“Qobustan”ın yeni nömrəsində... Mədəniyyət

“Qobustan”ın yeni nömrəsində...

"Qobustan" sənət toplusunun yay nömrəsi işıq üzü görüb. Ənənəyə uyğun olaraq redaktorun "Qırx sətir" yazısı bu dəfə mərhum Xalq Artisti Fuad Poladova həsr olunub.
Toplunun "Sən-siz" rubrikasında Xalq Yazıçısı Anarın "Adil İskəndərov dramı", Mehdi Məmmədov haqqında "Rejissor ləyaqəti", Şəmsi Bədəlbəyli haqqında "Şux adamın qəmgin sonu" adlı üç essesi yer alıb.
Toplunun "Dil ağacı" bölməsində Cəlil Məmmədquluzadənin "Bizim obrazovannalar" və "Dil" felyetonları ilə yanaşı Narıngül Nadirin müsahibəsində "Dedim-dedi" başlığı altında Həyat Şəmi, Minəxanım Təkləli, Xalid Kazımlı, İntiqam Mehdizadə, Zakir Məmmədli Azərbaycan dilinin hazırkı inkişaf mərhələlərindən söz açılır.
"Yurd yeri" bölməsində Teyfə Hüseynova Cümhuriyyətin 100 illiyinə həsr olunmuş "Toy elə toydur – dünən də, bu gün də…", Firuzə Əsədzadə "Qardaş Türkməndə baxşı sənəti", Camal Aydın "Paris məzarlığındakı "abidə" məqalələri yer alıb.
Sənət toplusunun "Beş yarpaq" rubrikasında İlham Nəzərovun "Koroğlu" operası haqqında "Opera dağının qoşa zirvəsi", Aydın Dadaşovun "Mehman" ekrana necə gəldi?", Ruslan Tağıyevin Habil Kaman və Ədalət Vəzirovdan bəhs edən "İki ustadın simindən bir "bayatı…", Şirməmməd Nəzərlinin 70 illik yubileyinə həsr olunan "Foto və söz hörgüsü", Ülkər Məmmədovanın "25 il – teatrda xeyli möhlətdir" yazıları verilib.
"Xatirə çiçəyi"ndə Esmira Nəzərli "Utanıram ölməyə" essesində Xalq Artisti Qara Tağızadədən, Ağalar İdrisoğlu "Qədri bilinməyən adam" oçerkində Şahmar Qəriblidən söz açıblar.
Oxucular bu dəfə "Pillələr" rubrikasında Sahibə Ələkbərovanın "Azərbaycan tarixi muzeyi – həm də bir məktəbdir", İnarə İsmayılova "Mərziyə Davudova barədə bəzi sənədlər", Qürbət Mirzəzadə "Ədəbi-tənqidi mühakimədə nəzəri başlanğıcın yeri" məqalələri, "Yazı-pozu" rubrikasında isə V.Ənvəroğlunun Meşa Selimoviçin eyniadlı romanı əsasında yazılmış "Dərviş və ölüm" pyesi ilə tanış ola biləcəklər.
Toplunun baş redaktoru Vaqif Əlixanlıdır.