

Prezident Kitabxanasında alimlər, ziyalılar və ictimai xadimlərlə görüşlər bir ənənəyə çevrilib.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Ekoenergetika Akademiyasının professoru, texniki elmlər üzrə doktor professor Tahir Cəfərov Prezident Kitabxanasının qonağı olub, görülən işlərlə tanış olub və kitablarını Kitabxana fonduna hədiyyə edib.
Tahir Cəfərov Azərbaycan Neft və Kimya İnstitutunu mühəndis-elektromexanik ixtisası üzrə bitirdikdən sonra Mingəçevir Tikinti Trestinin Elektrik Quraşdırma İdarəsində usta, Mingəçevir SES-də kaskadın mühəndisi, Dövlət Enerji Nəzarət İdarəsinin Mingəçevir şəhər şöbəsinin rəisi, Mingəçevir Elektrik Şəbəkəsinin direktoru, Sənaye və Energetika Nazirliyində Energetika şöbəsinin müdiri, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin tabeliyində olan “Azalternativenerji” MMC-nin baş energetiki vəzifələrində işləyib. Ölkənin energetika siyasətinin formalaşması və bu sahədə Avropa Direktivinə uyğun islahatların aparılması üzrə Avropa İttifaqının ekspertləri ilə birgə yeni qanun layihələrinin hazırlanmasında texniki direktor kimi iştirak edib. Hazırda “Azərişıq” ASC-nin Tədris Mərkəzində müasir texnologiyaların tətbiqi üzrə məsləhətçi vəzifəsində çalışır.
Professor Tahir Cəfərov “Bərpa Olunan Enerji Mənbələrinin Energetika Sisteminə inteqrasiyasında Hidroakkumulyasiya Elektrik Stansiyalarının rolu” (Bakı, 2013), “Elektroenergetika – varlıqla yoxluğun astanasında” (Bakı, 2015), “Smart market. Elektroenergetika - islahatlar və intellektual bazar” (Bakı, 2017), “Elektrik işığının qaranlıqları” (Bakı, 2025) kitablarının və energetika sisteminin fəaliyyət effektivliyinin artırılması, SES-lərin təhlükəsizliyi, müasir texnologiyaların energetikaya tətbiqi, bərpaolunan enerjidən istifadə və digər məsələlərlə bağlı 50-yə yaxın məqalə və layihənin müəllifidir.
Energetika sahəsində görkəmli alim, həmçinin yuxarıda adları sadalanan kitablarının elektron versiyalarını da kitabxanaya təqdim edib.
Prezident Kitabxanasının direktoru professor Afət Abbasova professor Tahir Cəfərova kitabları ilə Kitabxana fondunu daha da zənginləşdirdyi üçün minnətdarlıq edib, ona elmi işlərində uğurlar arzulayıb.