Bir şəyird ki, ustadina kəm baxa… Mədəniyyət

Bir  şəyird ki,  ustadina  kəm  baxa…

Aşıq Ələsgərlə ustadı Aşıq Alının deyişməsi və Ələsgərin öz ustadını məğlub etməsi haqqındakı rəvayətlər Azərbaycan folklorşünaslığında təsdiq olunmuş fakt sayılır. Hadisə haqqında ilk şərhə H.Əlizadənin 1937-ci ildə tərtib etdiyi "Aşıq Ələsgər" kitabına yazdığı "Aşıq Ələsgərin bioqrqfiyası" adlı ön sözündə rast gəlirik: "Deyilənə görə, Aşıq Ələsgər ustadı Aşıq Alı ilə toy, nişan məclislərinə gedəndə bəzən onun dediklərinə qulaq asmazmış, öz şeirlərini oxuyarmış. Ələsgərin bu hərəkəti ustadının xoşuna getməzmiş. Bu hərəkəti tərgitmək üçün ona nəsihətlər edərmiş. Bir gün yenə böyük bir toy məclisində ustadla şəyird arasında söz olur. Aşıq Alının sözü Ələsgərə dəyir; Ələsgər acıqlanır. Ustadı ilə deyişməyi qərara alır. Məclis iki tərəfə ayrılır; bir tərəf Aşıq Alını, o biri tərəf Aşıq Ələsgəri müdafiə edir. Ustad-şəyird bir-birilə deyişir, aralarından çox hərbələr, ustadnamələr, divanilər, təcnislər və dodaqdəyməzlər gəlib keçir. Nəhayət, Ələsgər bədahətən məşhur və indiyə qədər heç bir aşıq tərəfindən qabağı söylənməmiş "A yağa-yağa" təcnisini söyləyir. Aşıq Alı Aşıq Ələsgərə cavab verə bilmir, məclisi buraxıb gedir. Bu hadisədən sonra Aşıq Ələsgər ustadından ayrılır, özü müstəqil bir sənətkar olaraq aşıqlığa başlayır. Ələsgər ustadını bağlaması nəticəsində geniş kütlə arasında daha böyük şöhrət qazanır. Onun yanına yaxın-uzaq ellərdən şəyirdlər gəlir".
Deyişmənin başqa bir versiyasını professor P.Əfəndiyev irəli sürür: "Aşıq Alı Ələsgəri tam yetirib hazırladıqdan sonra bir toy məclisində onunla deyişir, el icində hormətini qaldırıb şohrətləndirmək məqsədilə məğlub olmuş bir aşıq kimi oz sazını da ona təhvil vermək istəyir. Ələsgər isə onun bu xeyirxah hərəkətilə razılaşmayaraq:

Bir şəyird ki, ustadına kəm baxa,
Onun gözlərinə ağ damar, damar
- təcnisini deyir".
Professor V.Vəliyev isə başqa versiya irəli sürür: "Həqiqi aşıqları meydana cıxarmaq, aşıqlıq sənətindən xəbərdar olmayanlara birdəfəlik saz goturməyə icazə verməmək məqsədi ilə bir növ imtahan kecirilir. Aşıqları imtahan edən isə Aşıq Alı olur. Butun aşıqlar imtahandan kecirilir, o məclisdə yalnız Ələsgər iştirak etmir. Aşıq Alıdan soruşurlar ki, siz şəyirdlərinizdən kimə üstünluk verirsiniz? Aşıq Alı Ələsgərin adını cəkir. Ələsgəri məclisə dəvət edirlər. Ustad ilə şəyird olduqca ehtiyatla, hörmətlə deyişirlər. Onların deyişməsi yalnız sənətkarlıq, şeir texnikasını bilmək yolu ilə gedir. Deyişmənin qıfılbəndindən istifadə olunmur, dini tapmacalar işlədilmir. Aşıq Alı "Görəydim" rədifli bir qoşma deyirsə, Ələsgər də həmin rədifli qoşma ilə ona cavab verir. Məclis qızışır, şairlər coşur, qoşmadan gəraylıya, gəraylıdan müxəmməsə və təcnisə kecirlər, bu zaman Ələsgər özü də bilmədən vaxtilə Qurbani, sonra isə Abbas Tufarqanlı tərəfindən yaradılan, "Şərxata" adı ilə məşhur olan bir təcnis deyir. Aşıq Alı onun təcnisinə cavab verə bilmir, öz sazını şəyirdinə verir və onun alnından öpür. Bundan sonra Ələsgərin şöhrəti butun Azərbaycana yayılır.
Başqa bir maraqlı versiya Aşıq Ələsgərin nəvəsi və tədqiqatçısı İ.Ələsgərə məxsusdur: "Göyçədə ustad aşıqlardan söhbət düşəndə, Ələsgərin adı Aşıq Alının adı ilə yanaşı çəkilirdi. Saz-söz həvəskarları bu aşıqları müqayisə eləməyə başladılar; hansı güclüdür, hazırcavabdır; Aşıq Alımı, yoxsa Aşıq Ələsgərmi? Aşıq azarkeşləri arasında olan bu söhbət qızğın mübahisəyə səbəb oldu. Onlar aşıqları qarşılaşdırmaq qərarına gəldilər. Aşıq Alıya: "Ələsgər hər yerdə sənin bədinə danışır", "Ələsgər sənin sözlərini bəyənmir", "Ələsgər özünü səndən üstün tutur" kimi yalan xəbərlər çatdırmağa başladılar. Onlar yaxşı bilirdilər ki, xasiyyətcə tündməcaz olan və tez əsəbiləşən Aşıq Alı çuğulların belə sözlərindən qəzəblənəcək və Aşıq Ələsgərlə deyişəcək.
Nəhayət, kələkləri baş tutdu. Birinci çuğulun dediyinə inanmayan Aşıq Alı, ikincinin, üçüncünün... sözlərinə inandı və Ələsgəri "susdurmaq" qərarına gəldi. Təxminən 1850-ci illərdə Göyçənin Qızılbulaq (Çaxırlı) kəndində, Böyük Ağanın evində məqsədli təşkil elətdirdiyi məclisdə deyişməyə əvvəlcədən hazırlaşmış olan Aşıq Alı sazıını götürüb meydana çıxdı və şəyirdini deyişməyə çağırdı. Ələsgər nə qədər yalvarıb-yaxardısa da, Aşıq Alı inadından dönmədi, Ələsgəri deyişməyə məcbur elədi və özü məğlub oldu. Bu işdə heç bir günahı olmadığını söyləyən Aşıq Ələsgər ustadından dönə-dönə üzr istəyib, onu sakitləşdirməyə çalışdısa da, Aşıq Alı əsəbi halda məclisi tərk elədi".
Deyişmə səhnəsini İ.Ələsgər 1972-ci ildə müdafiə etdiyi namizədlik dissertasiyasının əsasında yazdığı "Haqq aşığı Ələsgər" (Bakı, 1999) kitabında nəql edir. Ulu ustadların arasında baş vermiş olan bu deyişmə əhvalatının əvvəlcə deyilənlərdən tamam fərqli variantı Aşıq Talıbın və Aşıq Ağayarın söylədiklərindən qələmə alınıb. Bu variantda göstərilir ki, Aşıq Ələsgər Aşıq Alının yanından ayrılıb, müstəqil olaraq aşıqlığa başlayandan bir neçə il sonra Göyçə aşıqları içərisində hörməti çox artır və şöhrəti hər tərəfə yayılmağa başlayır. Toy edib, şənlik məclisi keçirmək istəyənlər növbəyə dayanırlar. Saz-söz, şeir-sənət xiridarları Ələsgərin ifaçılığından çox onun şairlik istedadına, bədahətən söylədiyi tərifləmələrə, ustadnamələrə, təcnislərə heyran kəsilirlər. Onların bir çoxu öz aralarında Aşıq Alı ilə Aşıq Ələsgəri müqayisə etməyə başlayırlar. Bəziləri Alını, bəziləri isə Ələsgəri yüksək qiymətləndirir. Azarkeşlər (əgər belə demək mümkünsə - İ.Ə.) arasında mübahisə uzanır. Onlar bu böyük sənətkarları deyişdirmək üçün müxtəlif vasitələrə əl atırlar. Nəhayət, onların arasını vurmaq üçün Aşıq Alıya yalandan: "Ələsgər filan yerdə dedi ki, mən Aşıq Alıdan yaxşı aşığam", "Aşıq Ələsgər filan yerdə sənin bədinə danışdı", "Aşıq Ələsgər sənin sözlərini bəyənmir", "Ələsgər deyir ki, Aşıq Alının xasiyyəti xoşuma gəlmir" kimi bir çox sözlər deyir, Aşıq Ələsgərə insafsızcasına böhtanlar atırlar. Onlar bilirdilər ki, tündməcaz olan Aşıq Alı belə sözlərdən qəzəblənəcək və onların bu iki sənətkarı deyişdirmək niyyəti baş tutacaq. Doğrudan da, belə olur.
Bir gün Aşıq Alının təşəbbüsü və bu işə maraq göstərənlərin iştirakı ilə Qızılbulaq kəndində Böyük Ağanın evində məclis düzəldir, aşıqları, sazdan-sözdən başı çıxan adamları buraya dəvət eləyirlər. Adam göndərib, Aşıq Ələsgəri də gətirirlər. Hadisənin ardını İ.Ələsgər Aşıq Ələsgərin öz dilindən, şəyirdlərinə danışdığı sözlərlə təsvir edir: "Aşıq Alı məni Qızılbulağa toy adı ilə çağırmışdı. Amma qapıdan girəndə gördüm ki, bu toy məclisinə oxşamır. Aşıq Alışan ortada çalıb oxuyurdu. Salam verdim. Yer göstərdilər, sazı bir tərəfə qoyub əyləşdim. Həqiqətən də, bu məclis toy məclisi deyildi. Amma gördüm ki, hamının gözü məndədi. Başa düşdüm ki, burada mənimlə bağlı nə isə bir iş var. Sazı götürüb Aşıq Alının qarşısına çıxdım.
Aşıq Alı ağzını açanda zil səslə indiyə qədər eşitmədiyim elə bir söz oxudu ki, başım qıcıldadı, gözlərim qaraldı, qulaqlarım batdı. Tez yönü qibləyə dayanıb, bir salavat çevirdim, sidq-dilnən ağamı çağırdım... Elə o saat başım sakitləşdi, gözlərim işıqlandı, qulağım əvəlkindən də yaxşı eşitdi, ağlım-huşum cəm oldu. Aşıq Alının oxuduğu sözün cavabını verdim. Aşıq Alı ikinci sözü başladı, onun da cavabını verdim. Üçüncüsünü, dördüncüsünü. Bəlkə on qatara qədər söz oxudu, heç birini cavabsız qoymadım. Yerdən səsləndilər ki, indi də Aşıq Ələsgər deyəcək, Aşıq Alı cavab verəcək. Gördüm ki, məclis iki tərəf olub. Mən ustadımın sözünü kəsmək istəmədim; dedim ki, qoyun, neçəsini deyir, desin. Aşıq Alı bu dəfə qəliz bir bağlama dedi. Bağlamanı da asanlıqla açdım. Bundan sonra mənim tərəfimi saxlayanlar ayaqlarını dirədilər ki, indi də Aşıq Ələsgər deyəcək, Aşıq Alı cavab verəcək! Aşıq Alı razılaşmağa məcbur oldu. Bu bağlamadan sonra yəqin elədim ki, Aşıq Alının qəsdi mənim sazımı alıb qırmaqdı. Bu isə mənə ölümdən betərdi. Ona görə saxlancımda olan bir təcnis oxudum. Aşıq Alı cavab verə bilmədi. Məclisldəkilərin xahişi ilə başqa bir-iki söz də oxudum, amma bağlama demədim, onların hamısı cavabsız qaldı. Aşıq Alının əhvalı tamam dəyişmişdi. O, hirsli-hirsli dedi:
- Yaxşı, Ələsgər! Dalımca hər sözü danışdın, özünü öyüb, məni pislədin, indi də başıma bu işi gətirdin?!".
Burada tədqiqatçı Aşıq Ələsgərin özünə istinad etsə də, xeyli mübaliğəyə, şişirtməyə yol verib. Əgər doğrudan da Aşıq Alı Aşıq Ələsgəri meydana çağırmış və kimin daha güclü olduğunu aydınlaşdırmağa çalışırdısa (halbuki, H.Əlizadənin versiyasında hər şey başqa cür nəql edilir və Aşıq Ələsgərin ölümündən cəmi 11 il sonra yazılmış hadisənin doğruluğu ehtimalı daha yüksək sayılmalıdır), doğrudanmı Alı meydana çağırdığı adamla ədalətsizcəsinə yarışımağı özünə rəva görürdü - dalbadal on qatar söz oxuyur, hələ bundan sonra qəliz bir bağlama da deyir və yalnız dinləyicilərin təkidli tələbindən, etirazından sonra Aşıq Ələsgərə söz haqqı tanıyır! Halbuki yarışma vaxtı söz demək növbə ilə olur. Özünə arxayın olub rəqibini meydana çağıran Alı şahidlərin gözü önündə özünü bu cür biabır edərdimi? Əlbəttə yox!
İ.Ələsgərin babasının adından nəql etdiyi bu hekayətdə diqqəti çəkən ciddi bir məqam var: Ələsgər deyir ki, "saxlancımda olan bir təcnis oxudum. Aşıq Alı cavab verə bilmədi". Ələsgərin öz dilindən deyilmiş bu cümləyə inanmamağa haqqımız yoxdur. Özü təcnis ustası olan Aşıq Alını məğlub edən şey, görünür, həmin təcnisin dodaqdəyməz şəklində olması olub və Alı ömründə ilk dəfə bu cür şeirlə qarşılaşırmış! Bu janrın yaradıcısı olan Ələsgər doğrudan da Alıdan üstün idi...
Bu deyişmə nə vaxt olub? İ.Ələsgər deyişmənin 1850-ci illərdə baş verdiyini irəli sürür. Fikrimizcə, həmin deyişmənin tarixi Aşıq Ələsgərin "Aşıq Ələsgərlə Dəli Alı" dastanında Dəli Alının şəninə söylədiyi "Deyin" rədifli müxəmməsindəki "Min iki yüz doxsan dörddə Ələsgər tapdı əsəri" misrasında şifrələnib. Fikrimizcə, "Ələsgər tapdı əsəri", - deyəndə, Aşıq Alını məğlub etdiyi "A yağa-yağa" dodaqdəyməz təcnisinə, onu qoşduğuna işarə edir, onu sanki İlahidən gələn vəhy kimi qiymətləndirir.
O vaxt işlədilən hicri-qəməri təqvimdən 1294-cü ili miladi tarixinə çevirsək, 1876-cı il alınır, yəni deyişmə 1876-cı ildə baş verib. Bu vaxt Aşıq Alının 41, Aşıq Ələsgərin isə 24 yaşı vardı, başqa sözlə, Aşıq Alı güclü təbi, istedadı ilə yanaşı, zəngin təcrübə də qazanmışdı, Türkiyədə, neçə-neçə başqa səfərlərdə olmuş nəhəng sənətkar idi! 24 yaşlı Ələsgər isə artıq öz missiyasını dərk edən, Ustadının ona ayırdığı rolla barışmaq istəməyən və barışmayan, nəzərləri uca Göyçə dağlarının zirvəsindən bütün Qafqaza, İrana, Anadoluya yönəlmiş Azman idi! Artıq Ələsgər erası başlamışdı...

Nazir Əhmədli