Türklər böyük tarixi epoxa yaradıblar Mədəniyyət

Türklər böyük tarixi epoxa yaradıblar

Dünyanın qədim sakinləri olan türklər böyük tarixi epoxa yaradıblar. Eradan əvvəl VIII əsrdə Çindən Avropanın ortalarına qədər böyük bir ərazidə hökmranlıq etmiş Saxa imperatorluğu ilk böyük türk siyasi təşkilatı hesab olunur. Daha sonra böyük siyasi qüdrət və gücə malik olan Hun imperatorluğu (e.ə. 318 - b.e.58) türk siyasi və mədəni tarixində ən şərəfli yerlərdən birini tuta bilib. Təsadüfi deyil ki, türk tarixçiləri Hun imperatorluğunu Osmanlıdan sonra türklərin qurduğu ən böyük və uzunmüddətli dövlət hesab ediblər. Eramızın III-IV əsrlərində Böyük Türk xaqanlığını Tabqac hökmranlığı təmsil edib. Avarlar bu hakimiyyətə son qoysalar da, 442-ci ildə Göytürklər Avar hakimiyyətini devirib və şərqdə Koreyadan tutmuş qərbdə Krıma qədər olan ərazini özündə birləşdirən Göytürk imperatorluğu yaradıblar. VIII əsrdə Doqquz Oğuz - On Uyğurlar Böyük Türk xaqanlığının təmsilçisinə çevrilirlər. Bundan sonra xaqanlığı müsəlman olan Qaraxanlılar ələ keçirirlər (940) və uzun müddət idarə edirlər. Qeyd etmək lazımdır ki, Hun imperatorluğu dağıldıqdan sonra böyük tarixi proseslər baş verir. Daha doğrusu, bu dağıntıdan sonra türklərin müxtəlif istiqamətlərə yeni yayılma mərhələsi başlayır. Türklər uzaq Hindistanda özlərinin Kuşanlar dövlətini yaradırlar. Anadolu və Balkanlarda məskunlaşırlar. İndiki Macarıstana öz adlarını (Hunqariya) verirlər. Lakin sonralar bu proseslər müəyyən uğursuzluqlarla nəticələnir. Yəni burada yaşayan türklərin hakimiyyəti müvəqqəti olur, Balkan türkləri isə tamamilə xristianlaşır.
Hunların Qərb yürüşləri zamanı bir çox Hun boyları əvvəlki dövrlərdə olduğu kimi, əsasən Qafqazlardan Anadoluya daxil olmuş, IV əsrdən etibarən Ankara və Adanada yaşamağa başlamışlar. 1071-ci ildə Səlcuq hökmdarı Sultan Alparslan Malazgirt döyüşündə Bizans ordularını məğlub edir və türklərin Anadoluda yurd kimi təhlükəsiz yaşamaq arzularını təmin edir. Lakin Bizans imperatorluğu Anadoluya sahib olmaq ümidlərindən əl çəkmirdi. 1176-cı ildə Bizans ordularının acınacaqlı məğlubiyyəti onların Anadoluya sahib olmaq ümidlərini tamamilə puç etdi. Anadolu Səlcuq hakimiyyəti dövründə istər iqtisadi, istərsə də mədəni və elmi baxımdan xeyli inkişaf etmişdi. 1243-cü ildə monqol orduları Səlcuq hökmdarı II Qiyasəddin Keyxosrovun ordusunu məğlub edir, Anadoluda hakimiyyət yavaş-yavaş Elxanilərin əlinə keçməyə başlayır və 1303-cü ildə Anadolu Səlcuq hakimiyyəti süqut edir. Anadoluda türk xanədanının bərqərar olunmasında böyük rolu olan Ərtoğrul Qazinin oğlu Osman Qazi 1299-cu ildə Osmanlı dövlətini qurur. Ağ keçə üstündə taxta çıxan Osman Qazinin böyük hakimiyyət səriştəsi nəticəsində ölkədə elm, sənət inkişaf edib, dövlətin siyasi və iqtisadi qüdrəti xeyli artıb. XIII-XIV əsrlərdə Osmanlı dövlətinin ərazisi də genişlənərək 95.000 kvadrat kilometrdən 500.000 kvadrat kilometrə çatıb.
1402-ci ildə Əmir Teymurla İldırım Bəyazid ordularının Ankara ətrafında döyüşü Osmanlının məğlubiyyəti ilə nəticələnir. İldırım Bəyazid əsir düşür, Anadolu kiçik bəyliklərə parçalanır. Parçalanmış Osmanlı II Mehmet xan tərəfindən yenidən birləşdirilir. Onun sayəsində 1453-cü ildə İstanbul fəth olunur və o, bu şəhəri Osmanlının paytaxtı elan edir. Sonrakı mərhələlərdə türklərin Avropaya doğru uğurlu hücumları başlayır. Uğurların bir səbəbi türklərin güclü orduya malik olması idisə, digər səbəbi damarlarında türk qanı axan Avropanın xristianlaşmış xalqlarınıntürklərə olan rəğbəti idi.
XVI-XVII əsrlər Osmanlı tarixinin yeni zəfərlər dövrü kimi səciyyələnir. Bu dövrlər türklərin təkcə uğurlu Avropa yürüşləri ilə yox, həm də Misirdən tutmuş bütün Şimali Afrikanın fəthi ilə diqqəti cəlb edirdi. Artıq Osmanlı səltənətinin nüfuz dairəsi şimalda Polşa və Rusiyanın mərkəzi hissəsinə, cənubda təxminən ekvatora yaxınlaşırdı. Maraqlı faktdır ki, Osmanlı ölkəsinin ərazisi XVII əsrdə 20 milyon kvadrat kilometrə çatırdı. O cümlədən, dünya əhalisinin böyük bir hissəsi Osmanlı imperatorluğunun tərkibində yaşayırdı. Bu mərhələdə Osmanlı türk dövləti Ağ və Qara dənizlərə sahib çıxmış, özünün böyük donanmasını yarada bilmişdi. Kiprin fəthi də XVII əsrin ikinci yarısında II Səlim xanın dövrünə təsadüf edir. II Səlim xan Osmanlı dövlətinin maraq və dünyaya təsir mexanizmini sürətləndirmək üçün iki böyük layihənin həyata keçirilməsinə təşəbbüs göstərirdi. Layihələrdən biri Türküstanla əlaqə yaratmaq üçün Qara dənizlə Xəzər dənizi arasında kanalın çəkilməsi idi. Bu kanal vasitəsilə türklər, həm də Volqa çayı ilə Rusiyanın şimalına doğru özlərinin hərəkətlərini təmin edə bilirdilər. İkinci layihə isə sonralar Avropa dövlətləri tərəfindən həyata keçirilən (1869) Süveyş kanalının inşası idi. Lakin Osmanlı dövləti layihələrin heç birini reallaşdıra bilmədi.
XVII əsrin sonlarından başlayaraq Osmanlının zəfər tarixində bir geriləmə, başqa sözlə, dayanma və tərəddüd etmə dövrü başlanır. Bu əsrin axırlarında Avropa dövlətləri ilə Rusiya müxtəlif ittifaqlar yaradaraq Osmanlı dövlətini Avropadan uzaqlaşdırmağa çalışırlar. Artıq bu mərhələdə Avropa Rusiya ittifaqı müəyyən nəticələr əldə edir. Məsələn, 1699-cu ildə Karlofçe sazişinə görə Osmanlı Macarıstanı itirir, Avropa dövlətləri Osmanlıya vergi vermir.
XVII əsrin ilk dövrlərindən türklər üzləşdikləri uğursuzluqlardan yaxa qurtarmaq istəsələr də, Rusiya Avropa ittifaqı güclü olduğundan göstərilən cəhdlər hələlik bir səmərə vermirdi. XVIII əsr daha çox Rusiya-Krım müharibələri ilə yadda qalır. 1783-cü ildə ruslar Krımı işğal edirlər. Əhali Krımdan Anadoluya köç etməyə başlayır. 1787-ci ildə ruslarla türklər arasında döyüş başlayır. Həmin müharibə 1792-ci il sazişi ilə başa çatır.
XIX əsr Osmanlı dövlətinin ən çətin dövrü kimi xarakterizə olunur. Türklərə qarşı rus, fransız, ingilis birliyi bütün Osmanlı dövlətini sarsıtmaq planları barədə düşünürdü. Həmin birlik Avropada üsyan etmək üçün fürsət gözləyən xalqlara dəstək verməklə gözlənilən üsyanların vaxtını sürətləndirir, miqyasını genişləndirirdi. Eyni zamanda ərəb ölkələrində də üsyanlar müşahidə edilməkdə idi.
1839-cu ildə Türkiyədə Tənzimat islahatı və 1856-cı ildə İslahat Fərmanı elan edilir. Bu islahatların müəyyən maddələrinə görə Osmanlı imperiyası xristian əhaliyə bir sıra güzəştlərə gedir, onların müsəlmanlar kimi dövlətin siyasi həyatında iştirakını təmin edir, vəzifə tutmaq hüquqlarını bərpa edir.
Əslində bu islahatların digər cəhətlərini kənara qoysaq, sadalanan maddələr Osmanlı dövlətinin tabeçiliyində saxladığı dövlətlər qarşısından geri çəkilməsi demək idi. 1869-cu ildə Süveyş kanalı açılır. Avropa xristian dövlətlərinin Şərq maraqlarının reallaşması yollarında mühüm addımlardan biri atılır. 1876-cı ildə II Əbdülhəmid taxta çıxır. İlk Osmanlı Konstitusiyasını elan edir. Bu dövrdə Balkan xalqları kütləvi üsyanlar edirlər. Osmanlı dövləti qarşılaşdığı real vəziyyətlə barışmasa da, vəziyyətdən çıxa bilmir. Qeyd etmək lazımdır ki, 1912-ci ildə Balkan müharibəsində Osmanlı dövləti 158 rayonu əhatə edən 33 vilayəti itirib.
1914-cü ildə Birinci Dünya müharibəsi başlayır. Siyasi icmalçılar və tarixçilər Türkiyənin həmin illərdəki vəziyyətini "xəstə adama" bənzədirlər. Türkiyə Almaniya ilə ittifaqa girsə də, müharibədə məğlub olur. İngilis-fransız birliyi qüvvələri İstanbulu işğal edirlər. Bu illərdə türk milləti ən çətin günlərini yaşayır. Millət asılılıqda yaşamaq, dövlət isə tarixdən, xəritədən silinmək təhlükəsi ilə üzləşir. I Dünya müharibəsində məğlub olsalar da, böyük hünərlər göstərən Ənvər Paşanın ordusu artıq silahı yerə atmış və dağılmışdı.
Xalqın və millətin taleyini fikirləşənlər bütün ümidlərini Mustafa Kamal Paşaya bağlamışdı. O, İzmir işğal olunan gün gəmi ilə İstanbuldan Samsuna yola düşür. 1919-cu ilin 19 may tarixində Samsuna gəlir, gizli fəaliyyətə başlayır. Ərzurum və Sivasa gedir. Ordu qrupları hazırlayır. Artıq Mudros və Sevr müqavilələrinə görə bütün dövlət hüquqlarını itirən Osmanlı dövlətinin türk könüllü qüvvələri yenidən mübarizəyə qoşulmağa başlayır. 1920-ci ilin 23 aprelində Ankarada Böyük Millət Məclisi açılır. Atatürk məclisin sədri seçilir, eyni zamanda o, baş komandan təyin edilir. İşğalçı ingilis, fransız və yunanlara qarşı müharibə aparılır və xalq bu müharibədən qalib çıxır. Türkiyənin indiki sərhədlərini qəbul edən Lozanna sülh müqaviləsi imzalanır. 1923-cü ilin oktyabrın 29-da Türkiyə Cümhuriyyəti elan edilir. Təbii olaraq Türkiyə Cümhuriyyəti türkçülük ənənələrinə sadiq qalaraq bu günə qədər böyük tarixi yol keçib və hazırda dünyanın ən demokratik ölkələrindən biri hesab olunur. Türkiyə dünya ölkələri arasında özünün siyasi qüdrəti və iqtisadi potensialı ilə yanaşı, həm də mədəni səviyyəsinə görə yüksək yerlərdən birini tutur.

Elman Quliyev
filologiya üzrə elmlər doktoru, professor