

Azərbaycanın Malayziyadakı səfirliyinin təşəbbüsü ilə Malayziyanın BERNAMA dövlət informasiya agentliyinin nəzdində fəaliyyət göstərən BERNAMA radiosunda Azərbaycan milli bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi və Azərbaycan Milli Musiqi Günü münasibətilə bir neçə gün müxtəlif saatlarda dahi bəstəkarın əsərləri səsləndirilib.
AZƏRTAC xəbər verir ki, yayım zamanı Üzeyir Hacıbəylinin Azərbaycan peşəkar musiqisinin formalaşmasındakı rolu, milli opera və operettanın yaradıcısı kimi misilsiz xidmətləri barədə dinləyicilərə geniş məlumat verilib, bəstəkarın ölməz əsərlərindən – “Koroğlu” operasından uvertüra, “Arşın mal alan” operettasından seçmələr, simfonik və kamera musiqiləri təqdim olunub.
Radionun aparıcıları qeyd ediblər ki, Üzeyir Hacıbəylinin yaradıcılığı təkcə Azərbaycan mədəniyyətinin deyil, ümumdünya musiqi xəzinəsinin əvəzolunmaz hissəsidir. Bəstəkarın Şərq və Qərb musiqi üslublarını sintez edən yenilikçi yanaşması, həmçinin onun Azərbaycan mədəniyyətinin beynəlxalq aləmdə tanıdılmasındakı misilsiz xidmətləri vurğulanıb.
Qeyd olunan təşəbbüs Azərbaycanın zəngin musiqi irsinin beynəlxalq miqyasda təbliği, Üzeyir Hacıbəyli yaradıcılığının beynəlxalq auditoriyaya daha geniş çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir.