Qədim Naxçıvan – folklor beşiyi Mədəniyyət

Qədim Naxçıvan – folklor beşiyi

II yazı

"Nuhun tufanı" adlı bu əfsanəvi – mifik mətndə də kosmik məkandan xaotik duruma keçid və oradan da yeni kosmik məkanın yenidən yaradılıb formalaşdırılması əksini tapıb. Əgər yuxarıdakı birinci mətndə kosmik zamanın bərpası məsələsi dayanırdısa, bu mətndə kosmik məkan problemi kosmik zamanla birlikdə öz həllini tapıb. Burada kosmosun pozulması – dünyanın üzünü su alacağı ilə baş verir. Eyni zamanda mətndə antikosmosun əlamətləri digər nüanslarda da özünü göstərir və kosmik nizamın bərpası isə məhz xaosun özünü təşkil edən ünsürlərin hesabına təşkil olunub. Belə ki, meşə özü günbatanda yerləşməklə həm də öz kölgəsi ilə "günçıxanı tutur" - günün (işığın) qarşısını kəsən bir maneə – qüvvə rolunu oynayır. Gövdəsinə 40 arşın ip-kəndir dolana bilən meşədəki ağacların biləyində öküz gücü olan Ac pəhləvan tərəfindən kəsilib doğranılması amili bir tərəfdən işığın qarşısını kəsən meşənin ağaclarının azaldılması sayəsində meşənin qaranlığa səbəb olan əzəmətini sarsıtmağa səbəb olursa (bunun nəticəsində də xaotik formayaradan meşə zərərsizləşdirilir), başqa tərəfdən bu meşə materialından hazırlanacaq gəmi xaosa səbəb olacaq insan (ümumiyyətlə, bütün canlıların) məhvini daşqından (Dünya daşqınından) qorumaqla təzədən kosmik bir durumun yaranacağına zəmin yaradır. Bu, məsələnin bir tərəfi! İkinci məqam isə "Mən nə qədər yesəm də, yenə elə acam" deyən, doymaq bilməyən və adı da bu əlaməti daşıyan Ac pəhləvanla bağlıdır. Bu, Nuh peyğəmbərin ona "sənə doyunca yemək verərəm" deyib şərt bağlaması ilə və nəticədə onu doydura bilməsi ilə reallaşan cəhətdir. Yeməkdən doya bilməmək (aclıq) özü də – el-obanın ilxısına, naxırına zərər vurmaqla hər öynədə bir öküz yeyib canlılar aləmini bir ucdan məhv etməsi də özlüyündə xaosu işarələyir. Onun kosmik düzəni bərpa edən Nuhun təklifinə boyun qoyması və bundan sonra qızardılmış öküzün bir budunu yeyib bir tuluq su ilə doyması özü bəri başdan xaosun təmsilçisinin mahiyyətcə antixaosla əvəzlənməsinin göstəricisidir. Nuh peyğəmbərin yeməkdən doymasına rəğmən ona tövsiyəsi və bildirişi kimi deyilən "Pəhləvan, bu halal zəhmətin qazancıdır, onun üçün də doydun. Haram yemək səni doyurmaz" fikirdə haramxorluqla – haram yeməklə doymağın mümkün olmadığı söylənilir. Əslində haramlığı da, yeməkdən doymamağı da mahiyyətcə bir-birinin məntiqi eyni kimi götürməklə hər ikisi xaosu ifadə edir. Haram-halal, doymamaq-doymaq bir-birlərinin əksi olan anlayışlar olduğu kimi, biri nizamsızlığı, digəri isə nizamlılığı əks etdirirlər. İslam dinində buna adekvat kimi yeməyə "bismillah"la başlamaq, "əlhəmdülillah"la qurtarmaq inancı var ki, yeməyə oturanda qayibdən cinlər-şeytanlar yeməyə şərik olmasınlar və yeməkdən doya biləsən. Cin-şeytan islamiyyətdə xaotik qüvvə kimi çıxış etdikləri halda, elə haramlıq-oğruluq da cin-şeytanın adamı yoldan çıxarması kimi qəbul edilir. Demək, mifoloji təlqin vasitəsi olan haramxorluqdan çəkinib halal zəhmət hesabına – halallıqla çörək qazanmaqla islamiyyətdəki bu məqam üst-üstə düşür və hər ikisi dağıdıcılıqdan (xaotik durumdan) xilas olub nizamlı (halal) bir yaşayış yolu seçməyi təbliğ edir.
Beləcə, yer üzünü su almamışdan – xaos baş verməmişdən öncə xaosa xidmət edən bir sıra vasitələr nizamlı bir məcraya yönəldilir, daşqından sonra isə Nuhun gəmisindəki canlıların yeni məkana – yeni dünyaya qədəm basmaları da bir daha dünya durumunda yeni bir məkanın – kosmik məkanın bərpa olunduğunu göstərir. Bu yerin baş vermə məkanı – canlıların su basmış dünya üzündən xilas olmaları isə məhz Nuhun adının daşındığı Naxçıvan torpağında baş tutur. Bundan başqa, Nuhun adı ilə tanınan bu qədim məkan həm də yeni kosmik zamanı özündə simvollaşdırır. Belə ki, hər hansı bir qədim zamanı bildirmək üçün "Nuhnəbidən qalma", "Nuh əyyamında baş verən" və s. tipli el sözləri də işlənilir ki, bu da bir daha Nuh Nəbinin adı ilə bağlı olan yerin həm kosmik məkanın başlanğıcı, elə həm də həmin kosmik məkana uyğun kosmik zamanın da başlanğıcı olduğunu deməyə əsas verir.
Mətndən bir parçaya diqqət edək: "Su qalxdı, dünyanın üzünü almağa başladı. Gəmi də suyun üzünə qalxdı. Uca dağlar görünməz oldu. Axırı-sonu görünməyən bir dərya yarandı. Nə qədər canlı vardısa tələf oldu. Gəmi Məğribdən Məşriğə üz qoydu. Günlər, həftələr dolandı. Gəmi bir gün nəyəsə toxunub keçdi. Gövdəsi bərk yırğalandı. Nuh Nəbi bildi ki, gəmi dağa toxundu.
- Pəh, nə ağır dağdı! – dedi. Başından heç qarın əskik olmasın.
Odu, budu, dağın adı "Ağrıdağ" qaldı – başından da qar əskik olmadı.
Bir həftə də keçdi. Gəmi yenə silkələndi. Nuh Nəbi gəmidəkilərə:
- Bu da inan dağdı, - dedi.
Bu dağın da adı "İnandağ" oldu. Zirvəsi də zərbədən iki yerə haçalandı.
Gəmi səfərə davam etdi. Bir az getmişdilər ki, təkrar silkələndi. Nuh gəmidəkilərdən soruşdu:
- Bu dağ o dağdan kəm ki deyil?!
Dağın adına "Kəmki" dedilər...…
...Gəmi bir dağa yan alıb ehmalca qayaya toxundu.
Nuh buna "Gəmiqaya" adı verdi. Gəmidəkilər quruya çıxdılar".
Burada Naxçıvan və Naxçıvanətrafı ərazilər olan Ağrıdağı, İnandağ, Kəmki qayası, Gəmiqaya kimi yerlərin adları Nuh tufanı ilə bağlı olaraq çəkilir və bunlara etimoloji yorum verilir. Eyni zamanda bununla həm də Naxçıvan torpağının Dünya daşqınından sonra ilk insan məskənlərindən olması fikri özünü diqtə edir. Ordubaddan yazıya alınmış "Nuhdaban" əfsanəsi də bu qədim yurdun folklor yaddaşında əbədiləşməsindən xəbər verir: "Rəvayətə görə, Nuhun gəmisi Gəmiqayada, quruya oturmuşdular. Oğlanları bir gün gördülər ki, uca dağlar od tutub yanır. Gəmi oturan dağ da tüstüsüz alova bürünüb. Özləri də od-alovun içindədilər. Qorxudan bilmədilər neynəsinlər. Haray-həşir salıb bağırdılar:
- Aman tanrı! Günahımız nədi ki, indiyədək tufanda qaldıq, indi də od-alova düşmüşük.
Amma bu qorxu çox çəkmədi; gördülər ki, od-alov onları yandırmır. Yaşıl çəmənə, gülə-çiçəyə də toxunmur.
- Bu nə sirdir? – dedilər. – Dağ da yanar?
Onlar atalarının yanına gedib bu sirri soruşdular.
Nuh Nəbi dedi: - Gördüyünüz elə-belə od deyil. Sirli-möcüzəli oddur. Bu torpağın mayası oddan yoğrulub. Burda hər şey öz qidasını oddan-alovdan alır. Yanan dağların biri Gəmiqaya, biri İlandağ, biri Ağrı dağıdır. Bu arada yurd salın. Dediyim üç dağ sizə qüvvət, bərəkət verəcək. Bərkdə şərdən, yağıdan qoruyacaq. Nuh Nəbi sözünü qurtardı. Dayandığı yerdən bir addım irəli atdı, ayağı torpağa gələndə pəncəsi yox, dabanı yerə dəydi. Oğulları həmin yerdə yurd saldılar, adına da Nuhdaban dedilər".
Burada da yer-yurd adları, "Nuhdaban" toponimi özü həm Nuh Nəbinin adı ilə əlaqələndirilməklə, həm də torpağın mayasının oddan-alovdan yoğrulduğu deyilməklə qədim bir tarixə şahidlik etdiyi göstərilir. Tufan da, od-alov da dağıdıcı qüvvəni – xaosu təmsil etsələr də, axırda bu xaosdan qurtulan əhali həmin məkanı özünə yurd-yuva edib yaşayır. Bu da bir daha folklor yaddaşı ilə tarixi yaddaşın bir-birini təsdiqlədiyini göstərir: "Naxçıvan təkcə Azərbaycanın və Qafqazın deyil, həmçinin dünyanın ən qədim şəhərlərindəndir. Qədim yunan, ərəb, İran tarixçiləri, coğrafiyaşünasları, yazıçıları və səyyahları Naxçıvan şəhərinin əsasının qoyulmasını bizim eradan əvvəl ikinci minilliyə aid edirlər" (Təhmasib Fərzəliyev).
Bəli, tarixi sinədəftər edən naxçıvanlılar onu bədii söz-sənət şəklində – folklor örnəkləri kimi qoruyub yaşadırlar və bu kimi mətnlərdə əks etdirirlər. Adı Nuhun tufanı ilə qoşa çəkilən, yaşı Nuhnəbi əyyamı ilə ölçülən qədim Naxçıvan torpağı!.. Ünvanı Nuhun adı ilə, əməli ilə tanınan qədim diyar... Tarixin yaddaşı folklor yaddaşına ötürülərək bu qədim məkanı təqdim edir, tanıdır, nişan verir. Nuhun gəmisinin sudan xilas olub quruya oturduğu yeni kosmik dünya məkanı həm də özü ilə yeni bir kosmik zamanın – Nuh əyyamı dövrünün bünövrəsini qoyur ki, bütün bunlar da bir folklor hadisəsi olaraq Naxçıvan torpağı və onun toponimlərinin ünvanında əbədiləşib yaşayır.

Şakir Albalıyev
fəlsəfə doktoru, dosent