“Bakuvi bizim dilimizlə, ruhumuzla danışır” Mədəniyyət

“Bakuvi bizim dilimizlə, ruhumuzla danışır”

Zaur Şüküroğlu: "Seyid Yəhya bizə əsl bizdən xəbər verir, pozulmamış, təhrif edilməmiş əsl bizdən..."

Türkiyədə yaşayan tədqiqatçı, Ankara Universitetinin doktorantı Zaur Şüküroğlu (Şükürov) ilə XV əsrdə yaşayan Seyid Yəhya Bakuvi haqqında söhbət etdik. Onu da xatırladaq ki, tədqiqatçı "Seyid Yəhya Şirvani və təsəvvüf anlayışı" adlı dissertasiya üzərində çalışır. Gənc alim BayMedia-ya müsahibəsində Bakuvinin şəxsiyyəti haqqında danışıb. Onunla bağlı bu günə qədər bilmədiklərimizi oxuculara çatdırıb. Müsahibəni maraqlı olduğunu nəzərə alıb oxuculara təqdim edirik:
- Zaur bəy, Seyid Yəhya Bakuvi şəxsiyyəti haqqında nə deyə bilərsiniz?
- Seyid Yəhya Şirvani (Bakuvi) Xəlvətilik təsəvvüf məktəbini XV əsrdə yenidən sistemləşdirən və yayılmasına səbəb olan böyük sufi mütəfəkkirdir. O, Şirvanşahlar dövlətinin hakimiyyəti altında olan Azərbaycan ərazisində, Şirvanda yaşayıb, təxminən XIV əsrin sonlarında Şamaxıda, Şirvanşahlar dövlətinin ərazisində yaşayan seyidlərlə bağlı işlərə baxan "Nəqibüləşraflıq" adlı təşkilatın başçısı, yəni nəqibüləşraf olan Seyid Bəhaəddinin ailəsində dünyaya gəlib. Qaynaqların əksəriyyətində yaraşıqlı oğlan olduğu deyilir. Peyğəmbər nəslindən gələn biri olub. Seyid Yəhya Bakuvi nüfuzlu və zəngin ailədə doğulub.
Yeniyetmə çağlarında təsəvvüfə maraq salan Seyid Yəhya sufilərlə tanış olur. Daha sonra yuxuda Həzrəti Peyğəmbəri görür, Həzrəti Məhəmməd ona xəlvəti şeyxi Sədrəddinin yanına getməyi tövsiyə edir. Şeyxlə görüşdən sonra var-dövlət, atasının onun üçün arzu etdiyi hər şey gözündən düşür. Atası oğlunu bu yoldan çəkindirməyə çalışır, hətta şeyx Sədrəddinə qarşı əvvəllər qərəzli münasibət bəsləyir. Ancaq şeyxi tanıyandan sonra özü də təriqət yolu tutur.
Qeyd etdiyim kimi, Seyid Yəhyanın mürşidi xəlvəti şeyxi Sədrəddin Xiyavi olub, seyrü sülukunu bu şeyxin irşadı ilə tamamlayıb. Şeyxinin vəfatından sonra Şirvanşah I Xəlilullahın da dəvəti ilə Seyid Yəhya Bakıya gəlib, yüksək hörmət görüb, burada qurduğu xanəgahında 40 ildən çox fəaliyyət göstərib. Onun təkyəsinin sarayın yanında qurulması da Xəlilullah xanın qayğısı nəticəsində olmuşdu.
Xəlilullah xanın böyük dəstəyi ilə Seyid Yəhyanın xanəgahı institut mahiyyəti daşıyıb. Anadoludan çox sayda insan Seyid Yəhyanın xanəgahına axın etmiş, bunların arasında alimlər də olmuşdur. Seyid Yəhyanın yolu İslam dünyasında ən geniş yayılmış təsəvvüf yollarından biri olub.
Ümumiyyətlə, İslam tarixində əksər hökmdarların sufilərə qayğı ilə yanaşmasının kökündə onların xalq nəzərində böyük dəyərinin olması durur. Bununla yanaşı, hökmdarların elmə, ədalətə, haqq sözə meyl etməsi də mühüm rol oynayırdı. Axı hökmdar da insandır. Yolunu aza bilər, var-dövlət, hakimiyyət onu çaşdırar.
Ona görə adil hökmdarlar daim haqq sözü deyən, düz yol göstərən aqil insanları ziyarət edir, məsləhət alırdılar. Digər tərəfdən sufilərin, şeyxlərin cəmiyyətdə tarazlıq yaratmağı, insanları dünya malına tamahdan, pis işlərdən çəkindirməyi, qənaətcillik, səbr, itaət kimi müsbət xislətləri təbliğ etmələri, yəni bir mənada xalq tərbiyəçisi olmaları da hökmdarların təqdirini qazanıb.
Seyid Yəhya Şirvaninin Azərbaycan-Türk təsəvvüf tarixindəki yeri və təsirləri böyükdür. Onun təsəvvüf təsəvvürünü və fikirlərini nəzərdən keçirmək, bunlar haqqında elmi izahlar vermək və bununla yanaşı, onun həyatını, yaşadığı dövrü, sosial, elmi, tarixi yönlərdən tədqiq etmək çox vacibdir. Xüsusilə əsərlərinin əlyazma nüsxələri əldə edilib incələnməli, dərindən tədqiq edilməlidir.
Mən də bu mənada, müəyyən işlər görməyə çalışıram. Məqsədim Xəlvətiyyə təriqətinin ikinci piri qəbul edilən bu dəyərli elm və irfan xadiminin təsəvvüfi görüşlərini araşdıraraq, bir əsər şəklində ortaya qoymaqdır. Elmi işimdə Seyid Yəhya Şirvaninin Azərbaycan-Türk təsəvvüf tarixində zirvədə olan şəxslərdən biri olması, eyni zamanda təsəvvüfi görüşləri və həyatının xüsusi məqamları, bununla yanaşı, günümüzdəki təsirləri qeyd ediləcək.
Seyid Yəhya Bakuvi sağlam kökümüz, doğru düşüncəmiz, zəngin mənəviyyatımız, tarixi irsimizdir. O, bizə əsl bizdən xəbər verir, pozulmamış, təhrif edilməmiş əsl bizdən. Bizim dilimizlə, ruhumuzla danışır. Yad fikirlər söyləmir. Zəhərli, acı fikirlər yox, təmiz, duru, saf və şirin fikirlər deyir. Onun sistemi və yolu dövrümüzün insanına uzaq və köhnə gələ bilər. Əslində o, fikrən, qəlbən, mənəvi dünyası etibarilə ölümsüzlər arasındadır. O, insanı aldatmaq üçün məntiq oyunları qurmur, zahiri-batini bir olan, aldatmayan həqiqətdən bəhs edir. Fitrətimizdən, daxili aləmimizdən xəbər verir. Ruhumuzu, qəlbimizi və düşüncəmizi təmizləmə, saflaşdırma yollarını göstərir. Hərislikdən, kinlərdən, nəfsani həvəs və arzulardan, düşmənçiliklərdən xilas olma yollarını göstərir. Bəşəriyyət üçün faydalı, xeyirli, düzgün fərdlər olmağımızı istəyir. Halal yeməyi, doğru danışmağı, düzgün işgörməyi nəsihət edir. Məhəbbət, hörmət, şəfqət, yardımlaşma və səmimiyyət təlqin edir. Ruhumuzun mənəvi şifrələri onun sözlərində gizlidir. Onun fikir dünyasına səyahət etmək, arzu etdiyi məhəbbət dünyasını tanımaq üçün onun aləminə girmək lazımdır. O, bizə şərh etdiyi dünyagörüşü ilə bizi əslimizə dönməyimiz üçün səsləməklə yanaşı, bütün bəşəriyyətə qurtuluş müjdələri göndərir.
- Bakuvini mənəvi irsinin tanıdılması üçün nə etmək lazımdır?
- Seyid Yəhya şəxsiyyətinin tanınması və onun düşüncələrinin bilinməsi, qeyd etdiyim kimi, birinci növbədə onun əsərlərinin tədqiqindən keçir. Məlumat üçün deyim ki, Seyid Yəhyanın əsərlərinin əlyazma nüsxələri daha çox Türkiyə kitabxanalarında qorunmaqdadır. Bu kitabxanalar arasında İstanbuldakı Süleymaniyyə Kitabxanası, Nuru osmaniyyə Kitabxanası, İstanbul Universiteti Kitabxanası və Millət Kitabxanası ilə Manisa Xalq Kitabxanası önə çıxan başlıca kitabxanalardır. Azərbaycanda isə Seyid Yəhyanın əsərlərinin əlyazmalarını AMEA Əlyazmalar İnstitutunda görmək mümkündür. Seyid Yəhyanın əsərlərinin çoxu farscadır. Ərəb dilində də yazıb. Onun bilinən əsərləri arasında Azərbaycan türkçəsində yazılan bir əsər var. Bu, Şəfaul-Əsrar adlı əsəridir. Ancaq demək olmaz ki, bu əsər Seyid Yəhyanın Azərbaycan türkçəsində yazılan yeganə əsəridir. Bu, böyük və yersiz bir iddia olar. Çünki elm inkişaf etdikcə və tədqiqatlar davam etdirildiyi müddətcə kitabxanalarda, eləcə də şəxsi kitabxanalarda həbs edilmiş çox əlyazmaları işıq üzü görəcək. Kim bilir, bəlkə də məhbus əlyazmalarının bəziləri də Seyid Yəhyaya aid bilinməyən əsərlərdir. Ona görə də düşünürəm ki, Seyid Yəhyanın Azərbaycan türkcəsində yazılmış əsərindən danışarkən onun, sadəcə, təsbit edilən (müəyyən edilən, tapılan, bilinən) əsərləri arasında ana dilimizdə yazılmış bir əsərinin olduğunu söyləmək daha doğru olacaq.
Məlumat üçün qeyd edim ki, Seyid Yəhya haqqında Osmanlı mənbələrində Azərbaycan mənbələrindən daha çox məlumat verilir. Ancaq əlimizdə olan mənbələrdə verilən məlumatların yetərli olduğunu söyləmək mümkün deyil. Seyid Yəhyanın həyatının böyük bir qismi bizim üçün qaranlıq olaraq qalır. Ona görə dəmən tədqiqatlarımda bir tərəfdən Seyid Yəhyanın həyatı haqqında mövcud mənbələrdə verilən məlumatları dərindən incələməyə çalışır, digər tərəfdən, yeni mənbələr axtarıram.
Ümid edirəm ki, Seyid Yəhyanın həyatının böyük bir qismini işıqlandıracaq yeni mənbələr əldə ediləcək. Hələlik biz məhdud da olsa, mövcud mənbələrdəki məlumatlardan düzgün istifadə etməyə çalışmalıyıq. Yeni mənbələrə gəldikdə, bunu bizim ya da bizdən sonrakı tədqiqatcıların əldəetməsinin fərqi yoxdur. Mühüm olan Seyid Yəhya irsinin layiqli tədqiq edilməsidir. Bunun üçün də tələsik, başdansovdu araşdırmalardan, göstəriş məqsədilə aparılan tədqiqatlardan çəkinmək lazımdır. Məqsədimiz Allahın rizası ilə Azərbaycan tarixinə və mədəniyyətinə xidmət olmalıdır. Bu məqsədə də ancaq sanballı araşdırmalarla çatmaq mümkündür. Anadolu türklərində bir söz var: "Gec olsun, güc olmasın."
- Bakuvinin mürşidi kim idi? Ümumiyyətlə o, əsərlərində özündən əvvəl gələn hansı sufi və mütəfəkkirlərə müraciət edib?
- Qeyd etdiyim kimi, Seyid Yəhya təsəvvüf tərbiyəsini Sədrəddin Xiyavidən alıb. Bu təriqətin mənsubları, eləcə də Seyid Yəhya təriqətin qurucusu Pir Ömər əl-Xəlvətinin müəyyənləşdirdiyi qaydalara bağlı idilər. Ömər əl-Xəlvətinin silsiləsi Əxi Mirəm, Hacı İzzəddin Türkmani vasitəsilə davam edərək Sədrəddin Xiyaviyə, bu şeyxin vasitəsilə də Seyid Yəhyaya çatmışdır.
Əslində Bakuvi xəlvətilikdən yeni bir təriqət çıxara, bu təriqətin öz adı ilə davam edəcək yeni bir qolunu qura bilərdi. Yəni piri-sani yox, öz yaratdığı təriqətin piri-əvvəli ola bilərdi. Ancaq bu addımı atmayıb, bunun özü də bir böyüklükdür. Lakin xəlvətiliyin piri-sanisi, piri-əvvəldən daha öndədir. Pir Ömər Xəlvətinin əlimizdə heç bir kitabı yoxdur. Onun haqqında çox az məlumat var. Bilinən odur ki, Pir Ömər çox xəlvətə çəkilərək ibadət və zikirlə məşğul olarmış. Təriqətə qatqısı təriqətin adı, tacı və xəlvətdə ikən məşğul olduğu əsmai-səba zikridir. Təriqətin yerdə qalan bütün xüsusiyyətləri Seyid Yəhya ilə bağlıdır.
Onu da qeyd edim ki, Xəlvətiliyin bir sufi təriqət kimi təşəkkül tarixində XI əsrdən başlamış azərbaycanlı sufilər Əbdülqahir və Şihabüddin Sührəverdilərin qurduğu Sührəverdiyyə məktəbi mühüm rol oynayır. Xəlvətiliyin kökü məhz Sührəverdiyyə məktəbinə gedib çıxır. Sufilikdə təriqətlər zəncir kimi bir-birinə bağlanır. Əzəl kök Məhəmməd peyğəmbərdir. Peyğəmbər İslamın, onun səhabələri isə təsəvvüfün banisidir. Xəlvətiliyin kökü Həzrəti Əliyə dayanır.
Ümumiyyətlə, Seyid Yəhyanın əsərlərinə nəzər salanda onun Həkim ət-Tirmizi, Əbu Talib əl-Məkki, Əbdülkərim Qüşeyri, İmam Qəzali, Fəridüddin Əttar kimi məşhur sufi və təsəvvüf klassiklərinin əsərlərindən də istifadə etdiyi anlaşılır. Seyidin Mövlanə Cəlaləddin Rumiyə isə xüsusi bir məhəbbətinin olduğunu görmək mümkündür. Seyid Yəhya da Mövlanə Cəlaləddin Rumi kimi məktəb sahibi, üstün şəxsiyyətdir.
Düşüncələrinin ifadə gücü, ədəbi şəxsiyyət olaraq Mövlanə, təbii ki, fərqlidir. Bu iki mütəfəkkirin mənəvi dünyası və düşüncəsistemləri eynidir. Amma yayılma və yetişdirdiyi mühüm şəxsiyyətlər baxımından Bakuvinin məktəbi Xəlvətilik Mövləvilikdən daha geniş yayılmışdır. Türk-İslam dünyasında ən çox yayılan sufi məktəbi Xəlvətilik olmuşdur. Dünyanın müxtəlif ölkələrində Xəlvətilik məktəbinin izləri mövcuddur.
- Zaur bəy, ümumiyyətlə, Seyid Yəhya Bakuvinin yaydığı xəlvətiyyə cərəyanının ideoloji bazasında nə dururdu?
- Hər dinin bir mistik yönü olduğu kimi, İslam dininin də mistik yönü var. İslamın mistik yönünə təsəvvüf adı verilmişdir. İslamın daxilində daşıdığı mistik-mənəvi yön, mütəsəvviflər tərəfindən daha da dərindən dərk edilmiş, onların həyat tərzində və dilində ən gözəl ifadəsini tapmışdır. Bu ifadə tərzi İslamiyyətlə yeni tanış olan bir çox insana İslamın digər ifadə tərzlərinə görə daha cazibədar görünmüşdür.
Dinini dəyişən bir cəmiyyətin və ya ihtida edən bir insanın öz kültüründən tamam qopa bilməməsi sosioloji həqiqətdir. Bir cəmiyyət nə qədər üstün mədəniyyət səviyyəsinə çatsa da, əsrlər boyu davam edən yaşayış tərzini, düşüncəsini və əqidəsini birdən-birə fəda edib onlardan uzaq qala bilməz. Türklərin İslam mədəniyyəti dairəsinə daxil olması da belə olmuşdur.
İslam dini və mədəniyyətinin cazibəsindən başqa əski türk dini əqidələrinin bu dinə yaxın ana qaydalara sahib olması və İslamiyyətin türk ruhuna hər hansı bir dindən daha çox uyğun gəlməsi İslamın türklər arasında yayılmasını asanlaşdıran səbəblərin başında gəlir.
Türklər İslam kültür mühitinə daxil olduqları dövrdən etibarən tamam rəsmi və ənənəvi İslam anlayışını mənimsəmələrinə baxmayaraq, əsas etibarilə Həzrəti Məhəmməd və Əhli Beyt sevgisini ön planda tutan sufilik cərəyanının güclü təsiri altında olublar.
Türklər İslamiyyəti təsəvvüf qəlibi içərisində tanıyıb, bəyənib və qəbul ediblər. Bunda İslamiyyəti yumşaq bir ruh və məna ilə öyrədən sufilərin rolu böyük olub. Beləcə, türklər qısa müddətdə İslamın təsəvvüf yönünü həzm edərək öz aralarından təsəvvüf piri çıxara biliblər. Bəzi təriqətlər türklərin yaşadığı coğrafiyada ortaya çıxmış və onlar tərəfindən müsbət qəbul edilmişdir. Bunlardan biri də Xəlvətiyyə təriqətidir. Bu təriqət türklərin getdiyi, demək olar ki, hər yerə yayılmış və onların həm İslamiyyəti idrak tərzi olmuş, həm də İslamı ifadə tərzi kimi də həyatlarında mühüm rol oynamışdır.
Sufilikdə təriqətlər silsilə adlanan mənəvi zəncirlə bir-birinə bağlanır. Silsilənin ən başında Məhəmməd peyğəmbər durur. Peyğəmbərdən sonra onun yaxın yoldaşlarından, yəni səhabələrdən biri olmalıdır ki, bu da başlanğıc kimi qəbul edilir. Xəlvətiliyin başlanğıcında Həzrət Əli dayanır.
Burada "xəlvət" və "xəlvətilik" sözlərini də açıqlayaq. "Xəlvət" sözü Azərbaycan dilində ümumişlək bir sözdür. Amma buradakı mənası bir qədər fərqlidir. Leksik mənası "tənhalıq, yalqızlıq, təkbaşınalıq" olan bu kəlmə sufi dilində dərvişlərin təkyə, ya da məscid kimi məkanlarda şeyxin izni ilə balaca hücrələrə çəkilərək, daxili saflaşmaya nail olmaq üçün, ümumiyyətlə, qırx gün müddətində dünyəvi düşüncələrdən tamamən ayrılaraq ibadətlə məşğul olmasıdır.
Dərvişlər burada çox az qida qəbul edər, az yatar və vaxtın çoxunu ibadət, zikir və təfəkkürlə keçirərlər. Çilə və ərbəin də adlandırılan bu prinsipin Xəlvətiyyə təriqətində ciddi tətbiqinə riayət edilirdi. Təriqətin qurucusu Pir Ömər xəlvət həyatını çox sevər, üzlətə çəkilib ibadət və zikirlə məşğul olmaqdan böyük zövq alardı. Buna görə də o, Xəlvəti nisbəsini aldı, qurduğu təriqətə də Xəlvətiyyə təriqəti deyildi.
Xəlvətiyyə təriqəti XIV əsrdə Azərbaycanın mənəvi mühitində doğulmuş xüsusi və böyük bir irfani məktəbdir.
Xəlvətiyyə ən çox qola və şöbəyə ayrılan təriqət kimi tanınır. Dediyim kimi, bu təriqətin qurucusu Pir Ömər əl-Xəlvətidir, Seyid Yəhya Şirvani isə təriqətin mücəddidi, ikinci piri kimi qəbul edilir. Seyidə qədər məhəlli xarakter daşıyan Xəlvətilik onun ətrafa çoxlu xəlifə göndərməsilə daha geniş coğrafiyaya yayılıb. Bu bölgə də intişar edən təriqətlərdən türklər arasında ən çox yayılanı da Xəlvətiyyə təriqətidir. Xüsusilə də Seyid Yəhyadan sonra bu təriqət, demək olar ki, tamamilə bir türk təriqəti hüviyyətinə bürünmüşdür. Görünür, türklər üçün Xəlvətiliyin cazibəsi digər təriqətlərdən daha çoxdur. Seyid Yəhyadan etibarən bu təriqətin, demək olar, bütün qollarının və şöbələrinin şeyxləri türk olub.
Xəlvətilikdə nəfsin pislikdən və günahlardan təmizlənməsi əsasdır. Bunun yolu da dillə, qəlblə və ruhla edilən zikirdir. Xəlvətiliyin kökündə insanların Allaha yaxınlaşması, insanlar arasında mənəviyyatın yüksəldilməsi, pisliyin aradan qaldırılması, əxlaqın cəmiyyətdə ön plana keçməsi dayanır. Salik davamlı olaraq nəfsinə müxalif olmalı, ona qarşı mübarizə aparmalı, hər cür bəla qarşısında səbr etməli, var olanla kifayətlənməli, şikayətdən uzaq durmalıdır.
Bütövlükdə təsəvvüfdə əhəmmiyyət verilən az yemək, az danışmaq, az yatmaq, inziva, zikir, fikir, şeyxə qəlbən bağlı olmaq prinsiblərinə Xəlvətilikdə həssaslıqla riayət olunur. Müşahidə mərtəbəsinə çatmaq üçün mücahidə şərtdir. Bu təlim tolerantlığa önəm verir, elmi təbliğ edir, milli-mənəvi dəyərləri qorumağa, ictimai dəyərləri inkişaf etdirməyə əhəmiyyət verir.
Əslində sufilik, xüsusilə də Xəlvətilik insanların bir çoxunun düşündüyü kimi gizli bir məktəb, özünə qapanma deyil, onun çox fərqli yönləri vardır. Sufilik eyni zamanda ictimai bir sistemdir. Cəmiyyətin hər təbəqəsinə nüfuz edib təlim verən, müəyyən mənada tərbiyələndirən pedaqoji bir məktəbdir. Sufilər bir çox hallarda intellektual təbəqəyə mənsubdurlar, sosial-ictimai həyatda aktiv şəkildə fəaliyyət göstərirlər.
Onlar cəmiyyətdə yaşayan sülhsəvər, tolerant insanlardır. Onların fəaliyyətlərinin öyrənilməsi vacibdir. Tədqiqatlar göstərir ki, sufi cərəyanına mənsub olan insanlar cəmiyyətə yaxşı nümunə olublar. İctimai həyatda tolerantlığı, insanların bir-biri ilə yaxşı davranmasını, dinlərarası hörməti təbliğ ediblər. Seyid Yəhya Bakuvinin təlimi həm də bir fəlsəfi məktəbdir. Bu fəlsəfəyə dünyamızın çox ehtiyacı var.
Bu gün dünya dostluğa, sevgiyə, barışa, mənfəətdən uzaq münasibətlərə, yardımlaşmağa möhtacdır. Bu o demək deyil ki, sufilər o dönəmdə bütün bunların hər birinə nail ola bilmişdilər. Amma bu təlimi təbliğ edənlər ən azından yaşadıqları mühitdə müsbət ab-hava yarada bilirdilər.
Bu təriqətin bir çox qolu bu gün Türkiyədə, İraqda, Suriyada, Şimali Afrika ölkələrindən Misirdə, Liviyada, Əlcəzairdə, Tunisdə, Balkan ölkələrində, Hicazdan Hindistana qədər olan bölgələrdə fəaliyyətlərini davam etdirirlər. Avropa və Amerika ölkələrinin də bir çoxunda, o cümlədən İtaliyada, Kanadada, Argentinada, Braziliyada xəlvəti təkyələrinin olduğu bilinir. Azərbaycanda isə Xəlvətiyyənin bu gün davam etdiyini demək çətindir.
Sufilik bu gün Qərb insanına çox cəzbedici görünür. Həzrəti Mövlananın "Məsnəvi"si bir çox Qərb dillərinə tərcümə edilib.
- Bildiyimiz qədər onun Osmanlı imperiyasında gedən sufi hərəkatına böyük təsiri olub. Bu barədə fikirlərinizi bilmək maraqlı olardı...
- İslam tarixində sufi mütəfəkkir-övliyalar çox olub. Amma özündən sonra məktəb qoyub gədənlər azdır. Seyid Yəhya Şirvani "Qurani-Kərim"ə və hədislərə çox bağlı olub, təliminin bünövrəsini bu müqəddəs mənbələr əsasında formalaşdırıb. Onun təlimi çox yayılıb, çünki yolu doğru yol olub. Əsasən əhli-beytə mənsub olan mütəfəkkir İslamdan xaric bir istiqamət almayıb. Bunları əməlində, davranışlarında qoruyub saxlayıb. Yanına gələnlər sözü, niyyəti və əməli bir olan bu insandan elm öyrənərdi, irfan alardı. Minlərlə insan onun təlimi əsasında dərs alıb, onlardan 360-a qədəri xilafət alaraq getdikləri yerdə bu məktəbi tədris etməyə səlahiyyət qazanıblar.
Azərbaycanda son əsrlərdə sufizmin, eləcə də xəlvətiliyin ictimai dəyərləri unuduldu və ya yanlış izah edildi. Bir sistem kimi inkişaf edə bilmədi. Bu mərhələdən sonra xəlvətiliyin daha çox Osmanlı coğrafiyasında həyatını davam etdirdiyini görürük.
Seyid Yəhyanın "Vird-i Səttar" adı ilə tanınan övrad və əzkar (dua) kitabı əsrlər boyu Osmanlı hakimiyyəti altında olan Anadolu, Balkanlar, Yaxın Şərq və Şimali Afrika coğrafiyasında oxunan, tərcümə və şərh edilən bir əsərdir. Bu əsər, indi də qeyd etdiyim mühitlərdə oxunmaqdadır. Seyid Yəhyanın ən məşhur və ona əsas şöhrətini qazandıran əsəri də "Vird-i Səttar"ıdır.
Seyidin Osmanlı coğrafiyasına təsiri onun əsərləri ilə yanaşı, ilk xəlifələrindən və məşhur tələbələrindən olan Məhəmməd Bəhaəddin Ərzincani, Dədə Ömər Rövşəni, Həbib Qaramani kimi davamçıları və bunların tələbələri vasitəsilə olmuşdur. Məhəmməd Bəhaəddin Ərzincani və Dədə Ömər Rövşəni, şeyxləri Seyid Yəhya kimi hökmdarlar arasında da mənəvi nüfuza sahib şəxsiyyətlər idi. Misal üçün, deyim ki, 1473-cü ildə Ağqoyunlu hökmdarı Uzun Həsən ilə Osmanlı hökmdarı Sultan Mehmed Fateh arasında baş vermiş Otluqbeli savaşından sonra iki hökmdar arasında barış müqaviləsinin imzalanmasında Ərzincaninin böyük rolu olmuşdur.
Mənim Seyid Yəhya Şirvani yaradıcılığı ilə ilk tanışlığım da Ərzincani vasitəsilə olub. Belə ki, Seyid Yəhya haqqında ilk məlumatları Ərzincani haqqında hazırladığım magistr işi üzərində çalışarkən əldə etdim. Daha sonra Diyanət İslam Ensiklopediyasında Ərzincani haqqqında nəşr edilmiş yazını da yazmaq mənə qismət oldu.
Ərzincani Anadoluda fəaliyyət göstərən ilk xəlvəti şeyxlərindən biri kimi tanınır. Xəlvətiyyənin Osmanlı paytaxtına qədər yayılmasında Ərzincaninin xidməti böyükdür. Çünki Xəlvətilik İstanbula ilk dəfə onun Çələbi Xəlifə kimi tanınan ən məşhur tələbəsi Camali Xəlvəti tərəfindən II Bayəzid dövründə gəlib. Bu hadisələr Seyid Yəhyanın Osmanlı dövlətindəki təsirini artıran proseslər olub.
Demək olar dünyada ən geniş yayılmış təsəvvüf məktəbi Seyid Yəhya Bakuviyə məxsusdur. Onun Bakıdakı bir institut mahiyyəti daşıyan xanəgahına Anadoludan 40-a yaxın alim gəlib, Bakuvinin məktəbini öyrənib öz vətənlərinə qayıdıb, orada bu məktəbi qurublar. Fateh Sultan Mehmetdən I Əbdülhəmidə qədər bir çox Osmanlı padşahı Bakuvi yolunun bağlıları olublar. Xəlvəti ədəbiyyatı da var. Seyid Yəhya Bakuvi nəsr və nəzmlə çoxlu əsər yazıb. Sufi ədəbiyyatının bir hissəsi xəlvəti dərvişlərinin qələmindən çıxıb.
Xəlvətilərin ədəbiyyatımıza qazandırdığı çox zənginliklər var. Məsələn, Niyazi Misri Osmanlı divan ədəbiyyatının sayılıb-seçilən şairlərindən biridir. Yaxud Seyid Yəhyanın adını çəkdiyim, məhhur xəlifələrindən Dədə Ömər Rövşəninin tələbəsi Bərdə əsilli İbrahim Gülşəni. Sultan Yaqubun müəllimi olub, Uzun Həsənin sarayında çalışıb, ancaq sufi olduqdan sonra dövlət işlərindən uzaqlaşıb. Qanuni Sultan Süleyman onu İstanbula gətirib, çox ehtiramla yanaşıb ona. Gülşəninin Mövlanaya nəzirə kimi yazdığı "Məsnəviyi-Mənəvi" adlı 40 min beytlik bir əsəri var. Belə misallar çoxdur. Bunlar ədəbiyyat tarixi üçün də zəngin qaynaqdır.
Seyid Yəhya haqqında Osmanlı mənbələrində Azərbaycan mənbələrindən daha çox məlumat verilməsi və onun əsərlərinin əlyazma nüsxələrinin daha çox Türkiyə kitabxanalarında olması da Seyidin Osmanlı coğrafiyasındakı təsirindən xəbər vərir.
- Zaur bəy, biz Seyid Yəhya Bakuvini lazımi səviyyədə dünya səviyyəsində tanıtdıra bilmişikmi? Bakuvini tanıtmaq bizə nə verə bilər?
- Bu sahədə irimiqyaslı tədqiqatlar təəssüf ki, ancaq son dövrlərdə aparılmağa başlanılıb. Bu mənada, Qafqaz Universitetinin müəllimi hörmətli Mehmet Rıhtımın əməyini qeyd etmək istərdim. O, Seyid Yəhya və Xəlvətilik haqqında Azərbaycanda dissertasiya işi üzərində işləyərək 2005-ci ildə Bakıda nəşr etdirib. Mənim bu kitab haqqında yazdığım bir məqalə 2008-ci ildə İstanbulun Mərmərə Universitetinin ilahiyyat fakültəsinin dərgisində çap edildi.
Məqsədim Mehmet Rıhtımın bu əsərini Türkiyənin elmi ictimaiyyətinə tanıtmaq idi. Məqaləmdə də qeyd etdiyim kimi, bu çalışma o günə qədər aparılmış ən geniş tədqiqatdır. Buna baxmayaraq, əsərdə gözdən qaçan nöqsanlara da rast gəlmək mümkündür. Mən də məqaləmdə bu cür nöqsanların bir neçəsini elmi üslub çərçivəsində qeyd etdim. Mehmet bəylə indiyə qədər heç vaxt qarşılaşmamışıq. Məqaləm dərc edildikdən sonra ortaq bir tanışımız vasitəsilə yazımı oxuduğunu, tənqidlərimin yerində olduğunu söylədiyini eşitdim və anlayışlı baxışına görə çox sevindim.
Azərbaycanda, Qafqaz Universitetində Seyid Yəhyanın bir az əvvəl də qeyd etdiyim "Şəfaul-Əsrar" adlı əsəri üzərində Mirrəşidə Kazımi tərəfindən hazırlanmış magistr işini də qeyd etmək istərdim. Daha sonra Mehmet Rıhtım adı çəkilən əsəri sadələşdirərək Bakıda və İstanbulda çap etdirdi. Bu çalışmalar əsərin tanıdılması isitqamətində böyük xidmətlərdir. Ancaq təəssüf ki, adı çəkilən əsərin bu gün əlimizdə, sadəcə, bir əlyazma nüsxəsinin olması elmi tənqidi nəşrinin gerçəkləşdirilməsini imkansızlaşdırır.
Ümid edirəm ki, əsərin gələcəkdə bir və ya bir neçə yeni nüsxələri tapılacaq və elmi tənqidi nəşri də hazırlanacaq. Mehmet Rıhtımın Seyid Yəhya haqqında nəşr etdirdiyi məqalələri də var. Ondan əvvəl Azərbaycanda Seyid Yəhya haqqında alimlər tərəfindən müəyyən işlərin görüldüyünü söyləmək mümkündür; ancaq bunlar demək olar ki, kiçik miqyaslı tədqiqatlardır. Belə tədqiqatların müəllifləri kimi Abbasqulu Ağa Bakıxanovun, Firidun Bəy Köçərlinin, Əliəjdər Seyidzadənin, Məşədixanım Nemətin və Azadə Musayevanın adlarını çəkmək olar.
Türkiyədə isə Seyid Yəhya Şirvani araşdırmalarına cığır açan tədqiqatçı Mehmet Əli Aynidir. O, İstanbul Darülfünunun professoru ikən 1921-ci ildə Bakıya da gəlmişdir. Bakıda olduğu müddətdə burada mədəniyyət sahəsində görülən işləri İstanbula qayıtdıqdan sonra qələmə aldığı bir məqaləsində yüksək qiymətləndirən Ayni Seyid Yəhyanın layiqincə tanınmadığına da şahid olmuş, bu səbəblə Seyid Yəhyanın tanıdılması işinə girişmiş, onun haqqında oxuduğu bir mühazirənin xülasəsi daha sonra 1923-cü ildə Bakıda çıxarılan "Maarif və Mədəniyyət" dərgisinin 6-cı sayında da nəşr edilmişdir.
Mehmet Əli Ayni türklərin ən böyük mütəfəkkir və alimlərindən biri kimi qəbul etdiyi Seyid Yəhya Şirvaninin həyatını tezliklə yazmağa başlayacağının müjdəsini də vermişdir. Ancaq onun 1923-cü ildə İstanbulda nəşr etdirdiyi "Şəyh-i Əkbəri Niçin Səvərim" adlı əsərində söz açdığı bu monoqrafiyanı yazıb-yazmadığı təəssüf ki, məlum deyil. Mənim fikrimcə, Ayni Bakıda gördüyü işləri İstanbula qayıtdıqdan sonra da davam etdirmək məqsədilə əlindəki yazıları daha da genişləndirərək belə bir əsər yazmaq istəyib. Mehmet Rıhtım Ayninin bu əsəri yazmasına ömrünün vəfa etmədiyini söyləsə də, bu məlumatı hansı mənbədən aldığını qeyd etmir.
Ancaq Ayninin 1945-ci ildə vəfat etdiyini nəzərə alsaq, Rıhtımın görüşünün zəif bir ehtimal olduğunu görərik. 1923-cü illə 1945-ci il arasında 22 il var. Bu da bir şəxsiyyətin həyatının yaxşı-pis yazılması üçün yetərli bir ömürdür. O zaman Ayni ya müəyyən səbəblərə görə başqa tədqiqatlara yönəldiyi üçün bir daha bu mövzuya qayıtmaq imkanı tapa bilməmiş, ya da yazmış, ancaq əlyazma şəklində qalan əsər ya yox olmuş, ya da hardasa işıq üzü görməyi gözləyir. Ümid edirəm ki, sonuncu ehtimalımız doğru olar və gələcək tədqiqatlar nəticəsində əsər tapılar. Çünki Ayni kimi görkəmli bir elm xadiminin qələmindən çıxan bir əsərin Seyid Yəhya irsinin tədqiqinə böyük fayda verəcəyi şübhəsizdir.
Türkiyədə Seyid Yəhyanın əsərlərinin tanıdılması istiqamətində əvəzsiz xidməti olan digər bir görkəmli alim də Əhməd Atəşdir. O, İstanbulun Universitet və Nuruosmaniyyə kitabxanalarında qorunan farsca mənzum əsərlər haqqında mükəmməl bir kataloq çalışması hazırlayıb. Bu işində Seyid Yəhyanın adı çəkilən kitabxanalardakı əsərlərinə də kifayət qədər yer ayırıb. 1966-cı ildə vəfat edən Əhməd Atəşin bu çalışması ölümündən sonra 1968-ci ildə İstanbulda nəşr edilib. Azərbaycanda Azadə Musayeva 1985-86-cı illərdə Seyid Yəhyanın əsərləri haqqında dərc etdirdiyi məqalələrində daha çox Əhməd Atəşin bu çalışmasında verdiyi məlumatlardan istifadə edib.
Bundan başqa, Türkiyədə Seyid Yəhya haqqında araşdırmalarıyla tanınan və eyni zamanda Seyidin bir çox farsca əsərlərini də Türkiyə türkcəsinə çevirən mərhum Hasan Almazı rəhmətlə yad etməliyik. Bu tərcümədə hər nə qədər müəyyən səhvlərə yol verilsə də, Hasan Almazın xidmətləri hər zaman qeyd edilməlidir. Çünki Seyid Yəhyanı unudulmuşlar arasından çıxarma işində onun da haqqı var.
Bu arada maraqlı bir şeyi də qeyd etmək istəyirəm ki, Seyid Yəhya irsinin tədqiqatı, eləcə də Azərbaycan mədəniyyəti tarixində Anadoludan Azərbaycana gələn iki Mehmetin öz yerləri var. Bunlardan biri XX əsrin əvvəllərində Seyid Yəhyanı Azərbaycanda unudulmaqdan qurtarmağa çalışan Mehmet Əli Ayni, digəri də XXI əsrin əvvəllərində Azərbaycanda eyni amal üçün çalışan Mehmet Rıhtım. Bu mənada, ikisinin də xidmətləri təqdirəlayiqdir. Sevinirəm ki, Seyid Yəhya Şirvani yolunun əmanətdarı olan Anadoluda Seyid Yəhya irsinə xidmət etmək əsrimizdə bir azərbaycanlı kimi mənə də qismət olub. Ancaq hörmətli Mehmət Rıhtımın, bu mənada, məndən daha şanslı olduğunu söyləyə bilərəm.
Çünki o, Azərbaycanda Seyid Yəhyanın həmvətənlərindən, nəvələrindən gördüyü dəstək sayəsində xeyli iş görə bilib; bu da onu göstərir ki, Azərbaycanda Seyid Yəhyanın adı unudulsa da, əməlləri yaşadılıb. Seyid Yəhyanın Anadoludan elm və irfan üçün ona pənah gətirən insanlara necə sahib çıxdıbını mənbələr xəbər vərir. Sevindirici zaldır ki, Seyid Yəzyanın bu yolunu onun zəmvətənləri bu gün də davam etdirirlər. Mən isə Seyid Yəzyaya mənəvi cəzətdən borclu olan Anadoluda onun bir nəvəsi, zəmvətəni kimi zeç bir dəstək görmürəm; vaxtilə Türkiyənin bir dövlət qürumundan göstərilən dəstək də bu qurumdakı bəzi qüvvələrin Azərbaycana qarşı qərəzli münasibətləri səbəbilə zeç bir səbəb göstərilmədən yarımçıq kəsildi.
Hətta Azərbaycanın İstanbuldakı Başkonsullubunun rəsmi etirazı belə dəstəyin bərpasını təmin edə bilmədi. Bu, qardaş Türkiyədə Azərbaycana qarşı mənfi münasibətdə olan bəzi şər qüvvələrin mövcudluğunun bariz nümunəsidir. Çünki onlara Azərbaycana sadiq olan azərbaycanlılar yox, onların çirkin məqsədlərinə xidmət edəcək "azərbaycanlılar" lazımdır. Belə münasibət bir zamanlar yetişdirdiyi Anadolulu tələbələri ilə bu diyarı işıqlandıran Seyid Yəhyaya qarşı Türkiyədəki bəzi dairələrin vəfasızlığının göstəricisidir və eyni zamanda onun vətəninə, yetişdiyi torpaqlara qarşı hörmətsizlikdir. Bütün çətinliklərə baxmayaraq, dissertasiya işimi davam etdirirəm, başa çatdırmaq qismət olar, inşallah.
Əsas mövzumuza qayıtmaq istəyirəm; Azərbaycan-Türk-İslam mədəniyyətinin yetişdirdiyi ən mühüm şəxsiyyətlərdən biri olan Seyid Yəhya Şirvani həyatı boyu və ölümündən sonra bir çox insana və cəmiyyətə təsir etmiş böyük bir mütəfəkkir və mütəsəvvifdir. İslam coğrafiyasında Seyid Yəhya qədər hörmət və məhəbbət qazanan çox az insan var. Onun mənəvi irsinin dərindən tədqiq edilməsi ona qeyri-islam coğrafiyalarında da eyni məhəbbəti qazandıracağını düşünürəm. Çünki Seyid Yəhya fəlsəfəsinin mərkəzində insan dayanır.
Seyid Yəhya Şirvani mədəniyyət tariximizin ən böyük simalarından biridir. Yalnız böyük bir mütəfəkkir, bir təriqət lideri, dərin bir sufi, ətraflı bir alim deyil, eyni zamanda mədəniyyətimizin yaxınlaşdırıcı və birləşdiricisi, dərin ruh və könül adamıdır. Azərbaycanda böyük məktəb açmış, onu bütün dünyaya yaymış insana laqeyd qalmaq ciddi nöqsandır. Seyid Yəhya Bakuvi dərsliklərə salınmalı, həyatı və yaradıcılığı öyrənilməlidir.
Seyid Yəhyanın mədəniyyətimizə təsiri o qədər böyükdür ki, onu yaxşıca tanımadan mədəniyyət tariximizin önəmli bir bölümünü anlamaq mümkün olmayacaq. Bu, elmi həqiqətdir. Bu mənada, YUNESKO-nun 2013-cü ili Seyid Yəhya Bakuvi (Şirvani) ili elan etməsi təqdirəlayiqdir. Çünki bu, sadəcə, Seyid Yəhyanın yox, eləcə də Azərbaycanın və Azərbaycan mədəniyyətinin dünyada tanıdılması üçün böyük fürsətdir. Bu çərçivədə yetərli olmasa da, müəyyən işlər görülüb və davam edir. 2-4.07.2013 tarixləri arasında Bakıda Beynəlxalq Simpozium/-Konfrans keçirildi. Ancaq daha sonra öyrəndiyimə görə, bu konfransda əvvəlcədən hazırlanmış bəzi elmi məruzələrə ya yer verilməyib, ya da çox qısa olması şərtilə yer verilib. Əvəzində, rəsmi çıxışlara istənilən qədər vaxt ayrılıb.
Görünür, bunun səbəbi bu simpoziumun əsas təşkilatçısının Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin olması olub. Ancaq maraqlıdır, adı simpozium-/konfrans olan bir tədbirdə elmi müzakirələrə biganə yanaşılırsa, belə bir simpoziumun-/konfransın nəticəsi nə ola bilər? Noyabr ayında da Əskişəhərdə və yenidən Bakıda Seyid Yəhya Bakuvi və Xəlvətilik simpoziumu hazırlanır.
Bu simpoziumların əsas məqsədi Seyid Yəhya Şirvanini tanımaq, onun həyatı, düşüncələri, tələbələri və əsərləri çərçivəsində Türk Dünyası, Balkanlar, Afrika və digər bölgələrdəki izlərini və təsirlərini araşdırmaq, dünyada təsis etdiyi fikri və sosial irtibatları öyrənmək və anlamaq olduğuna gorə ümid edək ki, Bakıdakı birinci simpoziumda çox vaxt verilməyən elmi müzakirələrə bu iki simpoziumda daha çox vaxt ayrılsın. Əks təqdirdə, cətin ki simpozium məqsədinə çata bilsin. İnanıram ki, bu dəfəki simpoziumların təşkilatçıları universitetlər olduğuna gorə bu simpoziumlarda elmi müzakirələrə laqeyd yanaşma olmayacaq.

Elnur Eltürk