ZİYA GOYALP: Türkçülüyün milli hərəkat səviyyəsinə yüksəlməsində xidməti olan şəxsiyyətlərdən biri Mədəniyyət

ZİYA GOYALP: Türkçülüyün milli hərəkat səviyyəsinə yüksəlməsində xidməti olan şəxsiyyətlərdən biri

2-ci yazı

Tarixdən məlumdur ki, türklərin yaşadığı bir çox yerlər XX əsrdə xristian qüvvələri tərəfindən təcavüzə məruz qalmış, nəticədə həmin ərazilərin itirilmə təhlükəsi ortaya çıxmışdı. Bu vəziyyət şairi, böyük millətçi gənci daim narahat etmiş, əsərlərində bunları kədər hissi ilə qələmə almışdı. Daha doğrusu, böyük Turançılıq ideyalarının təbliğatçısı olan Ziya Göyalp Turan ellərinin müxtəlif dövlətlərin ərazi subyektlərinə çevrilməsinə kəskin etiraz etmiş, bunu məğrur bir xalqın haqqının tapdanması şəklində qiymətləndirib:

Türk yurdu uyğuda, ey düşmən, sakın!
Uyuyan ölkəyə yapılmaz axın.
Dan yeri ağardı, igidlər, qalxın!
Baxın, yurd nə halda, vətən harada?

Gedəyim arayım, yatan harada?
Krım harda qaldı, Qafqaz nə oldu?
Kazandan Tibetə deyin rus doldu,
Kitayda analar saçını yoldu,
Şən yurdlar nə halda, viran harada?
Gedəyim arayım, İran harada?

Lakin Ziya Göyalp xalqının, millətinin gücünə, qüvvəsinə, iradəsinə bələd və arxayın olduğu üçün yaradıcılığındakı kədər və bədbinlik halları ötəri xarakter daşıyır. Ziya Göyalp "Çobanla bülbül" şeirində kədər, qəm hisslərini aşağıdakı şəkildə ifadə edir:

Çoban qaval çaldı, sordu bülbüldən
Sürülərim hanı, obam harada?
Bülbül sordu boynu bükük bir gülə
Şərqilərim hanı, yuvam harada?

Bu parçada ifadə olunan fikir rəmzi səciyyə daşıyır. Şərti ifadə və deyimlərin daşıdığı məna yurd, torpaq və vətən narahatçılıqlarının bədii əksidir. Lakin sonrakı parçalarda bu şərtilik daxilində biz nikbin bir ruhun şeirə hakim kəsildiyini görürük:

Çoban dedi: Sürülərim hep qaçsa Bir sürüm var, qaçmaz, adı: Türk eli!
Bülbül dedi: Şərqi ölsün, yox təsa Türkülərim yaşar, söylər xalq dili!

Ziya Göyalp yaradıcılığında türk dünyasının gələcəyinə olan inam daim öz varlığını qoruyub saxlayır. O, Turan ellərinin bölünməzliyini təbliğ etməklə, əslində bu birliyi simvolik yox, real şəkildə canlandıra bilir:
Məsələn: "Mən, sən yoxuz, biz varız" - misrası Ziya Göyalp sənətində deyilən cəhəti şərh etmək baxımından əvəzsiz nümunədir. Ziya Göyalpın türk millətinə bağlılığı, onun sabahına inamı dövrünün bir çox sənətkarlarının diqqətini cəlb edib və şair-filosofun həmin keyfiyyəti yüksək elmi-nəzəri qiymətini alıb. Əhməd Ağaoğlunun bu qəbildən olan aşağıdakı fikirləri daha önəmli səslənir: "Heç bir zaman, heç bir vəziyyətdə Ziyanın ruhunu kədər, ümidsizlik kimi bezginlik bürüməyib. Ən çətin, ən qaranlıq zamanlarda o, daim ətrafına inam və ümid saçıb. Balkan müharibəsinin zillətləri, dünya müharibəsinin fəlakətləri əsnasında, mən onu gələcəyə dərin ümidlərlə bağlı gördüm. Türkün ölməyəcəyinə onun qədər inanmış bir adama hələ ki, təsadüf etmədim." Təbii olaraq Ziya Göyalpın türkün ölməyəcəyinə, daim qələbə və zəfərlər qazanacağına inamı quru və mücərrəd sevgi anlayışlarının məhsulu deyildi. Ziya Göyalpda mövcud olan xalq inamının mənbəyi bilavasitə xalqının tarixi, mübarizə əzmi, torpaq sevgisi, yurd istəyi, düşmənə qarşı nifrəti və amansızlığı və s. ilə bağlı idi.
Ziya Göyalpın türkçülük düşüncə və ideyalarının, onun tarixi, elmi və fəlsəfi dəyərlərinin əksi problemlərinə həsr etdiyi əsərlərindən biri də "Türkçülüyün əsasları"dır. Təsadüfi deyildir ki, əsər türkçülüyün tam bir proqramı kimi layiqli qiymətini almış, məsələlərə tarixi, elmi-fəlsəfi, hüquqi-əxlaqi və s. cəhətdən aydınlıq gətirilib. "Türkçülüyün tarixi" və "Türkçülüyün proqramı" şəklində səciyyələnən iki bölümdə türkçülüyün və turançılığın mahiyyəti əsas götürülməklə, onun gələcəyi və qarşısında dayanan məsələlərə də münasibət bildirilib.
Ziya Göyalp "işini bil, aşını bil, eşini bil" bir atalar sözü fonunda "millətini tanı, ümmətini tanı, mədəniyyətini tanı" deməklə əsərdə ortaya atdığı məfkurə və konsepsiyanın incəliklərini şərh edir, xalqın mədəniyyətinə və tarixinə sahib olmağın, ən başlıcası isə xalqın özünə doğru getməyin yollarını göstərir. Əsər türk milli modelinin və ictimai inamının əsas xəttini göstərmək baxımından daha maraqlıdır. Ziya Göyalp adı çəkilən əsərdə türk ictimai inamının əsaslarından danışarkən qeyd edir ki, "ictimai inamımızın birinci düsturu bu cümlə olmalıdır: Türk millətindənəm, islam ümmətindənəm, Qərb mədəniyyətindənəm". Əlbəttə, burada Qərb mədəniyyəti istilahı görkəmli filosof-şairin yuxarıda qeyd olunan və onun əleyhinə olduğu Qərb aludəçiliyi fikirləri ilə ziddiyyət təşkil etmir. Əksinə ona daha da dolğun şərh verməyə, onu tamamlamağa şərait yaradır. Ziya Göyalp "Qərb mədəniyyətindənəm" formulunu yaratmaqla dünya mədəniyyətinə daxil olmaq, bu qarşılıqlı əlaqə və münasibətdə türk millətinin öz yerini müəyyənləşdirmək, dünya xalqları arasında nüfuzunu artırmaq, qoruyub saxlamaq, region məhdudiyyətlərini qırmaq və s. cəhətləri önə çəkirdi. Bu xüsusda Ziya Göyalpın gətirdiyi misal və istinad etdiyi obyekt də fikrin təsdiq və qəbulu üçün qeyd-şərtsiz fakta çevrilir. "Yaponlar dinlərini və millətlərini qorumaq şərti ilə Qərb mədəniyyətinə girdilər. Bunun nəticəsində də hər cəhətdən avropalılara çatdılar. Yaponlar bunu etməklə dinlərindən, milli kültürlərindən bir şey itirdilərmi? Qətiyyən! Elə isə biz nə üçün tərəddüd edirik? Biz də türklüyümüzü və müsəlmanlığımızı qoruyub saxlamaq şərtilə Qərb mədəniyyəti dairəsinə qəti olaraq girə bilmərikmi?" Göründüyü kimi, Ziya Göyalp müəyyən qədər subyektivlik və emosionallıq şəraitində problemlə bağlı düşüncə və mülahizələrini ortaya qoyur, fikirlərinin milli-ictimai mahiyyətini qabarda bilir. "Türkçülüyün əsasları" kitabında "türk bir millətin adıdır" deyən müəllif türkçülükdən turançılığa qədər gedən yolun böyüklük və əhəmiyyətindən söhbət açır. Bu məqamda o, İran, Xarəzm, Azərbaycan, Türkiyə və s. yerlərdə yaşayan oğuzların birliyi, tarixi-mədəni eyniliyi və s. xüsusiyyətlərini sadalayır, milli birlik ideyasını təbliğ edir. Lakin Ziya Göyalp həmin birliyi siyasi birlik yox, kültür birliyi səviyyəsində qəbul edir. Düzdür əsərdə və Ziya Göyalp təlimində türk siyasi birliyinin müəyyən konturları özünü göstərsə də, adı çəkilən konkret məsələdə yalnız kültür birliyindən söhbət gedir: "Türkçülükdən yaxın ülkümüz- məfkurəmiz "Oğuz birliyi’’, yaxud "Türkmən birliyi" olmalıdır. Bu birlikdən məqsəd nədir? Siyasi bir birlikmi? Hələlik xeyr! Ancaq bugünkü ülkümüz-məfkurəmiz oğuzların yalnız kültürcə-harsca birləşməsidir.’’
Ziya Göyalpın türkçülük və turançılıq konsepsiyası təkcə görülmüş və hazırda görülənlərin mahiyyətini şərh etmək, açıqlamaq baxımından yox, həm də gələcəkdə qarşıda dayanan məsələləri proqramlaşdırmaq nöqteyi-nəzərdən əhəmiyyətlidir. Ona görə də "siyasətdə məsləkimiz xalqçılıq və kültürdə məsləkimiz türkçülükdür" deyən Ziya Göyalp bu yolda bütün ümid və ağırlıqların sahib və daşıyıcısı olan türk gəncinə üzünü tutaraq belə müraciət edir: "Ey bu günün türk gənci! Bütün bu işlərin görülməsi yüzilliklərdən bəri səni gözləyir.’’

Elman Quliyev
filologiya üzrə elmlər doktoru, professor