdirib. Əfsanə süjetləri əsasında yazdığı "Ərim gəldi" qayası", "Altı qızın biri Pəri", "Görüşməmiş dostlar" şeirləri və "Yeddi bulaq əfsanəsi" poeması və s. bu cəhətdən xarakterikdir.
Məmməd Araz gözəl Qarabağın ən səfalı guşəsi olan Şuşaya gəlib, "Ərim gəldi" qayasını görüb xəyala dalıb. Şair "Ərim gəldi" qayası haqqında olan rəvayəti eşidib, nənəsini xatırlayıb, qayanın ətrafında olan daşları ərini gözləyən gəlinlərə bənzədib.
"Ərim gəldi" qayası Şuşada çox da hündür olmayan, dik bir yerdir. Rəvayətə görə, ərləri uzaq məmləkətlərə səfərə çıxan və ya çörək dalınca gedən qadınlar bu dikə qalxıb buradan uzaqlara baxar, ərlərinin yolunu gözləyərmişlər. Uzaqdan bir adam gəldiyini görəndə "ərim gəldi, ərim gəldi" - deyib sevinən gəlinlər gələnin əri olmadığını biləndə bu qayanın ətrafında gözləyə-gözləyə daşa dönüblər. Müəllif bu daşlaşmış gəlinləri səsləyib danışdırıb, onları sorğu-suala tutub, Azərbaycan qızlarının acı taleyinə acıyıb, onlara hayan olmaq, sirdaş olmaq, dərddaş olmaq, qardaş olmaq istəyib:

"Bir əlləmə tulazlamaq istəyirəm,
Qədim daşlar aləminə.
Bəlkə də daş sualımdan daşlar dinə:
- Ərin hara gedib bacı?
Ərin niyə gedib, bacı?"

Aydın olur ki, kiminin əri "xan qızına lələk üçün", kiminin əri "Kəbəyə bir dilək üçün", biri "Qəsri-Qacarın" küncünü qızdırmağa, biri qan batırmağa, biri də Həcərin harayına gedib və bu gəlinlər də onların yolunu gözləyə-gözləyə daşa dönüblər:

Daşlar dinir acı-acı...
Həyatımda mən ilk dəfə,
Daş xoruna qulaq asdım,
Daş xorunun naləsini lentə yazdım:
- Ərim gedib: ehtiyac bir yola gələ!
- Ərim gedib: qanlı köynək ola gələ!
- Ərim gedib: xan qızına lələk üçün!
- Ərim gedib: Kəbəyə bir dilək üçün!

Bu gəlinlər hər səhər "ərim gəldi" - deyib o dik qayanın yanına qaçırdılar, amma heç biri "ərin gəldi!" harayını eşitmədi. Qisməti, taleyi daşa dönmüş, nahaq döyüşlərdə ərləri həlak olan, ərini gözləyə-gözləyə qarıyan Azərbaycan qızlarının acınaqlı taleyi şairi narahat edirdi. Şair fikirləşirdi ki, bu, "tarixin utancı" olmalıdır. Çox qəribə, təzadlı bir səhnə ilə rastlaşırıq. "Ərim gedib" deyən daş gəlinlərin heç biri "ərim gəldi" deyə bilməsələr də, bu dik qayanın adı "Ərim gəldi" qayası adlanır. Daş gəlinlər yüz illərdir yol gözləyirlər, bəlkə nə vaxtsa ərləri gələ bildi...
Belə yazılardan biri də xalq ədəbiyyatından qaynaqlanan "Altı qızın biri Pəri..." şeiridir. Erkən gənclik çağlarından Pəri haqqında eşitdiyi əfsanələr, mahnılar şairi rahat buraxmayıb, onun qulaqlarında cingildəyib yolunu dəyişdirib, xatirələr bulağına aparıb. Bulaq su dodağı ilə pıçıldayır ki, Pərinin gülüşləri, öpüşləri məndə qalıb. Şair xatirə dəftərini vərəqləyir, qırıq-qırıq sətirləri yadına salmağa çalışır. Şeirin lirik qəhrəmanının ilk dəfə gördüyü, arxasınca at çapdığı, lakin yarı yolda itirdiyi Pəri özgəsinə qismət olur. Lirik qəhrəman bir də Pərini görəndə artıq Pəri o Pəri deyildi, sınıxmışdı, solmuşdu:

Altı qızın biri Pəri
Heyif, onu atıb əri.
Altı qızın biri nədi,
Pəri nədi, əri nədi...
O zamandan yas tutmuşam,
Neçə kərə
ağlamışam bu nəğməyə.
Qulağımı
bağlamışam bu nəğməyə.

Lirik qəhrəman indi nə qədər ağlasa, qulaqlarını bu nəğməyə bağlasa da, vicdanının səsini eşitməyə bilmir, çünki insanın içərisində bir bəsirət gözü var ki, gözlərini yumsan da, görə bilirsən, qulağını tutsan da, eşidə bilirsən. O səsin sədaları, o işığın şüaları heç vaxt səni rahat buraxmaz, tutar, silkələyər, ömrünün sonuna qədər yandırıb yaxar.
"Altı qızın biri Pəri" şeiri tamamilə xalq yaradıcılığından qidalanaraq yazılıb. Fikrimizcə, bu mənbələrdən də birinin "Əsli və Kərəm" dastanında altı qızla bağlı söylənən əhvalat olduğuna şübhə yeri qalmır. Dastanda göstərilir ki, Kərəm Əslinin ardınca diyarbədiyar gəzərək gəlib Qeysəriyyə şəhərinə çıxır. Burada Qeysəriyyə sultanının bacısı Hüsniyə xanım tərəfindən Kərəm imtahana çəkilir. Hüsniyə xanım Kərəmə üz tutaraq deyir ki, "İndi sənin gözlərini bağlayıb qarşından hamısı bir boyda olan altı qız keçirəcəyəm, onları tanıya bilsən, doğrudan da, haqq aşığı olduğuna inanaram".
Pəri sözündə bir qeyri-adilik var. Pəri mələk, ilahi bir gözəl anlamında geniş yayılmış məfhumdur.
İstanbul Kültür Universitetinin müəllimi, professor, doktor İskəndər Palanın tərtib etdiyi "Divan şeiri sözlüyü ensiklopediyası"nda "Pəri" sözünün izahı belə verilib: "Cinlərin dişilərinə verilən ad. Bunları görən olmadığı üçün çox gözəl və cəzbedici olduqlarına inanılır. Pərilər cadu ilə ortaya çıxa bilərlər. Çeşmə, bulaq, hamam kimi yerlər pərilərin yurdu sayılır. İnsanlardan qaçar və gözə görünməzlər. Bəzi insanları özlərinə aşiq etmələri və müxtəlif görüntülər ala bilmələri, bir görünüb bir qeyb olmaları və s. xüsusiyyətləri ilə sevgilinin xüsusiyyətlərini daşıyarlar".
"Altı qızdan biri Pəri"dən danışıq getdiyindən 6 (altı) rəqəmi haqqında da ətraflı məlumat verməyi əhəmiyyətli hesab edirik. Altı rəqəmi qeyri-adidir. Altı rəqəminin həndəsi ifadəsi heksaqramdır. İki üçbucaqlının birləşməsindən yaranan heksaqramın üçbucaqlarından biri yuxarı, digəri isə aşağı baxır. Tarixi mənbələrdən gələn bilgilərə görə, miladdan 800 il öncə yaşayan Həzrəti Davudun qalxanında heksaqramın təsviri əks olunub. Müxtəlif təbiət hadisələrində də heksaqramla rastlaşırıq. Belə ki, bal arılarının toxuduğu şanların, tək-tək yağan qar dənəciklərinin qeyri-adi formaları var. Bu forma heqsaqramın kənarlarının birləşdirilməsi ilə ortaya çıxan heqsaqon şəklindədir. Heksaqram altı rəqəmini simvolizə edir. Altı isə məhəbbətin, sağlamlıq və gözəlliyin, uğurun əlaməti kimi qəbul olunub.
Qədim türk əsatirlərində Oğuz xanın altı oğlunun iki pəridən doğulması haqqında da məlumat verilir. Oğullardan Gün, Ay, Ulduzun bu pərilərin birindən, Göy, Dağ, Dənizin isə digər pəridən doğulduğu göstərilib. Oğuz xanın altı oğlunun da altı nişanlısı var. Dənizin nişanlısı pəridir. Dəniz ilə pərinin sevgisi reallıqda artıq qəbul edilməkdədir.
Məmməd Arazın "Altı qızın biri Pəri" şeirində gözəl Pərinin nağıl və dastanlardan fərqli olaraq qədrinin bilinməməsini, əri tərəfindən atılmasını qəbul edə bilməyən lirik qəhrəmanda Pəriyə qarşı məhəbbət oyanır və bu ülvi sevgi ilə Pəriyə pərilik məqamı geri qaytarılmış olur. Həm də şair altı qızdan birinin Pəri olmasını xüsusi olaraq vurğulayır. Altı qız seçilmişlərdəndir. Seçilmiş qızların içərisində Pərinin özünəməxsus yeri var. Şairin də Pəriyə qarşı qeyri-adi sevgisi əsərin ümumi ruhunda hiss olunur. Pəriyə olan bu sevgi əsərin sonunda onun yenidən hər anlamda gözəllik mücəssəməsinə çevrilməsinə, könlünə vurulmuş yaraların sağaldılmasına kömək etmək məramına yönəlib. Eyni zamanda Pəriyə qarşı oxucunun qəlbində də bir sevgi hissi yaranır. Pəri vəfalı, sədaqətli, yüksək əxlaqi məziyyətləri ehtiva edən gözəllik ilahəsi olaraq unudulmur.

Hizami Muradoğlu,
filologiya üzrə fəlsəfə doktoru, şair