

Bu medal təkcə yarışın deyil, zəhmətin və səbrin nəticəsidir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Dünya Turu Seriyasında ilk medalını qazanan Azərbaycan cüdoçusu Rəşad Yelkiyev deyib.
66 kiloqram çəkidə mübarizə aparan idmançı Perunun paytaxtı Limada keçirilən turnirdə əldə etdiyi bürünc medalın onun üçün çox dəyərli olduğunu söyləyib: “Üçüncülük uğrunda görüşdə qarşılaşdığım rəqibi məşqçilərimizlə birlikdə yaxşı analiz etmişdik. Bununla da görüşün gedişatı və nəticəsi istədiyimiz kimi alındı. Turnirə yaxşı hazırlaşmışdım və şükürlər olsun ki, bəhrəsini gördüm. Bu, Dünya Turu Seriyasında qazandığım ilk medal oldu. Mmənim üçün çox dəyərlidir. Komandamızla birlikdə məqsədimiz təkcə fərdi nəticələr deyil, həm də Azərbaycan cüdosunun adını ən yüksək səviyyədə təmsil etməkdir”.
Qeyd edək ki, Azərbaycan milli komandası turniri 2-si gümüş, 5-i bürünc olmaqla ümumilikdə 7 medalla tamamlayıb.