Əcdad kultu və oğuz dövlətçilik ənənəsi Mədəniyyət

Əcdad kultu və oğuz dövlətçilik ənənəsi

2-ci yazı

Bu fərq Qazanın bir çox başqalarında olmayan sosial-siyasi statusu ilə bağlıdır. O, eposda iki statusda təqdim olunur. Birincisi, Qazanın İç Oğuzun başçısı statusu. Bu halda o, özünün sakral kökləri baxımından fratrial əcdad paradiqmasına daxildir. KDQ-də fratrial əcdad paradiqmasını təmsil edən iki obraz var: bozoqların (Dış Oğuzun) başçısı Alp Aruz və ucoqların (İç Oğuzun) başçısı Salur Qazan. İkincisi, Qazanın hər iki oğuzun, yəni Qalın Oğuzun başçısı statusu. Bu halda o, Oğuz xan və Bayındır xanla bir paradiqmatik sıranı təşkil edir.
Beləliklə, Qazan əcdad kultu baxımından iki paradiqmaya daxildir: fratrial əcdad paradiqması və ümumi icma əcdadı paradiqması. Burada Y.M.Meletinskininin məşhur bir fikri yerinə düşür. O yazır: "İlk əcdadlar qəbilə və tayfaların ilk valideyni hesab olunur, onlar qəbilə icmasını bir sosial qrup kimi modelləşdirirlər". Demək, Salur Qazan fratrial əcdad paradiqmasında Uc oq tirəsini, ümumi icma əcdadı paradiqmasında bütün Oğuz icmasını modelləşdirir. Burada modelləşdirmə o deməkdir ki, Qazan icma üçün xarakterik olan sakral əlamətləri, etnokosmik atributları, totem işarələrini və s. özündə cəmləşdirir.
Mifologiyada hər bir şeyin şəkli var: konkret şəkli olmayan heç nə yoxdur. Qazana da onun zahiri görkəmi baxımından yanaşdıqda o, bir tərəfi ilə qaplan, bir tərəfi ilə aslan, bir tərəfi ilə qurd, başqa tərəfi ilə sunqur quşudur. Yəni dörd heyvanın şəkil əlamətlərini özündə cəmləşdirir. Beləliklə, yuxarıdakı soylamanın təhlili nəticəsində Qazanın müxtəlif heyvanların şəkillərindən ibarət konsentrativ-mozaik obrazı meydana çıxır: o, özünün mifoloji şəklinə görə əcdad heyvanların əlamətlərindən ibarət mozaik obrazdır. Lakin Qazanın bu mozaikliyi təsadüfidirmi? Əlbəttə yox. Bu mozaiklik oğuz etnokosmik düşüncəsi baxımından tamamilə qanunauyğundur və oğuz mifologiyası üçün səciyyəvi obrazlaşdırma üsuludur.
Qazan statuslarına görə kimdir? Həm İç Oğuzun, həm də Qalın Oğuzun başçısıdır. Bu halda onun mifik obrazını kimlə müqayisə etmək olar və lazımdır? Əlbəttə ki, oğuzların ulu əcdadı Oğuz kağanla. İndi Oğuz kağanın "Oğuznamə"nin uyğur versiyasındakı şəklini xatırlayaq. "Oğuznamə"sində təzəcə anadan olmuş Oğuz belə təsvir olunur: "Yenə günlərin bir günü Ay kağanın gözləri yarıdı, bir oğlu oldu. Bu oğlanın üzü göy idi. Ağzı atəş kimi qırmızı, gözləri ala, saçları, qaşları qara idi. Gözəllikdə mələklərdən də gözəl idi. Bu oğlan anasının döşündən ağız südünü əmdi. Bundan sonra bir də əmmədi, çiy ət, aş istədi, şərab istədi, dil açdı. Qırx gündən sonra böyüdü, yüyürdü, oynadı. Onun ayağı öküz ayağına, beli qurd belinə, kürəyi samur kürəyinə, köksü ayı köksünə bənzəyirdi. Bədəninin hər yeri sıx tüklə örtülmüşdü".
İndi görək, "Oğuznamə"nin uyğur versiyasında "gözəllikdə mələklərdən də gözəl" bir varlıq kimi təqdim etdiyi Oğuz zahiri görkəmi etibarilə kimdir: ayağı – öküz ayağına, beli – qurd belinə, kürəyi – samur kürəyinə, köksü – ayı köksünə bənzəyir, bədəni də – heyvan kimi tüklə örtülüdür. Beləliklə, Oğuz kağan öz zahiri görkəmi etibarilə eynilə Qazan kimi 4 heyvanın şəkil əlamətlərindən ibarət konsentrativ-mozaik obrazdır. Oğuz kağan Oğuz elini simvollaşdıran əcdad olaraq oğuz etnokosmik işarələrini, totem atributlarını özündə cəmləşdirdiyi kimi, Qazan da fratrial əcdad modeli olaraq arxetip planda ucoqların etnokosmik işarələrini, totem atributlarını özündə cəmləşdirən obrazdır.
Beləliklə, Oğuz kosmoloji dünya modelinin 24-lük sistemində hər bir ünsür semiotik vahid, işarədir. Sakral və profan dəyərləri öz içərisinə alan bu sistemin sakral səviyyəsinin ən mühüm işarələrini totem əcdadlar təşkil edir. Bu baxımdan, əcdadlar "panteonu" (əcdadlar kultu) oğuz mifoloji düşüncəsinin, yəni dünya modelinin mühüm və zəruri səviyyəsidir. Dünya modelinin qatları, bu qatları təşkil edən elementlər paradiqmatik və sintaqmatik tellərlə bir-birinə bağlıdır. Bu cəhətdən oğuzların həyatının bütün sahələri, o cümlədən dövlətçilik sahəsi əcdad kultu ilə birbaşa bağlıdır. Belə ki, "əcdad" və "dövlət" semantemləri oğuz etnokosmik düşüncəsinin bütün tarixi boyunca hətta bir-birinin sinonimi kimi işlənmişdir. Yəni oğuzlara görə: əcdad – dövlət, dövlət də – elə əcdaddır. Əcdad olmasa – dövlət də olmaz. Dövlətin varlığı – elə əcdadın varlığı deməkdir. Məsələn, orta əsrlər türk hökmdarlarının haqqında yazılmış kitablardakı "Oğuznamə" şəcərələri faktını yada salaq. Həmin tarix kitablarında konkret bir hökmdarın nəsil şəcərəsi ulu əcdad Oğuz kağanla başlanır və həmin hökmdara qədər davam edir. Şəcərənin başlanğıcında ilk əcdad Oğuz xan, sonunda həmin hökmdar durur. Tarixçidən də tələb olunurdu ki, Oğuz xandan konkret hökmdara qədər gələn nəsil şəcərəsi heç bir yerdə qırılmasın.
Bu, nə məqsədlə edilirdi?
Məqsəd həmin hökmdarın hakimiyyətini legitimləşdirmək, ona hüquqi əsas vermək, qanuni don geyindirmək idi. Bəs bu hüququn, legitimliyin əsasını nə təşkil edirdi? Əlbəttə ki, əcdad kultu. Nəsil şəcərəsi ulu əcdad Oğuz kağana gedib çıxmayan bir insan dövlətin başında dura bilməzdi. Bir insanın dövlət qurması üçün onun ilk əcdada bağlanması, başqa sözlə, Oğuz kağandan başlanan dövlət kultu sisteminə aid olması lazım idi. Bu işdə əvəzsiz sima tarixçilər idi. Məhz tarixçilər hökmdarın əcdad kultu sitemindəki yerini müəyyənləşdirirdi. Bütün bunları nəzərə alaraq belə bir nəticəyə gəlmək olar ki, əcdad kultu elə dövlət kultu deməkdir. Oğuz tarixində dövlətçilik ənənəsinin əsasında Oğuz əcdad kultu durur. Oğuz dövlətçilik ənənəsi Əcdad Oğuz xanla başlanır və onunla da davam edir. Oğuz siyasi məkanında hakimiyyətə gəlmək istəyən hər bir şəxs özünün Oğuzdan olduğunu, sözün həqiqi mənasında "Oğuz" olduğunu təsdiq etməli idi.
Göründüyü kimi, oğuz dövlətçilik ənənəsinin əsas meqajanrı olan oğuznamələr birbaşa əcdad kultu ilə bağlıdır. Ə.Əsgərin yazdığı kimi, oğuznamələr türkman dastanlarıdır və onlar bu dastanları özlərinin əcdadları olan oğuzların şanına qoşurdular. Burada, sadəcə olaraq, tarixi gerçəkliklə epik gerçəklik üst-üstə düşür. Türkmanlar tarixi gerçəkliyi "Oğuznamə"də epik-poetik gerçəkliyə çevirmişdilər. Oğuznamələrin oğuz dövlətçilik ənənəsinin ifadəsi olması bu janrın, sadəcə, bir epik janr deyil, oğuz etnokosmik düşüncəsini bütövlükdə ifadə edən meqajanr sistemi olduğunu ortaya qoyur. Tədqiqatçılar "Oğzunamə" eposunu tam bir dövlətçilik dastanı kimi səciyyələndirmişlər. B.Ögel yazır ki, "Oğuz dastanı" ("Oğuznamə" – S.R.) türklərin qurduqları böyük dövlətlərə və dünya imperatorluqlarına aid bir dastandır. Türk milləti və türk dövlətinin sistemi və nizamı "Oğuz dastanı" vasitəsi ilə anladılıb.
R.Qafarlının yazdığı kimi, "Oğuznamə" türk xalqlarının oğuz qrupunun şifahi epik ənənəsinin nəzm və nəsrlə yaranan eposlarına orta çağların əvvəllərində yazıya alınarkən verilən addır. Hər bir xalqa aid epos yaradıcılığının spesifik cəhətləri olduğu kimi, oğuzların da dastanlarında başqalarından seçilən əlamətlər mövcuddur. Başlıcası ondan ibarətdir ki, xalq arasında yaşadığı çağlarda ötənlərə nəzər salıb nəticə çıxarmaq, tarixi hadisələrdən ibrət götürmək ön plana çəkilmiş, bu səbəbdən də mifoloji qatlardan gələn motivlərə də gerçəklik donu geydirilib".
"Oğuznamə"də türk dövlətçiliyinin mahiyyətini təşkil edən türk törəsinin əsasında əcdad kultu durur. Məhz buna görə görkəmli türk tarixçisi F.Sümər "Oğuznamə"lərin yaranması və inkişafını etnik özünüifadənin kodu kimi dəyərləndirib. Oğuznamələri bilavasitə milli şüurun, etnik dövlətçilik düşüncəsinin ifadə vasitəsi hesab edən F.Sümər onların başlıca əhəmiyyətini də elə həmin mətnlərdə kodlaşmış milli şüura müncər edərək, öz fikrini belə əsaslandırır: "Əvvəlcə bu fikri bildirək ki, uyğurca "Oğuz kağan dastanı"nın da İranda, Elxani dövründə, Qazan xan və ya xələfi zamanında yazıldığına qətiyyən şübhə etmirik. Bu əsərin başqa bir yerdə, xüsusilə də ölkəsində yazılması mümkün deyil. Çünki onun yazılmasına səbəb olan mənəvi hava ancaq İrandakı Elxani sarayı və onun ətrafında nəzərə çarpır. Bu mənəvi havanı qüvvətli bir türkçülük şüuru parladırdı. Deməli, hər iki əsərin ("Oğuz kağan" və Rəşidəddin "Oğuznamə"si – S.R.) meydana gəlməsinə səbəb olan bu türkçülük şüurudur. Əsasən, hər iki əsərin əhəmiyyəti də, bizcə, burada, yəni belə bir şüurun mövcudiyyətini göstərmiş olmalarındadır. Əks təqdirdə, onlar nə həqiqi dastan vəsfi daşıya bilər, nə də tarixi mənbə olmaq baxımından dəyərli sayıla bilərlər".
Fikrimizcə, F.Sümərin "Oğuznamə"lərin mahiyyətini bütün göstəriciləri üzrə türkçülük şüuruna müncər etməsi heç də onun tarixçiliyindən irəli gəlməyib. F.Sümər yazır: "Hər iki əsər ("Oğuz kağan" və Rəşidəddin "Oğuznamə"i – S.R.) bizə bu türkçülük şüurunun mahiyyəti haqqında olduqca aydın bir fikir verməkdədir. Anlaşıldığına görə bu şüurun əsasları bunlardır:
a) Oğuz xandan əsərin yazıldığı dövrə qədər türk aləmini adları zikr edilən bu xalqlar təmsil etməkdədir: Oğuz (türkmən), qıpçaq, qanlı, karluk, kalaç.
b) Türklərin də qədim zamanlarda yaşamış monqolların Çingiz xanı kimi, cahangir hökmdarları var. Bu cahangir hökmdarın adı Oğuz kağan və yaxud xandır.
v) Türk dünyası Oğuz xanın böyük fütuhatları nəticəsində meydana gəlib. Yəni türk xalqlarının Beş Balıq bölgəsindən Qara dənizin şimalına və Adalar dənizinə qədər yayılmış olmaları Oğuz xanın fəthləri ilə bağlıdır.
q) Oğuzlar Oğuz xanın 24 nəvəsindən törəmişlər. Qıpçaq, qanlı, karluq və kalaçlar Oğuz xanın bəylərindən törəyiblər.
d) "Türklərin tarixi" fəslində Oğuz xan xalqını haqq dininə qovuşdurmaq üçün Tanrı tərəfindən göndərilmiş bir peyğəmbər-hökmdar olaraq göstərilir. Beləliklə, həm xalqın Allahın dininə iman gətirmiş, həm də böyük fəthlər etmiş bir peyğəmbər-hökmdara sahib olmaları ilə türklərin monqollar və ərəblər qədər şərəfli, hətta onlardan daha şərəfli və üstün bir xalq olduqları ifadə edilib.
Beləliklə "Oğuznamə" vahidi oğuz etnosunu bütövlükdə işarələndirən etnokosmik universumdur, "Oğuznamə" proyeksiyalandırdığı oğuz etnik vahidini bir etnos olaraq şərtləndirən kosmik semantemləri özünə konsentrasiya etməklə etnokosmik işarə sistemidir, "Oğuz" və "Oğuznamə" vahidlərinin struktur birgəliyi mifik-kosmoloji düşüncədən qaynaqlanır. Oğuz etnosunun özünüdərki (dünya modeli) uyğun mətnlərdə gerçəkləşir və Oğuznamə belə gerçəkləşmənin ən universal səviyyəsidir.

Seyfəddin Rzasoy
Filologiya üzrə elmlər doktoru