“Murad quşu əfsanəsi” Mədəniyyət

“Murad quşu əfsanəsi”

Yazıçı-publisist Əli Rza Xələflinin "Murad quşu əfsanəsi" şair Hafiz Əlinin yaradıcılıq yoluna ədəbi bir səyahətdir, - desək, yanılmarıq. "Poetik duyğuların Hafizi", "Həyatın və poeziyanın canlı obrazı", "Murad quşu əfsanəsi", "İnsan səsi təzadların əks-sədası", "Yaşamın dəyəri (mənəvi varisliyin yaddaş işığında görünən tərəfləri)" adlı ədəbi qeydlər "Hafiz Əliyə məktub" müraciəti ilə tamamlanır. Əli Rza Xələfli bu ədəbi qeydlərdən birinin başlığı ilə də kitabı adlandırıb - "Murad quşu əfsanəsi". Nə deyir bu ad, bu ifadə? Əlbəttə, ilk baxışda arif olan kəs burdakı yaradıcı təxəyyülün məhsulu olan simvolik obrazın mahiyyətini asanca anlaya bilər. Amma istərdim ki, bu məqama işarə edən hissədən parçaları oxucuların diqqət mərkəzinə gətirim: "Yaşıl zəmilər saralır, sünbüllər dənə olur, əkinçinin üzünə gülən taxıl zəmiləri külək tirəyişlərilə başını yelləyir. Əkinçi ruzusuna baxıb sevinir və elə bu vaxt bir qara bulud peyda olur, bəla gəlir. Çəyirtkə seli qısa bir müddət ərzində zəmini – yetişmiş taxılı məhv eləyir. Amma odur ki, bu çəyirtkə selinin qabağına onun qənimi çıxır - murad quşu. Murad quşu kəndlinin ruzisini qorumaq üçün Tanrı yardımıdır. İnsan mənəviyyatında da xeyir əməllər çətinliklə cücərir. İnsan arpa boyu böyüyə-böyüyə öz içində saf duyğular yetirir. Bəzən insan şərə qarşı dura bilmir. Şər onun mənəviyyatında cücərən saf toxumları, çəyirtkə taxıl zəmisini məhv elədiyi kimi dağıdır, yerlə-yeksan eləyir, havaya sovurur. İnsan hisslərinə təsir edə bilən, insanın mənəviyyatına hakim olan duru söz, saf söz, bir sözlə, poeziya insan duyğularını şərdən qoruyur. Söz, sənət insanlıq uğrunda vuruşan əsgərdir".
Maddi rifah halının göstəricisi - ərzaq bolluğunun təminatçısı olan taxıl zəmisinə daraşıb, buğdanı – dəni zərərverici həşarat kimi yeyib məhv edən çəyirtkənin canına qənim kəsilən "Murad quşu" insanları aclıq-qıtlıq fəlakətindən xilas edir. Çörək - ruzi insanların yaşayışı üçün zəruri olan müqəddəs maddi nemətdir. Bu müqəddəs neməti zərərvericidən murad quşu qoruyub insanları cismani ölümdən xilas edir. Şər-böhtan da insanı içindən yandırıb-yaxan, mənəvi cəhətdən ölümcül zərbə vuran təhlükəli virusdur. Bəs insanı bu mənəvi ölümdən hansı qüvvə xilas edir? Bu suala cavab da yuxarıdakı məqalənin məğzində birər-birər açılır.
Hafiz Əli yaradıcılığına üz tutan Əli Rza Xələfli bu istinad edə-edə murad quşunun xilasedicilik missiyası ilə bu poeziya arasında bir yaxınlıq, eynilik axtarır, tapır, görür və sonda bunu belə izah edir: "Zəhməti dağıdan, zəhməti puç edən antiinsani əməllər var. Poeziya insanın mənəvi mühitinə qarşı bu "afatın" (bəlanın) qənimi olan murad quşudur. Şər nə qədər güclü olsa da, bircə saf sözün qarşısında gücsüzdür. Bu da Hafiz Əli dünyası və murad quşu əfsanəsi".
Deməli, məntiqi baxımdan çox doğru izahdır, şərhdir. Bədnamlıq, şərxahlıq insanı mənən məhv edə bilər, lakin bu məhvedici virusunda qənimi var, bu, "Murad quşu" timsallı saf sözdür, bu, "Murad quşu" misilli Hafiz Əli poeziyasıdır, Hafiz Əli nəsridir. Necə ki, bir yerdə də Əli Rza müəllim buna belə bir işarə vurur: "Hafiz Əli nəsrində də şairdir. Görünür, Tanrı qismətinə şairlik yazdığı qələm sahibləri bu yazının ziddinə gedə bilməzlər". Bu fikirlərin üstündən şairin "Dünya sevgi yoludur" adlı şeirlər toplusunun və "Varis" romanını misal gətirir, dediklərini bu nümunələr üzərində əsaslandırır. "Həyatın və poeziyanın canlı obrazı" yazısında şair Hafiz Əlinin aşağıdakı misralarına müraciət edən Əli Rza Xələflinin yozumu mənalı, düşündürücüdür:

"Qalda keçdi yazım, qışım,
Qara günlər əhləd daşım.
Nə bərk imiş mənim başım,
Başım hey, başım hey!...

... Hafiz Əli, bu da qış gəldi,
Gün gedib, qar-yağış gəldi.
Yaşamaq yenə xoş gəldi,
Qışım hey, qışım hey!...

Yuxarıdakı misraların diktə elədiyi həyati-poetik hikməti, fəlsəfi mənanı Əli Rza Xələfli göydə tutur, şairin şeiri ilə yanaşı arasındakı üzvi bağlılığı apaydın görüb-sezir və oxuculara da o həqiqəti çatdırır ki, bu misralarda vurğulanan fikirlər həyatın birbaşa canlı sözüdür, həyatda gördüklərimizin bədii təqdimidir. Lakin bu həyat təkcə ümumi mənada həyatın özünü əks etdirmir, bu həyat bizim hər birimizin ömrümüzdən gəlib-keçən yaşantıların özüdür. Eyni zamanda bu həyat, həm də şair Hafiz Əlinin ömür dünyasının əks-sədasıdır; buradakı lirik mən obrazı elə şairin öz həyati obrazını açıb göstərir. Şair öz yaşantılarını, duyğu və düşüncələrini poeziyasının canlı obrazına çevirməyi bacarır və bu poeziya, həm də canlı həyatın özünün obrazını təmsil edir.

Ölüm yenə öz atında,
Sən mafədə, ana.
Çiynim mafənin, altında,
Yeriyirəm dərli-dərdli.
Bilmirəm torpağın üstündəyəm,
Ya ən dərin qatında.

Əli Rza Xələfli yazır: "Hafiz Əli "Dünyadan böyük dünya" adlandırdığı şeirini bu misralarla başlayır. Elə ilk misralardanca biz hadisəni də, hadisənin bütün ağırlığını da dərk edirik, bir sözlə, o mənzərəni görürük. Demək, oğul öz çiynində anasını məzara aparır. Bu o qədər ağır, çəkilməz bir dərddir ki, övladı o dərdin altında tək qoyub, ona kömək əli uzatmamaq, onu bu dərddən ayırmamaq ən azı biganəlikdir – dünyanın biganəliyi. Təbii ki, bu bir ədəbiyyat yoludur. Bu yolu dağıtmaq , bu yolun qarşısını kəsmək mümkünsüzdür. Ancaq bu hisslər insanları bir-birinə tərəf çağıran hisslərdir, insanları yaxınlaşdıran duyğulardır. Bu, o qədər geniş, o qədər qlobal bir mövzudur ki, burda Qarabağ da görünür, burda Əfqanıstan da görünür, burda Türkməndə, Kərkükdə görünür. Harda ev dağılır, xanə yıxılırsa, harda insan dərdi varsa, hamısı görünür".
Bəli, Əli Rza Xələfli doğru deyir: "Dünyadan böyük dünya" şeirinə bu cür baxış bucağında da yenə hər şey aydın görünür. Yenə həyatın özü görünür, həyat-ölüm qoşalığında və bu ziddiyyətlər qovşağında yaşayan insan övladının çəkdiyi əndişələr, ağrı-acılar...
Əli Rza Xələfli ədəbi-mənəvi mühitimizdə özünə inam yaratmış sənətkardır. Hamımıza məlumdur ki, inam yox yerdən yaranmır. Bunun üçün insanın cəmiyyətə fədakar xidməti olmalıdır. İnsanlara doğmalığı, yaxınlığı, cəmiyyətə sevgisi olmalıdır. Təsadüfi deyil ki, AMEA-nın müxbir üzvü Nizami Cəfərov yazır: "Əli Rza Xələfli Azərbaycan ədəbiyyatının – poeziyasının və nəsrinin, ədəbi tənqidinin və publisistikasının, milli ictimai fikrinin bu gün tanıdığı qədər də sevilən nümayəndələrindən biridir. Və bütün bu sahələrdəki böyük istedadı ilə yanaşı, xüsusi zəhmətkeşliyi, sənətinin həm şəriksiz hökmdarı, həm də "qara fəhləsi" olması onun nüfuzunu həmişə yüksəldib, şəxsiyyətinə hörmət gətirib". Sənətkarın haqqında bu sözləri görkəmli alim onun "Tənqidçinin Azərbaycançılıq idealı" kitabına yazdığı "Ön söz" də yazıb. Əli Rza Xələflinin yaradıcılığında həyatın dərdi, ağrısı, acısı bütün məqamlarda görünən tərəfdir. Ana da, torpaq da, Vətən də... Əli Rza Xələfli üçün hava, su, torpaq nədirsə... elə odur.
Ana itkisi ən ağır dərddir, Hafiz Əli bu dərdi öz dərdi kimi necə yanğılı verirsə, eləcə də "Qobustan adamından, Azıx adamından üzü bəri" bütün bəşər nəslinin yaşadığı bu dərdlərin hər birimiz üçün eyni olduğunu da Əli Rza Xələfli açıqlamaqla bir daha şair və həyat amilinin bir-birindən ayrılmaz olduğunu təsdiqə yetirmiş olur. Eyni zamanda şairin yaradıcılığına istinadən insanın səsinin təzadların əks-sədasından ibarət olduğu məntiqini ortaya qoymağa müyəssər olur.

Şakir Əlifoğlu
filologiya üzrə fəlsəfə doktoru