İlaxır çərşənbələr Mədəniyyət

İlaxır çərşənbələr

5-ci yazı
Şumer miflərində Enki ilə Ninmah ilk insanı Abzunun dibindəki gildən düzəldirlər. Şumerlər "ab" kəlməsindən fərqli olaraq "su" sözünü ayrılıqda da işlədirdilər. M.Beliski b. e. ə. III minilliyin birinci yarısına aid bir lövhədəki kiçik mətnin transkripsiyasını verir: "Lulu azu. Lulu – Ure də "suyun bilicisi" kimi təcrübə qazanan tanrıdır". Suyun tanrılıq funksiyası daşıması Vavilyon kosmoloji təsəvvürlərində də özünü göstərir. Akkadların "Enuma Eliş" dastanında göstərildiyi kimi, ApSu dünya okeanını bildirir və həyatın, canlılığın mənbəyi, ilkin təbii fəlakətlərin səbəbkarı hesab olunur. Apsu Tiamatla evlənəndən sonra öz şirin sularını arvadının acı sularına qatıb ilk şər allahlarını – Lahmu və Lahamunu (qorxunc tanrılardır, yarı adam, yarı balıq şəklində təsvir edilirlər, bədbəxtliklərin, qəzaların, fəlakətlərin törədiciləri sayılırlar) yaradır. Apsunun bu hərəkəti gənc allahlar nəslinin qəzəbinə səbəb olur. İki nəsil allahları (yaşlılar və gənclər) arasında gərgin mübarizə başlanır. Apsu məsləhətçisi Mummu ilə gənc allahları yox etmək qərarına gəlir, tədbirlər arayır. Lakin gənc allahların nümayəndəsi Eyya daha ağıllı tərpənir, hiylə işlədib Mummunu aradan götürür və Apsunu yuxuya verib öldürür. Apsunun qəbri üzərində məqbərə ucaldırlar. Dünyanın bütün suları ehtiram göstərmək üçün yolunu oradan salır. Mifdə saf suyun yaradıcısı öz nəslini yer üzündə yaradandan sonra meydandan çıxarılır. Apsunun törəmələri iki qismə bölünürlər: şirin və acı sulara.
Azərbaycan mifoloji təsəvvürlərində su çox hallarda odla əlaqəli təsvir edilir. Belə ki, bir çox arxaik nağıllarda su həyatın əsas mənbəyi kimi göstərilir. Lakin insanlar sudan qıtlıq çəkirlər, ona görə ki, çayın mənbəyində çoxbaşlı əjdaha əyləşib. Ona yalnız gözəl qız qurban verəndə azca su buraxır. Əjdaha ağzından od püskürür. İsti və quraqlıq torpağın bağrını dəlik-deşik edir. Maraqlıdır ki, su çərşənbəsindən sonra od çərşənbəsi gəlir. Əgər birinci soyuğun sınması, qarların və buzların əriməsi, suların axıb çayları doldurması ilə əlaqələndirilirsə, ikincisi onun səbəbi kimi nəzərə çarpır – od, isti olmasa qarlar, buzlar əriməz. Məhz ona görə də inanclarda, atalar sözü və məsəllərdə su ilə od birlikdə təqdim olunur: "Odu su ilə söndürmək günahdır". Yaxud: "Su ilə odun nə oyunu?"
Azərbaycan türklərinin qədim inancına görə, Su anası – su ruhu dumanlı havada qəflətən göldən çıxır və əlindəki qızıl qabdan (müasir variantında "vedrə" şəklinə düşmüşdür) rastlaşdığı adamlara doğru su çiləyir. Damcılar kimin üstünə düşsə, o adam həmin gün şərlə qarşılaşır. Doğrudan da, elə ki, dumanlı havada yağış damcılamağa başlayır, qəflətən adamın üzünə su düşəndə, səksənir, qorxu hissi keçirir. Bizcə, dilimizdə "şərləmək" mənasını verən "vedrə bağlamaq" və "gözüm səndən su içmir" sabit söz birləşmələri həmin inancla əlaqədar yaranıb.
Su anası – ümumtürk mifik təfəkkürünün məhsuludur və su ruhuna verilən addır. Qazan və Qərbi Sibir türklərində "Suv anası", karaçaylarda "suu anası", Sibir türklərində "su iyəsi" (yəni sahibi, yiyəsi şəklində bizdə də işlənir) adıyla insan cildində çay suları üzərində görünür, səhərlər dan söküləndə ağ, uzun saçlarını qızıl dişli daraqla darayır. Ona qarşı hörmətsizlik edilsə, quraqlıq olar, insanlar yaşayan yerləri xəstəlik bürüyər, su bütün canlıları dibinə çəkər, çaydan keçənlər boğularlar. Miflərdə "su babası", "su uşaqları" adlanan ruhlara da təsadüf edilir. Guya şər qarışandan sonra Su babası körpünün üstünə gəlir, körpələrini çimizdirir.
Su ruhlarının bəziləri ancaq şər işlərin təmsilçisi kimi göstərilir, gecələr yola çıxan sadəlövh adamları aldadıb özləri ilə suya doğru aparırlar. Şər su ruhları əksər hallarda uzun, dağınıq, gümüşü saçlı qarı sifətində peyda olurlar, əllərində qızıl su qabı və yekə dişli qızıl daraq tuturlar. Başqırdların inancına görə, "Su iyəsi" dünyadakı bütün suların sahibkarıdır. O, öz böyük ailəsi ilə göllərin dibində yerləşən iri daşların altında yaşayır. Onun var-dövləti başından aşıb-daşır. Lakin şər ruhlardan fərqli olaraq "Su iyəsi"nin, eləcə də qohumlarının insanlara heç vaxt ziyanı dəymir.
Yer-Su altayların, xakasların, qırqızların, eləcə də Azərbaycan türklərinin mifik təsəvvürdə yerin, suların yaradıcısına verdikləri müqəddəs adlardan biridir. Qədimlərdə orta dünyanın Baş tanrısı da "Iduk Yer-Sub" (Yer-Su) sayılırdı. Altaylarda insanlara qəyyumluqla xarakterizə olunan Baş Ruh – xeyirxah tanrı da belə adlanır. Miflərin birində deyilir ki, Yer-Su ruhları (tanrıları) on yeddidir. Onlar dağ silsiləsinin qarla örtülü ən yüksək zirvəsində və çayların başlanğıcında – mənbəyində məskən salırlar. Əski yazılı Çin mənbələrində göstərilir ki, türklərə məxsus Yer-Su ruhlarının ən nəhəngi – Yo-qan (xan) dünyanın mərkəzinə – göbəyinə gəlir, orada böyük palıd ağacı (dünya ağacını) yetişdirir ki, başı Ulgenin evinə çatır. Yo-qanın oğlanları: Se-qan (Su), Temir-qan (Dəmir), Talay-qan, yaxud Yayik-qan (Yay-ox), Adam-qan, Mordo-qan, yaxud Aba-qan (su mənasındadır), Altay-qan, Qırqız-qan, Yabaş-qan, Azər-qan, Edər-qan və b.
Çox hallarda həmişəaxar bulaqlar və çayların mənbələri müqəddəs yerlər sayılır. Su çərşənbəsi mərasimində dan yeri söküləndə camaat su üstünə gedir. İlk növbədə, hamı əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, arx üstündən atdanırlar. Əski inama görə, su çərşənbəsində günəşin şəfəqdə göründüyü andan şüalarının yaladığı su təzə və müqəddəs hesab edilirdi. Həmin suda yuyunan ürəyində tutduğu arzuya çatırmış. Tədqiqatçıların fikrincə, "Xızırın dirilik çeşməsindən su içdiyi və Koroğlunun Qoşabulaqdan köpüklü su götürdüyü gün məhz "Əzəl çərşənbə" olub.
Od çərşənbəsi. Mifoloji təsəvvürlərdə dünyamızın yaranmasına təkan verən ikinci mühüm amil oddur. Əski inanışlarda odu günəşlə, işıqla, gündüzlə əlaqələndirirdilər. Ulularımız ona Dan ("dan yeri sökülür" deyimində indi də işlədilir) da deyirdilər.
Dörd ünsürün qədim Şərq təqvimlərində qəzalar kimi xarakterizə edilməsinin əsasında onların ikili mahiyyətinə (həm yaradılışa, həm də məhvə xidmət etmələri) inam dayanır. Belə ki, od inkişafın, mədəniyyətin təkanverici qüvvəsi tək göstərilməklə yanaşı, həm də yarananları yandırıb kül edir, fəlakətlərin mənbəyinə çevrilir. Təsəvvürlərdə odun xeyirxahlığına, yoxsa şərinə, ziyanlarına birinci inanıldığını müəyyənləşdirmək çətindir. Miflərdə tez-tez üstünlük birindən digərinə ötürülür. Məsələn, "Munisnamə"də göstərilir ki, Allah ilk olaraq cəhənnəmi yaratmışdır. Onun göstərişi ilə cəhənnəmin palçığı min il qaynadıldığından qıpqırmızı qızarmış, sonra təkrar min il də qaynadılmışdır ki, közərməsi ağarsın. Bundan sonra yenə min il qaynadılıb və nəticədə cəhənnəmin torpağının rəngi qapqara qaralıb. Beləcə cəhənnəmə həmişəlik zülmət və qaranlıq çökülüb. Mifdən aydın olur ki, Allah cəhənnəmin əbədi odunu yaratmaqla dünyanın başqa elementlərinə həyat vəsiqəsi verib.
Tanrılara məxsus odun insanlara ötürülməsinə həsr olunan ilkin miflərdə isə ocağın əldə edilməsi ilə ailənin təməli qoyulur, insanlar ev tikməyi öyrənirlər. Lakin ən ibtidai inanışlardan görünür ki, gözünü dünyaya ilk açan bəşər övladının qarşılaşdığı təbii fəlakətlərin birincisi yanğınlardır. "Ram" ediləndən, yəni çaxmaq daşı ilə quru otu alovlandırmağı öyrənəndən sonra isə onlar dan söküləndə qaranlığı qovub gündüzü əmələ gətirən günəşin də oddan, işıqdan törədiyini zənn etmişlər. Yeri gəlmişkən bir də vurğulayırıq ki, yazqabağı mərasimlərdə həyət-bacada qalanan tonqalların kökünü atəşpərəstliklə bağlayanlar yanılırlar. Zoroastrizmdə od tanrının nişanəsidir, müqəddəsdir, birmənalıdır. Oda qurbanlar kəsilir, bəzən insanın özünü də qurban kimi tonqala atıb yandırırlar. Odla bağlı yazqabağı mərasimlərdə isə tonqalların üstündən tullanıb azar-bezarı odun üstünə tökürlər. Tanrıya bu cür hörmətsizlik edilməsi atəşpərəstlikdə mümkün ola bilməzdi.
Qədim insanlar odu əldə etməmişdən əvvəl bir yerdə qərar tuta bilmirdilər. Mağaradan-mağaraya, bir ərazidən başqasına köçürdülər. Soyuqların düşməsi onları sərt şaxtalı iqlimdən mülayim havalı yerlərə getməyə vadar edirdi. Odu əldə etməklə onlar oturaq həyata keçdilər, bir mağarada qərar tutdular. Soyuğa davam gətirə bildilər. Ona görə də türk dilində odun beşiyi hesab edilən "ocaq" neçə əsrlərdir ki, yurd, mənzil, vətən, nəsil mənalarında işlənir. Bir adamın kökünü kəsmək istəyəndə ona "ocağın sönsün" - deyirlər. Eləcə də od tərəqqinin, inkişafın təməl daşları hesab edilir.
Dünya xalqlarının odla bağlı bir sıra məşhur mifik təsəvvürlərinin mənbəyi Qafqazla, Azərbaycanla bağlınır. Mənbələrdə göstərilir ki, odu insanlara bağışlayan Prometey Olip allahlarından (başda Zevs olmaqla) çox-çox əvvəlki dövrlərin təsəvvürlərinin məhsuludur. Onun mənşəyini bolqarlara və skiflərə aid edirlər. Hər iki halda prototürklərlə bağlanır. Bu ehtimalı gerçəkləşdirən bir cəhət olduqca maraq doğurur. Prometey insanları sudan və torpaqdan düzəldir, elə edir ki, onlar həmişə göyə baxsınlar. Bildiyimiz kimi, yunan allahları dağlarda (Olimpdə) yaşayırdılar. Yalnız əski türklərin inamlarında baş ruh yuxarı dünyada yerləşir, yaxud allah göy təbəqəsinin (Göy tanrı) özüdür. Esxilə görə, odu insanlara ötürməklə Prometey həm də texniki tərəqqini, mədəniyyəti, incəsənəti onlara bağışlamışdır. O, qayalıqlarda, soyuq, qaranlıq daş mağaralarda heyvanlar kimi ömür sürən bəşər övladına ev tikməyi, gəmi qayırmağı, təsərrüfatla məşğul olmağı, paltar geyməyi, saymağı, yazıb-oxumağı, ili fəsillərə, aylara, həftələrə, günlərə ayırmağı, allahlara qurbanlar gətirməyi, fala baxmağı öyrədib. Prometey sözünün mənası "müdrik", "gələcəkdən xəbər verən" deməkdir. Yunan mifologiyasında, odu insanlara bağışladığı üçün Prometey cəzalandırılır, Qafqaz dağlarında, skiflər yaşayan ərazilərdə zəncirlənir. Quzğunlar Prometeyin bədənini dəlik-deşik edirlər. Zevs dəfələrlə onun canını özünə qaytarır və əzab-əziyytli ömrünü uzadır. Prometey dünyada insanlar uğrunda fədakarlıq göstərən ilk mədəni mifik qəhrəmanlardan biridir. İsuss Xristosun çarmıxa çəkilməsi, demək olar ki, Prometeyin fədakarlığının yaşadığımız zamanın başlanğıcında təkrarıdır.


Ramazan Qafarlı
filologiya üzrə elmlər doktoru, professor