Qumuq ədəbiyyatı Mədəniyyət

Qumuq ədəbiyyatı

O zəngin şifahi xalq yaradıcılığına dayanaraq milliliyini qoruyub saxlaya bilib

XIX yüzilliyədək qaynaqlarda "qumuk ədəbiyyatı" anlayışına rast gəlinmir. Qafqazı işğal edən Rusiya işğalçılığını uzunömürlü etmək - xalqları bölmək, bir-birindən ayırmaq üçün çoxlu oyunlar qurdu. Yüzillər boyu yazılı ədəbiyyatı bir olan Türklərin hər bölgəsi, hər qövmü üçün dil, ədəbiyyat, tarix yaratmağa başladı. 1883-cü ildə Sank-Peterburqda Məhəmməd Əfəndi Osmanovun yayınlatdığı "Nokayski, kumukski reç" kitabı qumuk ləhcəsində ilk kitab sayılsa da, qumuqlardan toplanmış "Minkullnun yiri" Şumer dastanı "Bilqamıs"la, "Eniligim, Senligim eshkini ac!" nağılı şumerlerin keçi qurd (bəzən də şir), "Bozoğlan" nağılı "Kitabi-Dədə Qorqud"dakı Bamsı Beyrəyi, "Koroğlu" nağılı "Koroğlu" dastanını xatırladır. Bu cür oxşarlıqlar folklorda deyil, yazılı ədəbiyyatda da çoxdur.
Artıq qumuq yazılı ədəbiyyatının tarixini XV yüzildə yaşamış Kamal Ummu Nuri ilə başlayırlar. Onun yayınlanmış şeirləri isə günümüzün qumuqcasından çox Azərbaycan və Türkiyə türkcələrinə daha yaxındır. Rus-sovet işğalçıları 150 ildə qumuq dili, qumuq ədəbiyyatı yaratmağa çalışsalar da, istəklərinə çata bilmədilər. Nəinki qumuqlardan toplanmış folklor örnəkləri, hətta günümüzün qumuq yazıçılarının əsərləri ləhcə etibarı ilə bir az fərqlənsə də düşüncə, üslub, mövzu etibarı ilə ümumtürk ədəbiyyatının bir parçasından başqa şey deyil.
Türk dilinin qıpçaq qrupuna daxil olan qumuq dili üç ağıza (şivəyə) - buynak, xasavyurt və qaytaq ağızlarına bölünür. Araşdırıçıların fikrincə, ədəbi əsərlər buynak-xasavyurt ağızı (şivəsi) əsasında yazılır. Yüzillər boyu ərəb qrafikalı əlifbadan istifadə edən qumuqlar Sovetlər Birliyində yaşayan əksər türk xalqları kimi 1929-cu ildən latın qrafikalı əlifbaya keçdilər. Ancaq bu, uzun sürmədi. Onlar üçün də 1938-ci ildə kiril qrafikası ilə əlifba yaratdılar. Bu əlifbada 38 hərf var. Türk xalqlarının əksəriyyətinin danışarkən eyni cür səsləndirdikləri səslər fərqli işarələrlə göstərildiyindən onlar bir-birlərinin yazılarını rahat oxuya bilmirlər.
Qumuqların yayılma arealı geniş deyil. Onlar toplu halda - Rusiyanın Dağıstan Respublikasında, az qismi isə qonşu İçkeriya (Çeçen), İnquş Respublikalarında və Türkiyənin Üçqozen, Kuşoturağı, Yavu, Akköprü, Doqan, Azize, Keyikqırı kəndlərində yaşayırlar. Rusiyada bu dialektdə danışanların sayının 350 min nəfər olduğu göstərilir. Əksəriyyəti rus dilini ana dili kimi bilsə də, bu dildən ictimai yerlərdə, hökumət idarələrində ünsiyyət vasitəsi, yazı dili kimi istifadə etsə də, öz aralarında ana dilində danışmağa üstünlük verirlər.
Muhammat Efendi Osmanovun 1883-cü ildə Peterburqda çap etdirdiyi kitab qumuq dialektində nəşr edilmiş ilk ədəbi abidə sayılır. Bu kitaba noqaylardan və qumuqlardan toplanmış folklor nümunələri və müəllifi məlum olan şeirlər daxil edilib. Professor Bəkir Çobanzadənin 1926-cı ildə Bakıda ərəb qrafikalı əlifbada çap etdirdiyi "Qumuq dili və ədəbiyyatı tədqiqləri" kitabını qumuqların ədəbiyyatına dair ilk dəyərli elmi əsər adlandırmaq olar. Rusiya işğal altında saxladığı xalqlar arasında bölücülük siyasəti yeritdiyindən uzun illər qumuqlar yaşayan bölgələrdən toplanan folklor nümunələri ümumtürk folklorundan ayrılaraq qumuqların şifahi ədəbiyyatı kimi öyrənilib. Buna görə də toplayıcılar xalq arasında mövcud olan nümunələrin hamısını deyil, məhz "qumuqlara aid olan folklor nümunələri"ni toplamağa və nəşr etdirməyə üstünlük veriblər. Qumuqların çap etdirdiklərinin bir qisminə bölgənin tarixi şəxsiyyətləri və hadisələri ilə bağlı olanlara başqa türk xalqlarında rast gəlinmir. Ancaq bunlarda da qədim türk dastan, mif və nağıllarındakı ifadələrə, epitetlərə və başqa bədii təsvir vasitələrinə rast gəlmək olur. Bədii təsvir vasitələrinin oxşarlığına görə qumuqlardan toplanmış "Minküllünü yırı"nı qədim şumer dastanı "Bilqamıs"la müqayisə edir və onu ən qədim qumuq folklor nümunəsi sayırlar. "Bilqamıs" dastanının qəhrəmanlarından Enkudu ilə Minküllü arasındakı oxşarlıqları başqa folklor nümunələrində də tapmaq olar. Qumuqlardan toplanmış "Eniligim, Seniligim, eşkini aç!" uşaq nağılı ilə qədim şumerlərdəki keçi-canavar (bəzən də şir) əhvalatı ilə də parelellər aparmaq olar. Hətta onu da söyləmək olar ki, Azərbaycandan toplanmış "Şəngülüm, Şüngülüm, Məngülüm! Aç qapını mən gəlim!" nağılı ilə müqayisədə qumuqlardan toplanmış mətnlərdə keçinin balalarının adları Şumer mətnlərinə daha yaxın səslənir. Bu nağıllarda keçi balalarını xilas etmək üçün qurdla savaşır və qalib gəlir. Qumuq folklorunda mifləri dilçilik baxımından öyrənən İ.A.Xalipayevaya görə, Dağıstan Respublikasının Kayaxan bölgəsində bir Tanrıxan ağacı var. Bölgənin insanları həmin ağaca tapınıb qurban kəsirlər. Baxmayaraq ki, yüzillərdir bu bölgədə islam dininə sitayiş etsələr də, onillərlə ateist təbliğatın təsiri altında olsalar da, bu gün yenə Tanrıxan ağacına və başqa bu kimi daş-qayalara sitayiş edilir, Tanrının göy rəngdə olduğunu və bu rəngin "ilahi gözəllik" anlamı verdiyini qəbul edirlər. Onlarla folklor nümunəsi arasında belə paralelləri aparmaqla həmin süjetlərin türk xalqları arasında daha geniş yayıldığını göstərmək olar. Bu, tarixçilərimizin də dadına çatar.
Qumuqlarda da toylarda, mərasimlərdə oxunan nəğmələrin çoxu yeddi hecalıdır. Onlar çox vaxt dörd misra şəklində ifa edilir. Araşdırıcı Əmin Abid 1928-ci ildə bu problemə diqqət yetirərək "Türk xalqları ədəbiyyatında mani növü və Azərbaycan bayatılarının xüsusiyyətləri" adlı tədqiqatını çap etdirib. O, türk xalqlarından toplanmış beş min dördlük üzərində apardığı araşdırmasında yazır: "Qərb (Osmanlı) ləhcəsində mani, çöl Krım türkcəsində çın, Kazan ilə cənub Kırımcada cır, özbəkcə əşulə, aşulə, İraq türk ləhcəsində turqu, qazax və qırğızlarda kayım öləng, yaxud aytıspa" adlanır".
Müəllifin fikrincə, bu dördlüklər müxtəlif cür adlandırılsalar da, eyni kökdəndirlər. Maraqlı burasıdır ki, türk xalqlarının bir çoxunda nəsr şəklində olan folklor nümunələri qumuqlarda yır kimi, yəni mənzum söylənildiyi halda, "Koroğlu" kimi məşhur dastan nağıl janrında verilir. Bu da açıq-aşkar onu göstərir ki, dastan vaxtında onu yaxşı bilən və söyləyən-informatorlardan toplanmayıb. Qumuq folklorçularının "Minküllünü yırı", "Anjili qız"ı" igidlik eposu, "Abdullanı yırı", "İşayının yırı", "Zoruşnu yırı", "Eldaruşnu yırı", "Akmurzanı ve Bekmurzanı yırı", "Ayqazini yırı", "Torkalili Tonay biyii yırı"nı igidlik-tarixi yırları, "Soltanmutnu yırı", "İslam batırın ve Soltanmutnu yırı"nı və sairə tarixi yırlar kimi təqdim etsələr də xalq tərəfindən sevilə-sevilə oxunur və yeni-yeni əlavələr, dəyişikliklər də edilir. Əsarət altında olan xalqlarda işğalçılar əleyhinə yazılıb və yaradılmış bədii əsərlərin ifası, yazıya alınması və nəşri yasaq olsa da, insanlar həmişə belə əsərləri sevib, gizlində olsa da ifa edib, nəsildən-nəsilə ötürərək yaşadıb. Nəhəng Rus dövlətinə qarşı 20 ildən artıq döyüşmüş Şeyx Şamil haqqında qumuqların yaratdıqları və yaşatdıqları "Şamil yırı"da belə folklor nümunələrindəndir. Qumuqlar arasında İmam Şamil və onun mübarizəsi ilə bağlı çoxlu şeir, mahnı, rəvayətlər olsa da, onlar vaxtında toplanıb çap edilməyib. Qumuqlarda folklorun toplanmasına ilk başlayan M.Osmanov olmuşdusa, sonrakı illərdə bu sahədə D.Şixalıyev, A.Şamsüdinov, M.Alibekov, S.Hacıyeva, A.Hacammatov, A.Hacıyev, K.Abukov, A.Abdullatipov və A.Sultanmuradov, A.Hacıyev və başqaları böyük işlər görüblər. Siyasi sifarişlərin azalmasından yararlanan qumuq folklorçuları son illər bir çox maraqlı nümunələr çap etdiriblər. Mifoloji, maqiq mətnlərin, müstəmləkəçilərə qarşı döyüşmüş igidlərə həsr olunmuş yırların və s. çap edilməsi dediklərimizə nümunədir. Bütün bunlar qumuq xalqının əski çağlardakı dünyagörüşünü ortaya qoymağa imkan verir.
İnsanları doğruluğa, ədalətə, düzlüyə, mərdliyə, sədaqətə səsləyən atalar sözləri, "beynin idmanı" adlandırılan tapmacalar, müdrik fikirlər aşılayan nağıllar, mərasim nəğmələri əvəzsiz bədii nümunələr olub yazılı ədəbiyyatın inkişafına təkan verib. Qumuq yazılı ədəbiyyatı uzun illər klassiklərindən mərhum edilsə də, zəngin şifahi xalq yaradıcılığına dayanaraq milliliyini qoruyub saxlaya bilib.
Qumuqlar qədim tarixləri ilə qürur duysalar da, uzun illər yazılı ədəbiyyatlarının tarixini XIX yüzillikdə yaşamış Yırçı Kazakla başlayıblar. Bu da səbəbsiz deyildi. Doğum və ölüm ili dəqiq məlum olmayan, təxminən 1830-cu ildə Tarkovsk uyezdinin Muslumavul (indiki Buynaksk rayonunun Atlanavul) kəndində anadan olan Kazak Tatarxan oğlu gəncliyindən gözəl yırlar - şeirlər söylədiyinə görə, xalq arasında Yırçı Kazak kimi tanınıb. Doğulduğu bölgədə xarakterik olan bir işdə - qızqaçırmada (gəncliyində dostuna sevdiyi qızı qaçırmasına kömək etmişdi) iştirak etdiyinə görə həbs edilərək Sibirə sürgün edilir. Sibirdə olarkən vətən həsrətli, ayrılıq nisgili və zəmanəsindən, məmurların özbaşınalığından, haqsızlıqdan, ədalətsizlikdən bəhs edən şeirlər yazır. Vətənə döndükdən sonra da yazı üslubuna sadiq qalır. Şairin şeirləri arasında aşiqanə, lirik nəğmələr olsa da, yaradıcılığının əsasını zəmanədən şikayət, düşmənlərinin ona etdikləri pisliklər, məmurların isə haqsızlıqlara göz yummalarının tənqidi təşkil edir. Gözəl şeirlərilə xalqının qəlbini ovsunlayan şairi düşmənləri təxminən 1879-cu ildə öldürtdürürlər.
Yırçı Kazakın ağrılı-acılı ömür yolu və zəmanədən narazılıq dolu şeirləri sovet ideoloqlarının işinə yarayır. Onun həyatına və yaradıcılığına bir sinfi mübarizə donu geydirərək təbliğ etməyə başlayırlar. Hansı ki, Yırçı Kazakdan öncə yaşamış və müasiri olmuş, ənənəvi doğu şeir üslubunda - didaktik, əxlaqi, lirik şerlər yazmış Kamal Ümminin, Abdürrahman Kakaşuralının (Atlıboyunlu), Muhammat Efendi Osmanov və başqalarının adı çəkilmirdi. Bu tendensiya tarixşünaslıqda da özünü göstərirdi. Ulu babaları qüdrətli türk dövlətləri qurmuş qumuqlara XVII-XIX yüzilliklərdə mövcud olmuş yerli özünüidarə qurumları, yəni yerli feodalların hakim olduğu Pargu Şavhallığı, Mehtulu xanlığı, Endrey, Köstek və Yahsay bəylikləri qumuq dövlətləri kimi tanıdılır və bunlarla qürur duymaları təbliğ olunurdu. Sovetlər Birliyi çökdükdən sonra bu ideoloji təsirlər də aradan qalxmağa başladı. Hələlik qumuqlar ədəbiyyatlarını zəngin folklorları və XV yüzildə yaşamış Kamal Ümmi (Nuri) ilə başlayırlar.

Əli Şamil,
araşdırmaçı